adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Noyabr 2017 00:31
14827
ƏDƏBİYYAT

TARİXƏ HÖRMƏT, GƏLƏCƏYƏ QAYĞI

Həyat təsadüflər və zərurətlər üzərində qurulan bir körpüdü. Bu körpüdən kimi cəsarətlə, kimi qorxu ilə, kimi də heç keçə bilmir. Bir də var bu körpünün inşasını düşünüb, onu daha da möhkəmləndirməyə çalışanlar.
Bu həyat körpüsündə insan cəmiyyətinin formalaşması zamana bağlı bir amildir. Zaman isə həm də fəlsəfi bir kateqoriyadır.
İnsan cəmiyyətindən söz düşmüşkən, təhsil bu cəmiyyətin əsas özəyidir. Cəmiyyəti böyük bir ağac kimi təsəvvür etsək, təhsil bu ağacın kökləri, əsas komponentidir. Kök olmasa ağac quruyar və beləliklə insan cəmiyyəti də məhv olar. Məhz bu ağacın köklərinin qurumaması üçün həyatlarını təhsilə, elmə, maariflənməyə həsr edən ziyalılar ömürlərini şam kimi bu yolda əridirlər. Əridikcə ətrafa daha çox işıq saçmağa, "aydınların" meydana çıxmasına şərait yaratmış olurlar. Bu aydınların sayəsində tərəqqi, inkişaf mümkündür. Onlar olmasa tənəzzül və geriləmə müşahidə olunar.
Haqqında yazdığım, daha doğrusu yazmaq istədiyim insan məhz bu aydınların yetişməsində, təhsilin inkişafında daha dolğun və mütərəqqi iş görən bir zayılıdır. Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev haqqında düşündüklərimi və hiss etdiklərimi qələmə almaq istəyirəm.
Əfqan müəllim uzun illərdi təhsil sahəsində uğurlu işlərə imza atmaqdadır, bu işin daha da təkmilləşməsində əlindən gələn səy və bacarıqlarını əsirgəməməkdədir.
Bəzən biz insanları gec tanıyırıq, yaxud heç tanımırıq, ölkəmizin uğurlu gələcəyi üçün çalışanları, faydalı işlə məşğul olanları yaxından tanımalı, onların işlərini qiymətləndirməliyik. Bu bizim həm də borcumuzdu. Deməsək, qeyd etməsək, uduzarıq, uduzmaq qorxulu deyil, itirmək ağırdı...
İnanıram ki, az da olsa Əfqan müəllimin görmüş olduğu işləri qələmə ala biləcəm. Həm də ona inanıram ki, yazdıqlarım mənə güc verəcək. Güc verəcək ki, mən daha çox yazım və yazdıqlarımı oxuculara çatdıra bilim...
Təhsil millətin gələcəyidir. Ulu Öndərin bu sözləri nə qədər qiymətli və dəyərlidirsə, bir o qədər önəmli və labüddür. Əfqan müəllim təhsilin ən incə məqamlarından tutmuş, mürəkkəb metod və prinsiplərinə qədər dərindən bələd olan, öz aydın iş missiyasını məsuliyyətlə və peşəkarlıqla yerinə yetirən ziyalıdır. Bu işdə onun Amerika Birləşmiş Ştatlarının təhsil sistemindəki təcrübəsi, Vətənə, millətə bağlılığı önəmli rol oynayır. Bu rolun özəlliyini biz təhsil sisteminin yeni metod və üsullarının tətbiqində, təhsilin keyfiyyətinin yüksəldilməsində görə bilərik.
Azərbaycan Dillər Universitetində tədris işləri üzrə prorektoru kimi bir çox yeni təhsil islahatlarının aparılması, tələbələrin tədris səviyyəsinin yüksəldilməsi məhz Əfqan müəllimin adı ilə bağlıdır. Bu danılmaz həqiqətdir. O da həqiqətdir ki, Əfqan müəllim təhsildə innovativ yeniliklərin tətbiqini, informasiya texnologiya kommunikasiyalarının tədrisdə aktiv şəkildə istifadə olunmasını önə çəkərək, müasir təhsil modelini təkmilləşdirmişdir. Bu həm müəllimlərin, həm də tələbələrin bilik və bacarığını daha artırmış, təhsil səviyyəsini yüksəltmişdir.
Əfqan müəllim həm də vətənpərvər insandı. O bir vətəndaş olaraq milli dəyərlərin qorunması, tarixi adət-ənənələrin yaşadılması, soykökə bağlılıq kimi mühüm amilləri təhsildə önə çəkmiş, onları yeni forma və məzmun ilə təqdim etmişdir.
