Kamanın Arifanəliyi

"Doğma adamlar" silsiləsindən
Kənan Hacı
Deyilənə görə, lap qədim əyyamlarda kamandan silah kimi istifadə edərmişlər. Bu fikrə yunan tarixçisi Strabon (e.ə. 64, e.ə. 63 - e.ə. 23, e.ə. 24) özünün "Coğrafiya" əsərində şəhadət verir. Onun yazdığına görə, Qafqaz Albaniyası və Atropatenada (indiki Azərbaycan ərazisi) yaşayan tayfalar kamandan ov və döyüş zamanı istifadə edirdilər, onlar aypara şəklində olan kamanın kəndirinə ox qoyub atırmışlar. "Kaman" sözü dilimizdə iki mənada işlənir, bu da omonimlik təşkil edir. Bu söz ikinci anlamda simli alət kimi işlənir. Eyni zamanda kaman sözünə "ça" şəkilçisi əlavə edəndə sözün semantik anlamı dəyişir.
Şərq mütəfəkkirlərinin risalələrində kamança spesifik xüsusiyyətləri olan alət kimi xarakterizə olunur. Kamança şah saraylarında da həmişə yüksək mövqe tutub. Orta əsrlərdə kamança alətindən bəhs edən Sultan Əli Xorasani "Dəsturül-əlac" (1527 il) əsərində qeyd edir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin, xüsusən, kamançanın ifasında ruh oxşayan bir musiqiyə qulaq asmaq lazımdır. Məmməd Səid Ordubadi "Qılınc və qələm" romanında yazır ki, Gəncənin ətraf məhəllələrindən biri olan Xərabatda yaşayan Məhsəti çəng və rübabla yanaşı həm də gözəl kamança ifaçısı idi. Nizami də, Xaqani də öz əsərlərində kamandan bəhs ediblər.
Kamança və silah. Elə bir zaman yetişir ki, musiqi də silaha çevrilir, musiqi də döyüşür. Bu mənada kaman həm də silahdır. Mirzə Cəlil "Kamança" əsəriylə xabi-qəflətdə yatanların qulağına şapalaq vurmuşdu. (Bu, geniş bir yazının mövzusudur, bu yazının məramı isə tamamilə başqadır). Eyni zamanda böyük ədib kamançanı bədii obraz səviyyəsinə qaldırmışdı. Bu sətirləri yazanda Həmidə xanım Cavanşirin "Xatirələrim" kitabından ən kədərli hissəni xatırladım. Həmidə xanım Mirzə Cəlilin son günlərini təsvir edərkən yazır:
"Dekabrın 30-da axşam uşaqlardan heç biri evdə deyildi. Mirzə Cəlil öz yatağında uzanıb dincəlir, mənsə yemək otağında tikiş tikirdim. Bir az sonra o, yerindən durdu, yuyundu, Midhətin otağına keçib kamançasını götürdü (arada Midhət də o kamançanı çalırdı), yenə öz otağına qayıdıb köklədi və çalmağa başladı. Elə gözəl çalırdı ki, əlimdəki işi saxlayıb qulaq asmağa başladım. Çaldığı havanın xatiməsi xüsusilə gözəl, yanıqlı və təsirli oldu. Gözlərim doldu. Mirzə Cəlil çalğısını bitirdikdən sonra kamançanı qaytarıb üsulluca əvvəlki yerinə qoydu. Bu, onun son çalğısı idi". (Həmidə xanım Cavanşir, "Xatirələrim", Bakı, 2011, səh. 348-349)
Ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş Mirzə Cəlil bu fani dünyaya son sözünü kamança ilə dedi. Çox sonralar musiqi sənətimizdə "Habil Əliyev fenomeni" yarandı, bu bənzərsiz sənətkar kamançaya yeni xallar gətirdi, belə demək mümkünsə, kamançanın "dilini" zənginləşdirdi. Habil bu dünyaya ilk sözünü kamança ilə dedi.
