adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 09:00
61
SİYASƏT
A- A+

ƏDALƏTİN BƏRPASI: AZƏRBAYCANIN SUVERENLİYƏ APARAN YOLU

Ədalət yalnız məhkəmə qərarlarının icrası ilə ölçülən anlayış deyil. Tarixin elə dövrləri var ki, bir xalqın pozulmuş hüquqlarının bərpası, dövlətin ərazi bütövlüyünün təmin olunması və suverenliyin yenidən təsbit edilməsi bütöv bir milli mübarizəyə çevrilir. Azərbaycanın son onilliklərdə keçdiyi yol məhz belə bir tarixi mübarizənin nümunəsidir. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dövlətçilik tariximizin mühüm mərhələlərinə dərin siyasi baxış və uzaqgörənliklə işıq salan çıxışı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına aparan yolun hüquqi, siyasi və tarixi mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu.

Azərbaycanın üzləşdiyi işğal problemi beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması ilə müşayiət olunmuşdu. Ərazi bütövlüyü və dövlət suverenliyi beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri sırasında dayandığı halda, Azərbaycan torpaqlarının işğalı uzun illər davam etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etdi. Bu sənədlərdə hərbi əməliyyatların dayandırılması və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb olunurdu. 884 saylı qətnamə Zəngilan rayonu və Horadiz şəhəri də daxil olmaqla, Azərbaycanın işğal edilmiş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edirdi. Lakin həmin qətnamələrin qəbul olunması Azərbaycanın pozulmuş hüquqlarının dərhal bərpasına gətirib çıxarmadı. Hüquqi normamövcud idi, qərarlar qəbul edilmişdi, beynəlxalq ictimaiyyətin mövqeyi sənədlərdə ifadə olunmuşdu, lakin onların icrasını təmin edən nəticəli mexanizm işləmədi. Beləliklə, beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü prinsipi ilə real vəziyyət arasında uzunmüddətli ziddiyyət yarandı. Azərbaycan torpaqları işğal altında qaldı, yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin düşdü, şəhərlərimiz və kəndlərimiz dağıdıldı.

Bu mənzərə beynəlxalq hüququn mühüm bir həqiqətini də ortaya qoydu: hüququn tanınması ilə hüququn təmin edilməsi arasında ciddi fərq var. Hüquqi sənəd qəbul edilir, lakin onun icrası təmin olunmadıqda həmin sənədin yaratdığı hüquqi nəticə real həyatda öz əksini tapmır. Azərbaycanın təcrübəsində bu vəziyyət təxminən üç onillik ərzində davam etdi. Məhz belə bir şəraitdə Azərbaycan dövlətinin öz siyasi, iqtisadi və hərbi imkanlarını formalaşdırması xüsusi əhəmiyyət qazandı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi əsasların yaradılması və beynəlxalq əlaqələrin genişləndirilməsi sonrakı mərhələdə Azərbaycanın daha güclü dövlət kimi çıxış etməsinə möhkəm zəmin yaratdı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik xətti yeni məzmun və miqyas qazandı. İqtisadi potensialın artırılması, ordu quruculuğuna xüsusi diqqət yetirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli təhlükəsizliyin gücləndirilməsi ardıcıl dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin mühüm istiqamətlərindən biri Azərbaycanın öz milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi, iqtisadi və hərbi gücə malik dövlətə çevrilməsi oldu. Bu yanaşma sonradan Qarabağ məsələsinin həllində həlledici rol oynadı. Azərbaycan yalnız hüquqi mövqeyini beynəlxalq platformalarda müdafiə etmədi, həmin mövqenin arxasında dayanan dövlət gücünü də yaratdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu uzunmüddətli dövlət siyasətinin həlledici nəticələrindən biri oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan əraziləri azad etdi. Otuz ilə yaxın davam edən işğalın yaratdığı reallıq 44 gün ərzində köklü şəkildə dəyişdi. Azərbaycan xalqının iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı, dövlətin siyasi iradəsi və ordunun peşəkarlığı bir araya gələrək tarixi Zəfəri təmin etdi. Bu Zəfər yalnız hərbi qələbə ilə məhdudlaşmadı. 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına aparan proses ardıcıl şəkildə davam etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə hər bir addım dövlət suverenliyinin tam təmin olunmasına yönəldi. Dövlət başçısının özünün də vurğuladığı kimi, 2020-ci il müharibəsindən sonra Azərbaycanın qarşısında suverenliyin tam bərpası məqsədi dayanırdı.

