24 Aprel 2015 08:40
4367
GÜNDƏM

DƏQİQLİK, YOXSA HƏRFGİRLİK?

(E.Etibarlının açıq məktubuna cavab)
Eyvaz Borçalı
Hörmətli Etibar müəllim!
Mənə ünvanladığınız açıq məktubdan ("Ədalət" qəzeti №42-№43) çox gec, həm də təsadüfən, xəbər tutdum. Cavabı gecikdirdiyim üçün yəqin məni çox da qınamazsınız. Əsas məsələ laqeyd qalmamaqdır.
Etiraf eləyim ki, haqqımızda müfəssəl məlumatım yox idi, sadəcə imzanız tanış gəldi, nə vaxtsa, hardasa oxuduğum bir-iki yazınızdan ilişib yaddaşımda qalmışdı. Yaxşı ki, məktubunuzdan barənizdə mükəmməl təsəvvür yarada bildim.
Məktubunuzun həm əvvəlində həm də sonunda haqqımda çox böyük səxavətlə söylədiyiniz isti fikirlərə görə dərin təşəkkürlərimi bildrirəm. Qoltuğuma verdiyiniz o boyda qarpızdan sonra, şellənib yanlış iradlarınızın üstündən sükutla keçərək, cavab yazmaya da bilərdim. Lakin Sizin kimi tərcüməni bütöv oxumadan fikir yürüdənlərin az olmadığını nəzərə alıb, susmaqdan vaz keçdim.
Yazırsınız ki, M.F.Axundov adına Rus-dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universitetini) bitirmisiniz. Hələ II kursda ikən "Yevgeni Oneginin" tərcüməsini orijinalla tutmuşdurusunuz.Nə gözəl! Deməli, A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanına da böyük şairimiz Səməd Vurğunun tərcüməsinə də yaxşı bələdsiniz.Amma ədəbiyyatşünaslıqda bütün dünyanın da Puşkin dühasının kəşfi kimi qəbul etdiyi, orijinal qafiyə sistemli, on dörd misralıq bəndlərə (Puşkinskie srofı) bölüm deyirsiniz. Bölüm fəsil, hissə deməkdir. Ucundan tutub ucuzluğuna getməyək, adi naşılıq da ola bilər, keçək fanatikcəsinə müdafiyəsinə qalxdığınız o dörd misraya.Xəsislik etməyək beşincini də onların gözünə qataq:

Orijinal

Moy dədə samıx çestnıx pravil
Koqda ne v şutku zanemoq,
On uvajatğ sebə zastavil,
İ luçşe vıdumatğ ne moq;
Eqo primer druqim nauka...

I-tərcümə

Mənim qayda güdən və nizam sevən
Əmim xsətələnib yatanda gerçək
Hörmət etdirərdi özünə cəbrən,
Ağlına yaxşı şey gətirməyərək;
Hər halı özgəyə bir dərddi ey vah!

II tərcümə

Ən dürüst əxlaqmış, abrı, isməti;
Mənim xəstə əmim ağır çağında
Canı cəfasına hörmət gözlədi,
Olmadı kimsədən umacağı da;
Onun bu örnəyi dərsdi qalana...

