MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

PORTRET
Ramiz Orsər
(əvvəli ötən saylarımızda)
O, Azərbaycanın müstəqilliyinə pay vermiş hər kəsin vurğununa çevrilməklə milli azadlıq hərəkatının təməl qoyanları və onun hərəkətverici qüvvələrinin həyatını, yaradıcı fəaliyyətini, maarifləndirici və səfərbəredici publisistikalarını tədqiq edib xalqına çatdırdıqca özü də bu hərəkatın məfkurəçilərindən birinə çevrilir.
Milli-ictimai fikrimizin, jurnalistikamızın patriarxı mərtəbəsinə yüksələn Şirməmməd müəllimin çox ciddi və çoxtərəfli mətnşünaslıq səriştəsi, vətəndaşlıq təəssübkeşliyi və sosial-siyasi ayıqlığı ilə bir-birinin ardınca onlarla kitabı işıq üzü görür. "... tələbələrlə təkcə jurnalistikanın sirlərini deyil, həm də insanlığı öyrədən..." (Aqşin Babayev, filologiya elmləri doktoru, profesor). Şirməmməd müəllim bir elmi institutun işini-çox zəngin və çoxtərəfli Məhəmməd Əmin Rəsulzadə irsinin toplanması və nəşri işi ilə illərlə təkbaşına məşgul olmuş, "Hərəsi bir heykələ bərabər qiymətli abidə-kitablar doğurmuş..." (Rəfael Hüseynov, akademik, millət vəkili), toplayıb transliterasiya etmiş, beş cilddə ön söz və şərhlərlə birlikdə çap etdirmişdir. (I c. 1992; II c. 1992, 2001; III c. 2012; IV c. 2013; V c. 2014; üst-üstə 2544 səh.), "Həqiqət və ədalət carçısı" (1988), "Müstəqilliyin çətin yolu... Biz hara gedirik? (1996), "M. Ə.Rəsulzadəyə qarşı böhtan kampaniyasının arxasında kimlər durur?" (B.Vahabzadə, C.Həsənli, N.Yaqublu ilə birlikdə) (1998), "Mənəvi irsimiz və gerçəklik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Nravstvennoe naslednik i sovremennost" (2007), " Publisistiçeskoe nasledie sovremennost" (2007), "Mətbu irsimizdən səhifələr"2007), "Müstəqilliyin çətin yolu-Reallıqlar düşüncələr" (2009), M.Ə.Rəsulzadə-Azərbaycanda milli hərəkat. Nasionalnoe dvijenie v Azerbaydjane" (2009), "Ü. Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri" (2009), Ü.Hacıbəyli Nəşrlərdə kənarda qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri" 92010), "Azərbaycan istiqlalının bayraqdarı" (2011), "M. Rəsulzadə Bakı və Azərbaycan tarixinə dair əsərləri" (2013), "İstiqlal 1918-28 Mayıs-2019" (2014), "1918-1920-ci illərdə "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər(noyabr 1918-aprel 1920)"-3 cilddə (Ic. 2016; II c. 2017; III c. 2018) ( üst-üstə 1666 səh.) və s. kitablarını çap etdirmişdir. Özünün akademik seçilib seçilməməsindən asılı olmayaraq həyat bəxş etdiyi bu nəşrlər akademizm təşəbbüsünün parlaq göstəricisi və nümunələridir.
Şirməmməd müəllim həm də milli istiqlalın və azərbaycançılığın barometrləri H.Zərdabinin, M.Ə.Rəsulzadənin,Ü.Hacıbəylinin, M.F.Axundzadənin publisistik külliyatını irs-varislik prinsipləri və akademik nəşr tələbləri ilə qanının, canının, malının və pulunun bahasına çap etdirir.
Fəlsəfə doktoru, millət vəkili Fazil Mustafanın dediyi kimi":... biz necə etməliyik ki, insanlarımız ziyalılığı, vətən qarşısında məsuliyyəti Şirməmməd müəllim obrazında şəxsiyyətlərdən öyrənə bilsinlər. Diqqət yetirin, adam Prezident təqaüdü alır, o vəsaiti şəxsi yaşamı üçün xərcləmir. Cümhuriyyət tariximizə aid bütün kitabları öz vəsaiti hesabına kompüterdə yazdırır, redaktə etdirir, nəşr etdirir. Sonra da satışa da vermir ayrı-ayrı insanlara pulsuz-parasiz göndərir ki, oxuyub aydınlansınlar. Yəni ölkə Prezidentinin verdiyi təqaüdü millətin maariflənməsi üçün xərcləyir".
Şirməmməd müəllim, bu gün də öz mövqeyindən geri çəkilməyib.
ƏQİDƏ VƏ MƏSLƏKİ POLADDAN,
"TANRININ BİZƏ BƏXŞ ETDİYİ İNSAN".
