AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Şəki Azərbaycan türkünün anatomiyasının və genetik yaddaş kodunun qorunub saxlandığı məkandır. Azərbaycanın siyasi xəritəsində Şəkinin yeri nə qədər möhtəşəmdir və özünəməxsusdursa, Azərbaycanın ədəbi xəritəsində də Şəkinin yeri bir o qədər möhtəşəmdir və özünəməxsusdur. Şəki möhtəşəmliyi və özünəməxsusluğu hal-hazırda anadan olmasının 300 illiyini qeyd etməkdə olduğumuz M.P.Vaqif zamanında da qabarıq şəkildə görünməkdədir. Məhz XVIII əsrdə Şəki ədəbi mühitində Şəkili şair Nəbinin, Şahpalıdlı Molla Yusif Racinin, şair Süleymanın, Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zarinin adları ilə yanaşı Kəlbirli Rafeinin, Ağa məsih Şirvaninin, o cümlədən, M.P.Vaqifin və Molla Vəli Vidadinin adları xüsusi olaraq xatırlanır.
M.P.Vaqif zamanında Şəkidə yaşayıb yaradan şairlər sırasında Şəkili şair Nəbinin adı daim hörmət və ehtiramla çəkilir.
Şəkili Nəbinin təvəllüdü və vəfatı tarixi ilə bağlı dəqiq məlumatlar olmasa da, onun Şəkidə, Qarabağda və ətraf xanlıqlarda məşhur olması dövrünün ədəbi əlaqələri kontekstində açıq-aydın görünməkdədir.
Şəkili Nəbinin Hacı Çələbi xana (1743-1755), onun oğlu və varisi Ağakişi bəyə (1755-1759), nəvəsi və varisi Məhəmmədhüseyn xan Müştağa (1759-1779/80) həsr etdiyi müxəmməslər onun yüksək təbli bir şair olmasından xəbər verir. Belə güman etmək olar ki, Şəkili Nəbinin gəncliyi Hacı Çələbi xanın, orta yaş dövrü Ağakişi bəyin, kamillik və ahıllıq çağları isə Məhəmmədhüseyn xan Müştağın dövrünə düşmüşdür.
Şəkili Nəbinin Hacı Çələbi xanın şəninə, Ağakişi bəyin qətlinə həsr etdiyi müxəmməslər onun yüksək təbli bir şair olmasından xəbər verir. Bəzən Mirzə Nəbi adı ilə xatırlanan Şəkili Nəbinin M.P.Vaqif tərzində və xəlqi ruhda yazdığı qoşmalar dediklərimizə əyani sübutdur:
Badi-səba, götür mənim pəyamım,
Tanrı üçün o gülzara xəbər ver.
Xəzan dəymiş, gülü solmuş bülbüləm,
Ruzigarım, növbahara xəbər ver.
Ey nəsimi-səhər, gəzmə cahani,
Yer sarıdan sənə verrəm nişanı.
Dut qolundan, çək xəlvətə nihani,
Dön başına, vara-vara xəbər ver.
O bir pərivəşdir, özündən göyçək,
Güldən, bənövşədən taxınmaz bəzək.
Sədri biryan, bağrı dağlı lalətək
Mənəm bunda günü qara, xəbər ver.
Bu qədər yüz sürtdüm xaki-rahinə,
Layiq eyləmədi öz dərgahinə.
Ərzi-halım mənim xublar şahinə
Gizlin demə, aşikara xəbər ver.
Həsrətindən sızıldaram sübhi şam,
Cismi xəstə, gözü yaşlı il-müdam.
Başım üçün, götür Leylidən pəyam,
Məcnun kimi intizara xəbər ver.
(S.Mümtaz "El şairləri" IIc.
B., 1935. 270)
Şəkili Nəbinin "Qurban olduğum", "Sevdiyim" rədifli qoşmaları da dilinin sadəliyi və obrazlılığı ilə diqqəti cəlb edir. Bu da M.P.Vaqif, M.V.Vidadi və Şəkili Nəbi dostluğundan yaranan ənənələrlə bağlıdır.
Bu nə qaş, bu nə göz, qibləm, bu nə şivə, nə iymadır?
Qapında məstü heyran, xəlqi-aləm xoşnümadır.
- mətləsi ilə başlanan və
Gəzən kuyində üryan hər zaman, ey leyliyi-aləm,
Nəbi biçarədir bu, yoxsa kim, Məcnuni-şeydadır?
