27 Aprel 2016 01:05
37853
GÜNDƏM

Sarıbaba dağlarının əzəməti, vüqarı...

Bizi əhatə edən dağların, məğrur qayaların, zümrüd meşələrin, diş göynədən buz bulaqların, çoşqun çayların, abı-havası şəfa verən yaylaqların, yurd yerlərinin adları müxtəlif tarixlərlə bağlıdır. Yurdumuz möcüzələr diyarıdır, zəngin və gözəl təbiəti insanları valeh edirdi...
Dağlarımızın hər dərəsini, hər uçurumunu, hər zirvəsini təbiət sanki qəsdən elə yaratmışdır ki, bura doğma övlad üçün möhtəşəm qala, düşmən üçün isə fəlakət yuvası idi. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadırdı. Xalqın qazandığı qələbələr də, düçar olduğu fəlakətlər də bir şox yurd yerlərində, adlarında abidələşmiş və canlı tarixə çevrilmişdir.

***
Qafqaz sıra dağlar silsiləsində Keşik, Kotanqaya, Qorqundağı, Laləli, Sarıbaba, Kırs, Çilgəz, Sarıyoxuş, Ağzıbir, Beşbulaq, Yarğanın başı, Çalbayır, Üçqardaş, Çınqıllı dağlarını təbiətin bu cür bəxş etdiyi füsünkar gözəlliyi duymaq, ondan ilham almaq kaş bir də qismət olaydı...
Sarıbaba dağı Heydərbaba dağı ilə sonsuz kainatda heç bir canlının görə bilmədiyi ünsiyyət vasitələri ilə salamlaşır. Çünki onlar bizdən çox-çox yüksəklikdədirlər, göylərin ənginliyinə doğru hələ də baş vurmaqda davam edirlər...
Sarıbaba dağı dəniz səviyyəsindən 2334 metr yüksəklidə yerləşir. Şuşa və Laçın rayonlarının sərhədlərində qərar tutmuş, sarı, qızılı və əhəng daşlarından təşkil olunmuş, ətəklərində əlverişli çəmənliklərdə mal-qara, qoyun-quzu bəslənməsi üçün geniş imkanlar vardı. Yaşıl meşə örtüyünə bürünmüşdür, palıd, qırmızı palıd, dəmir ağaz, çökə, ulaş, ağcaqayın, gərviş, alma, armud, alça, qoz, fındıq, əzgil növ ağaclarından insanların qidalanması üçün, istilik mənbəyi və tikinti-abadlıq geniş istifadə edilirdi...
Sarıbaba dağı ilə Heydərbaba dağı əfsanələrə görə qardaş olmuş və hansı qardaş tez yuxudan oyanardısa bir-birilərini salamlayaraq oyadarmış. Hər il Bahar fəslində, yazın ilk günü qədəmlərini torpağa qoyanda, səhər-səhər, sübh tezdən Heydərbaba dağından, ən hündür zirvəsindən baxanda, Sarıbaba dağına tərəf boylananda həmin dağın əzəməti, qaməti görünür, eyni vaxtda müşahidə olunanda hiss etmək mümkündür...
Sarıbaba dağının zirvəsində "Sarıbaba" piri vardır. İnsanların nə niyyət tutub onun ziyarətinə getsə idi hasil olardı. İnanılmış, hörmət sahibi olan Seyidlərin ocaqları, ziyarətgahları olmuşdur.
Dəfələrlə Beynəlxalq Dağ-mədən kəşfiyyatının ekspedisiyasının dəstələri, geoloqlar burada olmuşdular, konfranslar keçirmişdilər, təsdiq olunmuşdur ki, Sarıbaba dağlarında torpaq, daşlar, Daş-mədən tədqiqatlarında müəyyən olunmuşdur ki, həqiqətən burada faydalı süxur qatları mövcuddur. İpək kəndləri, Təmirazlar kəndi yaxınlığında İpək yataqları vardır. Keçmiş SSRİ-i dövrlərində həmin yataqlar faydalı qazıntılar mədənləri kimi, ehtiyat saxlanmışdır.
Zerti kəndinin ətrafında sarı torpaqlar və sarı qayalarla əhatə olunmuşdur, həmin kəndin iqliminə, relyefinə görə də adı da Fars mənşəli söz olmaqla, "zerti", "zərli", qızıl torpaq mənasında işlənmişdir.
Kəndin aşağı hissəsində, böyük Ağcayazı düzü adlanan torpaq sahəsi vardır. Həkəri çayına xeyli məsafə qalmış qayalıqlar başlayır, burada qədim insan məskəni olmuş kaha vardır. Həmin kahaya, qara kaha, qarıkaha da deyərmişlər. Çar Rusiyası dövrlərində 1897-ci ildə naməlum səyyah tərəfindən həmin kahadan keçmiş Qafqaz Albaniyasına aid, döyüşçü geyimləri, dəbilqə, masqa, çıraq tapılmış və həmin əşyalar hal-hazırda (Leninqrad şəhərində) Sankt-Peterburq şəhərində Elm-Tədqiqatlar Muzeyində saxlanılır.