Təhlilə keçməzdən əvvəl bir şeyi yadınıza salım: indini bilmirəm, əvvələr məktəblərdə "şagirdlər üçün ədəb qayadları vardı. Az qala bütün siniflərdə yuxarı başda Leninin "Oxumaq, oxumaq, yenə də oxumaq" şuarı, onun altında isə divardan həmin "ədəb qaydaları" asılardı. Şuarı hələlik sonraya saxlayaq, "ədəb qaydalarından" danışaq. Təbii ki, o da rus dilindən tərcümə idi- "Pravila povedeniə dlə uçaşixsə". Hər rübün sonunda eləcə də, ilin yekununda şagirdlərə verilən qiymət vəsiqələrində ilk qiymət "Əxlaqdan" olardı. Şagirdin əxlaqdan aldığı qiymət həmin qaydalara əsasən özünü necə aparmağından asılı idi. Bütövlükdə dırnaq arasına alınmış və fövqaladə əhəmiyyətə malik həmin o bəndi Puşkin məhz öz qəhrəmanının dərrakası əsasında, monoloq kimi yazıb. Cəmi on dörd misralıq bənddə iki obraz yaradıb: biri həyatla vidalaşmağa hazırlaşan mərhəmətli bir qoca (əmi), digəri həyatı təzəcə yaşamağa başlayan eqoist düşüncəli bir gənc (qardaşoğlu). "Moy dədə samıx çestnıx pravil" də "mənim ən namuslu (dürüst) əxlaq sahibi olan əmim" deməkdir. Rus dilində "zaboletğ", "zaxvoratğ", "zanemoçğ" sinonimləri var. Bunların içində bəs nə üçün məhz şair sonuncuya üstünlük verib? Bunun fərqinə varaq: söz üç hissədən ibarətdir: za-ne-moçğ. "Moçğ" güc, hey, taqət deməkdir, "nemoçğ" gücsüzlük, heysizlik, taqətsizlik anlamındadır. "Zanemoçğ", tamamilə gücsüzlük, heysizlik, taqətsizlik mənasındadır. "Ne v şutku" dilimşzdə "zarafatsız", "gerçəkdən" mənalarını daşısa da, məhz bu misrada, alt qatdakı mənada çox ciddi şəkildə deməkdir. Misranın sətri tərcüməsi belədir: çox ciddi şəkildə tamam heydən düşdüyü vaxtda. Ömrünü-gününü yaşayıb, ölüm ayağında öz canıyla əlləşən, halallaşmaq üçün qardaşı oğlunu görüşə çağıran bu dürüst əxlaqlı qoca, istəsəydi belə, heç kəsi heç nəyə məcbur edə bilməzdi, əksinə mərhəmətlə hamının hörmətini saxlayır, hamının hörmətini gözləyir, canına cəfa basıb ağrılarını özü çəkir, heç kəsdən heç nə ummur. Məhz bu cür davranışına görə şair Oneginin diliylə "Onun bu nümunəsi örnəyi, başqalarına, yerdə qalanlara dərəs olmalıdır" deyir.
Puşkin bizdən iki yüz ilə əvvəl yaşayıb. Siz də bitirdiyiniz mötəbər təhsil ocağında tədris olunan "Staroslavənskiy əzık", "Drevnerusskiy əzık", "Sovremenniy russkiy əzık" fənnlərinə bələd olmusunuz, rus dilinin inkişaf mərhələlərini izləmisiniz. Bu yandan da 9 yanvar 2015-ci il tarixində "ədəbiyyat qəzetində" dərc olunan "Yevgeni Onegini" nə üçün tərcümə etdim?" adlı məqaləmdə 4-5 misranı məntiqlə təhlil etdiyimə görə qeyzlənib deyirsiniz: "Sizdən soruşuram ki, necə və harda o " abırlı, əxlaqlı, ismətli əmini" "kəşf" etmisiniz? Axı orijinalda belə şey yoxdur?" Elə bil mən dəmir barmaqlıqlar arxasındakı müttəhiməm, Siz isə ittihamçı kürsüsündə əyləşmiş cənab prokuror. İndi mən başa düşə bilmirəm, başqalarını cəbrən özünə hörmət etdirən, ağlına yaxşı şey gətirməyən o zalım istismarçının nəyi şairə xoş gəlib ki, onun bu nümunəsinin başqalarına dərs olmasını istəyir? Yeri gəlmişkən nəzərinizə onu da çatdırım ki, orijinaldakı beşinci misra da (Eqo primer druqim nauka) səhv çevrilib. "Hər halı özgəyə bir dərsdir,ey vah!" orijinalın dilində çevirəndə belə alınır: Eqo kajdoe (löboe) sostoənie (raspolojenie) çujim nauka"... Həmin bənddəki "sevən-cəbrən", "çəkmək- düzəltmək" kimi bəsit qafiyələr o böyük şairlərin heç birinin qələminə yaraşmır.
Hörmətli Etibar müəllim, o "abırlı, ismətli, əxlaqlı" qoca da mənim "kəşfim" deyil, Puşkin dühasının yaratdığı obrazdır. Söylədiyim obyektiv fikirlərə görə "bunları deməyə diliniz necə vardı?" deyirsiniz, amma əsassız iddialarınıza qoruq-qaytaq qoymursunuz.Eyni amirliklə başqa bir yerdə buyurusunuz: yəqin Siz əsəri o qədər də diqqətlə oxumamısınız. Əgər diqqət yetirsəydiniz, əmi haqda deyilən:

"Let sorok s klöçniüey branilsə,
V okno smotrel, i mux davil"

- kimi misraları nəzərdən qaçırmazdınız".
O boyda əsəri tərcümə eləyən adam barədə bu boyda etibarsızcasına, şübhələnmək ən azı insafsızlıqdı, möhtərəm Etibar müəllim! Kontekstdən çıxarıb, ədayla misal gətirdiyiniz o ikicə misra da Sizin qavradığınız kimi deyil. Ali savadlı rus dili müəllisiniz.Puşkini də çox sevirsiniz, zəhmət çəkin rus dilinin izahlı lüğətini götürün, klöçniüa və branitğsə sözlərinin bütün çalarlarını, qatlarını öyrənin, axı Puşkin az sözlə çox böyük mətləbləri anlatmağın ustasıdır. Misal gətridiyiniz o ikicə misrada əhatəli bir məişət mənzərərsi var: ömrünün son qırx ilini tənha yaşayan bu qocanın bütün açarları, xüsusən də ərzaq saxlanan yerlərin açarlarını özüylə gəzdirən xadiməylə deyişib-soyüşməsi ona görədir ki, xadimə səhlənkarlıq eləyib, qapıları açıq qoyub, o həyasız milçəkləri də içəri dolub, biçarə qoca pəncərəyə baxa-baxa milçəkləri qırmaqnan məşğuldur.
Deyirsiniz "sərsəri" sözü Oneginin boyuna biçilib... xəstə əminin başının üstündə duranda o artıq yetkin bir gənc idi."
İndi əlimdə tutduğum bu qələmə and içirəm ki, əsərdə onun nə vaxt və harada xəstə əmisinin başının üstündə durduğu yeri tapıb göstərə bilsəniz, yanlış hesab etdiyim bütün iradlarınızı doğru kimi qəbul edərəm!
Sərsəri yurdsuz-yuvasız sərgərdan dolaşan adama deyilir...Allaha şükür, Oneginin yurdu da var, yuvası da.O, yalnız həyatdan çox şey uman, ancaq əlindən heç nə gəlməyən, vaxtını havayı sovuran tənbəlin, veyilin biridir. Əsərin əvvəlində hələ indi-indi xəstə əmisinin yanına tələsir. Kəndə çatanda əmisini həyətdə masanın üstünə qoyulmuş tabutda görür.
Hamının fikrinə hörmətlə yanaşdığınızı, özünüzün inandığınız həqiqəti kimsəyə güzəştə getmədiyinizi, faktın fakt olaraq qaldığını xüsusi vurğulamaqla deyirsiniz: "daha aydın təsəvvür yaransın deyə, yaxşı olar ki, əvvəlcə orijinalı və hər iki tərcüməni əyani olaraq diqqətə çatdıraq". Amma mənim tərcüməmdə beşinci misranı (Onun bu örnəyi dərsdi qalana) yaddan çıxarırsınız. Bəlkə də mexaniki səhvdir, fərqinə varmadan təklif edirəm, bir-birindən ciddi şəkildə fərqlənən ilk beş misradan sonra gələn, məna və məzmunca eyniyyət təşkil eləyən doqquz misranı bir daha nəzərdən keçirsəniz, onda görəcəksiniz ki, bu düşüncənin, bu əxlaqın yiyəsi heç vaxt xəstə əmisinin başı üstündə durmayıb.
Deyirsiniz: "bu naqolay sözü (yəni haylaz sözünü) niyə zəhmət çəkib axtarmısınız? Türkiyə türkcəsindədir deyə, lazım oldu olmadı, hər sözü qəbul etməliyikmi? Lakin mənim öz gözəl dilim, oturuşmuş qrammatikam var". Belə cəsarətli vətənpərvər fikirlərinizi alqışlamaqla yanaşı, istərdimki, Xudadat bəy Əzizbəyovun "Azərbaycanca Rusca lüğətini" açıb baxasınız, dilimizdə çox nadir işlənsə də, bu söz orada özünə yer tapıb, rusca mənası da belə açıqlanıb: lodırğ, proqulğhik.