Məqtəsi ilə qurtaran qəzəlindən də aydın olur ki, Şəkili Nəbi həm klassik, həm də folklor danışıq üslubuna aid olan ədəbi janrlara dərindən bələd olmuşdur.
XVIII əsr Şəki ədəbi mühitinin Şəkili Nəbidən sonra ikinci görkəmli nümayəndəsi Məhəmmədhüseyn xan Həsən ağa oğlu Müştaqdır. Məhəmmədhüseyn xan Həsən ağa oğlu Müştaq 1759-1780-ci illərdə xanlıq etmişdir. Məhz onun xanlığı dövründə M.P.Vaqif, M.V.Vidadi, Şəkili Nəbi, Şəkili Raci, Ağcayazılı Zari, Kəlbirli Rafei dostluğu və münasibətləri ədəbiyyatımızın inkişafına təkan vermişdir. M.P.Vaqiflə Məhəmmədhüseyn xan Müştaq arasındakı dostluq əlaqələri ədəbiyyatımızda epistolyar janrın ən mükəmməl nümunələrinin yaranmasına səbəb olmuş, XIX əsrdə isə Q.Zakirin, M.F.Axundovun yaradıcılığında müvəffəqiyyətlə davam etdirilmişdir. Məhəmmədhüseyn xanın M.P.Vaqifə bağışladığı kürkün müqabilində yazılan müxəmməs-təşəkkürnamə bu sözlərlə bitir:
Vaqifa çox lütf qılmış həzrəti-sübhan sənə,
Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə.
Fəxr qıl kim, padişahlardan gəlir paşaya kürk
Fətəli şah Əfşar tərəfindən Şəki və Şirvan bəylərbəyi elan edilən xanın hədiyyəsini padişahın sərkərdəyə təltifi kimi qiymətləndirən M.P.Vaqif Şəkidə olarkən Məhəmmədhüseyn xan Müştaqdan zağlı bir tüfəng istəyir. Xan M.P.Vaqifə tüfəng vəd etsə də, "şair" və "tüfəng" sözlərinin bir o qədər də uyuşmadığını xəyal edərək, vədini gecikdirir. Tüfəngin gecikməsindən narahat olan M.P.Vaqif Şəki xan sarayında yaşayan və tez-tez Qarabağa gedib-gələn Kəlbirli şair Rafei ilə Müştağa belə bir namə-müxəmməs göndərir və tüfəng həsrəti ilə yana-yana qaldığını, "tüfəngdən söz düşəndə içindən qıvrıldığını", üstəlik
Bu Qarabağ içrə çox çıxdım tələb meydanına,
Müşkül oldu çünki yol bulmaq onun imkanına,
Eylədim bu müşkülü izhar Şirvan xanına
deməklə özünə, adına-sanına layiq bir tüfəng istəyini ərkyana-dostcasına bir şəkildə təkrar-təkrar xatırladır.
Elə ki, M.P.Vaqifin məktubu oxunur, onda xan Rafei ilə üstündə bir cövlan at olmaqla M.P.Vaqifə qızıl suyuna çəkilmiş tüfəng göndərir və bu müxəmməs-cavabı da bunlara əlavə edir. "Ona tayı-bərabəri olmayan" bir tüfəng göndərdiyini, eyni zamanda "şuxi-şər tüfəngin" üzərindəki naxışların nəyə xidmət etməsini yoza bilmədiyini, həm də M.P.Vaqif şeirinə heyran qaldığını yazır:
Şeirinə əhsən ki, yetməz heç bir əşar ana,
Hər kimin var isə həddi, söyləsin göftar ana.
Kimsə ləb tərpətməsin kim gəlməz istifsar ana,
Eybidir Müştaqidən bu sözləri izhar ana,
Tutmasın nəzmi rəkakət var isə kəmtər tüfəng.
XVIII əsr poeziyada M.P.Vaqif əsri olduğundan bu dövrün şairləri klassik ədəbi janrlarda olduğu kimi xalq şeiri şəkillərində də qələmlərini sınamışlar. Onların qoşmalarında bəzi hallarda formant eyniliyi diqqəti cəlb edir. Bununla bərabər orijinallıq da yox deyildir. Bu, hər halda M.P.Vaqifin dövrünün şairlərinə çox güclü təsirindən əmələ gəlmişdir. Məhəmmədhüseyn xan Müştaqın:
Badi-səba, apar mənim peyğamım,
Başın üçün o dildarə xəbər ver.
Yalvar, yapış, ağla, sızla, yavınçı,
Ərzi-halım, sitəmkara xəbər ver.
