adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Dekabr 2018 19:46
12283
GÜNDƏM

VAXTANQ KİKABİDZE

"Sizin sağlamlığınız sizin sərvətinizdir"

Kikabidze Vaxtanq Konstantinovuç 1938-ci ildə Tblisidə doğulub. Müğənni, kinoaktyor, rejissor və "Orero" (1966) estrada instrumental vokal ansamblının solisti və rəhbəri olub. 1980-ci ildə Gürcüstanın xalq artisti adını alıb. Ansamblın yaradılmasında Vaqif Mustafazadənin də xidmətləri olub.
V.Kikabidze hansı şəhərdə çıxış edirdisə oxuduğu mahnılarla həmişə ona doğma olan respublikanın paytaxtının milli koloritini, qədim və gözəl tarixi ənənələrini, yaşıllıqlara qərq olmuş geniş prospekt və meydanlarını, çoxmərtəbəli, yaraşıqlı yaşayış binalarını şövqlə vəsf edirdi.
Vaxtanq Kikabidzenin ekranda yaratdığı obrazlar şən və hazırcavab, mehriban, gülərüzlü, xoşxasiyyətli və xeyirxah adamlar idi. Əsasən komediya filmlərində çıxış edən aktyorun kinoya gəlişi 1967-ci ildə "Dağlarda görüş" filmində olub. Özünün dediyinə görə birinci rolu uğursuz alınmışdır. Çünki ifaçıya lazım olan keyfiyyətləri çatışmırdı. Lakin iki ildən sonra rejissor Georgi Daneliya onu "Qəm yemə" (1969) filminə, şən və həyatsevər əyalət həkimi Benjamin Qlonti roluna çəkilməyə dəvət edir. Sonralar Kikabidze ilk çəkiliş günlərini belə xatırlayırdı: "Daneliyanın çəkiliş prosesi zamanı meydançada etdiyi improvizasiyalar hətta təcrübəli altyorlara əngəllik yaradırdı. Mənim kimi gənc aktyor üçün isə bu, ikiqat çətin olurdu. Deməliyəm ki, "Qəm yemə" filmi mənim üçün həm məktəb, həm də universitet oldu. Daneliyanın "günahı" ondan ibarət idi ki, mən on filmə çəkilməklə fərsiz diletantdan peşəkar aktyora çevrildim." Bundan sonra Kikabidze rejssor G.Şengelayanın "Veriya kvartalının melodiyası" kinolentində faytonçu Pavel və "Tamam unudulmuş" ekran əsərində (hər ikisi 1973-cü ildə) fırıldaqçı "Hersoq" rollarını oynadı. Nəhayət, püxtələşmiş aktyor məşhur "Mimino" (1978, SSRİ dövlət mükafatı alıb) bədii filmində təyyarəçi Valiko Mizandari obrazını məharətlə ifa etməklə şöhrət qazanır və Sovet məkanında tanınmış aktyora çevrilir. Adı çəkilən filmlərdən əlavə Kikabidze "Xatabala", "İtmiş ekspedisiya", "Qiymətli daş", "Təxəllüsü Lukaç", "Dyuma Qafqazda" və digər ekran əsərlərində müxtəlif rollar oynayıb. 1981-ci ildə o, rejissor Tamaz Qomelauri ilə bərabər (Kikabidze eyni zamanda baş rolun ifaçısı kimi) "Sağlıqla qal, əzizim!" televiziya filminin quruluşçu rejissoru da olub.
Vaxtanq Kikabidzeyə tblisililər və dostları Buba deyə müraciət edirlər. Oynadığı rollarla o, gürcü xalqına mənsub olan milli xarakteri çox təbii və inandırıcı boyalarla göstərməklə bütün kinosevərlərin ən sevimli aktyorlarından biri oldu.
Yeri gəlmişkən, "Mimino" filmində gürcü Valiko ilə erməni Robiq arasında davam edən kiçik məzəli dialoqu rus dilində xatırlamağı lazım bildik:
Robiq: - Valiko, ə tebe odnu umnuö slovo skaju, tı tolğko ne obijaysə. Znaeşğ, u nas v Dilijane voda prelestğ, domoy zaxodişğ, kran otkrıvaeşğ, voda çudnaə, vtoroe mesto v mire zanimaet.
Valiko:- A pervoe qde, v Erevane?
Robiq: - Net, v San-Fransisko!
Valiko: - A borjom, s naçalo podumay, a potom qovori.
Buna bənzər gülməli dialoqlar filmə xüsusi rəng qatmış olurdu.
