adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2024 14:01
5746
MÜSAHİBƏ

"22 fevral: Xuraman Abbasovanın yaylığı, Əlinin “Makarov” tipli silahla vurulması, mitinqçilərin həbsi"- MÜSAHİBƏ

1988-ci ilin fevralında Qarabağda baş verən hadisələr 36 ildir ki, Azərbaycan xalqının fəlakətlərinin başlanğıc nöqtəsi kimi xarakterizə olunur.
Ağdamda həmin ilin fevralında baş verən hadisələrin mərkəzində olan tanınmış jurnalist Asəf Quliyev Adalet.az-la birlikdə o günləri xatırladıq

-Asəf müəllim, siz o vaxt o meydanda olmusunuz, mitinq qərarı ani oldu, yoxsa, bu mitinqə əvvəlcədən hazırlıq olmuşdu?

-Əslində  Ağdamda ilk mitinq 21 fevral 1988-ci ildə keçirildi. Bu mitinq, sözsüz ki, xalq kütlələrinin iradəsinin ifadəsi idi. Amma birmənalıdır ki, bu mitinq Bakının razılığı və yerli icra strukturlarının təşkilatçılığı ilə keçirilirdi. Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədov, Ağdam rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin və digər rəhbər şəxslərin iştirakı birmənalı deməyə əsas verir ki, bu mitinqi Azərbaycan hökuməti təşkil eləmişdi. Amma Azərbaycan SSR rəhbərliyinin bununla bağlı Kremllə razılaşıb-razılaşmadığı sualı hələ də açıq qalır.


İstər çıxışlar, istər əhval-ruhiyə, şər şey Azərbaycanın maraqlarına cavab verirdi. Maraqlı məqamlardan biri də tribunada Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədov, Ağdam rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin dayanmasına baxmayaraq, istənilən adamın oraya çıxmaq və söz almaq imkanı olması idi.Yəni, hazırlanmış çıxışlar olsa da, böyük əksəriyyəti hazırlanmamış ekspromt nitqlər idi.

Qəflətən Əfqanıstan müharibəsinin veteranı Eldar Səmədov tribunaya qalxdı və qısa çıxış elədi və heç kəsin gözləmədiyi halda bildirdi: “Sabaha qədər vaxt veririk. Ya hökumət bu məsələyə son qoymalıdır. Ya da sabah yığışaq gedək Stepanakertə, məsələni həll edək.
Təbii ki, bu çıxışdan sonra təlimatlanmış adamlar söz aldı. Və belə bir təklifin lazımsız olduğunu bildirdi. Hətta çıxışçılardan biri Sadıq Murtuzayevi basıb belə bir addım atmayacaqlarını söylədi. Amma Eldar Səmədovun təklifi alqışlanmışdı və meydan bu fikirlə səmimi həmrəyliyini bildirmişdi. Mitinq yekunlaşdı.


-Təbii ki, bir gecənin içərisində belə bir köklü məsələni həll etmək mümkün deyildi...


-22 fevral 1988-ci il. Səhər saatlarından insanlar yenə meydan axışmağa başladı. Bax, bu, rəhbərliyin planlarına daxil deyildi. Və 21 fevral mitinqini təşkil edənlər 22 fevralda baş verənləri nə təsəvvür edirdi, nə də buna hazır idi. Amma 22 fevral günü Ağdam rayon partiya komitəsinin binasında Azərbaycan SSR Mərkəzi Komitəsindən başqa bir heyət vardı. Birinci katib və bu heyətə daxil olan şəxslər xalqın qarşısına çıxdı. Artıq dünənki həmrəylik yox idi. Çünki təlimat başqa idi. Rəhbərlik insanlara dağılışmağı tövsiyə etdi.
Meydana toplaşan insanların kiçik bir hissəsi dağılışdı. Amma üzü Xankəndiyə gedənlər çoxluq təşkil edirdi. 20km yol...


- Axı şahidlər deyir, mitinqçilərin qarşısın almaq üçün qüvvələr vardı orda....


-Həmin dövrdə rəhbər vəzifədə işləmiş və insanların qarşısını kəsmək üçün təlimat almış və bu təlimatla hərəkət edən şəxslər inandırmağa çalışır ki, həmin gün Əsgəran istiqamətində SSRİ Daxili Qoşunlarının əsgərləri varmış və onlar atəş aça bilərmiş. Daha çox itki ola bilərmiş və sairə.
Bütün bu məlumatlar yalandır və kimlərinsə özünə bəraət qazanmaq üçün uydurduğu nağıllardır. Həmən gün Əsgəranda heç bir hərbi qüvvə olmayıb. Əsgəranda yerli əhalidən kimlərsə ov silahları ilə, milis isə tabel silahı olan tapançalarla silahlanmış olub. Bu isə çox da böyük qüvvə olmayıb. Yürüşdə iştirak edən Ağdam sakinlərində isə heç bir odlu silah yox idi və ola da bilməzdi. Amma insanların qarşısını kəsməyə səfərbər olmuş milis işçilərində tabel silahı vardı.
Qısa desək, situasiya belə idi: Əli yalın yürüş edən azərbaycanlılar, onların qabağını kəsmək istəyən silahlı Ağdam milisi, bu insanlardan müdafiə olunmaq üçün səfərbər olunan silahlı Əsgəran milisi və qismən silahlı erməni əhalisi.


