İTLƏR BLOKA GİRİR...
Bilmirəm, siz bu cür hadisələrin şahidi olmusunuz, ya yox?! Amma mən dəfələrlə belə anları görmüşəm və məcbur olub bloka girən itləri ordan qovmuşam ki, uşaqları dişləməsin. Və bəzən də elə itlərə rast gəlmişəm ki, onlar üstümə hücum çəkib məni tutmaq istəyiblər. Nə yaxşı ki, yaxınlıqda əlimə bir ağac keçib. O ağacla özümü çətinliklə də olsa itlərin ağzından xilas edə bilmişəm.
Bu gün sahibsiz itlərlə bağlı müxtəlif kütləvi informasiya vasitələrində yazılar dərc edilir. Təbii ki, bu da təsadüfi deyil. Elə bu sətirlərin müəllifi yaşadığı Yeni Günəşli yaşayış sahəsində dəfələrlə it sürüsünə rast gəlib. Kərpic zavodunun yaxınlığında nə az, nə çox 12 sahibsiz itin sürüylə ora-bura qaçdığının şahidi olmuşuq. Gecələr isə həmin itlərin əlindən küçəyə çıxmaq çox çətindi. Hələ üstəlik bu itlər düz Yeni Günəşli yaşayış sahəsinin "D" massivinə qədər gəlir, ağız-ağıza verib hürur, zibil qutularında yem axtarır, bir şey tapmayanda yoldan keçən insanlara hücum çəkir.
Aydındır ki, bu cür sahibsiz itlər çox vaxt uşaqlara və köməksiz yaşlı adamlara hücum çəkməkdən çəkinmirlər. Təsadüfi deyildir ki, elə Yeni Günəşlinin özündə belə itlər son vaxtlar bir neçə nəfəri dişləyib. Bu günlər yenə Yeni Günəşli yaşayış sahəsinin "D" massivindəki 13 nömrəli binanın həyətində nə az, nə çox 6-7 sahibsiz itlə üzləşdik. Səhər saat 6 radələrində onlar bloka girmək istəyirdilər. Yəqin ki, zibil qutularında yem tapmadıqları üçün bloklara baş vururdular. Hər hansı insan köməksiz vəziyyətdə bu itlərlə üzləşsəydi, şübhəsiz ki, itlər onu tuta bilərdi. Bir təhər əlimə ağac götürüb itləri ordan uzaqlaşdırdım.
Ümumiyyətlə, sahibsiz itlərlə bağlı redakasiyamıza Bakının müxtəlif yaşayış sahələrindən sakinlər tərəfindən tez-tez telefon zəngləri olunur. Telefon zənglərindən biri də Hövsandan idi. Zəng edən ağsaqqal kişi bildirirdi ki, oğul, bizim yaşadığımız qəsəbədə gecə saatlarında süləngi itlərin əlindən çölə çıxmaq olmur. Gərək çölə çıxanda əlinə yekə bir ağac götürəsən ki, işdi-şayətdi, birdən itlər sənə hücum edər və sən də onları qovasan. Ona görə də axşam saatlarında sahibsiz itlərin əlindən boğaza yığılmışıq. Gecə vaxtı isə bu itlərin səsindən qulaqlarımız tutulur. Bilmirik, kəndə yaşayırıq, yoxsa şəhərdə?! Bu barədə Bakıda fəaliyyət göstərən Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə də məlumat vermişik. Ancaq onlardan indiyə qədər bir xəbər çıxmayıb. Qabaqlar belə idi ki, məlumat verən kimi həmin idarədən gəlib o itləri tüfənglə vururdular. İndi isə elə bil heyvanların hüquqları qorunduğuna görə, idarənin əməkdaşları bir qədər ehtiyatlı davranırlar. Yaxşı, o heyvanların hüquqları qorunsun. Bax, o quduz itlər kimisə tutanda onda vəziyyət necə olacaq? Eşitmişik ki, quduz itlər üç nəfəri dişləyib və onlar da dünyasını dəyişiblər.
Göründüyü kimi, Bakı şəhərində sahzibsiz itlərlə bağlı sakinlər böyük narahatlıq hissləri yaşayırlar. Ən azından ona görə ki, həmin itlərin qurbanı istənilən şəxs ola bilər. Son 6 ayda Azərbaycanda 8 min nəfəri müxtəlif heyvanlar dişləyib. Bu barədə Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli yolxucu xəstəliklərin epidemiologiya şöbəsinin müdiri Rita İsmayılova məlumat verib. Rita xanımın dediyinə göər, bu dişləmələrdən 90 faizini itlər tutublar. Bir-iki faizi isə yerdə qalan heyvanlar dişləyib. Ötən illə müqayisədə bu il heyvan dişləmələrinin sayı 5 dəfə artıb. Quduz itlərin insanları tutması nəticəsində 3 nəfər dünyasını dəyişib. Onların ikisi həkimə müraciət etməyib.
Mütəxəssislər bildirirlər ki, hər hansı insanı it dişləyən zaman mütləq ona həmin günü quduzluq əleyhinə vaksin vurulmalıdır və bundan sonra davamlı olaraq o adamın müalicəsi aparılmalıdır. Əgər müalicə düzgün aparılmazsa və səhlankarlıq edilərsə, həmin insanın quduzluğa yoluxma ehtimalı daha da artır və bu 100 faiz ölümlə nəticələnir. Hətta sahibsiz heyvanlar insanları cırmaqlayarkən belə həmin şəxslər həkimə müraciət etməli və qabaqlayıcı tədbirlər görməlidir.
Bir çoxları elə təsəvvür edir ki, itdir də, bir balaca adamın dərisində cırmaq yaradıb və ötüb keçən şeydir. Ancaq bu məsələni özbaşına buraxmaq olmaz və hətta it, pişik və hər hansı vəhşi heyvan insanı cırmaqlasa belə quduzluğa qarşı mütləq vaksin vurulmalıdır ki, sonradan başağarısı yaranmasın.
Elə bil ki, bir qədər qudurmuş itlərdən danışmaqla sizi çox yorduq. Amma elə şeylər var ki, onu vaxtında demək lazımdır ki, insanlar maariflənsin və bu cür hadisələrlə üzləşdikdə həkimə müraciət etsin. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, Bakı şəhər Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi də nəzarətsiz qalan itlərə, heyvanlara qarşı sərt mübarizə mövqeyi tutmalı və onlar vaxtında zərərsizləşdirməlidir ki, insanlara xəsarət yetirməsinlər.
Əks təqdirdə bizim hər birimiz sahibsiz heyvanların qurbanlarına çevrilə bilərik və nəticədə ağır xəstəliyə yoluxma ehtimalımız daha çox olar. Buna görə də aidiyyəti qurum zəhmət çəkib öz üzərinə düşən vəzifəni vaxtında yerinə yetirməlidir.
Digər Xəbərlər
28 Noyabr 2026 17:51
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
28 Noyabr 2026 13:02
Əhməd Vəliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
28 Noyabr 2026 12:25
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
28 Noyabr 2026 12:14
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
28 Noyabr 2026 09:43
“Prezidentin kitab çapına verdiyi dəstək oxucu ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi...”
27 Noyabr 2026 19:18
Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub - FOTOLAR
27 Noyabr 2026 17:17
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib - FOTO
27 Noyabr 2026 16:51


Bakı -°C

