adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Mart 2018 00:25
14055
ƏDƏBİYYAT

Dalğaya dönürəm dəniz görəndə

YƏHYA
PAŞAZADƏ


Qoysana, yaşayım öz dərdlərimi.
Bu qədər qəm-qüssə sənə bəs etmir,
Keçirsən mənim də sərhədlərimi.
Bu dərdlər mənimdir, sənin ha deyil,
Qoysana yaşayım öz dərdlərimi.

Ayrılıq odunda nəfəs almışam,
Həsrətin havası məni boğmayıb.
Dərdlərim gətirib məni dünyaya,
Bəlkə də, heç məni anam doğmayıb.

Daim mən dərirəm meyvələrini,
Dərdlər də dönübdür bar ağacına.
Razıyam biryolluq dərdin yerinə,
Məni çıxarsınlar dar ağacına...

Çəkdikcə dərdlərim çoxalır yaman,
Nə ölçü tanıyır, nə bir hədd bilir.
Elə bənzəyirik bir-birimizə,
Görənlər dünyada məni dərd bilir.

Artar hesabına qəm də, kədər də,
Qəlbinin hökmünə sədd çəkənlərin.
Bu dərdlər heç zaman azalmaz, atam,
Sırası çoxdursa, dərd çəkənlərin.


Arxayın olun

Necə də ağırdır ayaqlarınız,
Dərya da qalıbdır həsrət balığa...
Sizin ayağınız dəydiyi yerlər,
Dönər bircə anda xarabalığa.

Quruyur bulaqlar, yanır çəmənlər,
Əl atsan, çaylaqda daş da tapılmır.
O qədər hönkürdüb ağlatmısız ki,
Adamın gözündə yaş da tapılmır...

Addım atdığımız yollar qayıtmır,
Yollar qovuşanda dağlanırsınız.
Soyuq qapılara bənzəriniz var,
Bir-bir üzümüzə bağlanırsınız.


Haraya gedirsız, artır bəlalar,
Diliniz hər yerə ədavət əkir.
Dərdin ləzzətini siz çəkirsiniz,
Amma əzabını bu millət çəkir...
Sən bizə səhərin yerini
denən

Gecənin yerini göstərən xoruz,
Sən bizə səhərin yerini denən.
Gecə banlayırsan sübhün eşqinə,
Səhər banlayırsan, sirrini denən...

Səhərin üstünə sən banladıqca
Gör necə işığın bulağı batır.
Elə qışqırırsan, bağırırsan ki,
Səsindən dünyanın qulağı batır.

Ya bulud səhərə çəkib pərdəni,
Ya da ki, gecəyə qar işıq salıb.
Adamlar deyirlər, bu yaşda xoruz
Gecəylə gündüzü qarışıq salıb.

Deyirlər, səhəri görür gecələr,
Gecəni, bəlkə də, səhər anlayır.
Bilmir ki, uzanır ömrü gecənin,
Haçan ki, səhərlər xoruz banlayır...

Vaxt, zaman olmayan yerə...
Ta bu şəhərdən gedirəm,
Xeyirdən, şərdən gedirəm.
Vaxt bitən yerdən gedirəm
Vaxt, zaman olmayan yerə.

Otüb keçir son gecə də,
Yollar bağlanıb heçə də...
Tələsirəm, ah, necə də
O haman olmayan yerə...

Daha qərub adlanacam,
Hər əzaba qatlanacam.
Quş olub qanadlanacam
Asiman olmayan yerə...
Çevir ...

Gözlərinin rənginə qarışıb
Göz yaşların,
Süzülür damla-damla
Kirpiklərinin sırasından,
Barmaqlarının arasından
Yanaqlarına,
Dodaqlarına...
Mavi rənglər
Boyayır çiçəkləri,
Otlar, ağaclar göyərir.
Rənglənir meşələr,
Bənövşələr...
Mavi şüşə tutur,
Sanki, baxışların
Göy üzünə,
Yer üzünə.
Qoy təbiət
Gözəlləşsin,
Mavigözlüm,
Yeri, göyü
Əllərintək çevir üzünə...

Durnalar qəlbimdən
köçürlər, sanki...