bəndi ilə başlanan qoşması həm də ikinci bəndin sonundakı "Dön başına, varə-varə xəbər ver" misrası Şəkili Nəbinin eyni rədifli qoşması ilə üst-üstə düşsə də, aşiqanə-lirik mövzuda yazılmış müvəffəqiyyətli nümunələrdən biridir:
Çeşmim döndü neysan təki yağına,
Rəhmin gəlsin sinəm üstə dağına.
Yetcəyin öp əlin, düş ayağına,
Dön başına varə-varə xəbər ver.
Çərxi-fələk xub durubdur qəsdimə,
Ya ilahi, dəstin yetir dəstimə.
Qəm təşnəsi hücum etdi üstümə,
Alişana, o sərdara xəbər ver.
Dərdü-qəm əlindən çəkərəm əman,
Yetiş fəryadıma, ya Sahib-zaman.
İqbalım sərnigün, bəxtimdir yaman,
Məni mindaq günü qara xəbər ver.
Müştaqiyam ömrüm yetdi talana,
Qarqamışam məni dərdə salana.
İllər ayrısına həsrət qalana,
Gözü yolda intizara xəbər ver.
Haqqında söhbət gedən qoşmanın üçüncü bəndinin ikinci misrası Azərbaycan klassik ədəbiyyatından seçmələrin III cildində "Xudam, sən də bir əl yetir dəstimə" şəklində verilmiş, dördüncü bənd isə unudulmuşdur. Şəkiyə layiq bir hamam, bir məscid və bir mədrəsə inşa etdirən babası Hacı Çələbi xanın ənənələrini yaşadan Məhəmmədhüseyn xan Müştaq Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi "Zari" təxəllüsün şeirlərində mədh edilən imarətin və məscidin binasını qoymaqla şöhrətinin ən yüksək zirvəsinə qalxmışdır.
M.V.Vidadi "Müsibətnamə"də Məhəmmədhüseyn xan Müştaqın qətli ilə bağlı hadisələri son dərəcə dəqiqliklə açıqlayan M.V.Vidadi sanki gələcəkdə müstəqilliyini itirəcək bir ölkənin daha böyük müsibətlərə düçar olacağını hiss edirmiş kimi idi:
Belədir dövran işi, hər gündə bir al eyləmiş,
Aqili nadan ilə pəjmürdə əhval eyləmiş.
Üz verib namərdə, hər dəm mərdi pamal eyləmiş,
Ey Vidadi, gəl ki, bu dövran məni lal eyləmiş,
Gör nələr qıldı fələk Müştaqi tək insanə bax.
M.P. Vaqif dövrünün Şəkili şairləri sırasında Şair Süleymanın da adı çəkilir. S.Mümtaz şair Süleymanın şeirinə M.P.Vaqifin nəzirə yazdığını göstərir. Doğrudan da aşağıdakı şeir parçası Şair Süleymanın incə ruhundan xəbər verir:
Ey simi bədən, mehri dürəşxəndə, Züleyxa,
Ey kami məlahət, təbi pürxəndə, Züleyxa,
Qılma saçını bunca pərakəndə, Züleyxa.
Ey gözləri şəhla,
Ey qaməti rəna,
Ey saneyi Leyla.
Rüxsarı gözəldir,
Rəftarı gözəldir.
Tuti kimi hər ləhmeyi-göftarı gözəldir,
Kim gördü ki, yüz ruh ola bir təndə, Züleyxa.
M.P. Vaqif dövrü Şəkili şairlərin yaradıcılığına qısa bir ekskurs şəklində nəzər saldığımız bu məqalədə həm də xanlıqlararası ədəbi əlaqələrin mövcudluğu nəzərə çarpmaqdadır. Bütün bunlar M.P.Vaqif ənənəsinin və onun realist üslubunun ümumazərbaycan xarakteri daşıdığını sübut edir.
Vaqif Aslan
AYB-nin Şəki bölməsinin sədri,
ADPU-nun Şəki Filialının
baş müəllimi
Yazarın digər yazarlar

Hərbi xidmətlə bağlı məlumatlarda YENİLİK

Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu - FOTOLAR

Xankəndi şəhərində yeni yaşayış binaları tikiləcək

Xaricdəki blogerlərlə bağlı həbs qərarı ÇIXARILDI

Vilayət Eyvazov qəbul və sıra baxışı keçirdi - 37 müharibə iştirakçısı polisə qəbul olundu - FOTOLAR+VİDEO

Bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq

Prezident rəsmi açılışda iştirak edib - YENİLƏNİB
