adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Mart 2019 00:33
8396
GÜNDƏM

QATİL HƏMİŞƏ CİNAYƏT YERİNƏ QAYIDIR...


"Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır".

Heydər ƏLİYEV

Rafiq HACIYEV,
yazıçı-publisist

ACI TALELİ,
QARA BƏXTLİ GÜLGƏZ

...Gülbala kişi arvadı Gülvərin evin ortasındakı cənazəsinə baxa-baxa hərəkətsiz oturmuşdu. Dodaqları bir-birinə sıxılmış, arıq çənəsi gərilmiş, gözləri qıyılmışdı. Adama elə gəlirdi ki, həyatda nə varsa, hər şeyə o yaddır. Amma zahirən belə görünürdü. Əslində isə dərin fikirlərə qərq olmuşdu. Bir yandan amansız əcəldən neçə illik ömür-gün yoldaşının dünyasını dəyişməsi onu mütəəssir edirdisə, digər tərəfdən də maddi imkansızlığı kişiyə təsir edir, için-için yandırıb qovururdu.
Qoca odu sönmüş, məhrumiyyətlər görmüş kədərli gözlərini xəcalətlə, günahkarcasına övladlarına zillədi. Nəzərlərini dolandırıb meyitin üzərində göz yaşı tökən qızlarının-Zəminənin, Tamaranın və Gülgəzin üzərində saxladı. Onların yanında durub başlarını aşağı dikmiş, üzləri daşa dönmüş oğlanları Xanbalaya və Bəybalaya baxdı. Övladlarından bir məsləhət almaq istədi, kömək umdu. Həyatında bəlkə də belə ağır dəqiqələr keçirməmişdi. İndi nə eləsin, hansı addımlar atsın ki, elin töhmətinə tuş gəlməsin? Uzun illər baş yoldaşı olmuş, çətinliklərdə birgə addımlamış Gülvərə son borcunu verməyə nə ər kimi onun, nə də boyun-boyuna durub daş kimi lal qalmış bacı-qardaşların maddi imkanı yox idi.
Bu işin mümkün olmayacağını bildiyindən Gülbala kişi bütün qərar-qəsəmdən kəsildi. Kədər dolu gözləri qıyıldı:
- Zəmanənin üzü qara olsun, bizimki də belə gəldi - dedi. Dərindən elə ah çəkdi ki, elə bil öz nəfəsi ilə aləmi yandırıb kül eləmək istəyirdi. Bu ağır yükün altında beli sınmış kimi dirənib ayağa qalxdı.
Bayaqdan atasının keçirdiyi sarsıntılı anları müşayiət edən Gülgəz onun birdən-birə xeyli qocaldığını, yazıq-yazıq büzüşüb, məlul-məlul durduğunu görəndə ona yaxınlaşdı. Gündüzdən göz yaşları qurumadığı və bütün günü ac-susuz qaldığı üçün gəlin taqətdən, heydən düşmüşdü. Ağlamaqdan gözləri qızarmışdı.
- Ata,-deyə dərindən kövrəldi, nə qədər özünü sıxmağa çalışsa da, bacarmadı, dodaqları titrədi, göz yaşları onu boğdu. Araya çökən sükut xeyli çəkdi.-Sən borc pul götür, mən Əli Bayramlıdakı evimi satıb qaytararam. Ev mənə anamızın ruhundan əziz və qiymətli olmayacaq ki?
Gülbalanın üstündən sanki dağ götürüldü, seyrək qaşları çəkildi, qırışıq basmış solğun üzü aydınlaşdı, dodaqları əsdi, boz gözlərini minnətdarlıqla qızına dikdi. Balalarının əhatəsində kişi vüqarlı, əzəmətli, dağ kimi cəsim göründü...