Özüm də bilmədən, fikirləşmədən,
Hər an təbiətlə bəhs eləyirəm.
Qarışıb günəşin şəfəqlərinə,
Yerdə də, göydə də əks eləyirəm...
Çiçəklə rastlaşıb, çiçək oluram,
Küləklər əsəndə külək oluram...
Dalğaya dönürəm dəniz görəndə,
Suya çevrilirəm təmiz görəndə...
Yarpaqlar solanda payız oluram,
Durnalar qəlbimdən köçürlər, sanki,
Bəzən tək oluram, yalqız oluram...
Köçür duyğularım, hisslərim köçür,
Tənha cığırlardan izlərim köçür...
Keçirəm yolların dumanlarından,
Azıram sözümün ünvanlarından,
Elə bil, bir duman, bir çən oluram,
Həqiqət dediyim sözün üstündə,
Bəzən özümlə də düşmən oluram...
Dağlara baxanda vüqarım artar,
Elə düşünürəm, zənn edirəm ki,
Əlimi uzatsam, zirvəyə çatar.
Sinəm genişlənir çölər, düzlərtək,
İstəsəm, üfüqlər sığar köksümə.
Sanıram, kirpiyim bir an içində
Dünyanı götürüb yığar köksümə...
Mənim sevincimdən uçan quşlar da
Necə sevinərlər, fərəhlənərlər.
Hər gecə, hər gündüz səhifələnib,
Ömür kitabımtək vərəqlənərlər..

Səbrim çoxdur

Göydə qərar tutmuşam,
Yerdə cinahım çoxdur.
Qazandığım savabdan,
Yoxsa günahım çoxdur?..

Eh, yerə necə gəlim
Dərd keçə-keçə gəlim?
Əzablı gecələrim,
Hələ sabahım çoxdur...

Fikirləri çaşdırar,
Alovları daşdırar.
Dünyanı alışdırar,
Sinəmdə ahım çoxdur...

Vaxt çatmır qışlamağa,
Göyü alqışlamağa.
Səbrim bağışlamağa
Çoxdur, Allahım, çoxdur...

Darısqal qaranlığa

Bu köhnəlmiş binada
Dolaşır vaxt kabusu,
Dövran da köhnəlibdir,
Ünvan da köhnəlibdir...
Ağarmış divarlarda
Yuva quran quşlarla,
Damdakı bayquşlarla
Ruhlar karıxıb çıxır
Pəncərədən, qapıdan
Zaman darıxıb, çıxır...
Sükut pozur sərhəddi
Bir danışan, dinən yox.
Burda bu gün, dünən yox,
Sabah da olmayacaq...
Bir anlıq düşündüm ki,
Tarixin vərəqləri
Heç yerdə, heç bir vədə
Bir belə solmayacaq...
İşıq düşür hardansa,
Perikir kölgələr də,
Zülmət də yığışmayır.
Darısqal qaranlığa
Zamanlar sığışmayır...

Alaqlanır

Həqiqət boylanır şübhə, şəkk kimi,
Tərifər qızarır çiyələk kimi...
Yazanlar çoxalır göbələk kimi,
Şeir balaqlanır, söz balaqlanır.
İndi pay umulur qarğışdan belə,
Xeyir axtarılır yanlışdan belə.
Kölgə istəyirlər qamışdan belə,
Söyüdün adına bar calaqlanır.
Yoxdur nişanəsi sirrin sirlikdə,
Bir kəsər qalmayıb daha pirlikdə.
Soğanın xətrinə otla birlikdə
Çiçək alaqlanır, gül alaqlanır.
Şeir yazıram

Narahat fikirlər məni yoranda,
Yağış da görürəm, qar da, boran da.
Sübh tezdən həmişə alatoranda
Xəyallar içində batıb, azıram,
Şeir yazıram.

Günəş üfüqlərdən boylanmayıbdır,
Dan yeri rənglərə boyanmayıbdır.
Təbiət yuxudan oyanmayıbdır,
Vaxtın hüzurunda tək mən hazıram,
Şeir yazıram.

Susub gözləyirəm doğan səhəri,
Aləmi bəzəyir günəşin zəri.
Yerdə dəf etməkçin hər dəfə şəri,
Göylərdə sözümə səngər qazıram,
Şeir yazıram...

Salamla yaşayıram

Salamla atıram hər addımımı,
Hər işi salamla başlayıram mən.
Salam vermirəmsə, yoxam, deməli,
Sanki,salamlarla yaşayıram mən.

Canımda taqətdir, qolumda qüvvət,
Salamdan güc alır hər təkanım da.
Salamla ölçülür vaxtım, zamanım,
Salamla başlanır hər məkanım da.

Həqiqi salamlar bələdçim olur,
Harda ki, yollarda qalıb, çaşanda.
Həyatda salamsız yalqız oluram,
Ancaq çoxalıram salamlaşanda...

Göylər

Başım üstə dayanırlar,
Elə zaman-zaman göylər...
Sökük-sökük çadırları
Ulduz-ulduz daman göylər...

Dözüm verir sıxılana,
Hesab çəkir çıxılana.
Yer üzündən yıxılana,
Olur imdad, aman göylər.

Gah açılır, gah tutulur,
Zülmətlərdən gec qurtulur.
Bəzən tamam unudulur,
Əzab çəkir yaman göylər...