adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 13:38
125
ƏDƏBİYYAT
A- A+

“5 dəqiqəlik yol”da oxunan “Sözsüz mahnı”, başlanan “Yay əhvalatı”...

Yaşar Rzayev-85

Yaşar Rzayevi yaddaşının tənəsinə gətirən nə idi?

Bu ilıq yaz günündə yazıçı, publisist, ədəbiyyatşünas alim, ictimai xadim Yaşar Rzayevin  85 yaşı tamam olur. Təbiətin xoş çağında doğulsa da dünyaya gəlişi dünyanın çox pis, təlatümlü vaxtına düşüb Yaşar müəllimin. Zaman o zaman idi ki, sahilində dünyaya göz açdığı Xəzərdən əsən yaz küləyi uzaq ellərdən  barıt qoxusunun ağır qoxusunu gətirirdi, uca xaliq bəndəsini aclıqla  sınağa çəkirdi, evdə təknəsində çörəyi olan xoşbəxtlərin xoşbəxti sayılırdı-bir sözlə, dövran ağır dövranıydı. Amma dünyaya gəlmək, onu tərk etmək bəndənin yox, Allahın  hökmündəydi və ilahi qüdrət sahibi körpə bəndəsinə böyük istedad payı verməklə ədalət tərəzisinin pərsəngini düzəltdi. 

Amma Höccətulla kişi  nübar övladının dünyaya gəlişinə  o yaz doyunca sevinə  bilmədi. 1941-ci ilin yayı girər-girməz  müharibə başladı və Yaşar ağlı kəsəndən sonra öyrəndi ki, həmin yay müharibəyə gedən qohumlarının heç biri geri dönməyib, dava onları əjdaha kimi udub. Əjdahalardan çox qorxurdu, anası Maral xanımın  danışdığı  “Məlikməmməd”, “Cırtdan” və s.  nağıllarda  insanların qənimi idilər.   Az sonra anasının əjdahalı nağıllarına göz yaşı da qatıldı. Birinci sinfə gedən ili   atası Höccətulla kişi  ağır xəstəlikdən dünyasını dəyişdi. Atasızlığın ağrısını Yaşar 7 yaşından  kürəyində, ürəyində daşımalı oldu.  Çoxuşaqlı ailənin əsas ağırlığını,  yükünüsə  uşaq bağçasında tərbiyəçi işləyən anası Maral kişi kimi boynuna götürdü, aldığı 60 manat əməkhaqqı ilə 6 oğul, 2 qız böyütdü, ali təhsil verdi, ev-eşik sahibi etdi. Və dünyadan köçünü sürəndə Maral xanım  rəhmətlə yanaşı,  haqq dünyasında ərinə verəcəyi “övladlarını kişi kimi, adına layiq  böyütdüm” hesabatını da apardı...  

Yaşar Rzayevin uşaqlıq illərindən  həyatında izsiz ötüşmədiyinə görə söz açdıq. Bu illərdə gördüyü çətinliklər onu bir xarakter kimi formalaşdırdı, mətinləşdirdi, gücləndirdi. Zənnimizcə, Yaşar Rzayevin yubileyi günündə 85 illik həyatını gözdən keçirmək, bədii, elmi, ictimai fəaliyyətinə qısaca nəzər yetirmək çoxsaylı oxucular üçün də  maraqlı olar.

Yaşar  Höccətulla oğlu Rzayev 7 aprel 1941-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası idarə qulluqçusu, anası isə uşaq bağçasında tərbiyəçi idi.  Lənkəranda orta məktəbi bitirdikdən sonra Y. Rzayev  Azərbaycan Dövlət Universitetinin(İndiki BDU) filologiya fakültəsinə daxil olur və oranı fərqlənmə diplomu ilə  bitirib. Yaradıcılığa yeniyetməlik illərindən başlayıb. İlk hekayələri “Aprel çiçəkləri”, “Gənc qələmlər” almanaxlarında və “Azərbaycan” jurnalında çap olunub.

Y. Rzayev universiteti bitirdikdən sonra yerli qəzetdə  müxbir işləyib, axşam məktəbində dərs deyib, iki il Ali Partiya Məktəbində təhsil alıb. İlk hekayələr kitabındakı  yazıları diqqəti çəkdiyinə görə  istedadlı və bacarıqlı kadr kimi partiya işində irəli çəkilib, Lənkəran Şəhər Partiya Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1983-cü ildə şəhər partiya komitəsinin ikinci katibi, 1989-cu ilin noyabrında  isə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi seçilib.

1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi 30 avqust 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, 18 oktyabr 1991-ci ildə isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atıb. 

