adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 May 2017 21:01
13003
ƏDƏBİYYAT

Dəmir Daban

Bayırdan gələn, getdikcə artan münaqişə səsi işimi yarıda qoydu. Əlimdəki kağızları masanın üzərinə qoyub eyvana çıxdım. Bizim eyvan binanın arxa tərəfinə baxırdı. Ortadakı köhnə uşaq parkı bizim bina ilə birlikdə üç binanın arasında yerləşirdi. Parkda yerə basdırılmış, türbəyə bənzəyən dairəvi dəmirlərdən və paslı yelləncəkdən, bir də kənarda iki taxta oturacaqdan başqa heç nə yox idi. Onların da taxtaları qırılmış, çürümüş, qaralmışdı. Səhərdən bəridir durmadan yağan yağış bir az əvvəl dayanmışdı. Asfaltın alçaq hissələrində, torpağın çuxur yerlərində kiçik su gölməçələri yaranmışdı. Soyuq külək adamı titrədirdi.
Parkın sağ tərəfinə baxıb iki nəfərin münaqişə etdiyini gördüm. Birisini tanıyırdım. O, qaldığımız binanın yanındakı böyük supermarketin anbarında çalışırdı, adı Kamil idi. Nə zaman anbara mal gəlsə dolu qutuları daşıyar, boş, lazımsız kartonları kəsib iri setka arabalara yığardı. Onunla birlikdə çalışan cavan uşaqlar qışqırıb çağırarkən eşitmişdim adını. Bəzən anbarın qarşısında oturub çay içərkən görürdüm onu, bəzən də özündən on beş-iyirmi yaş kiçiklərlə deyib-gülərkən. Üzündə sərçə barmağımın üçdə biri qədər, yarıağarmış saqqalı vardı. Əynindəki bol cins şalvarı iki ildir görürdüm. Çöhrəsində uşaqlara xas təbəssüm olurdu, elə bil bu görünüş üzünə həkk olmuşdu. Bunu ona heç kim mane olmadan, səssizcə çalışdığı zaman sezirdim. İndi isə isti baxışlardan, zəhmətkeş simadan əsər-əlamət qalmamışdı. Qarşısındakı hündürboy, eynəkli cavanla ucadan münaqişə edir, bir-birilərinin sözünü kəsirdilər
- Əlli gün olub, heç olmazsa yarısını verin.
- Tələsmə deyirəm də, özün də görürsən ki, hamısını bölüşdürmüşəm işçilərə, heç nə qalmayıb
- Bəs mən nəyəm?! Mən də burda işləyirəm də. Vallah, çox lazımdır, əşi verin haqqımı çıxım gedim işimə.
- A kişi, sən niyə söz başa düşmürsən?! Mən nə dilində danışıram?! Deyirəm yoxdur indi. İki-üç günə verəcəm bütün pulunu, arxayın ol, - deyib sürətlə uzaqlaşdı dəst paltarlı hündürboy adam. O gedib arxa qapıdan marketə girənə qədər Kamil dayı dodaqlarını bir-birinə sıxıb arxasınca baxdı. Belə başa düşdüm ki, əməkhaqqı iyirmi gün gecikmişdi və hələ də vermirdilər.
Axşam supermarketə girdim. Biz hər zaman buradan alış-veriş edirik. Aldığım şeyləri kassadan keçirərkən qapıdan çöldə həmin adamı gördüm, siqaret çəkir, birisi ilə söhbət edirdi. Əfqandan onun kim olduğunu soruşdum. Əfqanın on doqquz yaşı vardı, tələbə idi. Bir ildən çox idi ki, burada satıcı işləyirdi, biz bir-birimizi tanıyırıq.
- Eşitmişəm müdirin yaxın qohumudur, ona kömək edir. Mühasibatçılığa da nəzarət edir.
- Bəs o biri, bığlı kişi vardıye, ona nə oldu?
- Hə, o çıxdı işdən, gedib Rusiyaya. Bu da çox əsəbidir e, hər şeyə görə danlayır bizi.
Səhər tezdən pəncərənin kənarında çay içərkən maşın səsi eşitdim. Bilirdim ki, bu supermarketə mal gətirən iri maşındır. Burada, əlbəttə ki, qeyri-adi bir şey yoxdu. Sadəcə insan belə şeyləri istər-istəməz əzbərləyir zamanla. Az sonra eyvana çıxdım. Günəşin gözəl işıqları ətrafdakı ağacların seyrələn yarpaqları arasından üzümə vururdu. Bu gün həyatın özü qədər gözəl bir gün idi. Sola baxdım, Kamil dayı qapının ağzına yığılmış qutuların yanında dayanıb əlində dəftərlər olan iki adamla söhbət edir, digər cavan uşaqlar da anbara girib çıxırdılar. Asfaltı çoxdan tökülmüş yolun kənarında on santimetr hündürlükdə geniş beton sahə vardı və bura anbarın kandarı sayılırdı. Gələn hər şeyi birinci bura yığırdılar. Anbarın qapısının altı da elə kandarla eyni hündürlükdə idi.
