Qloballaşma dövrünün kürəsəl uşaqları...
Fidan Nizaməddinqızı
Filologiya üzrə fəlsəfə doktoru
Uşaqlıqdan bu həyatın şirinliyinə inanaraq, acılığına öyrənmişik. Uca Tanrının insanlara bəxş etdiyi və sonu şübhə, xəyal qorxu ilə zəngin dünyanı uşaqlıqdan ip üstündə gəzən pəhləvan kimi keçməyə çalışmışıq. Uşaq olanda həmişə düşünürdüm ki bu yazıq onsuzda ipin üzərində çətinliklə gəzir daha bu ağır ağac nəyə gərəkdi? Böyüdükcə o ağacı çox şeyə bənzətdim saat əqrəbindən tutmuş kibrit çöpünə qədər. Lakin sonralar anladım ki, bu dünya ilə insan arasındakı mütənasibliyi qoruyan, əbədi fırlanaraq, Yer kürəsinə sancılan insan oxudur. Uşaq vaxtı babamdan niyə görə bu qədər ağac əkilib soruşduqda, babam - yer ayağımızın altından qaçmasın deyə ... cavab vermişdi.
Uşaqlar dünyanın balaca fidanlarıdır. Onları qorumaq və müdafiə etmək hər bir böyüyün borcudur. Tanrı insanı onun ailəsində yaradır. Övladı ona borc verir. Valideynlər onu böyüdərək cəmiyyətə yeni ailə kimi təhvil verir. Lakin ən çətin və böyün proses məhz uşaqlara düzgün tərbiyə təlim verərək, onu cəmiyyətin gələcəyinə, qiymətli varlığa çevirməkdir. Uşaqlar böyüyüb cəmiyyətə əl verənə qədər müxtəlif təkamül prosesi keçirlər. Onların həyatlarının ayrılmaz hissəsi olan bağça, məktəb yollarında ilk öyrəndikləri isə şeir olur. Avestadan başlanan Xeyir və Şər konsepsiyası, Nizami Gəncəvinin əsərlərində ədəbiyyata ötürüldü.
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
yaxud,
Paxıllıq eyləsə dostuna hər kəs,
Onun yoldaşlığı toza da dəyməz.
İnanıram ki, yarım əsrə yaxın yaşamış insanların yaddaşında M.Ə.Sabirin "Uşaq və buz", "Məktəbə təğrib", Məhəmməd Tağı Sidqi "Oğlan", "Dərsə diqqət", Abbas Səhhətin "ana və oğul", "Quşlar", "Ot biçini", "İki uşaq", "Tənbəl", Abdulla Şaiqin "Keçi", "Xoruz", "Bənövşə", "Ana yurdum", Xanımana Əlibəylinin "Hara gedirsən axşam", Zahid Xəlinin "Hesab" və uşaqlarşn əlindən tutaraq ana yurdumuzu qarış-qarış gəzdirən Səməd Vurğunun "Azərbaycan" şeiri dərin iz buraxmışdı:
Mən bir uşaq, sən bir ana
Odur ki, bağlıyam sana
Hankı səmtə, hansı yana
Hey uçsam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Şairin, uşaqla vətən arasındakı qırılmaz bağ yaratması, dünyanın bütün gözəlliklərinin Azərbaycan məmləkətində cəmləşdirməsi, onda elinə obasına hörmət, məmləkətinə dərin maraq oyadır. Abbas Səhətin vətən şeiri isə məktəblilərin Vətənnaməsidir:
Vətəni sevməyən insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz.
Təbii ki, yeni-yeni formalaşan uşaq - vicdan, ləyaqət hissini itirməmək üçün Vətənini daha da çox sevəcək.
Mirvarid Dilbarizinin "Balaca qızam", Nigar Rəfibəylinin "Lalə", Nəbi Xəzrinin "Bənövşə", Bəxtiyar Vahabzadənin "Şəfəqin azrum", Mədinə Gülgünün "Danışan saat", Teymur Elçinin "Günay yatır", "Nəvələr", Məmməd Arazın "Quzu", Qasım Qasımzadənin "Nişangah", İlyas Taptıq "Bildirçin", Tofiq Mütəllibovun "İşıqfor", Məmməd Aslanın "Alma ağacı"və s. kimi şeirləri hamımız əzbər bilirdik. Bu şairlərin şeirlərində uşaqlara anlatacaq çox şeirlər var.
