adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2026 10:00
57
SİYASƏT
A- A+

“Aprel və Tovuz hadisələri Azərbaycanın işğalı ilə barışmayacağını göstərdi”

“27 Sentyabr Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs gündür. Bu tarix həm də Azərbaycan xalqının uzun illər davam edən işğala, ədalətsizliyə və beynəlxalq hüququn pozulmasına qarşı formalaşan milli iradəsinin Zəfərlə nəticələnən yolunun başlanğıc nöqtələrindən biridir”. 

Adalet.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

“Azərbaycan 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri qəbul edildi, lakin bu qətnamələr uzun illər icra olunmadı. Ermənistanın destruktiv mövqeyi və davamlı hərbi təxribatları isə münaqişənin həllini daha da çətinləşdirdi. Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri də Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmayacağını göstərdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün ərzində Azərbaycan xalqı tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi, noyabrın 8-də Şuşanın azad olunması ilə Azərbaycan Ordusu öz hərbi gücünü, xalqımız isə milli birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbənin ən böyük qiyməti isə şəhidlərimizin həyatı oldu”. 

Politoloq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı və onların qisası döyüş meydanında alındı:

“Azərbaycan əsgərinin qəhrəmanlığı və fədakarlığı artıq xalqımızın milli yaddaşına həkk olunmuş böyük Zəfər dastanıdır.Anım Günü məhz bu yaddaşın yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Şəhidlərimizin xatirəsinə ehtiram yalnız onların adını yad etməklə məhdudlaşmır. Onların bizə əmanət etdiyi qalib Azərbaycanı daha da gücləndirmək, ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi qorumaq, Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq və gələcək nəsillərə daha güclü dövlət miras qoymaq da şəhidlərimiz qarşısında borcumuzdur. Bu gün azad edilmiş torpaqlarda həyat yenidən qurulur. Şəhərlər, kəndlər, yollar və infrastrukturlar bərpa edilir, insanlar doğma yurdlarına qayıdır. Bu proses Zəfərin yalnız hərbi nəticə olmadığını, onun Azərbaycanın gələcəyini müəyyən edən tarixi dönüş olduğunu göstərir. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, Zəfər Parkının və Zəfər Muzeyinin yaradılması da milli yaddaşımızın qorunmasına xidmət edir. Çünki gələcək nəsillər bilməlidir ki, Azərbaycanın bugünkü Zəfəri böyük fədakarlıq və qəhrəmanlıq hesabına əldə olunub. 27 Sentyabr bizə bir daha xatırladır: Azərbaycanın Zəfəri təsadüf deyil. Bu Zəfər milli iradənin, xalq–ordu birliyinin, dövlətçilik əzminin və şəhidlərimizin müqəddəs fədakarlığının nəticəsidir. Bu Anım Günündə Birinci və İkinci Qarabağ müharibələrində, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Onların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq”.

Vasif ƏLİHÜSEYN