Mənzər Niyarlının yaradıcılığında "ana" obrazı
Azərbaycan ədəbiyyatında qadın yalnız gözəl deyil, şərəfi və namusu toxunulmaz olan, cəsur, iradəli bir obraz kimi göstərilir. Bu baxımdan, qadının sadəcə şalının belə ağsaqqal sözü qədər müqəddəsliyini xatırlamaq kifayətdir. Qədim dövrlərdə aralarında qan düşmənçiliyi olan insanlar belə bir qadın onların ayaqları altına örpəyini atdıqda savaşı dayandırardılar. Azərbaycan xalqının mentalitetində qadınlar analar, bacılar, ailə şərəfinin, namusunun simvolu hesab edilir, ailə təməlinin möhkəmliyi və ocağın firavanlığı onun adı ilə bağlanır.
Azərbaycan ədəbiyyatında milli qadın obrazından söz açdıqda ilk növbədə "Kitabi-Dədə Qorqud" dastanında əks olunmuş Burla Xatun və Banuçiçək obrazlarını xatırlamaq lazımdır. Onlar qəhrəmanlıq keyfiyyətləri ilə bərabər dürüstlükləri, tədbirli və dözümlü olmaları ilə də fərqlənirlər. Azərbaycan qadınları hansı şəraitə düşməsindən asılı olmayaraq öz şərəfini qorumalıdır. "Kitabi-Dədə Qorqud" da Burla Xatun ərinin və oğlunun şərəfini qorumaq üçün doğma balasının ətini yeməyə razı olur. F. Kərimzadənin "Xudafərin körpüsü" əsərində Şah İsmayıl Səfəvinin anası namusunu qorumaq üçün ona Sara Xatunun bağışladığı üzüyün qaşındakı zəhəri içərək tərəddüd etmədən özünü öldürür (Kərimzadə F. 1982: 218).
Tanınmış qadın yazarımız Mənzər Nigarlı nəsrinin obrazlar qalereyasının əsasını qadın surətləri təşkil edir. Qadın arxetipinin müxtəlif variasiyaları bu nəsrdə özünəməxsus şəkildə əks olunmuşdur. Yunqun əsas arxetiplər sırasına daxil etdiyi qadın arxetipi hər xalqın bədii - estetik təfəkküründə fərqli şəkildə və milli çalarlarla əks olunur. Azərbaycan qadını yalnız öz gözəlliyi ilə deyil, ailəyə bağlılığı, kişinin səhvini bağışlamaq, evin böyüyünə qarşı çıxmamaq "əvvəl övladlarım, sonra özüm" fikrini rəhbər tutmaq və s. kimi keyfiyyətləri ilə, öz fədakarlığı və incə qəlbi ilə seçilir.
Mənzər xanımın yaratdığı ağbirçək Aytikə püstə ("Toy gününün səhəri") el dərdini sinəsində gəzdirən bir anadır. O ətrafındakı qadınların taleyi ilə yaşayır, onların dərdlərinə yanır və bu dərdlərin dözülməzliyi onu xəstə salır. "Və o günü Aytikə püstənin ürəyinin sancısı təzədən başladı. Bu sancı əvvəlki sancılara oxşamırdı" (Niyarlı M. Seçilmiş əsərləri. Bakı "MBM", 2014, səh. 271). Ana arxetipinin əsas təmsilçisi olan bu obraz mental dəyərlərin dəyişməsi fonunda öz arxetipik vəzifəsini yerinə yetirə bilmir və onun xəstələnməsi, ümidsizliyə qapılması bu mental arxetipin təhlükə qarşısında olduğunu xəbər verir. Lakin yenə də kiçicik bir ümid zərrəsi qalıb: "Maşın kənddən çıxanda Aytikə püstə zorla da olsa gözlərini açdı və nagüman-nagüman kəndə sarı boylandı. Kim bilir bir də doğulduğu yurd yerinə qayıdacaqdımı? Nə fikirləşdisə üzünə təbəssüm qondu. Arxayınlaşdı. Özü öz ayaqlarıyla qayıtmasa da, gec-tez oğlanlarının çiynində dönəcəkdi kəndinə" (Niyarlı M. Seçilmiş əsərləri. Bakı "MBM", 2014, səh. 272).
"Ağbəniz qarıyla qarabəniz qarının əhvalatı" hekayəsində bu təhlükə daha kəskin bir situasiya vasitəsilə təsvir olunub. Urbanizasiyanın təsiri ilə dəyişən, "şəhər" sivilizasiyasına mənsub olmaq üçün dəridən-qabıqdan çıxan, əslində isə təhtəlşüurda "arxetipik təzyiqdən" yaxa qurtarmağa çalışan övladların şəhərdən bağ evinə göndərdiyi bu ağbirçəklər "ana arxetipinin" bariz nümunələridir. Lakin bu hekayədə cəmiyyətdən süni şəkildə kənarlaşdırılan arxetipik obraz yeni nəsil tərəfindən xilas olunur və bununla da müəllif mental arxetiplərin müəyyən dövrlərdə sıxışdırılsalar da öz varlığını qoruyub saxlaya bildiklərini vurğulayır.
Eyni hal "Yola dikilən gözlər" povesti üçün də xarakterikdir. Övladları tərəfindən atılan Tutu xala qocalar evinə sığınır. Burada onun kimi neçə-neçə ana övlad yolu gözləyir, bəziləri isə utandığından övladının varlığını danır. Müəllif bu əsərində də "ana arxetipini"n məchul tale, kimsəsizlik yükü ilə tənha buraxmır, onu oğulluğu vasitəsilə ailəyə, qoruyucusu olduğu ocağa qaytarır.
Mənzər xanım öz əsərlərində yaratdığı ana obrazları ilə gənclərimizə analarımızın yalnız bizi dünyaya gətirən, böyüdən, qoruyan varlıqlar olmadığını, həm də minillikləri aşıb gələn milli özünəməxsusluğumuzun, mental dəyərlərimizin, Azərbaycan qadının arxetipik keyfiyyətlərinin daşıyıcısı və qoruyucusu olduğunu və gələcəyimizi möhkəm əsaslar üzərində qurmaq üçün keçmişimizə sayğı və qayğı ilə yanaşmamız gərəkdiyini çatdırır.
Elnarə Qaragözova,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu, kiçik elmi işçi
Digər Xəbərlər

SSRİ bayrağı qaldıran Saleh Səmədov vəzifəsindən AZAD EDİLDİ

Deputat Aqil Abbas: “Ağdamda ev verilən kimi xanımımla Ağdama köçəcəm” – VİDEO

İşçilərin əmək kitabçasının doldurulması qaydası təsdiqlənib

"Azərbaycan Dəmir Yolları"nda YENİ TƏYİNAT
jpg-1747135778.jpg)
Azərbaycandilli nəşrlərə qadağa?: Molla-Fars rejiminin qorxusu

Yaşar Gülər Şəhidlər Xiyabanı və Zəfər parkını ziyarət edib

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib
