adalet.az header logo
  • Bakı 12°C
15 May 2023 14:38
1451
MÜSAHİBƏ

Akif Nağı: "Paşinyanın "Brüssel razılaşması"na etibar etmək çətindir, Rusiya isə..." - MÜSAHİBƏ

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib. Cənab Mişel bildirdi ki, liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Açıqlamalardakı bəzi məqamlarla bağlı Adalet.az-ın suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırıb.


- Akif müəllim , Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın əlində olanda daha çox irəliləyirdi, yoxsa Qərbin,  daha dəqiq Aİ şurasının sədri Şarl Mişelinlə həvalə olunanda?

-30 ildir ki, Qarabağda Qərb və Rusiya qarşıdurması gedir. Bu illər ərzində dəfələrlə müxtəlif situasiyalar yaranıb. Prosesləri hər zaman diqqətlə izlədiyimiz üçün deyə bilərik ki, Qərbin, Avropanın bizə verdiyi variantlar heç vaxt Azərbaycanın marağına uyğun gəlməyib. Əslində heç Rusiya da bizim tərəfimizdə olmayıb. Sadəcə olaraq, Qərb çalışıb ki, Qarabağ məsələsini ermənilərin xeyrinə həll eləsin. Nə qədər təzadlı səslənsə də,  Rusiya da Qərbin əli ilə məsələnin həll edilməsinə qarşı olub. Ümumiyyətlə, Rusiya münaqişənin həllində maraqlı olmayıb. Münaqişə həllini tapardısa, Rusiyanın regionda təsir imkanları itərdi. Ona görə də, hər dəfə Rusiya Qərbin düzəlməyə meyilli olduğu bütün prosesləri pozub və bununla da özündən asılı olmayaraq Azərbaycanın xeyrinə işləyib.

- Bəs, indi? 

- Hazırda Rusiya yenə də eyni formatı saxlamaqda maraqlıdır. Çünki bu siyasətlə Rusiya həm regionda hərbi mövcudluğunu, eyni zamanda münaqişəli tərəflər üzərindəki nəzarətini saxlayır. Bizim müşahidələrimizə görə, əvvəlki illərdən fərqli olaraq, Qərb münasibətində dəyişiklik edir. Bəli, Ai-nin prezidenti Ş.Mişel jurnalistlərə bildirdi ki, liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Bəli, bu o deməkdir ki, bizim ərazimiz, Qarabağla birlikdə 86,600 kvadratkilometrdir. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan buna etiraz etmədi, əksinə buna razılaşdı. Tərəflər arasında rəsmi saziş olmasa da,  şifahi şəkildə olan razılaşma ortadadır. Bununla belə, Aİ ümumilikdə Qərbin təşəbbüsü ilə Qarabağdakı ermənilərə hər hansı bir təminat və ya hüquqlarının müdafiəsi üçün müəyyən bir qayda - qanun çərçivəsi yaratmaq fikrinə düşsə,  bu bizim maraqlara uyğun olmaz. Əksinə  belə bir təşəbbüs Qarabağda “gecpartlayan” mina effekti yaradacaq. Amma Azərbaycan sərhədləri daxilində və Azərbaycan Konstitusiyası ilə Qarabağ problemi aradan qalxacaqsa,  o zaman biz aydın və net şəkildə bunu Azərbaycan dövlətinin xeyrinə olan bir məsələ kimi qiymətləndirə bilərik.

 

- Rusiya son zamanlar Ermənistandan sanki incik kimidir.


-Rusiyanın Ermənistana olan münasibəti regionda hər kəsin diqqətindədir. Bu həm də bizim üçün incə və lazımlı  bir nüansdır. Rusiya bilir ki, Ermənistan siyasətində Qərbə meyillik var . Amma Rusiya Ermənistanı öz yanında saxlamaq niyyətindədir. Buna məhəl qoymayan Ermənistan qərbə meyilləndikcə Rusiya ona təsir etmək məcburiyyətində qalır. Məsələn, Azərbaycanın Qarabağda, Zəngəzurdakı hərəkətlərinə göz yumur. Bu da bizim bizim işimizə yarıyır. Əsas olan odur ki, nə Qərb, nə Rusiya Azərbaycan maraqlarına yox, Azərbaycan onların Qafqazda, daha dəqiq Qarabağdakı maraqlarına təsir etmək gücündə olsun.


- Ermənistan baş naziri Paşinyan Brüsseldə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdi . Sizcə, mümkündürmü ki, Qarabağda və sərhədyanı bölgələrdə qarşıdurma, atışma, qanun pozuntusu halları baş verməsin?


- Paşinyan indiyənə qədər dəfələrlə təsdiq edib ki, dövlət rəsmisi olaraq verdiyi söz və öhdəlikləri yerinə yetirməkdə acizdir. Bəli, şifahi razılaşma var, amma nəzərə alsaq ki, Paşinyanın da müəyyən şərtləri, xüsusən “bəzi anklav kəndlərin mübadiləsi” kimi fikirləri ortaya atması ona növbəti dəfə inanmamağa əsas verir. Bu onu göstərir ki, nəinki, şifahi razılaşmadan, hətta rəsmi razılaşmadan sonra da Paşinyana etibar edə bilmərik. Azərbaycanın haqlı tələblərini qəbul etməyən ermənilər də artıq anlamağa başlayıblar ki, ordumuza və ərazimizə qarşı təxribat hərəkətlərinə əl atmaq özünü doğrultmur. Hətta Azərbaycan onların törətdiyi təxribatları onların əleyhinə çevirir.


Əntiqə Rəşid