Puşkin, litsey illərində fransızca yazdığı şerdən tutmuş, nəsri də daxil, əksər əsərlərində "povesa" sözünü ( bu söz rus dilində həm də "şalopay" deməkdir) bolluca işlədib. Hamısında da X.Əzizbəyovun lüğətindəki "lodırğ, proqulğhik" mənalarında.
Bu kəlmələrin ikisini də özündə ehtiva eləyən haylazlıq, Onegenin canında, qanındadır.
Yuxarıda Leninin az qala bütün ömrümüz boyu bizi müşayət eləyən şuarını da xatırlatmışdım. Əsl mənası "Öyrənmək, öyrənmək, yenə də öyrənmək" olan o şuar da səhvən "Oxumaq, oxumaq, yenə də oxumaq" kimi tərcümə edildiyindən, biz də oxuduq, oxuduq... heç nə öyrənməyib, sadəcə hərfgir əzbərçi olduq. Başlığa da çıxartdığım bu hərfgir kəlməsini ona görə işlətdim ki, dilimizdə cahangir, fəndgir, fürsətgir, cibgir və s. kimi sözlər varsa, bu söz də rus dilindəki bukvoed mənasını daşıyıb vətəndaşlıq hüququ qazansın. Axı bədii tərcümədə dəqiqlik hərfgirlik deyil, bədii dəqiqlik kimi başa düşülməlidir.
"Mükəmməl tərcümə məktəbimiz yaranmışdır" iddiasını irəli sürürsünüz.Aramızda Puşkindən söhbət getdiyi uçün mən də yalnız ondan tərcümə edilmiş, dönə-dönə nəşrlənmiş tərcümələri nəzərdə tutaraq, belə qənaətdəyəm ki, o tərcümələrin çox böyük əksəriyyətində Turgenyevin təbirincə desək "poeziya heç gecələməyib də". Mükəmməl bildiyiniz o məktəbin tavanı möhkəmcə damır.
Sizin siyahıda qüdrətli şairimiz Abbas Səhhətin adına rast gəlmədim.O Abbas Səhhətin ki, bədii tərcümə işində çox böyük xidmətləri olub və doğurdan da mükəmməl tərcümə məktəbimiz varsa, o məktəbin təməlinə sanballı daş qoyanlardan biri, bəlkə də birincisi məhz Abbas Səhhət olub. Lakin çox böyük təəssüflə deməliyəm ki, o böyük şairimiznin özü də Puşkinin məşhur "Qafqaz" şerinin tərcüməsində orijinalın romantizminə böyük ustalıqla rəyət etsə də, ilk misradaca şairin Qafqaza və qazqazlılara böyük sevgisinə xələl gətirən xətaya yol verib.Puşkin yazır: "Kafkaz podo mnoö. Staö nad sneqami u kraə stremninı". Abbas Səhhət bunu "Qafqaz altımdadır, ən mədhiş olan zirvədə mən" kimi çevirib. "Kafkaz podo mnoö", "Qafqaz mənim altımdadır" kimi tərcümə edildiyindən bir çox oxucularda belə fikir yaranır ki, Puşkin Qafqazı aşağılayıb, ona həqarətlə baxır, onu kətil eləyib altına qoyur. Mən belə sözləri çox eşitmişəm, hətta qələm adamlarından da.Halbuki şair "mən elə bir ucada dayanmışam ki, Qafqaz məndən aşağıda görünür" deyir tərcümədəki yanlışlıq oxucunun fikrini azdırır.
Puşkinin "Ruslan və Ludmila" nağıl-dastanı geniş oxucu kütləsi arasında böyük populyarlıq qazanmış monumental əsərdir. Bunu biz "Yevgeni Oneginin" ilk bəndlərdindən birində oxuculara ünvanladığı "Ruslan və Ludmila heyranı dostlar!" misrasındanda bilirik.
İndi "Ruslan və Ludmila"nın tərcüməsinə nəzər salaq.