Laylasında anam mənə
Belə demiş dönə-dönə
Bir anan mən, biri Vətən
Yadda saxla bunları sən.
M. Dilbazi
Uşaqlar həyat dolu olur. Onlarda sevinci anaya, vətənə, torpağa, sevgi yaşamaq həvəsi yaratmaq üçün Şeirlərin mahnıların böyün rolu vardır.
Bu şeirlərdə sözün həcmi az, mənası isə çox dərin və düşündürücü idi. Uşaqlıq elə hissdir ki, yəqin ki hər birimiz bu kəlməni dilimizə gətirəndə dodağımız qaçacaq, qəlbimizdə ilıq hisslər çöhrəmizdə həzin təbəssüm yaranacaq. Xəyalımızda bizimlə yaşayan o qədər xatirələr var ki..... məsələn, atamın uşaqikən məni yuxudan oyadarkən etdiyi zümzümə, heç vaxt bitməyən yuxuya və həyata səslənən nəğməyə bənzəyir:
Mənim bağım, baharım
Fikri ziyalı oğlum
Məktəb zamanı gəldi
Dur ey vəfalı oğlum.
Ey gözüm, ey canım,
Dur get məktəbə cavanım.
M.Ə.Sabir
Yaşayan hər bir can özü ilə bir neçə nəslin insanlarını, onların münasibətlərindən doğan hadisələri yaşadır. Tolstoy insanı heç bir tipə bölməyərək dəyişkən varlıq kimi tanıyır. Bəlkədə qəlbindəki, acılı-şirinli xatirələrin izindəki, vücundakı xatirələrin təsirindən insan tez-tez dəyişməyə meyillidir.
Təzə qarda iz açaq
Yol salaq gözəl-göyçək
Aytən də böyüyəndə
Yeriyəcək sənintək
Aynur baxır arxaya
Gözündə sonsuz maraq
Deyir: ana, bu izi
Özümüzlə aparaq?!...
M. Ələkbərli
Bu şeirlər qısa olsa da çox ətraflı və düşündürücüdür.
Gəlin görək müasir dövrdə uşaqlar üçün nələr yazılıb?!
Müasir dövr dedikdə təxminən 50 illik, yarım əsrin bir dövrdən danışırıq. Bu illər ərzində uşaqlar üçün xeyli, yeni-yeni kitablar, şeirlər, və hekayələr yazılıb, nəfis kitablar nəşr olunub. "Beşik", "Altun", "Təhsil" nəşriyyatları uşaqlar üçün kitab çap etmişdir. Biz məktəbli ikən yalnız Göyərçin jurnalı olduğu halda, bu gün "Göy qurşağı", "Bala dili", "Sehirli xalat", "Yuva", "Günəş", "Elli", "Tumurcuq", "Savalan", "Tonqal" kimi jurnal və qəzetlər çap olunur. Lakin gəlin görək bu qədər bolluğun içində uşaqlar müasir dövrün şair və yazıçılarına əsərləri içərisində sevə-sevə əzbər bildiyi bir şeir yaxud nağıl varmı? Hec vaxt dəbdən duşməyən, yaddaşlardan silinməyən aforizmlərə çevirilən şeirlər varmı?
Uşaqların zövqləri xasiyyətləri kimi çox təzadlıdır. Uşaqlar bu dünyanı öz baxışları ilə rəngləməyi xoşlayır. Onların həyatda öz ölçü vahidləri, öz mizan tərəziləri var. Bu dünyanın çəkisi onların kiprikləri ilə əlləri arasındadır. İstədikləri vaxt ələrini üzlərinə tutub, qəhqəhə çəkə bilərlər. Texnologiyaların yüksək inkişaf etdiyi bu dövrdə barmaqlarının ucunda bircə düymə ilə bütün dünyanı ovuclarında hiss edən kürəsəl uşaqları təəccübləndirmək, maraqlandırmaq çox çətindir. Fəqət bu ona dəlalət etmir ki, uşaqlar oxumur öyrənmək istəmir, kitaba maraqları azalıb. Əksinə indi ədəbiyyatın uşaqlara marağı azalıb. Ədəbiyyat ötən əsrin havası ilə yazılır. Ədəbiyyat uşaqlardan geridə qalıb. Uşaqlar daha müasir və ayıq-sayıqdır.
