adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2017 00:19
3338
GÜNDƏM

DİASPOR FƏALI

Müasir dünya, sivil cəmiyyət hər kəsdən ayıq-sayıq olmağı, ətrafı görməyi bacarmağı, hadisələrdən, siyasi gedişatlardan baş çıxarmağı tələb edir. Əks halda milli mənsubiyyətin şübhə altına düşər, varlığın-yoxluğun belə nəzərə çarpmaz. Kökündən-soyundan gen düşmüş, qopmuş insan isə qüdrətli qırğız yazıçısı Çingiz Aytmatov demişkən, "manqurtlaşmış şəxsidir, ayrı-ayrı xalqların törəmə övladlarıdır, əslində heç bir millətə aidiyyətləri yoxdur".
Şimali Qazaxıstanın Petropavlovsk vilayətinin eyniadlı şəhərində yaşayan Cabir Mikayılov isə ziyalılığı ilə seçilən, həmişə doğulduğu Azərbaycanla ürəyi çırpınan, burda soydaşlarının yaxşı əməlləri ilə öyünən əsl fədakar diaspor fəalıdır. "Filan tədbirdə Cabir Babaşah oğlu erməniləri yerində otuzdurdu" və yaxud "filan günü Cabir müəllim şəhərdə kasıb yaşayan iki ailəyə maddi yardım göstərdi" kimi sözlər heç də təsadüfi deyil. O, daim yurddaşlarının içindədir, on beş il öncə mərhum Əziz Nəcəfovla birgə açdığı "Oqni Kaspiy" adlı iaşə-əyləncə mərkəzi isə Azərbaycan icmasının sığındığı ocaq yeridir. Artıq otuz ildən çox burda məskunlaşan Cabir Mikayılov ağsaqqal adlanır. İcma təşkilatının elə bir tədbiri yoxdur ki, onsuz keçinsin. Bəli, təcrübəsinə, ağlına, zəkasına görə o, məsləhət verir, səriştəsinə görə cavanlara yol göstərir, onları başa salır.
Cabir Babaşah oğlunun söylədiklərindən: "Vətəndən uzaqda yaşamağın məsuliyyəti ikiqat böyükdür. Yer-yurd həsrəti, doğmalarının yanında olmaq istəyi bir yana, axı, hər bir yaşlı insan həm də valideyndi, ailəsində uşaq böyüdüb, tərbiyə eləməlidi. Gənc nəslə milli adət-ənənələrimizlə yanaşı, yerli xalqın da dilini, mədəniyyətini öyrətməlidi. Bu mənada mən özümü xoşbəxt ata saya bilərəm. Ailəmdə dörd uşaq böyüyüb, boya-başa çatıb. İlkimiz Afət bioloqdur, universitet bitirib, magistrdir, Allahın köməkliyi ilə işə başlamaq istəyir. İkinci qızımız Sevil ali məktəbin III kurs tələbəsidir: ingilis-alman dilləri üzrə mükəmməl təhsil alır. Azərbaycan dilindən başqa, qazax və rus dillərini də öyrənib. Ümumiyyətlə götürdükdə Şimali Qazaxıstanın Petropavlovsk şəhərində çoxlu sayda universitetlər, peşə təhsili verən liseylər, əcnəbi dilində məktəblər açılıb. Gənc nəslin seçim imkanı məhdud deyil, genişdir. Qazaxıstan müstəqilliyə qovuşandan sonra təhsilə diqqət daha da artıb. Təkcə dördüncü övladım orta məktəb şagirdidi. Anar şəhərin mərkəzində yerləşən müasir tipli bir saylı gimnaziyada uğurla təhsilini davam etdirir. Ailə üzvlərim dünyəvi təhsil alsalar da, vətənlərinin Azərbaycan olduqlarını gözəl başa düşür və yurdumuzu sevirlər".