Tanrının bizə bəxş etdiyi nadir istedad sahibləri bəzi müəyyən zaman və məkan daxilində bəşəri missiyaları yerinə yetirmək üçün göndərdiyi dəmir iradəli insanlar-missionerlər çox as olur. Günəşin yer üzünü təmənnasız işıqlandırması kimi belə adamların əqidə və məsləki də bir epoxanı eyni təmənnasızlıqla zəkasının, iradəsinin, dözümünün, yurd və haqsevərliyinin nuruna qərq edir. Və onlardan hər kəsə bir pay düşür. Bu qəbildən olan adamlar yorulmağın, usanmağın, təmtəraqlı yaşam tərzinin nə olduğunu belə bilmir, köksündə döyünən ürəklərini başlarının üzərinə qaldırıb Danko kimi zamandaşlarının və çağdaşlarının yoluna işıq salırlar. Məhz, Şirməmməd Hüseynov belə adamlardan biridir.
Onun ömür tarixçəsində müəllimlik, tədqiqatçılıq və publisistlik sinxiron təşkil edir. Müəllim kimi müəllimlər müəllimidir, bir neçə nəsil jurnalistlər ordusu Şirməmməd müəllimin "şinelindən" çıxmışdir. İstər cəmiyyətdəki mövqeyi, istər alim-vətəndaş sanbalı, istər milli məsləkləri ilə seçilən və cəmiyyətə nümunə kimi yetişən professorlar Qulu Xəlilli, Famil Mehdi, Cahangir Məmmədli, Yalçın Əlizadə, Nəsir Əhmədli və bir sıra başqaları onun auditoriyalardakı kəşfləri; onun himayədarlığı sayəsində bilik və bacarıqlarını sərgiləyən, sevimli müəllimləri ilə çiyin-çiyinə addımlayan ziyalılar ordusunun seçilmiş nümayəndələridir.
Tədqiqatçı-alim kimi yeni məktəb yaratmış bənzərsiz Azərbaycan aydınıdır.
Publisist kimi isə özünün dediyi kimi: "Jurnalistikadan dərs deyib publisist olmamaq necə mümkündür? Özün mükəmməl tədqiqatçı olmasan, tələbəni bu işə necə istiqamətləndirə bilərsən?"
-Aydına kömək əli.
"İsteddlı alim və qeyrətli vətən övladı Aydın Məmmədov elmi axtarışlar üçün Moskvaya elmi ezamiyyətə getməli idi. Lakin maddi imkanı yox idi. Mən, Bəxtiyar Vahabzadə, Süleyman Əliyarov, Mahmud İsmayılov, iş adamı Cabir Xəlifəzadə ilə danışdım ki, hərəmiz hər ay müəyyən bir məbləğ cəm edib Aydına göndərək ki, Şumerlərə dair vacib elmi işini başa çatdırsın. Razılaşdıq. Aydın Moskvaya getdi. Mən hər ay vədimizi yerinə yetirir, Aydının pulunu göndərirdim. Yayda bu məsələni Mamay kişi bildi. Məni yana çəkdi. Aydının ünvanını istədi. Tapşırdı ki, siz onsuz da çətin dolanırsınız. Pulu mən göndərəcəyəm. Amma ünvan sizinki olacaq. Bu işi bir sən ,bir mən, bir də Allah biləcək!
Mamay kişi belə də etdi.
Qoy indi bu xeyirxahlığı hamı bilsin, tarix də bilsin". (R.Orsər, "Mamay Məmməd" B.2001, səh 26-27)
Şirməmməd Hüseynov nadir ziyalılardandandır ki, öz sözünü yetirmək üçün beynini və sözü zorlamır, bir çox hallarda bir sıra suallara da özü bir başa cavab vermir, dinləyicini və ya oxucunu əsl tarixlə, tarixi həqiqətlər və onların yaradıcıları ilə üz-üzə gətirir, sözü də həqiqi tarixi, hadisələri yaradanların özlərinə verir. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi, Əlibəy Hüseynzadə, Ömər Faiq Nemanzadə və başqaları onun ürəyini riqqətə gətirən, birbaşa demək mümkün olmayan fikir, mülahizə və hadisələrin müəllifi və iştirakçısı kimi onların özlərini danışdırır.Məsələn:
-Üzeyir Hacıbəyov: "... biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir. Bu gündən böylə hər bir əmri məhz hökumətin boynuna atmaq, "hökumət özü bilər" demək, hökuməti tək başına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək mənafeyi-milliyə və istiqlaliyyətimizin, həm də şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Böylə günah ki, onun cəzası istiqlal və istiqlaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yas və kədərdir".
İnandırmaq, həqiqət, bir də qarşı tərəfi dübarə bunlara inanadırmaq Şirməmməd Hüseynov yaradıcılığının məhək daşlarıdır.
Mövsümi paltar kimi dostları dəyişmək, onların sırasını şar kimi şişirtmək , yağışdan sonrakı göbələk kimi artırmaq onun məsləkinə, əqidəsinə həmişə zidd olub.