Onu da qeyd qeyd etmək istəyirəm ki, müşahidəmə görə uşaqlara ötən əsrin Azərbaycan cizgi filmləri, nağılları və şeirləri daha çox maraqlı gəlir - "Şəngül, Şüngül, Məngül", "Tıx-tıx xanım", "Cırtdan", "Tülkü həccə gedir", "Meşəyə insan gəlir" və sair.
Bu gün elə şair çətin tapılar ki, uşaqlara aid şeirləri olmasın. Ən azı öz nəvəsinə yaxud, övladına şeir yazmışdır.
Lakin bu şeirlərin çoxu uşaqlara maraqlı deyildir. Uşaqların çoxu onlar üçün yazan şeirləri və şairləri tanımırlar. Qeyd etdiyim kimi bu gün ədəbiyyat uşaqlardan çox geri düşünür. Onların psixologiyası və dünya görüşündən xəbər vermir. Son illər minlərlə yazılan şeirlərin içərisində yalnız uşaqlar üçün yazan şairlərdən söz açaq. Ömrünü "Göyərçin" jurnalına calayıb, balaca göyərçinlərin duyğuları ilə yaşayan Rafiq Yusifoğlunun:
Nənim kitab rəfimə
Gəlin bir az yaxın siz
Bir birinə söykənən
Qonşulara baxın siz
Sözlə dolu olsa da
Hamısının sinəsi
Sakitcə əyləşiblər
Çıxmır birinin səsi
Durub qaça bilmiəm
Düşüb gəzə bilmirəm
Xəlmə kəsri bilmirəm
Elə ki götürürsən
Sən onları əlinə
Dil çatdırmaq olmayır
Heç birinin dilinə
Canlı karifeyimiz İlyas Tapdığın :
Bildir uçub bağçanı
Meşə bildi bildirçin
Arzu baxıb çığırdı
Çildir, çildir, bildirçin!
Buradı poetik təkrar uşaqların yaddaşında daha tez qalır, diqqətini daha cəlb edir. Uşaqlar bir sözü dəfələrlə təkrar etməyə adət etdiyi üçün oxşar sözlərin, təkrarı olduqca maraqlı gəlir.
Babasını və nənəsini dünyalar qədər sevən Şövkət Zərin Horovlunun:
Sən gedəndən, nənəcan,
Dünya mənə olub dar,
Nə nağıl söyləyənim,
Nə layla çalanım var.
Nə mən gəlirəm, nə sən
Gələ bilmirəm, nənə
Axı lap balacayam.
Və son illər həm məktəbəqədər uşaqlar üçün - "Balaca əlifba", "Xortumlu dağ", "Bab-balaca əlifba", "Çərpələng", həm də məktəb uşaqları üçün Azərbaycan və rus dillərində Dədə-Qorqud" dastanını işləyib təqdim edən Sevinc Nuriqızının şeirləri daha müasir və rəngarəngdir. Təsadüfi deyil ki, bu yaxınlarda "Qızıl kəlmə" Ədəbi mükafatının uşaq ədəbiyyatı nominasiyası üzrə Sevinc Nuriqızına, onun "Qədim Bakıya səyahət" kitabına görə təqdim edilmişdir.
Cəkməsiz gəzir qarda pişiklər
Görəsən yatır harda pişiklər
Hava soyuqdur, qar çox qalındır
Yazıq məstanım ayaqyalındır
Gedim gətirim evə məstanı
Isti otaqda qızınsın canı
Nənəmin qalın şalına büküm
Nəlbəkisinə ilıq süd töküm
Hava soyuqdur, qar çox qalındır
Yazıq məstanım ayaqyalındır
Uşaq şeirlərində detallar uşaqlara doğma, fikir isə yeni olmalıdır.