U lukomorğə dub zelenıy
Zlataə üepğ na dube tom;
Dnem i noçğö kot uçenıy
Vse xodit po üepi kruqom;
İdet napravo - pesnğ zavodit,
Nalevo-skazku qovorit...

Dillər əzbəri olmuş, informasiya xarakterli bu poetik ricətdə şair zəncirvari, oynaq misralarla oxucunu ovsunlayıb dastanın başlanğıc nəqlinə elə aparır ki, oxucu bunu hiss eləmir:

Tam çudesa: tam leşiy brodit
Rusalka na vetvəx sidit;
Tam na nevedomıx dorojkax
Sledı ne vıdannıx zverey,
İzbuşka tam na kurğix nojkax
Stoit bez okon i dverey...

Mərhum xalq şairimiz bunları belə çevirib:

Dəniz kənarında göy bir palıd var,
Ucalıb göylərə, şaxlı-budaqlı,
Bilici bir pişik gəzib dolanar,
Dövrəsində-qızıl zəncirlə bağlı
Sağı mahnısıyla heyran eləyər,
Sola çox maraqlı bir nağıl deyər.

O möcüz yurdunda qulyabanı var,
Oturub şaxlarda su pəriləri.
Naməlum yollarda məchul heyvanlar
Buraxmış hər yerdə ayaq izləri;
Toyuq qıcları üstündə duran
Qapı pəncərəsiz bir daxmamz var.