...Anasını yas mərasimini yola verəndən sonra Gülgəz Əli Bayramlıdakı evini satıb on yaşlı qızı Sevinclə atasının yanına yığışdı. Daha doğrusu yığışmağa məcbur oldu. Bunun bir - neçə səbəbi var idi: anasının yası başa çatmamış qardaşı Xanbala Gülbalanın həyəti ilə çəpər-çəpərə bitişik olan evini dayısı oğlu Mahirə satıb Rusiyanın Stavropol Vilayətinin Blaqodarnı şəhərinə getmişdi. Ailəsi ilə birlikdə burada alver etmək istəyirdi. Gülbala kişi tək qalmışdı. İkinci tərəfdən o biri bacılarının və qardaşının da atalarına baxmaq üçün maddi imkanlarından danışmağa dəyməzdi. Üçüncüsü, ixtiyar yaşlı atasını tək qoyub Əli Bayramlıda kirayənişin yaşayacağı təqdirdə, camaatın onu qınayacağından qorxurdu. Bir də ki Qazıməmmədlə Əli Bayramlının arasında yol məsafəsi elə uzaq deyildi ki, işə gəlib-gedə bilməyəydi. Əlbəttə, bu onun üçün problem yaratmayacaqdı. Nəhayət, qızı Sevinc mərhum olduğu ata nəvazişinin yerini bəlkə də baba sevgisi ilə dolduracaqdı-nədənsə Gülgəz gəldiyi qənaətində yanılmayacağını bilirdi.
İlk günlərdən gəlinin qənaəti düz çıxdı. Sevinc babasının sevimlisi olmaqla bərabər, oxuduğu 3 nömrəli orta məktəbdə də sinif yoldaşlarına tez mehr saldı, onlara isinişdi. Lakin bunlara baxmayaraq, Gülgəzin qayğıları günbəgün çoxaldı, yükü və xərci artdı.
Atası işləmirdi. Qızı Sevda xəstələndiyi üçün Rusiyada duruş gətirməmiş və 2000-ci il yanvarın 5-də geri qayıtmış qardaşı Xanbala da onun kimi. Darısqal olduğundan Xanbala öz ailə üzvlərini qayınatası Hüseynin evində yerləşdirmişdi. O biri yandan da ailəsini dolandırmaq üçün qardaşı pulu olmadığından Gülgəzə sığınmışdı. Belə vəziyyətdə dörd nəfərlik ailənin dolanışığının təmin edilməsi, evin işlərinin yoluna qoyulması, on yaşlı qızın təlim-tərbiyəsi-ərsiz qadın üçün indiki zamanda nə deməkdir, yəqin ki, bilirsiniz.
Üzüntülü və gərgin keçən günlər Gülgəzi əldən salsa da, bunların heç biri onu övladlıq və bacılıq borclarını imkanı qədər ödəmək həvəsindən usandırmırdı. Hətta zavallı Gülgəz Xanbalanın qayınatası evində yaşayan arvadı Şövkətə və üç uşağına da tez-tez əl yetirməyi unutmurdu, onlara maddi köməklik göstərirdi.
Şübhəsiz ki, bunlar dünya görmüş Gülbalanın gözündən yayına bilməzdi. Qızının ürəyindəki istiliyi, mehribançılığı, qayğıkeşliyi, mərdliyi, kişi qeyrətini görüb bütün istəyini, mehrini ona salmışdı. Gülbala hələ sağlığında öz vəsiyyətini də eləmişdi: dünyasını dəyişəndən sonra onun evi və digər əmlakı Gülgəzə çatmalıdır!
Son günlər Gülbala təzə bir niyyətə düşmüşdü. - qərar vermişdi ki, Qazıməmməddəki ona məxsus həyət sahəsini satıb pulunu Gülgəzin evinin satışından qalan pulun üstünə qoyaraq qızına Əli Bayramlıda mənzil alsınlar. Qoy hər gün o, yol ölçməsin, işinə yaxın yerdə yaşasın.
Bu Gülbalanın arzusu idi.
Amma, atalar demiş, sən saydığını say, gör fələk nə sayır. Daha doğrusu fələk yox, qanbir, canbir övladı Xanbala.
Qoca atanın bu arzusunu ailədə hamı alqışlasa da, Xanbala sonsuz nifrətlə qarşıladı. Rusiyada işləri düz gətirməyən Xanbala təxminən 40 günlük səfərdən sonra doğma evlərinə qayıtsa da, həyatdakı bütün uğursuzluqlarının baiskarı kimi atasını, eyni zamanda özünün, balalarının cib xərcliyini və çörəyini verən bacısını, hətta onun on yaşlı qızını təqsirləndirir, onları evsizliyinin və pulsuzluğunun əsas günahkarı kimi görürdü.