Uşaq deyib keçməyəcək. Televiziya məkanlarında uşaqlar üçün telefilm, cizgi filmləri yetərincə olsa da, bu filmlər qonşu ölkələrin filmləridir. Belə filmlərdə millilik və vətənpərvərlik hissi çox azdır. Bir çox ölkələrdə uşaqlar üçün ayrı kanal olduğu halda Azərbaycan televiziya kanallarında 15 dəqiqəlik laylay (İTV və SPACE kanallarında) verilişi gedir. Verilişlərin heç biri uşaqların problemlərinə, zövqlərinə aid deyil.
15 dəq verilişdə salamlaşma və sağollaşma və 10 dəqiqəlik cizgi filmindən uşaq nə öyrənə bilər. Uşaq verilişlərin çoxunda aparıcı uşaqların psixologiyasından xəbərsiz olduğu halda bütün uşaqların əvəzindən necə danışa bilər axı?! Belə verilişlərdə xarici cizgi filmlərin personajlarını özlərinə köməkçi, dost götürürlər, spancbom, reklam edib, təbliğ edirlər. Bu da uşaqlarda milli qəhrəmanlara, öz personajlarımıza marağı azaldır.
Ədəbiyyat nə qədər öyrətsə də uşaqların gördükləri və eşitdikləri onların yaddaşına daha tez təsir edir. Görəsən bizdə niyə belə müasir personajlar yaranmır. 1990-cı il 20 yanavr günü baş verən 20 faciəsi; orada şəhid olan İlqar, Svetlana, 1992-ci il 26 fevralda baş vermiş "Xocalı faciəsi" də qundaqdan yeniyetməyə qədər yüzlərlə uşaq şəhid oldu, yetim qaldı, bütöv ailələrini itirdi, Mübariz, Fərid kimi canından keçərək şəhid olan milli qəhrəmanımız haqqında niyə ölməz əsərlər, nümunəvi personajlar yaranmamışdır?!
Müasir uşaq ədəbiyyatında isə hər şey var nağıldan başqa. Uşaqlar isə hər şeyi yarı gerçək, yarı nağıl sevirlər. Oxuyarkən, həm sevinməli, həyəcanlanmalı, qorxulu, situasiyalardan vahimə ilə yol açmalı və öz işıqlı dünyaları ilə kainatda dövrə vurmalıdırlar.
Təckə ucardı göydə
Gəzərdi çöldə durna
Yekə qara nöqtəyə
Bənzərdi göldə durna
Bir gün durnalar dedi
Niyə nöqtə olaq biz?
Gəlin uca göylərə
Yolunuzu salaq biz.
( Zahid Xəlil )
Kim bilir bəlkə XXI-əsrin uşaq ədəbiyyatı yaradan və inkişaf etdirən, şair və yazıçılarımızın bu hayküylu, ipə sapa yatmayan qlobalaşma dövrünün kürəsəl uşaqlarının içindədir?!
Müasir uşaq ədəbiyyatı onlarla ayaqlaşa bilmir. İnşallah onlar öz dövrünün uşaqları üçün ölməz əsərlər yaradarlar...
Sonda Ömər Xəyyamla bir uşağın dialoqunu xatirlatmaq istərdim:
Bir uşaq Ömər Xəyyamdan soruşur;
Niyə varlılar özgə uşaqlara qarşı səxavətli və əliaçıq olmurlar?
Ömər Xəyyam deyir;
-Pəncərədən bax gör, həyətdə kimi görürsən?
-Uşaq dedi:
-Həyətdə oynayan uşaqları.
-Bəs güzgüdən baxanda?
-Yalnız özümü - deyir uşaq.
-Çünki güzgünün arxasına bir az gümüş qatılıb.
Çalışın şüşədən baxın uşaqlara, güzgüdən deyil...
Digər Xəbərlər

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Vüsal Murtuzəliyev əməliyyat olundu

London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu

"Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir - FOTOLAR

Kahramanmaraşda konfrans salonuna Nizami Gəncəvinin adı verildi

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin - FOTOLAR