Sarıbaba dağının qoynunda Şuşa rayonunun Xəlfəli, Şırlan, Xanalılar, Cəmilli, Zaman pəyə, Nəbilər, Zarıslı kəndləri, Turşsu qəsəbəsi.
Qaladərəsi kəndi, Onvers kəndi, Yexsevik kəndi (ermənilər yaşayan kəndlər) yerləşir.
Laçın rayon ərazisində Sarıbaba dağının qoynunda Qozlu kəndi, Böyük İpək kəndi, İpək kəndi, Təmirazlar kəndi, Bülündüz kəndi, Tigik kəndi, Zeri kəndi, Laçınkənd kəndi, Xırmanlar kəndi, Qaradağlı kəndi, Haqverdi talası, Səfilər kəndi, Ağbulaq kəndi, Seyid Alılar kəndi, Miralılar kəndi, Əsgərkənd kənd, Dərəbaşı kəndi yaşayış məntəqələri olmuşdur.
Qarıkaha kəndi. Laçın rayon mərkəzi ilə Şəlvə dərəsini birləşdirən magistral avtomobil yolunun sol, Həkəri çayının sağ tərəfində yaşayış məntəqəsi olmuşdur. Burada 160 ailə, 966 nəfər sakinlər müasir iki mərtəbəli, aynabəndli yaşayış evlərində yaşayırdılar. Kənddə mədəni, sosial obyektlər fəaliyyət göstərirdi.
Qarıkaha kəndinin yaxınlığında böyük, qədim bir kaha var idi. Bu kahada vaxtı ilə Qafqaz Albaniyası dövrlərində insanlar yaşamışdır. Yandırılan ocaqların tüstüsü, hisi kahanı qara rəngə boyamışdır. Qara, qarı sözləri azərbaycan toponiminə uyğundur: qarı sözü - qocalmış qadın cinsinə şamil edilir. Ancaq qarı sözü, köhnə, qədim, uzaq bir vaxtı müəyyən edir. Qarıkahı sözü köhnə, qədim kaha kimi həmin yaşayış məntəqəsinə adlandırılmışdır.
"Deyilənlərə görə Qarı kaha adlanan bu böyük ərazi daş, qaya oyuğundan ibarət idi. Arxeoloji qazıntılar aparan E.A. Reslerom və R.B. Kinjalovun 1897-ci ildə burada (indiki Lacın rayonu, Qarıkaha və Zerti kəndləri) tədqiqatlar zamanı, həmin kahadan gumuş çıraq tapılmışdır. Çırağın üzərində saqqallı kişi qiyafəsi təsvir olunmuş, bir üzündə şeytan, o biri üzündə isə məzhəkəci, təlxək şəkilləri ilə bəzədilmişdir.
Bu tarixi eksponatda müəyyən olunmuşdur ki, I əsrin ikinci yarısı zamanında Roma imperiyasının tabeliyində olan Suriyada yaşayan, bir nəfər sənətkar tərəfindən ticarət və alış-veriş məqsədi ilə düzəldilmişdir.
Həmin gümüş bəzəkli çıraq hal-hazırda Sankt-Peterburq (Leninqrad) şəhərində dövlət tarixi mədəniyyət və incəsənət muzeyində saxlanılır (Ermitaj)".
Tiğik kəndi. Laçın rayonu mərkəzi ilə Şəlvə dərəsini birləşdirən magistral avtomobil yolunun üstündə yerləşmişdir. Tiğik kəndlərində 82 ailədə 156 nəfər sakin müasir yaşayış evlərdə yaşayırdılar. Deyilənlərə görə, Tiğ tayfaları və dağ mənasında fars mənşəli sözlər kimi yaranmış, bu günə kimi gəlib bizə çatmışdır. Tağ sözlər Azərbaycan sözü olmaqla bostan bitkilərinin düzülüşünü göstərir. Kəndlərin yerləşdiyi relyefi də təsdiq edir ki, düzülmüş dağların qoynunda məskən salmışdır.
Laçın rayonu Qarıkaha kənd inzibati ərazisinə daxil idilər. Qarıkaha kəndində 166 ailə, 970 nəfər, Laçınkənd kəndində 60 ailə 312 nəfər, Xırmanlar kəndində 53 ailə 142 nəfər, Ağbulaq kəndində 17 ailə 56 nəfər, 1-2 Tigik kəndlərində 77 ailə 188 nəfər, Zerti kəndində 69 ailə 280 nəfər soydaşlarımız DQMB və onun ətrafında baş verən hadisələr zamanı respublikamızın müxtəlif rayonlarına, kəndlərinə səpələnmişdilər.