Dillər əzbəri olmuş informasiya xarakterli o ricətin tərcüməsində nə o zəncirləmə, nə o oynaqlıq-axıcılıq, nə də oxucu marağını qıdıqlayıb ardınca aparan o əfsun var. Orijinalın üslubundan, tərzindən bir nişanə belə qalmayıb, hərfgirlik baş alıb gedir, nağıl ovqatından əsər əlamət yoxdur. Bu ölüvay misralarda nəinki orijinalın poetikası, heç adı nəsr də gecələməyib.
Puşkinin "Ə pamətnik vozdviq sebe nerukotvornıy" şerinidə M.Rahim çevirib. Şair bu məşhur şeri ömrünün sonlarına yaxın, özünün kimliyini daha dolğun dərk etdiyi bir zamanda, bütövlükdə öz yaradıcılığına yekun himn kimi yazıb. Tərcüməçi bu möhtəbər misranı "Qurduğum bu heykələ dəyməmiş bir insan əli" şəklində çevirib. Əvvəla heykəl qurulmur, yaradılır. İkincisi Puşkinin fəxarətlə vəsf etdiyi heykəl (skulğtura) deyil, abidədir, ürəyin, təxəyyülün iştirakı ilə haqdan gələn ilhamla yaradılır. Haqdan gələn nəsnədə isə, təbii ki, əl iştirak eləmir, ona görə də şair "nerukotvornıy" deyir.
Bu kəskin fikirlərimə görə bəlkə məni qınayarlar da olacaq. Amma nə etmək? Əflatun mənim dostumdur, amma həqiqət ondan irəlidir (Sokrat) .Axı həqiqəti kimsə, nə vaxtsa deməlidir.
Tənqidimiz rəsmi titulların yaratdığı şlaqbaumu qaldırmağa cəsarət eləmir. Dövlətin səxavətlə ayırdığı maliyyələr bu sayaq tərcümələrin hesabına havaya sovrulur. Belə bərbad tərcümələr dönə-dönə nəşr edildikcə yaxşı niyyətlə ayrılan məbləğlər havayı xərclənir, orijinal müəllifləri də, oxucular da mağmın vəziyytdə qalır.
İndi bizim çox yetkin tənqidçilərimiz var. Əfsus ki, onlar bu sahəyə heç gözlərinin ucuyla da baxmır. Elə bil fil qulağında yatıblar. Yox səhv elədim, yatmayıblar, elə həmin filin qulağında isti yer tapıb öz maraqlarını tərcümə ədəbiyyatının taleyindən üstün tutub, yaxınlarını, simsarlarını, qohum qardaşlarını mədh eləməklə milçəkdən fil düzəltməklə məşğuldurlar. Bəlkə onları Nizaməddin Şəmsizadənin "Ədəbiyyat qəzetinin" mart nömrələrindəki "Tənqiddlə meyarsızlıq sindromu" silkələyə?!
Mən istəyirəm ki, tənqidimiz tərcümə təsərrüfatımızı da saf-cürük eləsin və Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif, Əli Kərim, Məmməd Araz, Nəriman Həsənzadə dilimizdə necə oxunursa, tərcümə olunan poeziya nümunələri də eləcə oxunsun: rəvan, aydın, səlis, anlamlı.
Bu sahədə mən özüm hazırda Əli Kərimin təsvir etdiyi " nəzarətdən, nəsihətdən uzaq bir tənha buruq kimiyəm, payıma düşən işlə məşğulam. Puşkinin "Ruslan və Ludmila" nağıl dastanını və daha üç başqa poemasının yenidən tərcümə eləyib, "Bədii tərcümə mərkəzinə vermişəm. Nağıl-dastanın yuxarıda misal gətridiyim ilk misralarını Sizin və dəyərli oxucuların nəzərinə çatdırıram:

Körfəz qaşında bir yaşıl palıd,
Yaşıl palıdda bir qızıl zəncir,
Zəncirdə-pişik, rəngi şabalıd,
Gecəbəgündüz dolanıb səkir;
Sağa gedəndə mahnı oxuyur,
Sola dönəndə nağıl toxuyur...

Ora möcüzədir, orda div gəzir,
Çıxıb su pərisi budaqda əsir;
Məchul cığırlarda, məchul ləpirlər,
Məchul vəhşilərdən şübhə səpirlər;
Toyuq qıclarında dayanan kümə
Qapı-pəncərəsiz həsrətdir günə...

Bəyənsəniz izləyib kitab çıxanda ardını da oxuyarsınız.
Hörmətli həmkarım Etibar Etibarlı!
Şəxsi tanışlığımız olmasa da, o sərt məktubunuzu oxuyanda inanın ki, zərəcə incimədim, əksinə Sergey Yeseninin "Pogt pogtu kunak!" (yəni şair şairin dostudur, qonağıdır) misrasını xatırladım.
Cavabımda şair şəstinizə toxunan bir şey oldusa, lütfən bağışlayın.
Nəhayət, bu uzun izahatıma (cavabıma) son nöqtə kimi təxminən 50-60 il bundan qabaq aşığın dilindən eşitdiyim ikicə misranı, eyni ovqatla, həm Sizin, həm də özümün ünvanıma, ürəyimdə zümzümə elədim:

A bimürvət, a biinsaf, a zalım,
Yaxşı dosta yaman demək olarmı?!