Payız girəndən bəridir havalar çox zaman buludlu olur, seyrək günlərdə yağış səpələyirdi. Bu hər kəsin qızmar yay günlərindən bəridir həsrətlə gözlədiyi hava idi. İnsanların əlində çətir gəzdirdiyi fəslin ortaları idi artıq. Keçən il dərsimiz doqquzun yarısı başlayırdı və tezdən dərsə gedərkən üşüyürdüm. Günorta dərsdən qayıdarkən isə pencəyimi çıxarıb əlimdə gəzdirirdim. Bu il dərsimiz ikinci növbə olub, indi pencəyimi əlimdə aparıram, axşam küləkdə geyinib gəlirəm. Bu gün isə yamanca fikrim qarışmışdı. İqtisadiyyat fənnindən dərs deyən Tailandlı yaşlı müəllim dərsdən xeyli kənara çıxmışdı. Əlini göyə qaldırıb uca səslə danışır, o əlini yellədikcə pencəyinin qolu bayraq kimi dalğalanır, iri şüşələri olan və tez-tez burnundan aşağı sürüşən ağır eynəyini bezmədən hər dəfəsində gözünə itələyirdi.
- Harada ki zəngin adam var, o ən hörmətsiz, ən xətirsiz, nifrət edilən adamdır, - dedikdən sonra uşaqlardan birisi artıq yarım saatdır qışqıran müəllimə cavab verdi.
- Xeyr, müəllim, siz yanılırsız. O keçmişdən sizdə qalan izdir. O zamanlar elə sosialistlər camaatın altşüuruna yeridirdilər ki, varlılar oğrudur, vicdansızdır, qaniçəndir, nə bilim nədir. İndi isə sizin üçün "Dəmir Daban" dövrü, ya da "trestlər" zamanı deyil. İndi ağlı, zəkası, bacarığı olan qazanır. İndi elmli, bilikli insanların hegemon olduğu zamandır.
- Qışqırma bala, sən özün heç nə danışdığını başa düşmürsən, - müəllim danışdıqca təngnəfəs olurdu. Mən onun nə demək istədiyini başa düşürdüm, amma o, sadəcə fikrini izah etməyi bacarmırdı və bir az da əsəbi buna imkan vermirdi. O, sadəcə olaraq özünü qarşısındakılara yanlış başa salırdı. Mən isə müəllimi dinləyərkən Con Kelxunun sözünü xatırlamışdım: "Orada xalqın iradəsindən asılı olmayan oliqarxlar durub ki, onlar saysız-hesabsız sərvətin acgözlüyü ilə öz aralarında birləşən bir çox müxtəlif, güclü mənafelərin vəhdətindən ibarətdir". Bunun mətləbə çox aidiyyəti olmasa da, eyni şeyi başa düşülürdü. Çünki hazırkı mühit belə idi. Arxa sırada oturan tələbələrdən birisi dərsi daha da qızışdırmaq üçün heç dəxli olmayan bir sual verdi. Belə dialoqlara qulaq qonağı olmaqdan heç də xoşum gəlmirdi, amma dərsdən çıxa da bilmirdim.
Beş gün keçdi, şənbə günü, günorta yenidən parkdan səs-küy gəlməyə başladı, indi səslərin ikisini də tanıyırdım. Əlimdəki kitabı açıq şəkildə çarpayının üzərinə qoyub eyvana çıxdım. Burada uşaqlar tez-tez dalaşıb fikrimi dağılırdı.
Kamil dayını gördüm, qarşısında yenə müdirin köməkçisi olan qohumu dayanmışdı. Yanlarında başqa tanımadığım adamlar da vardı. Onlar gah eynəkli adamı sakitləşdirməyə çalışır, gah da Kamil dayıda cavab qaytarır, qışqırırdılar.
- Sakit ol görək, bağırma üstümə, - deyəndən sonra Kamil dayı sakitləşdi, hirsini basıb başqa cür, sakit izah etməyə çalışdı
- Ay oğul, bu uşaqların məktəbinə, yeməyinə pul lazımdır, ya yox? Səndən öz haqqımı istəyirəm də, artıq bir şey demirəmki sənə...
- Ağsaqqal, eşitmirsən kişi iki saatdır nə deyir?! Yoxdu indi...