Bir müddət keçdi, kamança daha etibarlı, daha əmin əllərə keçdi. İfaçılıq sənətində öz tərzini yaratmaq (təkrarda təkrarsızlıq) olduqca çətin işdir. Təkrarda təkrarsızlıq isə yaradıcılığın təbii fəlsəfəsidir. Hər gələn nəsil sənətdə öz cığırını açmasa, sənət heç zaman inkişaf edə bilməz. Beləcə, ötən əsrin 60-cı illərində sənət kəhkəşanında bir ulduz parladı, çox illər sonra bu ulduz kamançanın şöhrətini dünyaya yayacaqdı. Əlbəttə, söhbət Xalq artisti Şəfiqə xanım Eyvazovadan gedir. Bir dəfə yazmışdım ki, Şəfiqə Eyvazova milli mədəniyyət hadisəsidir və bu mədəniyyətin energetikası, mənbəyi geniş tədqiqat mövzusudur.
Bu yazının isə qəhrəmanı kaman ifaçılığında özünəməxsus yeri olan Əməkdar İncəsət Xadimi, sənətşünaslıq doktoru, professor Arif Əsədullayevdir. Peşəkar musiqi sənətimizin yaradıcısı, dahi Üzeyir bəy Hacıbəyli Şərqdə ilk operanın əsasını qoyduğu kimi həm də bir pedaqoq olaraq Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və "Azərbaycan xalq musiqisinin əsasları"nı yazmışdı. Bu misiqili abidə Şərqlə Qərbin çoxəsrlik musiqi təcrübəsi üzərində yaranmışdı. Bəşəri olanla milli olanın birləşməsi nəticəsində Azərbaycan musiqisi dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Bu, Üzeyir bəyin xalqımız və onun əbədiyaşar musiqisi qarşısında ölçüyəgəlməz xidmətlərindən biridir. Azərbaycan musiqisində ilkə imza atanlar Tanrı tərəfindən seçilmiş insanlardır. Onlar haqqında cild-cild kitablar yazılıb. Amma bu insanlardan ikisi daha fərqlidir, onlar həm də ömür-gün yoldaşıdırlar. Şəfiqə xanım Eyvazova Azərbaycanda ilk qadın solist kamança ifaçısıdır. Arif Əsədullayev Azərbaycanda 7 instrumental muğamı nota almış ilk ustad kamanca ifaçısıdır. Bu fakt sənətşünaslıq, ifaçılıq tariximizdə unikal bir hadisədir. Arif müəllimin ifasında Azərbaycan televiziyasının qızıl fondunda "Şur", "Süstər", "Rahab", "Humayun", "Zabul segah", "Rast", "Cahargah" və bir çox digər muğam təsnif və dəraməd nümunələri qorunub saxlanılır. Bu da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin onun haqqında fikirləri: "gMən mübaliğəsiz deyirəm ki, Üzeyir bəyin arzularının biri olan muğamlarımızın temperasiya olunmuş səslərlə, 12 pilləli not sistemində yazıya salınması ilə Arif Əsədullayev ilk ifaçıdır ki, öz təmənnasız zəhməti ilə şifahi ənənəli Azərbaycan muğamları üçün Avropaya pəncərə açmışdır. Artıq Avropa və eləcə də bütün dünya musiqiçiləri Azərbaycan instrumental muğamlarının not yazısı ilə tanış olub, istədikləri musiqi alətində onu ifa edə bilərlər".
Bu tarixi və şərəfli missiya onun taleyinə yazılmışdı.