Çəkiliş prosesindən danışarkən bir vacib məsələni xüsusi qeyd etmək lazımdır. Bütün aktyor və rejissorların rəyi bu barədə üst-ütə düşür. Bu da ondan ibarətdir ki, filmə çəkilən aktyor idmançı keyfiyyətlərinə malik olmalıdır. Çünki çəkiliş zamanı çətinliklərlə üzləşən ifaçı canlı obrazı yaratmaq üçün qaçmağı, at çapmağı, qılınc oynatmağı, üzməyi və digər lazım olan hərəkətləri yerinə yetirməli olur. Bu barədə Vaxtanq Konstantinoviç bütün görüş və müsahibələrində ətraflı danışıb:
- "Mən Tblisinin qədim rayonu sayılan Mtatsmində də boya başa çatmışam. Bütün tblisililər kimi futbol azarkeşiyəm. Respublikamızın digər şəhərlərində də məktəblidən tutmuş yaşlılara qədər hamı futbolun və güləşmənin fanatıdır. Yaxşı yadımdadır, yaşadığım məhəllədə səhərdən axşama kimi uşaqlar top qovurdular. Əksəriyyəti də hücumçu olmaq və məşhur Payçadze, Antadze və Berdzenişviliyə bənzəmək istəyirdi. Nəsillər dəyişsə də ötən illərin xatirələri yaddaşlardan silinmir. Deməliyəm ki, futboldan əlavə qaçmaq, güllə atıcılığı və üzgüçülüklə də məşğul olmuşam. "Əmək ehtiyatları" idman cəmiyyətinin üzgüçülük bölməsinə yazıldım ki, idman ustası olum. Sonralar bu, mənə çəkilişlər zamanı çox fayda verdi. G.Daneliyanın "Tamam unudulmuş" filmində mən "Hersoq" ləqəbli fırıldaqçını, Yevgeni Leonov isə başqa fırıldaqçını oynayırdıq. Təqiblərdən yaxa qurtarmaq üçün qaçırdıq, uzaqlaşan sala çatmağa çalışırdıq. Çəkilişlər Dnepr çayında, payız aylarında davam edirdi. Kostyumda və silindirdə suya tullanmalı olurduq. Sonra isə donurduq və gözləyirdik ki, təkrar çaya tullanaq.
"Sağlıqla qal, əzizim!" filmi doğma Tblisi və onun sakinləri haqqında bəhs edir. Mən və aktyor Kavtaradze bir neçə çəkiliş günü ərzində, ümumilikdə hesabladıq, soyuq dənizdə on yeddi saat olmuşduq. Təsəvvür edirsiz, Dnepr çayında və Qaqrada dənizdə, soyuq havada dublyordan imtina etdik və heç xəstələnmədik."
Rejissor Georgi Kalotozişvilinin "Mən, müstəqiləm?" filmində isə vəziyyət daha mürəkkəb, hətta həyat üçün təhlükəli olan bir epizod çəkilməli idi. Filmin qəhrəmanı cinayətkarı izləyərkən vertalyotdan gəminin göyərtəsinə kəndirdən hazırlanmış nərdivanla düşməli idi. Dəvət olunmuş kaskadyor gözlənilmədən bu səhnəni oynamaqdan imtina etdi. Başqasını axtarmağa isə vaxt yox idi. Nəhayət, Vaxtanq rejissorun razılığını alandan sonra həmin tryuku yerinə yetirməyi boynuna götürdü. Əvvəlcə bir-iki dəfə sahildə məşq etdikdən sonra hamı hiss edirdi ki, açıq dənizdə və güclü külək altında tryuku yerinə yetirmək çətin olacaq. Xoşbəxtlikdən təhlkükəli epizodun çəlilişi uğurla nəticələndi. Lakin, qəribə də olsa, film ekrana çıxandan sonra çoxlarını, hətta aktyorun dostlarını da bir məsələ daha çox təəccübləndirirdi. Görəsən, çəkiliş qrupu Kikabidzeyə oxşayan kaskadyoru hardan tapıblar?
Hər sahədə olduğu kimi kinoda da əməkdaşlar arasında səmimi dostluq münasibəti çox mühüm və vacib şərt sayılır. Yaşadığımız indiki zamanda bu, ən əsas problem olaraq qalır. Təmənnasız yardım, xoş rəftar və gülər üz çətin anlarda, çıxılmaz situasiyalarda mürəkkəb manelələri dəf etməyə ümid və nikbinlik yaradır. Vaxtilə Moskva klinikasında ağır xəstəlikdən müalicə olunan Kikabidze həmin günləri belə xatırlayır: "Hər gün xəyalımda mənə əziz olan qohum və dostlarla vidalaşmağa hazırlaşırdım. Lakin bəzən heç tanımadığım adamlar gəlib mənim səhhətimlə maraqlanır, meyvə və gül-çiçək gətirirdilər. Gələnlərin hamısına və məni sağaldan həkimlərə də təşəkkür edirəm. Həmin o çətin günlərdə "Sağlıqla qal, əzizim!" filmini yaratmaq qərarına gəldim."