-Bizimkilərdə silah olub?


-Yürüşdə iştirak edənlərin heç birində silah yox idi və ola da bilməzdi. Bəzi erməni mənbələri yürüşdə iştirak edənlərin silahlı olduğunu bildirir. Sözsüz ki, erməni təbliğat maşınının bu yalanının səbəbi var. Bu, ermənilərin Azərbaycan SSR tərkibində yaşayışının mümkünsüzlüyünü sübut etməyə yönəlib. Amma bu yürüş sadəcə insanların yaranmış situasiyaya aydınlıq gətirmək istəyindən başqa bir şey deyildi. Yürüşdə iştirak edənlərin kimisə öldürmək, asmaq-kəsmək istəyi də yox idi.
Amma bu yürüş kütlənin istədiyi kimi olmadı. Kütlə Xankəndiyə qədər getməkdə israrlı olsa da, Əsgəran ətrafında yürüş dayandırıldı.


- Asəf müəllim, deyirlər mitinqin, yürüşün qarşısını o vaxtkı kolxoz sədri, rayon aktivisti Xuraman Abbasova alıb, kəlağayı söhbəti- filan...

- “Lenin” kolxozunun sədri Xuraman Abbasova bütün SSRİ-də tanınmış insan idi. O, son illərdə başına yaylıq örtmürdü. 21 fevralda da, 22 fevralda da başına xalq arasında məşhur olan “norka papaq” qoymuşdu. İnsanların qarşısını kəsmək məsələsi ortaya çıxanda kimsə təklif edir ki, bəlkə bu üsuldan istifadə edək - Xuraman Abbasova yürüşdəkilərin qarşısına yaylıq atsın. Yaxınlıqdakı kəndlərin birindən, yaşlı bir qadından yaylıq alıb gətirirlər. Xuraman Abbasova bu yaylığı insanların qarşısına atır. Heç nə düşünmədən kilometrlərlə yolu yüyürən kütlənin Xuraman Abbasovanın yaylığı atdığı yerdə olan hissəsi bir anlıq dayandı. Əlbəttə, bu, yürüdə iştirak edənlərin az bir hissəsi idi. Şose yolundan tutmuş, Qarqar çayının yatağına qədər müxtəlif istiqamətlərdən hərəkət edən insanların hamısı bu yaylığı görə bilməzdi. Ona görə də kütlənin məhz Xuraman Abbasovanın yaylığına görə dayandığını söyləmək gülüncdür.
Qarabağın tanınmış seyidlərindən biri - Seyid Lazım ağa da həmin gün kütlənin qarşısını dayandırmaq üçün Ağdam- Xankəndi yoluna gətirilmişdi. Əslində, Seyid Lazım ağa da bu insan selinin ancaq məhdud bir qisminin qarşısında dayana bilərdi. Onun bütün bu insanların qarşısını kəsmək istəyi olsaydı belə, bu, fiziki cəhətdən mümkün deyildi. Təbii ki, onun da sözünü eşidən və dayananlar oldu. Amma ümumi kütlə fonunda bu, barmaqla sayılacaq qədər çox cüzi bir hissə idi.
İnsan selinin qarşısını kəsmək üçün səfərbər olunan idarə müdirləri, kolxoz sədrləri, sovxoz direktorları, bir sözlə, sovet dövründə aktual bir terminlə ifadə olunan – rayon partiya-təsərrüfat aktivi də insanların qarşısını kəsməyə cəhd edirdi. Amma bu üsul da effektli deyildi.
Milis də, sözsüz ki, digərlərindən fərqli olaraq, əmr yerinə yetirirdi. Verilən əmrin mahiyyəti isə aydın idi: İnsanların Xankəndiyə doğru hərəkətinin qarşısını almaq. Sonra baş verənlər deməyə əsas verir ki, milisə istənilən vasitələrdən istifadə etmək səlahiyyəti də verilibmiş.


-Bəs, Bəxtiyar Quliyev və Əli Hacıyevin güllələnməsi necə oldu?