Xalq şairi Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynovla ömür yollarının 50 ildən çoxunu, fasiləsiz, zədəsiz və bərabər keçə bilmələrinin səbəbini ilk növbədə ömür yollarının adicə ömür yolu olmadığında, bu yolun əqidə, amal yolu olmasında fikir, düşüncə və əqidə birliyində olmasında görürdü.
1959-cu ildə yazılan və "Nuxa fəhləsi" qəzetində çap olunan məşhur "Gülüstan" poemasının ideyasını və mövzusunu əqidə və məslək dostu Bəxtiyar Vahabzadəyə Şirməmməd müəllim vermişdir.
"Gülüstan" tarixi mövzuda yazılmış bir bədii əsər olmaqdan çox, Azərbaycanın milli müstəqilliyinə qayçı çəkənlərin əməl və niyyətlərinə güclü bir etirazın açıq vəsərt səsi idi. Əsərin epiqrafından da göründüyü kimi Azərbaycanın birliyi və istiqlalı uğrunda şarpışan Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin xatirəsinə həsr olunmuş bu poema iki məslək və əqidə dostunun birgə ürək döyüntülərinin bəhrəsi idi.
Böyük şairin çox-çox sonralar xatırladığı və etiraf etdiyi kimi o illərdə B.Vahabzadəni represiya maşınının caynaqlarından çox güclü bir əl qorumuşdu. Bu əl isə müasir Azərbaycanın memarı və qurucusu, əbədiyaşar, ulu öndər Heydər Əliyevin əlləri və özü idi.
Bəxtiyar Vahabzadə güclü təzyiqlərə məruz qalanda bir də əqidə və məslək dostu Şirməmməd müəllim onun yanında idi. Yuxarıların təzyiqindən qurtarmaq, təzyiq göstərməyə məhkum edilmişlərin "könüllərini oxşamaq", ürəklərində insaf toxumu cücərtmək üçün yenə Şirməmməd müəllimin məsləhəti ilə "Leninlə söhbət" poemasını yazdı. Əslində bu illüziyadan və "taktiki gedişdən" başqa bir şey deyildi. Ölməz şair sonralar bunu belə xatırlayırdı: "Sovet dövründə özümü hücumlardan qorumaq və hakim ideologiyaya zidd olmadığımı "sübut etmək", bir sözlə, özümü "sığortalamaq" üçün inandığım dostlarımın məsləhəti ilə "Leninlə söhbət" poemasını yazdım. Fəsillərin başında Lenindən gətirdiyim misallarla demək istədiyim fikirlərə qalxan tuturdum" (Bəxtiyar Vahabzadə.əsərləri, IV c. B, 2008. səh. 536.)
Ümumiyyətlə, Bəxtiyar Vahabzadə ömrü boyu dostluq etdiyi, məsləhət və tövsiyələrindən bəhrələndiyi Şirməmməd Hüseynovu təkcə fikir, düşüncə və əqidə yoldaşı kimi yox, onun təmizlik, paklıq nümunəsi olan fəaliyyətini də özünün bir sıra məqalələrində və ona ünvanladığı məktublarında yüksək qiymətləndirmiş, nümunəvi fəaliyyətini dönə-dönə yad etmişdir.
"Mənim rejimə qarşı yazdığım bir sıra əsərlərin, o cümlədən "Bağışlayın, səhv olub", "Mərziyə", "Ləyaqət", "Dan yeri" və s.-in yazılmasının səbəbkarı Şirməmməd müəllim olmuşdur. Daha doğrusu mövzunu o seçmişdir". (Bəxtiyar Vahabzadə, "İstiqlal". B-1999. səh. 69).
Şirməmməd müəllim əqidə dostu Bəxtiyar Vahabzadədən elə danışır ki, bütün varlığı ilə ağrılı-acılı, sevincli-kədərli günləri yenidən yaşayır, xatirələri isə onu uzaqlara-lap uzaqlara aparır.
"Mən Bəxtiyarla 1945-ci ildə tanış olmuşam, Bakıya oxumağa gələndə. Hər ikimiz Şəkidən olsaq da orada tanışlığımız olmayıb. Mən Gəncəli məhləsində olurdum, o isə bizdən aralıda yaşayırdı. Universitetə Bəxtiyar məndən 3 il qabaq daxil olmuşdu. O vaxt Yazıçılar İttifaqının nəzdində Gənc Qələmlər Məktəbi fəaliyyət göstərirdi. Biz-tez-tez ora gedərdik. Bəxtiyarın orada ilk şeirini oxumağı da yadımdadır. Rəhmətlik Səməd şeiri eşidəndə dedi ki, "arıq bala, o şeiri bir də oxu". Həmin dövrdə universitet oxumaq yanğısı ilə yaşayan insanları qoynuna almışdı.
(ardı gələn sayımızda)
Digər Xəbərlər

DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib

Leyla və Arzu Əliyevalar Naxçıvanda - FOTOLAR

Millət vəkili Azər Badamov Moskva aeroportunda SAXLANILDI

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

"TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir"