Onu da qeyd edək ki, Cabir Mikayılov Azərbaycanımızın şimal bölgəsində - Quba rayonunda doğulub. Özü də böyük Qafqazın düz ətəklərində qərarlaşan Rustov ərazi-inzibati bölgüsünün Qam-qam kəndində. Ölkəmizin bu mənzərəli və axarlı-baxarlı guşəsi vaxtilə Qonaqkənd rayonuna daxil idi. Elmi-texniki tərəqqinin sürətli inkişafı, urbanizasiya əhalini yüksək dağ yamaclarından düzənliklərə endirdi. Yeni yaşayış məkanları, kəndlər, qəsəbələr salındı, köhnə yurd-ocaq yerləri bir qədər boşaldı, kimsəsizlikdən üşüdü. Həmişə ata ocağına baş çəkən Cabir müəllim övladlarını da yeri düşəndə Qubaya aparmağı unutmur. Həmyerlimiz bizimlə söhbətində bildirdi ki, Qazaxıstan türkdilli dost, qardaş ölkədir. Üstəlik, islami dəyərlər iki xalqı daha möhkəm tellərlə bağlayıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səmimi münasibətləri həm Azərbaycanın dövlət başçısı İlham Əliyev, həm də Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev qoruyur. Petropavlovsk vilayəti Rusiya ilə həmsərhəd çoxmillətli regiondur. Buraya almanlar vaxtilə sürgün olunublar, onların varisləri yaşayır, o cümlədən, koreyalılar, uyğurlar, çinlilər, monqollar, Krım türkləri, polyaklar, gürcülər, taciklər icma şəklində formalaşıblar. Ölkədə Qazaxıstan xalqları Assambleyası mərkəzləşdirilmiş qaydada milli münasibətləri tənzimləyir. Demokratiya tam sürətdə bərqərardır. Heç bir xalqın nümayəndəsi digər azlıq təşkil edənin nümayəndəsinə yuxarıdan baxmır. Əhali bərabər surətdə yaşayır.
Şimali Qazaxıstan üzrə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Tahir Hüseynov Cabirin icmadakı fəaliyyətindən, ümumən yaxşı mənada Petropavlovskdakı hörmətindən razıdır. Bu yaxınlarda diaspor fəalı göstərdiyi səmərəli fəaliyyətinə görə "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" medalı ilə təltif olunub. Bu mükafat ölkənin seçilmiş adamlarına verilir və Cabir Babaşah oğlunu hamı ödülə layiq hesab edir. Peşə dostu Rahim Quliyevin söylədiklərindən: "Cabir ixtisasca iqtisadçı-ticarətçi olsa da, siyasəti də yaxşı bilir. Onun çıxışlarını dinləmiş, danışıqlarına qulaq asmışam. Rus dilini mükəmməl bildiyi üçün hər kəs cəsarət edib onunla mübahisəyə girişmir. Şəxsi keyfiyyətlərinə gəlincə, bu dağlar oğlu saf çeşmələrin suyundan içib, Qubanın zümrüd meşələrinin havasını ciyərlərinə çəkib.
Ona görə də qəlp deyil, yaxşı adam üçün canını qurban verir. Dostcanlı və mərddir, heç vaxt adamı darda qoymaz. Mənim ona böyük hörmətim və məhəbbətim var. Axı, ailəmə çörəyi Cabirin sayəsində qazanıram".
Soydaşımıza görə, milli qürur və mənlik hər bir millətsevərin canında, ruhunda olmalıdır. Atam kimdir, nəslim-soyum, babam hardandır, niyə Azərbaycanı vətən seçiblər? Bu kimi ümumi suallar müasir şüurlu insanı düşündürməlidir. İndi informasiya bolluğu əsridir. Mirzə Ələkbər Sabirin zəmanəsi deyil ki, düşünək: "Dindirir əsr bizi dinməyiriz, atılan toplara diksinməyiriz". Daha dünyada geri qalan xalq yoxdur. Eləcə də savadsız adam da azdır. Azərbaycan xalqı xoşbəxtdir ki, 800-850 il öncə Əfzələddin Xaqanisi olub, onun söz qalası Şirvan dağlarından daha ucadır. Şahların sarayında yaşayıb, onlara boyun əyməyib, hətta vəzir kimi ikinci şəxs qismində ölkəni idarə edib, şahənşahların, "mənəm-mənəm" deyən tiranların səhvlərini düzəldib, üzlərinə söyləyib. Şeyx Nizami Gəncəvinin hər sözü, hər kəlməsi qızıla tutulasıdır və yerli hökmdarlar onun kimliyini anlayırlar. Bax, belə bir qədim xalqın övladıyıq və heç vaxt kökümüzə, şah nəslimizə xilaf çıxmamalıyıq.
Cabir Mikayılov Quba torpağına çox bağlıdır. "Gedirəm, qayıtmaq istəmirəm", - deyir. Əlbəttə, Qubanın cənnətməkan olmağı hamıya bəllidir, kim şah vüqarlı Şah dağını, Bazardüzü zirvəsini sevmir ki? Bütün bunlar bir yana, heç demə, Cabir iki qüdrətli sənətkarın - fırçasıyla xariqələr yaradan Səttar Bəhlulzadənin və qələmiylə od püskürən Məmməd Arazın da vurğunuymuş. Biz söyləyəndə ki, həm rəssam Səttar Bəhlulzadəni, həm də Araz təxəllüslü şairi Qubaya bağlayan müxtəlif tellər mövcud olub və onlar daim bu yerlərə baş çəkirmişlər, "yox əşi" deyə orta boylu Cabir gözlənilmədən köks ötürdü.