2023-cü ilin sentyabrında bu tarixi proses öz məntiqi nəticəsinə çatdı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən hərbi əməliyyat nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi bərpa edildi. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında da 20 sentyabr 2023-cü ildə ölkənin bütün ərazisində qanunun aliliyinin təmin edildiyi və dövlət suverenliyinin bərpa olunduğu rəsmən qeyd edilir. Beləliklə, 2023-cü ilin 20 sentyabrı Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yer tutan günə çevrildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkənin bütün ərazisində dalğalandı. Ölkənin konstitusion quruluşu tam ərazi üzrə bərpa edildi. Dövlət hakimiyyəti Azərbaycanın bütün suveren ərazisində vahid hüquqi sistem əsasında fəaliyyət göstərməyə başladı. 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi də məhz bu tarixi nəticənin dövlət səviyyəsində təsbitidir.

Bu nəticəyə aparan yolun hüquqi tərəfi xüsusi diqqətə layiqdir. BMT Nizamnaməsinin 51-ci maddəsi silahlı hücum baş verdiyi halda dövlətlərin fərdi və kollektiv özünümüdafiə hüququnu tanıyır. Nizamnamənin 48-ci maddəsi isə Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinə dair öhdəlikləri müəyyən edir. Azərbaycanın tarixi təcrübəsində bu iki məsələ bir-biri ilə sıx şəkildəəlaqələndi. Bir tərəfdən, BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edirdi. Digər tərəfdən, həmin qətnamələrin uzun illər icrasız qalması Azərbaycanı öz hüquqlarının müdafiəsi üçün milli imkanlarını daha da gücləndirməyə vadar etdi. Burada Azərbaycan Ordusunun tarixi missiyası xüsusi qeyd olunmalıdır. Ordumuz yalnız hərbi əməliyyat aparan silahlı qüvvə kimi çıxış etmədi. O, dövlətin ərazi bütövlüyünün və suverenliyinin praktiki təminatına çevrildi. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası Azərbaycanın hərbi gücünün dövlətçilik baxımından əhəmiyyətini bütün dünyaya göstərdi. Azərbaycan Prezidentinin rəsmi mövqeyində də bu nəticənin məhz Azərbaycan Ordusunun qəhrəmanlığı və dövlətin ardıcıl siyasəti ilə əldə edildiyi vurğulanır.

Əslində, burada söhbət yalnız silah gücündən getmir. Güclü ordu güclü dövlətin nəticəsidir. Ordunun müasir silahlarla təmin edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müdafiə sənayesinin inkişaf etdirilməsi və hərbi potensialın davamlı şəkildə yüksəldilməsi arxasında uzun illər ərzində formalaşdırılmış iqtisadi və siyasi imkanlar dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində iqtisadi müstəqilliklə hərbi gücün paralel inkişaf etdirilməsi də məhz bu dövlətçilik fəlsəfəsinin ifadəsidir.

