adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2024 12:15
1755
HÜQUQ

15 bələdiyyə üzrə cinayət işi başlanılıb

“Ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96.363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov Milli Məclisin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı bələdiyyələrə təkliflər verilib, 2405-i ləğv olunub, 1098-i dəyişdirilib, təmin olunmayan 37 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

V.Zahirov bildirib ki, verilmiş təklif və ya məhkəmə iddiaları əsasında 14 min hektardan çox torpaq sahəsinin (o cümlədən 8405 ha örüş sahəsi) bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib ki, bu da 2022-ci illə müqayisədə 1195 ha çoxdur. Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış 4487 müraciətdən 455-i, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının 369 müraciətindən isə 189-u, başqa sözlə yarıdan çoxu təmin edilib..

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib:

“İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 30 halda ciddi qanun pozuntuları ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan artıq 15-i üzrə cinayət işi başlanılıb. Görülmüş tədbirlər nəticəsində 2022-ci ildə 2020-ci illə müqayisədə yerli büdcə gəlirləri 12,4 milyon manat (35%), o cümlədən yerli vergilərdən daxilolmalar 6 milyon manat (43%) artaraq bələdiyyələrin gəlirləri 47,4 milyon manat səviyyəsinə yüksəlib. 2023-cü ildə də yerli büdcə gəlirlərinin artımı davam ediv. Torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2.6 milyon manatının ödətdirilməsi təmin edilib. Bələdiyyələrin pul tələbinə dair inzibati aktlarının icra məmurları tərəfindən icrası nəticəsində yerli büdcəyə 1.4 milyon manat vəsait ödənilib”.