adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 11:53
90
SİYASƏT
A- A+

“Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır”

“Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanı Orta Güc adlandırdı. Orta güc regional güc olmaqla yanaşı, geosiyasi proseslərin formalaşmasında da mühüm rol oynayır. Azərbaycanın Orta Gücə çevrilməsinin əsasını, ilk növbədə, İkinci Qarabağ müharibəsində əldə edilən qələbə və regionda yeni siyasi nizamın formalaşdırılması təşkil edir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyanı eyni siyasi platformada birləşdirir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, artıq bu iki region Orta Dəhliz vasitəsilə vahid iqtisadi platformaya inteqrasiya olunur:

“Göründüyü kimi, həyata keçirilən regional siyasi-iqtisadi siyasət və ölkənin coğrafi mövqeyindən düzgün istifadə Azərbaycanın yeni siyasi gücə çevrilməsində mühüm rol oynayır.Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının reallaşdırılmasında mühüm rol oynayır. Həmçinin Lapis-Lazuli marşrutu vasitəsilə Əfqanıstan və Pakistanın, eləcə də Hindistanın Orta Dəhlizin imkanlarından istifadə etməsi üçün perspektivlər mövcuddur. Məhz bu nəqliyyat marşrutları yeni beynəlxalq siyasi və iqtisadi nizamın mühüm tərkib hissəsidir.Azərbaycanın öz coğrafi mövqeyindən uğurla istifadə edərək Orta Gücə çevrilməsi bir sıra ölkələri narahat edir”. 

Onun sözlərinə görə, xüsusilə İran və Rusiya Azərbaycana təzyiq göstərməyə çalışır:

“Bu ölkələrdən qaynaqlanan müəyyən dini, məzhəbi və ideoloji təsirlər vasitəsilə Azərbaycanın daxildən zəiflədilməsinə cəhdlər edilir. Müəyyən mərkəzlər öz hədəflərinə çatmaq üçün hibrid və digər təzyiq üsullarından istifadə edirlər. Avropada Azərbaycana qarşı keçirilən etiraz aksiyalarının arxasında da Tehran və Moskva dayanır.Azərbaycanla Türkiyə arasında yaranan müəyyən problemlər ötəridir və bunun arxasında regionda rəqabət aparan müəyyən mərkəzlər dayanır. Azərbaycan və Türkiyə birgə böyük geosiyasi layihələrin müəllifidur. Məhz Türk Dövlətləri Təşkilatının inkişafı iki dövlətdən asılıdır”.

Vasif ƏLİHÜSEYN