1993-cü ildə Cənub bölgəsində baş vermiş siyasi hadisələr zamanı yaradılmış “Lənkəran” cəmiyyətinin təşkilatçılarından biri kimi əsl vətənpərvərlik mövqeyini ortaya qoyaraq  Azərbaycanın bütövlüyünün müdafiəçisinə çevrilib. Azərbaycan, Cənub bölgəsi üçün o ağır illərdə dövlətçiliyə sədaqəti, bu yolda mübarizliyi  ilə tanınıb, mübarizənin önündə gedib. 1993-cü ilin sentyabrından 1995-ci ilin oktyabrınadək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışan Y. Rzayev 1995-ci ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2000–2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. Ömrünün 10 ilini  Y. Rzayev ədəbiyyatşünaslığa, pedaqoji fəaliyyətə həsr edib, alim, pedaqoq kimi ADPU-da çalışıb

Yaşar Rzayev məsul postlarda çalışanda belə yaradıcılığını davam etdirib, bu illər ərzində on üç kitabı nəşr edilib. Povest və hekayələri “Azərbaycan”, “Ulduz”, “Söz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə və müxtəlif almanaxlarda çap edilib. Əsərləri arasında “Dünya mənim” romanı, “Yay əhvalatı”, “Əks-səda”, “Dəryada gəmim qaldı” povestləri, “Vəlinin kupletləri”, “Palatanın tavanı ağ-appaqdır”, “Sözsüz mahnı” və “Ana ömrü” hekayələri onu özünəməxsus yazı üslublu nasir kimi tanıdıb. Yaşar Rzayev həm də ədəbiyyatşünas alimdir, filologiya üzrə fəlsəfə doktorudur. “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960–1980-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930–1950-ci illər)” adlı doktorluq dissertasiyası yazıb. 45 elmi məqalənin, 200-ə yaxın müxtəlif məqalə, oçerk, reportaj, publisistik yazı, resenziya və tərcümənin müəllifidir.

Vaqif Yusifli Yaşar Rzayevin uzun illər məsul vəzifələrdə çalışmasının yaradıcılığına təsirsiz ötüşmədiyini xüsusi vurğulayaraq: “Vəzifə pillələri onu bir müddət ədəbiyyatdan ayırdı. Amma Lənkəranda – vəzifədə olanda Yaşar müəllim rayonun təkcə iqtisadiyyatı, sənayesi barədə düşünmürdü, həm də buradakı ədəbi həyata – ayrı-ayrı yazarlara qayğısını da əsirgəmirdi. Son on ildə isə Yaşar Rzayev yeni povestləri, bir romanı və Azərbaycan romanının 30-cu illər mənzərəsini əks etdirən elmi monoqrafiyası ilə ədəbi-elmi fəaliyyətini davam etdirir” qənaətinə gəlir.

Yazıçının həyatı ilə tanışlıq baxımından ədəbi publisistik əsərlərinin toplandığı “Yaddaşa qayıdış” kitabı yardımçımız oldu. Kitab Həzrəti Əlinin kəlamı ilə başlanır: “Ədalət-hər kəsin öz yerində olmasıdır”. Bu sözləri Yaşar Rzayevin həyat kredosu da adlandırmaq olar. Kitabın ilk səhifəsində Yaşar müəllimin yaddaşı ilə dialoqu isə  xarakterinin açılımıdır elə:
Yaddaş:-Xoşbəxtliyi nədə axtarmısan?
Dedim:-haqq uğrunda mübarizədə.
Yaddaş:-yaşadığın ömrün mənasını nədə görmüsən?
Dedim:-düzlükdə.
Yaddaş:-bəs bilmirdin ki, ömür boyu haqq uğrunda mübarizə aparmaq və düz yaşamaq nə qədər çətindir?

Dəniz sahilində doğulduğundan bu mövzu ilk qələm təcrübələrindən bu günə kimi yazdıqlarının baş mövzusu olub Yaşar Rzayevin. Hansı janrda yazılmasından asılı olmayaraq yazdığı bütün əsərlərdə  dənizin sim  qoxusu adamı vurur. Bu elə bir rayihədir ki, onu yalnız dəniz sahilində doğulanlar hiss edir. Yaşar Rzayevin dəniz xatirələrisə adicə yazılı mətn deyil, kövrək, həzin yaddaş nəğməsidir.  Onları oxuduqca sanki  ləpədöyəndə oturub dalğaların səsini eşidirsən, o sərinliyi canında hiss edirsən. “Bu, bizim uşaqlığımızın dənizidir. Sahil həmin sahildir, həmin isti qumlar, həmin mavi üfüq, həmin göm-göy sular, həmin ağ qanadlı ləpələr. Dəyişən yalnız bizik”.