-Bəxtiyar kasıb bir ailənin övladı idi. Atası vəfat etmişdi. Peşə məktəbində oxumaqla yanaşı, avtomobil çilingəri yanında işləyib ailəsinin dolanışığına kömək etmək istəyirdi. Bəxtiyarın Əsgəran sakini İşxanyan soyadlı bir nəfər tərəfindən vurulduğu istintaqla sübut olunur. İş heç məhkəməyə də getmir. Bu barədə SSRİ prokurorluğundan Bəxtiyarın anasına məktub gəlir.
Əli ipə-sapa yatmayan cavanlardan biri idi. Yürüş günü anası onun qarşısını kəsməyə çalışır. Lakin Əli “millət gedir, mən evdə oturmayacam ki” – deyib, evdən çıxır. Anasının yalvarışı onu yolundan döndərmir. Əlinin ölüm işi sona qədər araşdırılmayıb. Onun ölümündə bir neçə milis əməkdaşı təqsirləndirilir. Lakin aparılan istintaq hərəkətləri qatilin kimliyini ortaya çıxarmır. Ballistik ekspertizalarda günahlandırılan milis əməkdaşlarının silahı təmiz çıxır. Amma Əlinin “Makarov” tipli silahdan vurulmasını nəzərə alsaq, atəşin çox da uzaq məsafədən açılmadığı qənaətini yaradır. Sözsüz ki, bu qətlin üstünü açmaq olardı. Amma görünən odur ki, lazım bilinməyib.
Bəxtiyar da, Əli də Əsgəran yaxınlığında, amma müxtəlif istiqamətlərdə vurulur. Məhz bu qətllərdən sonra insan seli dayanır. Atılan güllələr isə ancaq Bəxtiyara və Əliyə dəyən iki güllə olmur. Atəş açılması insan selini dayandırır.
Yürüşə çağırış etmiş Əfqanıstan müharibəsinin veteranı Eldar Səmədov həbs olunur. (Sonralar Eldar Səmədov Şirin Mirzəyevin rəhbərlik etdiyi hərbi hissədə döyüş yolu keçir-redA.Q). Ağdamda “əcinnə ovu” başalyır. Yürüşdə iştirak etmiş şəxslər milis idarəsinə çağırılır.


-Deməli, iki günahsız gənc şəhid olur, xeyli insan yaralanır, cinayətkarların tapılması əvəzinə günahsızlar təqib olunur...


-Eldar Səmədovdan başqa heç kim həbs olunmur. Amma çağırılanların əksəriyyətindən rüşvət tələb olunur. Sözsüz ki, milis pulu kimdən tələb etmək lazım olduğunu yaxşı bilirdi. Buna görə də pul tələb olunanların əksəriyyəti bu pulu verir. Və hesab edir ki, pul verib canını qurtardı. Amma əslində, bu, kiminsə cinayətinə göz yummaq üçün yox, sadəcə, insanların ruhunu qırmaq üçün düşünülmüş addım idi. Təsadüfü deyil ki, bu faktın olduğunu həmin dövrdə Ağdam rayon partiya komitəsinin birinci katibi olmuş Sadıq Murtuayev də dolayısı ilə təsdiq edir. Amma bu faktla bağlı, yəni insanlardan pul tələb olunması ilə bağlı yuxarılar və hətta baş verən hər bir xırda detaldan xəbərdar olan SSRİ DTK-sı da heç bir tədbir görmür.

Maraqlıdır, DTK-nın nəzarətində olan bir işdə kimdənsə pul alıb buraxmaq mümkün olmazdı.
Deməli, vətəndaşların gözünü qırmaq və ruh düşkünlüyü yaratmaq üçün milisə insanları incitmək və lazım gəlsə onlardan pul tələb etmək səlahiyyəti verilir. Və milis də bu səlahiyyətdən lazımınca bəhrələnir. Məhz Əlinin qatilinin tapılmaması da bu planın effektivliyini azaltmamaq üçün lazım idi.
Bütün bunlar Bəxtiyar və Əlinin təmtəraqlı dəfn mərasimlərindən sonra baş verdi. Bəxtiyar Vahabzadənin, Həsən Həsənovun əyilib Bəxtiyarıın tabutunu öpməsi ilə yürüşdə iştirak edənlərə qarşı repressiyalar heç bir məntiqlə uzlaşmırdı.
Doğrudur, repressiv amillər müəyyən qədər təsirini göstərdi. Amma bu, Qarabağ münaqişəsi ilə paralel yeni bir reallığı da gündəmə gətirdi – Milli oyanışı.


- Asəf müəllim, müfəssəl məlumata görə , təşəkkür edirik. 36 ildən sonra həmin hadisələri yenidən xatırlatdınız, düzü-əyrini bizə göstərdiniz! Çox sağ olun!

Söhbətləşdi Əntiqə Rəşid