Azərbaycanın əldə etdiyi Zəfər eyni zamanda beynəlxalq hüququn praktiki əhəmiyyətinə dair ciddi bir dərs ortaya qoydu. Hüququn aliliyi yalnız hüquqi sənədlərin qəbul edilməsi ilə tamamlanmır. Hüquqi qərarların icrası beynəlxalq sistemin etibarlılığının əsas şərtlərindən biridir. Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər ərzində icrasız qalması beynəlxalq hüququn tətbiqi mexanizmlərinin zəifliyini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycan isə öz hüquqlarını müdafiə etmək üçün həm diplomatik, həm siyasi, həm iqtisadi, həm də hərbi imkanlarını ardıcıl şəkildə gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin nəticəsində ölkəmiz öz milli maraqlarını qorumaq üçün zəruri güc potensialına sahib oldu. 2020-ci il Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası bu siyasətin konkret tarixi nəticələridir. Ədalətin bərpası bununla da tamamlandı. Doğma torpaqlarından didərgin salınmış insanların qayıdışı üçün genişmiqyaslı işlər başlandı. Qarabağ və Şərqi Zəngəzurda şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər yenidən quruldu. Böyük Qayıdış proqramı ilə ərazi bütövlüyünün bərpası insanların öz doğma yurdlarında təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi ilə tamamlandı.

Bu mənada ədalətin bərpası yalnız sərhədlərin müəyyənləşdirilməsi ilə başa çatmadı. Ədalət doğma torpağa qayıdan insanın evində, uşağın öz kəndində məktəbə getməsində, dövlət xidmətlərinin göstərilməsində, Azərbaycan qanunlarının həmin ərazidə tam tətbiqində və üçrəngli bayrağımızın bütün şəhər və kəndlərimizdə dalğalanmasında öz real ifadəsini tapdı. Azərbaycanın tarixi təcrübəsi bir həqiqəti açıq şəkildə ortaya qoydu: beynəlxalq hüququn tanıdığı hüquqların qorunması üçün dövlətin öz siyasi iradəsi və müdafiə imkanları da güclü olmalıdır. Azərbaycan illər ərzində beynəlxalq hüquqa söykəndi, öz haqlı mövqeyini beynəlxalq tribunalarda müdafiə etdi, diplomatik mübarizəni davam etdirdi, eyni zamanda iqtisadi və hərbi gücünü artırdı. Nəticədə hüquqi baxımdan tanınan ərazi bütövlüyü real həyatda da təmin edildi.

Bu gün Azərbaycanın əldə etdiyi nəticə artıq tarixi fakt kimi qarşıdadır. Ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyimiz tam təmin edilib, Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində dalğalanır. Bu tarixi nəticənin arxasında uzun illərin dövlət quruculuğu, xalqın həmrəyliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin qarşısında duran ən böyük vəzifələrdən biri hüquqi baxımdan tanınan ərazi bütövlüyünü faktiki suverenliyə çevirmək idi və bu vəzifə yerinə yetirildi. Otuz ilə yaxın davam edən işğal başa çatdı, Azərbaycan öz ərazilərinə nəzarəti tam bərpa etdi, insanların doğma yurdlarına qayıdışı başladı. Hüquqla reallıq arasındakı uzunmüddətli uçurum aradan qalxdı.

Azərbaycanın keçdiyi bu yolun ən mühüm dərsi də məhz budur: dövlət öz hüquqlarını qorumalı, milli maraqlarını müdafiə etməli və bunun üçün bütün imkanlarını səfərbər etməlidir. Beynəlxalq hüquq dövlətlər üçün fundamental çərçivə yaradır, lakin həmin hüquqların real həyatda təmin olunması dövlətin siyasi iradəsi, iqtisadi qüdrəti, diplomatik imkanları və müdafiə qabiliyyəti ilə sıx bağlıdır. Azərbaycan bu güclərin hamısını bir araya gətirdi və nəticədə illərlə pozulmuş hüquqlarını bərpa etdi. Bu gün ədalət anlayışı Azərbaycan üçün artıq yalnız gözlənti və tələb kimi səslənmir. Ədalət Qarabağda dalğalanan Azərbaycan bayrağında, azad edilmiş torpaqlara qayıdan ailələrdə, yenidən qurulan şəhərlərdə və bütöv Azərbaycan ərazisində təmin edilmiş dövlət suverenliyində öz tarixi ifadəsini tapıb. Bu, xalqımızın haqqının bərpası, dövlətimizin suverenliyinin təsdiqi və Azərbaycan Ordusunun Zəfər salnaməsinin gerçək nəticəsidir.

Kəramət Qənbərov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı