adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
23 May 2015 09:56
1950
GÜNDƏM

TALEYİNİ ÖZÜ YARADAN DOSTUMA

Əzizim Vaqif Bəhmənli! Biləndə ki, 23 mayda 60 yaşın tamam olur, xeyli düşündüm. Nə gizlədim, səni heç cür illərlə yaddaşımızda formalaşmış "qorxulu" 60 yaş qiyafəsində təsəvvür eləyə bilmədim. Axı, deyəsən, bu qloballaşan dünyada, bu qaçaqaç, qovhaqov zamanında 60 yaş sən deyən qədər də çox deyil. Mən həm də bu sözləri təsəlli üçün yox, 60 yaşı yola salmış həmkarın kimi deyirəm. Maşallah, ədəbiyyatımızda adaşların da kifayət qədərdi. Molla Pənah Vaqifdən üzü bəri qələm əhli olan Vaqifləri yada salıb göz önünə gətirdim: Vaqif Səmədoğlu, Vaqif Nəsib, Vaqif İbrahim, Vaqif Musa, Vaqif Bayatlı, Vaqif Yusifli, Vaqif Sultanlı, Vaqif Aslan... və sən Vaqif Bəhmənli....g Nə deyim, dünyasını dəyişənlərə rəhmət, qalanlara cansağlığı. Molla Pənah Vaqifdən savayı yerdə qalan Vaqiflərlə az-çox haqq-salamım olub, bu gün də var. Bu Vaqiflərin də hər birinin ədəbiyyatımızda öz yeri, öz sözü.
Əziz qardaşım Vaqif, sənin isə mənim qəlbimdə öz mötəbər, həm də dəyişməz, ədəbi yerin var. Çünki səni daha gənc yaşlarından, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi olduğun çağdan tanıyıram. Bütün ruhunla, duyğu-düşüncənlə mənə doğma və əzizsən.
Bu qloballaşan dünyamızda çox dəyərlər, tanıdığımız çox adamlar dəyişib. Amma səni illər öncə necə tanımışamsa, eləcə də qalmısan, illər batinini dəyişməyib. Dövranın gərdişinə mətanətlə sinə gərmisən. Bütün mənfiliklərdən, naqisliklərdən özünü qorumusan. Mən sənin üz-gözündə Bəhmənli kəndindən, Araz qırağından gətirdiyin o uşaqlıq-yeniyetməlik saflığının parlaq təcəssümünü görürəm. Çünki sən xalqını, el-obanı sevən, adət-ənənəsinə önəm verən, öz şəxsi həyatında, ailəndə yaşadan kişilərdənsən. Xeyirxah, qayğıkeş insansan. Bütün bunlar öz yerində, sən həm də istedadlı şair, gözəl publisistsən.
Bir küll halında sənin yaradıcılığına nəzər salanda, doğrusu, heyrətlənməmək olmur. Məsul vəzifənlə yanaşı, vaxt tapıb bu qədər ehtirasla, iradə ilə bədii yaradıcılıqla məşğul olmağın qibtə ediləcək qədər geniş və əhatəlidir. Çoxlu sayda şeir, publisistika kitablarının, sənədli nəsr əsərlərinin müəllifisən.
Çox hörmətli Vaqif bəy! Mən bu qısa təbrik məktubunda sənin yaradıcılıq məziyyətlərindən bəhs etmək fikrində deyiləm. Sənin yaradıcılığın haqqında kifayət qədər yazılıb və yazılacaqdır. Çünki sənin şeirlərin, publisistikan ruhumuzla həmahəngdir, doğmadır. Şeirlərində o qədər səmimi, o qədər açıqsan kig Hələ sənin ürəyə yağ kimi yayılan xəfif yumorun. Adi həyat həqiqətlərini çox sadə, aydın, amma həm də qeyri-adi şəkildə bizə qaytarırsan. Şeirlərindən birindən bir parçanı burada xatırlatsam, yəqin, yerinə düşər:

Bilirsənmi, qardaş,
ölmək üçün
nə lazımdı? -
Ölmək üçün,
qardaş,
öləndən sonra da
yaşayacağına umud,
vəfalı çiyinlərə layiq tabut,
Sükutg
Sükutg
Sükutg
bir az da
səs lazımdı.

Şeirlərində insanları xoşbəxt etmək istəyin o həddədir ki, hətta "Allahlıq" eşqinə düşürsən:

Yetən yetib çaldı düyün
Bir yol sən də günah eylə.
Allah, məni beş-altı gün
Öz yerində Allah eylə.

Beş-altı gün, nolar, Tanrım -
Bu dünyanı düzəltməsəm
Nurun mənə qənim olsun,
Yer üzündə Allah kəsən
Sonuncu baş mənim olsun.

Qardaş, bu ki arzunun, istəyin son həddidi. Qoy səni Allah qorusun.
Vaqif bəy, mətləbi uzatmaq istəmirəm. Sənin 2013-cü ildə yazıb nəşr etdirdiyin "İlin beşinci fəsli. Kamran" sənədli romanından əsərinin qəhrəmanı Kamran Hüseynovdan gətirdiyin epiqrafı burada təkrarlamaq istədim: "Taleyimdən razıyam. Onu özüm yaratdım. Oxutmadılar - oxudum. Evləndirmədilər - evləndim. Böyütmədilər - böyüdüm. Dayağa söykənmədim, dayaq oldum. Öyrətmədilər - öyrəndimg"
Əziz qardaşım, bu fikirləri yüzdə yüz sənin özünə də şamil etmək olar. Sən də öz taleyini özün yaratmısan. Hər səhifəsi çox mənalı, yaddaqalan və şərəfli bir tale. 60 yaşın mübarək!