- Bir həftə əvvəl də yox idi. Başa düşmürəm, Rəsul işdən çıxan kimi kasıbladınız hamınız? Ona kimi mənim maşım qəpiyinə kimi verilirdi - yenə özündən çıxdı Kamil dayı. Qarşısında ondan dəfələrlə kiçik adamın üzünə baxdı. Bu ürəyitəmiz, cahil, avam adam nə qarşısındakılardan möhkəm qışqıra bilir, nə də qayda-qanundan başı çıxırdı. Rəsul da yəqin ki, Rusiyaya gedən işçi idi, - demişdin üç-dörd günə verəcəm hamısını. Cavan adamsan, utanmırsan yalan danışıb haqq yeməyə? - deyərək üzünü uzun adama tutdu
- Danışığına fikir ver, qoca, baxmaram böyüksən, ya nəsən, iti qovan kimi vurub qovaram səni burdan, - deyib Kamilin supermarketə aid sarı kurtkasından tutub silkələdi. Yanındakılardan birisi sakitcə ona nəsə deyib əlini aşağı salmasını istəyirmiş kimi hərəkətlər etdi. Başımı qaldırıb ətrafa baxdım, mənim kimi daha bir neçə eyvanda adamlar vardı və səssizcə münaqişəni izləyirdilər. Üzərimə bir şey almaq üçün içəri girib tez eyvana qayıtdım. Mən qayıdana qədər münaqişə daha da qızışmışdı
- Ay-hay, zibilə qalsın bu günü. Cəhənnəm olsun sənin pulun da, işin də. İnşallah Allah yediyin bütün haram çörəklərin cəzasını tezliklə kəsər sənə. Tfuu.. - deyib anbara yaxınlaşdı, əsəblə əynindəki iş geyimini çıxarıb yenicə gəlmiş, üst-üstə yığılmış qutularından birinin üstünə atdı. Bir neçə saniyə anbarın qapısına və ətrafına baxdı. Kamil dayının üzündə kədər və təəssüf hissi vardı. On ildi burada çalışırdı. Hər halda üzü qışa gedən bir zamanda heç vaxt narazı qalmadığı yerdən belə ayrılmaq istəməzdi. Yenidən eyvana çıxdım. "Komandirsiz" qalmış iki cavan oğlan qaşqabaqlı halda qapının ağzına yığılmış qutuları anbara daşıyırdılar.
Növbəti gün axşam göy üzünü bulud aldı. Bu qara buludlar keçən günlərə nisbətən daha qəzəbli, daha qəddar görünürdülər. Saat on birdə yağış yağmağa başladı. Mən əlimdəki kitabı bu gecə oxuyub bitirmək üçün özümə söz vermişdim. Bundan sonra hələ 83 səhifə, yəni 4 fəsil qalmışdı.
Saat on iki oldu, yağış güclənirdi. Kitabın bitməsinə 48 səhifə qalmışdı. İşıqları söndürüb çarpayının kənarındakı zəif elektrik lampasını yandırmışdım. Belə eqzotik mənzərələr mənə gözəl hisslər bəxş edirdi. Hələ bu zəif, şam işığına bənzər işığın kitabın səhifəsini sarımtıl rəngdə göstərməsi çox xoşuma gəlirdi.
Saat ikinin yarısı oldu. Sonuncu fəsli idi, kitabın bitməsinə 6 səhifə qalmışdı. Yağan yağış bir-iki dəqiqə əvvəl şiddətli leysana çevrilmişdi. Damlalar durmadan hansısa dəmiri döyəcləyir, tək-tük keçən maşınların təkərindən şırıltı səsi gəlirdi.
Daha beş dəqiqə keçdi, mən kitabın sonuncu səhifəsini oxuyur, müəllifin çatdırmaq istədiyi düşüncələrin ağuşunda uzaqlara gedirdim. Qulağıma səslər gəldi, dayanıb diqqətlə qulaq asdım, qışqırıq səsləri idi. Kimsə kimsəyə çığırır, çağırır, nə isə, aydın olmayan sözlər söyləyirdi. Yerimdən qalxıb üşüyə-üşüyə eyvanın qapısını açdım. Eyvanın kənarına çırpılan yağış damcıları parçalanıb üzümə səpələnirdi. Ətrafa baxdım, səslər supermarketin anbarından gəlirdi. Yağış o qədər güclü yağırdı ki, olanları aydın görə bilmir, səsləri yaxşı eşitmirdim. Qapının üzərində yanan iri ağ işıq ətrafı aydınladırdı. Anbarda çalışan iki oğlan və supermarketin digər işçiləri qaçışırdılar. Birinin "sel düşüb... batıb" kimi nəsə dediyini eşitdim. Daha da irəli gəlib aşağı baxdım. Meyilli, ara yoldan sarımtıl "çay" gedir, binaların divarına dırmaşırdı sanki. Anbar qapısının qarşısındakı on santimetrlik kandar görünmürdü, kiçik su kanalları dolub tutulmuşdu və sel anbar qapısından içəri tökülürdü. Birisi taxtaları yıxıb suyun qarşısına atır, digəri islanıb əzilmiş qutuları qapının ağzına yığmağa çalışırdı. İçəri keçib Kamil dayını xatırladım. Bunun ilahi ədalət və ya təsadüf olduğunu bilmirəm. Amma onun burada işlədiyi müddətdə, on ildə, belə bir şey olduğu yadıma gəlmir. Bir şeyi başa düşmək gərəkdir: heç kimə heç kimi əzmək hüququ verilməyib, o hüququ özləri üçün yazanlar bir gün İlahi Qüvvənin qəzəbinə düçar olacaqlar.