Tez-tez məhz bunun ucbatından ailədə dava-dalaş düşür, söz-söhbət yaranırdı. İçkiyə qurşanmış Xanbala son günlər lap qan-qan deyir, ağzına gələni danışır, yeri düşdü - düşmədi atasını kobud sözlərlə, hətta söyüşlərlə təhqir edirdi. Qohumlarının arasında o, evi satacaqları halda atasını və bacısını öldürəcəyini nümayişkaranə şəkildə söyləməkdən belə çəkinmirdi. Harada, kimin yanında olurdusa bildirirdi ki, ailənin kiçik oğlu kimi ata mülkü ona qalmalıdır:
- Eşitdiyimə görə, evi dədəm Gülgəzə vermək istəyir, ya da ki, artıq veribdir. Gülgəzin pulu, qızılları çoxdur, qoy gedib özünə ev alsın. Öyrənəcəyəm, bilsəm ki, dədəm belə bir iş tutub, onda dədəm qarışıq onların hamısını bıçaqdan keçirəcəyəm.
Bu hədə və təhqirlərdən o biri bacılarının və qardaşının xəbərləri olsa da, heç kəsin Xanbalaya gücü çatmırdı.
Belə birgəyaşayışın mümkün olmadığını görən Gülgəz atasının vəsiyyətlə, müəyyən edilmiş qaydada və notariusda təsdiq olunmuş sənədlə ona verdiyi fərdi yaşayış evini satıb Əli Bayramlı şəhərinə köçməyi qərara aldı. Buna görə də yanvarın axırında məzuniyyətə çıxdı. Fevralın əvvəllərində evinin bütün əşyalarını Əli Bayramlı şəhərində aldığı təzə mənzilinə apardı.
Bacısının şəxsi ev əşyalarının daşınmasını görən və atasının evinin satıldığını artıq yəqinləşdirən Xanbala fevralın 9-da mülkün onda qalması üçün son bir neçə ay ərzində ürəyində gəzdirib xüsusi hazırlıq gördüyü qanlı niyyətini həyata keçirtdi...
...Xanbala bunları danışdıqca eşidənlərin baxışlarında qəzəb, üzlərində kəskin nifrət ifadəsi oxunurdu. Kabinetdəki adamların saçları onun gözləri önündə kölgə kimi səyriyir, tavandakı çilçıraq qalxıb-enir, kağız çəkilmiş divarlar yırğalanırdı.
Qətldən sonrakı günləri yuxu kimi xatırlayırdı...
...Qatar yavaş-yavaş tərpəndi. Təkərlər saat mexanizminin ahəngi ilə relslərin birləşdiyi aralara dəyib, taqqıldamağa başladı.
...Qatar büdrəyirmiş kimi gözlənilmədən silkələndi, əyləclər qıcırdadı və dayandı.
Fevralın 11-də səhər saat altıda Bakı dəmiryolu vağzalına çatanda hava boz - bulanıq idi: narın yağış yağır, arabir güclənən külək tikililərin aralarından perrona soxulur, kədərli vıyıltısı eşidilirdi. Pəncərədən qatarın qarşısına çıxan müxtəlif qəbildən olan adamları-kişiləri və qadınları darıxdırıcı baxışlarla süzdü...
...Qatar birnəfəsə yüyürməkdən yorulmuş kimi, əvvəlcə sürətini yavaşıdıb nəfəsini dərdi, sonra silkələnib dayandı. Vaqonlardan hamı düşdü. Onları qarşılayanlarla görüşdülər, çamadanları, bağlamaları götürüb perrondan çıxdılar.
Lakin bir nəfər durduğu yerdən tərpənmədi. Şaxta vurmuş adam kimi domuşdu, büzüşdü. Beli büküldükcə qolları uzandı, əllərinin kəfəsi dizlərindən aşağı keçdi. Üz-gözündən kədər, peşmançılıq tökülürdü. Tambura keçib, bir-birinə qarışan adamlara diqqətlə baxmağa başladı. Narahatlıq doğuran əlamət hiss olunmurdu. Vaqondan düşüb, adamlara qarışdı, hələ yük arabalarını daşıyanları da qabaqlayıb, şəhərə çıxmağa tələsdi.
Mağazaların açılmasına xeyli vaxt qalırdı. Havanın soyuq olmasına baxmayaraq özünü dənizkənarı parka verdi. Bir müddət burada avaralandı. Sonra gəzə-gəzə dəmiryolu vağzalına tərəf gəldi. Vağzalın qarşısındakı böyük bağın yanındakı dayanacaqda zınqırovlu səsləri eşidilən tramvaylar dayanırdı, sonra sərnişinləri götürüb öz yollarına düzəlirdilər.