Sarıbaba dağının qoynunda yerləşən yaşayış məntəqələri kəndlər, obalar, binalər qədim tarixə malikdirlər. Oranın suyunu içən, havasını udan soydaşlarımız igid, qəhrəman, mərd qeyrətli olmaqla yanaşı yaradıcılıqla da məşğul olan istedadlı sənət adamları da yetişdirilmişdir.
Burada 9 kənd var idi. Seyid alılar, Mir Alılar, Qaradağlı, Ağbulaq, Şəfilər, Haqverdi talası, Xırmanlar, Əsgərkənd, Dərəboğazı kəndləri. 120 təbii, mineral, buz bulaqlar, fəvvarə vuraraq, qaynayaraq torpağın üstünə çıxmışdırlar. Ağbulaq, Qoşabulaq. Üç bulaq, Novlu bulaq, Seyid Mövsüm bulağı. Comcə bulaq, Qoşa bulaq, Daşnov bulağı, Kor bulaq. Kor bulağın gözəl bir xüsusiyyəti vardır. İlin yay aylarında qaynayıb torpağın üst qatına çıxardı, qış fəslində isə suyu quruyardı. Bu möcüzələr insanları valeh edərdi. Hər addımbaşı bulaqlar mövcud idi.
Maraqlı adlarla tanınan hər bir keçidlər adamı heyran edərdi. Səbətkeçməz, Qaradağ, Hacı yolu, Ağgüney, Yazyurdu, Piroğlu, Kolavat, Pirqayası, Alıqulu bərəsi, Əkənək, Qaradağ, Dörd qardaş yolu, Orucun qavı, Yüktökən, Qaradağlı yolu, Satılbulaq, Şişqaya kimi keçidlər, bərələr maraq doğururdu. Belə gözəl yurd yerləri həmişə qonaq-qaralı olub.
Xırmanlar kəndi, el arasında Yığın Seyidləri kəndi də deyirdilər, sakinlərin ata, babaları Heydər baba dağının ətəklərində yaşayan azərbaycanlılar Cənubi Azərbaycanın Qaradağlı, Qalayçılar obasından bura köçüb gələn tayfalardır.
9 həmin kiçik yaşayış məntəqələrinin bəziləri birləşib Xırmanlar kəndi, Seyidlər kəndi təşkil olunmuşdur. Adları qeyd olunan yaşayış məntəqələrinin, kəndlərin ara məsafəsi yarım kilometr və yaxud da bir kilometrə qədər olardı. Ağbulaq kəndinin mənzərəsi, relyefi, iqlimi çox xoşa gələn idi. Kənddə gur su mənbəyi vardır. 1961-ci ildə həmin suyu Laçın şəhərinə borularla çəkib gətirmişdilər. Ətrafı zəngin meşə örtüyü ilə əhatə olunmuşdur. Meşədə sərin, diş göynədən buz bulaqlarla yanaşı, mineral sular, turşsu fəvvarə vuraraq yerin üst qatına çıxmışdır. Kəndin Laçınla ara məsafəsi 10-20 kilometr olardı. Ağbulaq kəndinin yaxınlığında Haqverdi talası adlanan 10 hektara qədər sahə mövcud idi. Burada armud meyvə bağlar vardır.
Deyilənlərə görə, bu yerlərdə vaxtı ilə balaca Əbdürrəhim uşaqlıq çağlarını yaşamışdır. Onun babası Haqverdi kişinin adını daşıyan talada meyvə dərənlər onun ruhuna dua oxuyurdular.
"Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci ilin may ayının 17-də məhz bu adı qeyd olunan Ağbulaq kəndində anadan olmuşdur".
Bu barədə kənd sakinləri Əbdürrəhim bəy Haqverdiyevin Laçın rayonu ərazisindəki Ağbulaq kəndində anadan olmasını sübut edən əhvalatlar danışırlar.
O vaxtlar indiki Laçın rayonu ərazisində baş verən hadisələrə Əbdürrəhim bəy Haqverdiyev biganə qala bilməzdi. Bunlar onun yazmış olduğu əsərlərində öz əksini tapmağa başladı.
"Mirzə Səfər" əsərində qeyd olunduğu kimi hadisələr, Laçın rayonu Ağayunus kəndinin o vaxtkı sahibi Həsən ağanın adı ilə bağlı olubdur. XVII əsrdə Həsənağa Qarabağ xanı İbrahim xanla dost imişlər. Həmin Həsən ağanın babası Ağayunus kəndində yaşamış və onun iri torpaq sahəsi olmuşdur. Kənd yaxınlığında Həsənağanın adı ilə bağlı su ilə işləyən dəyirmanı da mövcud olmuşdur.
"Xortdanın cəhənnəm məktubları" əsərində isə Laçın rayonu Cicimli kəndindəki pirdən, ocaqdan danışılır, burada baş verən həyatı hadisələrdən bəhs olunur.
Bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan xalqının tarixinin, ədəbiyyatının qaranlıq məqamlarının yenidən yazılmasına ehtiyac var.