Tarixə hörmət - gələcəyə qayğı deməkdir. Əfqan müəllim tariximizə hörmət etməklə, gələcəyimizə qayğı göstərmiş olur. Bu qayğı biz gəncləri ölkəmizin layiqli vətəndaşı kimi formalaşmasında, dəyərlərimizin unudulmamasında kömək etmiş olur. Belə bir deyim də var: "Unutsaq, unudularıq". Məhz bu deyimin fəlsəfi yükünü dərk edən və anlayan Əfqan müəllim tarixi bağlarımızın qopmaması üçün, qorunub saxlanılması üçün tarixi yaşatmağı vacib sayır. Bu baxımdan Əfqan müəllimdən öyrənəcəyimiz bir çox məqamlar var. Bu məqamları isə duymaq, onu kəşf etmək dərin müşahidə qabiliyyəti tələb edir...
Öz "aydın" missiyasını cəsarətlə və uğurla yerinə yetirən Əfqan müəllim həm də sözə, ədəbiyyata, incəsənətə yaxın insandır. Ruhən azad olmayan insan, heç vaxt uğur qazana bilməz. Əfqan müəllim ruhən azad insandır, ona görə də sözün dəyərini bilir, sözə qiymət verir. İncəsənəti, ədəbiyyatı insan ruhunun qidası kimi qəbul edir və bu qidadan istifadə etməyi vacib bilir. Bu zaman insan kamilləşir, müdrikləşir, həyata daha dolğun baxmağa başlayır. Əfqan müəllim həyata dolğun baxan, öz qəlbi ilə dünyanı daha çox ədəbi, poetik anlamda görən insanlardandı...
Bağışlamaq böyüklükdür. Böyük insanlar bağışlamağı sevir, bağışlamaqla daha böyük məna kəsb etməyə başlayırlar... Əfqan müəllim həm də xeyirxah, humanist və kövrək insandı. Axı o ziyalıdır, bu belə də olmalıdır... O öz daxili zənginliyini insanların təhsil həyatında çəkinmədən xərcləyir. Bu onu mənən daha da zəngin edir. Mənəvi zənginlik isə tükənməzdir. Əfqan müəllim mənən zəngin insandır, onun mənəvi zənginliyi həyat kodeksinə çevrilib.
Güzgüdə əks olunan görünüş aldadıcı ola bilər, qəlbin aynasında görünən isə həqiqətdir. Bu mənada Əfqan müəllim qəlbinin aynasında hər zaman ədalətli, vicdanlı işlər üçün yol açır. Həqiqəti olduğu kimi qəbul edir, heç bir təsirə və müdaxiləyə düşməyərək...
Bəzən insanları tanımaq üçün zamana ehtiyac duyulur. Bəzən də insanları gördüyü işlərdən, əməllərindən tanımaq olur. Bu mənada Əfqan müəllimin görmüş olduğu faydalı işləri ilə tanımaq, onun dünyasına varmaq insanda cəsarət və hünər təşkil edir. Bu cəsarəti və hünəri özümdə görüb bu yazını yazdım. Yazmaq istədiklərim hələ yaza bilmədiklərimin yanında çox azdır. Çünki yaza bilmək gücüm buna çatır. Ona görə də yaza bilmədiklərimi Əfqan müəllimin görmüş olduğu faydalı işləri ilə tanış olmaq, onun şahidi olmaq lazımdır.
İnanıram ki, bu tanışlıq və müşahidələrim mənim Əfqan müəllimin təhsil işindəki uğurlarını müəyyən qədər işıqlandırmağıma kömək edəcək. Hələ yazılmayan əməli işlər çoxdur. Bu işləri ancaq vərəqlərə qeyd etmək mümkün deyil. Ona görə ki, buna nə fiziki, nə də zamanın gücü çatmaz. Bir saat elmlə məşğul olmaq, altmış il ibadətə bərabərdir... Bu mənada Əfqan müəllimin təhsil ibadəti yüksək qiymətə və dəyərə malikdir. Bu qiymət və dəyər savadlı kadrların hazırlanmasında, cəmiyyətin inkişafında mühüm rol oynayır. Gələcək savadlı kadrların, dünya görüşlü vətəndaşların əlindədir. Bu mənada gələcəyin uğurlu qurulmasında Əfqan müəllimin uzaqgörənliyi, müdrikliyi, həyat təcrübəsi mühüm rol oynayır...
Əfqan müəllimin təhsildə örnəyini hər birimiz öz üzərimizdə görməli və çalışmalıyıq ki, təhsilimiz daha da inkişaf etsin və müasir tələblərə uyğun şəkildə formalaşsın. Bu arzu ilə Əfqan müəllimə işlərində uğurlar arzu edib, yazımı burada yekunlaşdırıram...