Şəhərin turşumuş iyi, qürbət küləyi, qəribə havası onun beynini hərəkətə gətirirdi: dünyanı, bu çağa kimi elədiklərini və bundan sonra da eləmək istədiklərini yadına salırdı. Bu fikirlər ağlı itiləyir, cilalayırdı.
Vağzalın qarşısındakı dairədə bir taksiyə əyləşib Mərkəzi Univermağın yanında düşdü. Univermağın qızıl alış-satışı ilə məşğul olan şöbələrindən birinə yaxınlaşdı. Gülgəzin və Sevincin meyitləri üzərindən götürdüyü iki cüt sırğanı və bir üzüyü çək-çevir eləmədən zərgərlik şöbəsinin satıcısına 220 min manata satdı.
Həmin pulları da Mahirdən aldığı 340 min manatın üstünə qoyub saydı-xeyli pulu vardı. İndi şəhərdə ürəklə əylənmək olardı. Bu fikirlər içində vağzala yollandı. Burada axşam düşənəcən vaxtını istədiyi kimi keçirtdi. Gecə qalmağa yeri olmadığına görə vağzalın yaxınlığındakı "Bakı" mehmanxanasının 9-cu mərtəbəsində yer götürdü. İki gün mehmanxanada yaşadı - adamlardan yayxan gəzdi. Fevralın 13-də gündüz yenə dənizkənarı parkda göründü. Onu sahil mənzərəsi cəlb etmədi - nə dənizin ləpələri ilə əlləşən gəmilərin asta - asta üzməsi, nə də oturacaqlarda əyləşən bəzi gənclərin məhəbbət macəraları - sərxoş gülüşləri, incə dodaqları, odlu busələri.
Darıxıb təzədən vağzala qayıtdı. Qəlyanaltıxanada bir şüşə araq içib "Bakı" mehmanxanasının qarşısındakı parkda "dincəlmək" istədi. Oturduğu yerdə yuxu onu tutdu. Gecənin bir aləmində ayılıb gördü ki, paltarını və ayaqqabısını çırpışdırıb aparıblar. Əvəzinə də köhnə ayaqqabı qoyublar. Görünür oğru kim imişsə, ona yazığı gəlibmiş, soyuq havada ayağı yalın gəzməsini insafına sığışdırmayıbmış...
Beləcə, iki gün də şəhərdə avara-sərgərdan gəzəndən sonra, Xanbala geriyə - evlərinə qayıtmaq üçün axşam Qazıməmmədə gedən elektrik qatarına əyləşdi...
...Müstəntiq kresloya söykənib gözlərini yumdu.
- Siz mənə qulaq asmırsınız?-deyə müqəssir kədərlə soruşdu.
Müstəntiq dodaqlarını bir-birinin üstünə sıxaraq heç bir söz demədən qulaq asır, altdan-altdan ona göz qoyurdu.
- Qurtarmaq lazımdır-deyə o polis nəfərinə döndü: - Aparın!
Xanbala stuldan müstəntiqə tərəf dartındı:
- Hörmətli...
- Buyurun, mən sizi eşidirəm, - deyə müstəntiq ona baxdı.
- Belədir... - deyə Xanbala araladığı barmaqları ilə dolaşmış saçlarını daradı, sonra yuyunurmuş kimi əllərini üzünə çəkdi. - Mən otuz doqquz yaşın içindəyəm...
İlqar Hacızadə gözlərini ona zilləyib başını buladı:
- Hər şey aydındır Xanbala. İndi iş qalır məhkəməyə.
Xanbala ayağa qalxdı, beli donqarlaşmış halda, papağını əlində əzişdirə - əzişdirə qapıya tərəf yönəldi.
Aprelin 10-da rayon prokuroru Əlisoltan Əhmədov cinayət işinin ibtidai istintaqının başa çatmasına razılığını bildirdi.
Bir həftə sonra isə ittihamnamə ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini, baş ədliyyə müşaviri Nazim Allahverdiyev tərəfindən təsdiq edildi.
Daha bir neçə gün də keçdi və aidiyyəti üzrə baxılması üçün cinayət işi Ali Məhkəməyə göndərildi.