***
O, 1949-cu ilin yanvarında Bakının Buzovna qəsəbəsində çoxuşaqlı ailədə dünyaya gəlib. Atası Murtuza Əsədullayev dövrünün tanınmış müəllimlərindən idi. Qori Müəllimlər Seminariyasını bitirmişdi, 30-cu illərdə maarifçilik hərəkatının öncüllərindən olmuşdu, Böyük Vətən Müharibəsindən yaralanıb qayıtmışdı. Dövrünün tanınmış şəxsiyyətləri ilə - Ruhulla Axundovla, Mirzə İbrahimovla, Seyid Şuşinski ilə - dostluq əlaqələri vardı. Anası Mehri xanım adlı-sanlı bir nəslin nümayəndəsi idi. Mehri xanımın atası Möhsün kişi məşhur xanəndə Seyid Şuşinski ilə möhkəm dost idilər. Ustad xanəndə tez-tez şəhərdən Buzovnaya, Mövsüm kişigilə qonaq gəlirdi. Bu dostluq o qədər dərinləşir ki, Mövsüm kişi öz həyətində onun üçün xüsusi olaraq iki otaqlı ev tikdirir və Ağa (Seyid Şuşinskiyə "Ağa" deyə müraciət edirmişlər - K.H) ömrünün axır illərini burada keçirir. Arifin dayısı muğam ifaçısı və pedaqoq Nəriman Əliyev də Seyid Şuşinskinin tələbəsi idi. Bu günün tanınan, sevilən əksər xanəndələri onun tələbələri olublar. Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədovalar, Teyyub Aslanov... Bu siyahını xeyli uzatmaq olar. Yeri gəlmişkən, vaxtilə Nəriman müəllim haqqında "Səsin səfiri" adlı geniş bir esse yazmışdım, həmin yazını bu yaxınlarda çapdan çıxacaq "Keçmişin və gələcəyin xəyalı" kitabıma da daxil etmişəm.
Arif Əsədullayevin uşaqlığı belə bir mühitdə keçmişdi. Qardaşları Asəf, Cavid də muğam biliciləri idilər. Asəf tar çalarmış, Cavidin isə gözəl səsi varmış. Bu sətirləri yazarkən xatırlayıram, kənd toylarında dəfələrlə rəhmətlik Cavid dayı xanəndələrə hansısa şöbəni düz oxumadığı üçün iradlarını bildirirdi. Bakı toyları bütün xanəndələr üçün bir sınaq məktəbi idi və bu toylarda Cavid dayı kimi muğam bilicilərinin qarşısında muğam ifa etmək böyük cəsarət tələb edirdi. Arif müəllim müsahibələrindən birində qardaşı Cavidin onun ilk müəllimi olduğunu qeyd etmişdi. Sonralar onun müəllimləri ustad tarzənlər Əliağa Quliyev olub, Əhsən Dadaşov olub. O, 14 yaşında Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə çıxıb. Əvvəlcə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini, sonra isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) fərqlənmə diplomlarıyla bitirib. Arif Əsədullayev Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, İslam Rzayev kimi korifey sənətkarları müşayiət edib. Dünyanın bir çox ölkələrində Azərbaycan muğamını ləyaqətlə təmsil edib.
Doğrudur, o, efirdə, konsert salonlarında çox az görünür. Bir dəfə televiziya verilişlərinin birində bunun səbəbini belə izah etdi: "Biz yenicə ailə qurmuşduq, Şəfiqə xanımın kamançadan uzaq düşməməsi üçün mən ifaçılıqdan bir qədər uzaqlaşdım, onun üçün şərait yaratdım. Mənim ifaçılıqdan getməyimlə kamança sənəti heç nə itirməzdi, amma Şəfiqə xanım uzaqlaşsaydı, bu, sənətin inkişafına zərbə olardı".
Nə qədər böyük fədakarlıq! Bu fədakarlığı yalnız ailəsinə və sənətinə böyük sevgisi olan insanlar edə bilər. Arif müəllim elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa başladı və Azərbaycan instrumental muğamlarını nota köçürdü, elmi məqalələr, dərs vəsaitləri yazdı.
Deyirlər hər şey sözdən deyil, səsdən yaranıb. Səs bizim ruhumuzun təcəllasıdır, ruhumuz səslə oyanır, səs musiqiyə çevriləndə şövqə gəlirik, melodiyanın ecazında durulub saflaşırıq, Tanrıya bir az da yaxın oluruq. Sözə də, Səsə də ehya verən insanlar Tanrının elçiləridirlər, onlar bizə Tanrının sözünü, səsini çatdırırlar. Arif Əsədullayev bu sözü kamançanın dilində səsləndirir. Min illərin o tayından süzülüb gələn səs yaddaşımızı həm də onun dizinin üstündəki kaman dirildir.
Digər Xəbərlər

Şuşada Qordonla azərbaycanlı qızın təsirli söhbəti - VİDEO

Qanunsuzluq edən prokurorluq işçilərinin sayı açıqlandı

Doktorant və tələbələrə verilən təqaüdlər artırılıb - SƏRƏNCAM
