adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Dekabr 2018 09:42
11598
ƏDƏBİYYAT

Marina Tatarskaya Rusiya


Marina Tatarskaya Sankt-Peterburqda anadan olub. 1986-cı ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. Uzun müddət mətbuat və nəşriyyat işində çalışıb. Bir neçə şeir kitabının müəllifidir. Marina 2017-ci ildən Rusiya Yazıçılar İttifaqının və Rusiya Müəlliflər Cəmiyyətinin üzvüdür. O, həm də Beynəlxalq Yazıçılar Birliyinin üzvüdür və Beynəlxalq Sülh Təşkilatının Prezidenti Qabriel Simondun qərarıyla (Paris-Cenevrə) ona Ümumdünya Səfirlər Cəmiyyətinin "Rusiyadakı səfiri" fəxri titulu verilib. Marina Vladimir Nabokov adına beynəlxalq ədəbi mükafat alıb (2018). Onun ədəbi yaradıcılığı getdikcə daha çox vüsət alır və bu ilin mayında ilk dəfə olaraq "Beynəlxalq Rus Cəmiyyəti"nin dəvəti ilə Marina Avropa ölkələrində yaradıcılıq turlarında olub. Mən onunla Beynəlxalq Yazıçılar Birliyi ilə əməkdaşlıq zamanı tanış olmuşam. Onun şəxsiyyəti və yaradıcılığı diqqətimi cəlb etdi və şeirləri ilə maraqlandım. Şeirlərində postmodernist əhval-ruhiyyə ilə yanaşı, romantik, realist, mistik və sentimental çalarlar var. Bütün hallarda deyə bilərəm ki, Marina istedadlı yeni nəsil rus şairidir. Onun bir neçə şeirini dilimizə çevirmişəm. Marinaya ədəbi və ictimai fəaliyyətində uğurlar arzulayır və onun dilimizə çevirdiyim şeirlərindən birini "ƏDALƏT"in oxucularına da təqdim edirəm.
Kamran Nəzirli

Bu Yer üzündə mənsiz
yaşamaq olmaz...

Ölməyə həvəs yoxdu...Nəğmə oxuyur şamlar,
Şiddətli külək kimi ovcumdan buludları
Adətiylə üfürür bu son dekabr ayı.
Ölməyə həvəs yoxdu...Lakin bu qışqırtılar
Götürübdü başına bütün qəbristanlığı.
Xaç şəkilli fotolar...Çarpaz əllər sinədə.
Ölməyə heç həvəs yox...bu cür gözəl səhərdə,
Məxməri bir gecəylə gözlər də örtülübdü,
Ya kəhrəba gündüzlə yuyulub, yumulubdu...
Dibsiz göy qübbəsi də sədəflə ovsunlanıb,
Asiman açıq-mavi rənglərlə sığallanıb -
Ah, onun qucağında Günəş də gülümsəyir...
Ölməyə həvəs yoxdu...Bilsən necə ağırdı
Bu dünyanın ağıllı, hikmət əlamətiylə
Ayrılıb vidalaşmaq!..Madam ki, sən gedirsən
Qayıtmaq qəbul deyil...amma, qayıtsan əgər
Bu yol səninki deyil, bəxti yaza bilməzsən!

Mən isə köçməyəcəm! Qəlbim də döyünəcək
Yerin təşnələndiyi hər yağış damcısında,
Qovaq ağaclarının tiftikli pərğusuyla
Könlüm də şad olacaq, üst-başım öyünəcək,
Çünki bu Yer üzündə mənsiz yaşamaq olmaz...

Çağır məni, çağır...

Çağır məni, əzizim...qəlbində fırtınalar
Qopanda çağır məni, çağır gəlim yanına.
Çağır məni tökəndə sısqa-sısqa yağışlar,
Ya da aprel günəşi güləndə çağır məni.
Çağır məni, əzizim...sədaqətli dost kimi
Gəlim sənin yanına. Fəhmlə tapım səni
Gecə olsa da belə, çıxım vüsal yoluna...

Mən öz kamertonumu səsinlə kökləyərəm,
əsas tonu tutaraq səninlə danışaram-
nədən kədər yatmayır, elə hey oyaq qalır,
Köksü nə sıxır belə,
ürək niyə sızlaıyr?...
Əlbət bir yol taparıq, qurtularıq əzabdan...

Çağır məni, hay verim sənə, o zaman
Səadət pəncərəsi açılar, bağlı qalmaz ...
Mən sənə güc verərəm odumdan, alovumdan,
Məndən başqa kimsə yox, bunu heç kim bacarmaz...
Çırpılar şər qapısı - bizə əngəl yaradan!
Sən də uğursuzluğu bir daha qınamazsan.

Sən hardasan, əzizim...qəmi kimlə bölürsən?!
Yenə də körpüləri gecələr yandırırsan?
Görəsən indi kimə sən "əlvida" deyirsən?!
Sən hələ də bilmirsən mən kiməm, adım nədir...
Gözlərimdən buludlar süzüləcək hey mənim,
Ürəyim axtaracaq səni tapana qədər...

Çağır məni...qar -boran, tufan qopanda çağır...
Sısqa yağış tökəndə, aprel güləndə, çağır.
Axtar, tap məni, çağır...hay verərəm səsinə,
Sadiq Mələk olaram qəlbinə, dincliyinə.