MƏHKƏMƏNİN HÖKMÜ VƏ...

...Hava xeyli isti idi. Arılar kolların arasında vızıltı ilə uçuşaraq, gec açılan yay çiçəklərinin şirəsini, ağac və kol yarpaqlarının arxa tərəfində cücülərin əmələ gətirdiyi şəffaf, yapışqanlı mayeni sorurdu. Sıx ot və yarpaqlardan təravət qoxusu gəlirdi. Bəzən yüngül meh əsərək yarpaqları xışıldadırdı. Göyün lap yüksəkliklərində görünən ağ və qıvrım buludlar günəşin işığından par-parıldayırdı.
2000-ci ilin ilk yay günəşi Qazıməmməddə öz hərarəti ilə öyünürdü. Rayon prokurorluğunun inzibati binasının həyətində yaradılmış gülzarlıq və təmizlik, xalı kimi döşənmiş çiçəklərin al-əlvan rəngi, ətrafa yayılan xoş ətir adamı valeh edirdi.
Səhərdən bəri neçə saat idi ki, müstəntiq İlqar Hacızadənin kabinetində cinayət işinin materiallarını oxuyub lazımi qeydlər edirdim. İndi prokuror Əlisoltan Əhmədovla görüşmək olardı. Əvvəlcədən şərtləşmişdik: məhkəmənin hökmü öz qanuni qüvvəsini alandan sonra mən istintaqla bağlı geniş bir oçerk hazırlamalı idim.
Prokuror qeydlərimlə tanış olandan sonra stolun siyirtməsini çəkib:
- Bu da hökm, məhkəmədən təzə göndəriblər, heç istintaq materiallarına da əlavə etməmişik - dedi və 6 vərəqdən ibarət hökmü götürüb oxumağa başladı və əlavə etdi:- Məhkəmə prosesi Qazıməmməd şəhərində başa çatıb. Ali Məhkəmənin Cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyası hakim Qail Məmmədovun sədrliyi ilə obyektiv və ədalətli hökm çıxarıb. Şahid ifadələri və digər istintaq sənədləri ilə tamah məqsədi və xüsusi amansızlıqla qəsdən öz doğmalarının qatilinə çevrilməsi tam sübuta yetirilmiş Xanbala Məmmədov bütün cəza müddətində həbsxanada saxlanılmaqla ömürlük azadlıqdan məhrum edilib.
Qazıməmməddə Məmmədovlar ailəsinin üç üzvünün xüsusi amansızlıqla və qəsdən ağırlaşdırıcı halda öldürülmələri ilə maraqlananda bir məsələ də diqqətimi özünə çəkdi. Prokurorluq əməkdaşları tez - tez mətbuatda çıxışlar edirlər. Cinayət işləri ümumiləşdirilir, bundan sonra ayrı-ayrı təşkilatlara təqdimat yazılır, müzakirələrdə prokurorluğun əməkdaşları və prokuror şəxsən iştirak edirlər. Nəticədə cinayət hallarının sayı xeyli azalır. Məsələn, 2000-ci ildə baş verən cinayət halları 1999-cu ilə nisbətən xeyli az olub. Həmin il cəmi bir qətl hadisəsi baş verib.
Vidalaşarkən faktların toplanması üçün yaratdığı şəraitə görə prokuror Əlisoltan Əhmədova təşəkkür etdim. Prokuror gülümsündü:
- Arzum budur ki, gələn dəfə prokurorluğa yolunuz düşəndə belə faktlarla rastlaşmayasınız. Sizin də işiniz azala, bizim də.
...Rayon prokurorluğunun binasından çıxanda məni batan günəşin qızılı şəfəqləri altında yaşıllığa bürünmüş Qazıməmmədin başı üstündəki üfüqün füsunkar qızartısı yola salırdı...
İyun, 2000-ci il.

(əvvəli 5,6 və 7 mart tarixli saylarımızda)