“...Xəzər  elə həmin Xəzərdir-gah dəli-dolu, gah quzu kimi sakit. Gah sahilnən çarpışan, gah da onu mehriban ana kimi sığallayan Xəzər. Günəşli günlərdə suları apaydın,gömgöy. Bu mavi dünyaya heyranlıqla baxırsan.Qağayılar qanadlarını geniş açaraq səmada xoşbəxtliklə süzürlər. Pıçıltılı ləpələr sahilə ehtiyatla toxunur. Qara, narın, qumlu sahil...” Sözlə çəkilmiş ilahi cazibənin hopduğu dəniz pannosu, dəniz sahilində doğulanların əbədi yaddaş nağılı... 

Yaşar Rzayevin bədii əsərləri “Gecə eşalonu” (hekayələr), “Əks-səda”(povest və hekayələr), “Beş dəqiqəlik yol” (povest və hekayələr), “Dünya mənim” (roman) kitablarında toplanıb. Y. Rzayev “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu”(1960-1980-ci illərdə) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)” adlı doktorluq dissertasiyası  yazıb.  2007-ci ildə nəşr olunan “Bədii söz və azadlıq şüuru” kitabı  onun ədəbiyyatşünas alim kimi  necə püxtələşdiyinin bariz sübutudur. Ədəbiyyatşünas alimin  “Bədii söz və milli azadlıq şüuru”, “Azərbaycan romanı; siyasət və milli düşüncə” monoqrafiyaları, “Dünənə necə baxmalı” elmi məqalələr toplusu nəşr olunub. Yaşar Rzayevin “XIX əsr Azərbaycan ədəbiyyatı” dərs vəsaiti 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edilib. 

“Yaşar Rzayev gözəl hekayəçidir. Hətta deyərdim ki, o, bundan sonra daha heç nə yazmasa belə, çağdaş nəsrimizdə 5-6 hekayəsi ilə bir yazıçı kimi anılmağa layiqdir. Elə hekayələr ki, onları bir kimsə yox, yalnız Yaşar Rzayev yaza bilərdi və yazdı” – belə yazır professor Vaqif Yusifli.

Yaşar Rzayev XX əsrin 60-cı illərində ədəbiyyata  ədəbi dalğanın içində gəldi, yeni nəfəslə yazdı, tanındı. Xatirələrində 60-cılar haqqında “O illərdə öz sözlərini cəsarətlə dedilər, şüurlara, düşüncələrə yenilik gətirdilər, adamlara mübarizlik və inam hissi təlqin etdilər. Haqqında bu gün geniş və qorxusuz-hürküsüz danışdığımız, indi cəmiyyətimizdə bərqərar olan demokratiyanın ilk cücərtilərini göyərtdilər” deyir. Və sözsüz ki, bu deyim həmin nəslin tanınmış imzalarından olan  Yaşar Rzayevin özünə də aiddir.

“Mənim əsərlərimdə həyatımdan irəli gələn, daxili yaşantılarımdan irəli gələn mövzulardır, qələmə almışam...” deyən  Yaşar Rzayevi “Beş dəqiqəlik yol” da necə sevmişəmsə, yol bitsə də bu sevgim  illərdir ki, davam edir. Bu kiçik, lirik hekayə həyat həqiqətinin real təsviri, həlli, hissiyatı baxımından o qədər çəkicidir ki, özümü xəyalən hələ də o marşrutda hiss edirəm və o yolun əbədiyyətə qədər davamını arzulayıram...

Yaşar Rzayev isə “5 dəqiqəlik yol”da dayanmadı. “Yay əhvalatı”nın “Əks-səda”sı “Vəlinin kupletləri”nə çevrildi, “Sözsüz mahnı”ya döndü.  Həyatın daimiliyini “Ağ yalan” adlandırdı,    “Dünya bir pəncərədir” deyiminə “Dünya mənim”i əlavə etdi.
85 illik yubileyi günündə Yaşar Rzayevi  illərdir tanıyan biri kimi ona diləyəcək  o qədər xoş arzularım var ki... 

“Bilirsiniz ulduzlarda nə var? Bilmirsiniz. Mən də bilmirəm. Bilmək istəyirəm. Amma qanadım yoxdur. Siz isə qanadlısınız, göyərçinlər. Uçun, uçun!”. 

Hər şeydən əvvəl  arzu edirəm ki,  85 yaşlı Yaşar Rzayevi bu etüdü yazdığı  ilk gənclik çağlarının enerjisi, qaynarlığı, həvəsi, yaradıcılıq təbi heç vaxt tərk etməsin...

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.