Vaxtanq Kikabidzenin oxuduğu mahnıları, onun yumşaq xırıltılı səsini, səmimi ifa tərzini, ürəyə yatımlı melodiyaları istər ölkənin müxtəlif səhnələrindən, istərsə də radio və televiziyadan musiqisevərlər maraqla dinləyir və alqışlarla qarşılayırdılar.
Demək lazımdır ki, Kikabidzenin şəcərəsi aktyor və musiqiçilərdən ibarətdir. Buba uşaqlıqdan musiqi sədaları ilə yaşayıb. Nənəsi - Olqa Amiradjibi məşhur müğənni olub və ilk dəfə Tblisidə gürcü qramplastinkasını yazıb. Anası - Manona Baqrationi də peşəkar müğənni idi. O, Gürcüstanda çaz-orkestrini yaradıb və 45 il Sionu kilsəsində mahnı oxuyub. Patriarx İliya onu Müqəddəs Nino ordeni ilə təltif edib. Atası Konstantin Kikabidze istedadlı jurnalist olub və "Zarya Vostoka" qəzetində əməkdaşlıq edirdi. O, 1942-ci ildə Kerç şəhəri uğurunda döyüşlərdə həlak olub. Ona görə də Vaxtanq Qələbə gününü müqəddəs bayram hesab edir.
Arvadı İrina balerina, opera teatrının solisti olub. Qayınanası Mariya isə 50 il Qriboyedov adına Rus dram teatrının səhnəsində çıxış edib. Qızı Marina Rustaveli adına teatrın aktrisasıdır, kürəkəni Mamuka Areşidze jurnalistdir, həm də deputatdır. Oğlu Konstantin Moskvada Gürcüstanın səfirliyində işləyir.
V.Kikabidzenin estrada səhnəsində ilk çıxışı 1961-ci ildə Rostov şəhərində çox uğursuz olub. Qəzetlərdə yazılan resenziyalarda müğənninin səsi və oxuduğu xarici mahnılar tənqid hədəfi olmuşdu. O gündən sonra Vaxtanq illərlə çalışdı, zəhmət çəkdi, rəhbərlik etdiyi "Orero" ansamblı ilə verdiyi çoxsaylı konsertlər, çətin üslub axtarışları, həmçinin kristallaşmış fərdi dəsti-xətt öz bəhrəsini verdi. V.Kikabidze özünə, həm də ansambl üzvlərinə həddən artıq tələbkar olub. Repertuara torpadığı nəğmələri çox götür-qoy etdikdən sonra səhnəyə çıxarardı. O heç kimi təkrar etmək istəmirdi. Müğənni deyir: "Yaradıcılıqda heç nəyi soyuq ürəklə etmək olmaz, əks halda tamaşaçı səni rədd edər."
V.Kikabidze oxuduğu mahnıların mövzusunu özü yazar və şairlərə danışardı. O, uzun illər R.Rojdestvinski, M.Potsxişvili və P.Qruzinski ilə, bəstəkarlardan isə Q.Tsabadze, M.Fradkin və N.Boqoslavski ilə yaradıcılıq əlaqələrini saxlamaqda davam edir. Nəğmələr yazmaq üçün maraqlı mövzular çoxdur. Müğənni həmişə deyirdi: "Müharibə veteranları qarşısında özümü borclu sayıram. Fəxr edirəm ki, Mərkəzi televiziyada müharibə və əmək veteranları üçün hazırlanan veriliş "Mənim illərim mənim sərvətimdir" rubrikası altında, mənim səsimlə və ifa etdiyim mahnı ilə ekranda səslənir."
V.Kikabidze artıq səksən yaşındadır. Dəvət olunan yaradıcılıq gecələrinə vaxtının azlığından hamısına gedə bilmir. Ancaq hərbiçilərin keçirdiyi tədbirlərdən heç vaxt imtina etmir.
Müxtəlif janrlarda istedadını təsdiq etmiş sənətkar özünü xoşbəxt saya bilər. Bu, hamıya nəsib olmur. Ekranda və estrada səhnəsində peşəkar ifası ilə minlərlə tamaşaçının rəğbətini qazanan müğənni, kinoaktyor və rejissor Vaxtanq Kikabidze sözün əsl mənasında böyük istedad sahibi və xoşbəxt sənətkardır.