adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2018 09:26
55919
GÜNDƏM

Canavar sevgisi!

ÇİNGİZ ƏNVƏROĞLU

(əvvəli ötən sayımızda)

Babamın bu sözləri məni çox təsirləndirdi. Canavarlar öz sevgilərini yəni bu qədər dəyərləndirirlər? Bəs bəzi insanlar niyə belə deyil? Bu suallar məni çox düşündürdü. Səhər alaqaranlıqda quşların öz yuvalarından oxumaq səsləri gələndə yenə hərə öz işi ilə məşğul olmağa başladı. Babam mənə tapşırdı ki, avçarkanın başını bağlayım, qar-qaraya salım. O başı bağlanmağa öyrəşməmişdi və buna görə də axşama qədər zingildəyə-zingildəyə bir yerdə oturdu. Elə bil gözü yolda, qulağı səsdə idi. Axşama yaxın qayalıqdan dişi canavarın səsi gəldi. Avçarka yatdığı yerdən dik atılıb durdu. Dartınıb açılmaq istədi, məni görüb yazıq-yazıq zingildədi. Mən babamın qorxusundan onun başını aça bilmirdim. Amma içimdə onların sevdalı görüşünü görmək həvəsi yaranmışdı.
Bir gün sonra babam iki qoyun kəsib, soyub əti təmiz dəsmala büküb atına minib arana getdi. O, ata çox rahatlıqla minirdi və at belində daha gümrah görünürdü. Atları özünə ram etməkdə babamın xüsusi jokeylik məharəti var idi. Babam gedəndən bir müddət sonra ara sakitləşdi, mənim diqqətim avçarkada idi. Onun baxışları isə qayalığa dikilmişdi. Birdən qayanın yanından dişi canavarın səsi gəldi. Avçarka yenə yerindən qalxıb dartındı və zingildəməyə başladı. Mən tərəddüdlə ona baxdım, nə edəcəyimi bilmirdim. Birdən nənəm yadıma düşdü. Bu məsuliyyəti onun boynuna qoymaq olar deyə alaçığa qaçdım və nənəmə dedim ki, avçarka yazıqdır, iki gündür başı bağlıdır, o bağlanmağa öyrənməyib, nənə, icazə ver onun başını açım, bir az oynasın. Nənəm dedi:
-Yaxşı a bala, aç, bir az oynasın, amma baban gələnə qədər yenə bağla.
Mən qaça-qaça gedib onun başını açdım. O güllə kimi qayalığa tərəf qaçdı. Mən də onun arxasınca qaçıb ağaca dırmaşıb həmişəki yerimdə oturub onların görüşünə tamaşa etməyə başladım. Onlar bir-birinə çatmağa bir neçə metr qalmış dayandılar və ikisi də quyruğunu saga-sola yellədə-yellədə yaxınlaşıb biri-birini iylədilər. Avçarka qabaq ayaqlarını qaldırıb insan kimi onun boynuna qoydu və üzünü, ağzını yalamağa başladı. Onlar bir neçə dəqiqə beləcə sevişdilər. Sonra avçarka dişi canavarın arxasına keçdi. Dişi canavar sakit dayandı. Avçarka onun arxasını bir neçə dəfə iylədi. Dişi canavar yenə sakit dayanıb durmuşdu. Avçarka qabaq ayaqlarını qaldırıb onun belinə qoydu... Bu, bir neçə dəqiqə davam etdi. Birdən zəhmli bir səs gəldi. Mən yuxarı baxdım, erkək canavar qayanın üstündə durub ağzı göyə ulayırdı. Bu səsi eşidən kimi dişi canavar ayrılmaq istədi, amma avçarka onu qabaq ayaqları ilə qucaqlayıb elə tutmuşdu ki, buraxmaq fikri yox idi. Dişi canavar ayrılmaq istəyib yenə dartındı. Avçarka onun belindən qabaq ayaqlarını götürüb yerə düşdü, amma onlar ayrıla bilmədilər. Dişi canavar yenə dartındı, bu dəfə o yavaşca zingildədi. Mən anladım ki, onlar çatağa düşüblər. Dişi canavar yenə dartınıb ayrılmaq isdədi, amma alınmadı. O yenə zingildədi, onun səsini eşidən kimi erkək canavar qayanın üstündən düşüb onlara tərəf gəlməyə başladı. Erkək canavar onlara yaxınlaşdıqca dişi canavarın həyəcanı artır, daha cəld hərəkətlərlə dartınırdı. İndi onlar dal-dala durmuşdular. Erkək canavar onları belə vəziyyətdə görüb bir anlıq dayandı və qəzəblə murıldayıb onlara tərəf cumdu. Dişi canavar yenə yazıq-yazıq zingildədi. Amma erkək canavar buna məhəl qoymayıb sürətlə onlara tərəf qaçdı. Onlara çatan kimi uzun ağ dişləri ilə dişi canavarın boynindan yapışıb var gücü ilə onu havaya tulladı. Dişi canavar da avçarka da havaya qalxıb fırlanıb yerə çırpıldılar və bir-birindən ayrıldılar. Avçarka yerdən qalxan kimi yatağa tərəf qaçmaq istədi, amma erkək canavar ona imkan vermədi və qabaq ayağından dişləri ilə yapışıb yenə onu boynu üstündən tulladı. Bu dəfə dişi canavar qaçmaq istəyəndə erkək canavar onun boğazından yapışıb yerə yıxdı və mırıldaya-mırıldaya onu boğmağa başladı. Avçarka fürsətdən istifadə edib axsaya-axsaya yatağa tərəf qaçdı. Erkək canavar dişi canavarı boğduqca o yalvarıcı səslə zingildəyirdi. Bir azdan onun zingiltisi xırıltı ilə əvəz oldu. Bir neçə dəqiqədən sonra dişi canavarın xırıltısı da dayandı, ayaqlarının çabalaması da. Erkək canavar onun boğazını buraxdı. Dişi canavar hərəkətsiz halda yerdə qaldı. Erkək canavar sanki nifrətlə onun cəsədinə xeyli baxdı. Onun gözlərindən axan yaş damlaları dişi canavarın açıq qalan gözünə düşürdü. Erkək canavar onun öldüyünə tam əmin olduqdqan sonra yavaş-yavaş qayalığa tərəf getdi. Erkək canavar tamam gözdən itəndən sonra mən ağacdan düşüb ölmüş dişi canavara yaxınlaşdım. Onun dərisi bir neçə yerdən cırılmışdı, boğazının altından axan qan otların arasında laxtalanmışdı. Mən yatağa qayıtdım. Avçarka öz yerində sakitcə oturmuşdu yarasını yalayırdı. Mən onun başını bağlamaq istədim, amma boynunu qanlı görüb bağlamadım. Uzun illərin həyat təcrübəsi olan babamın canavarlar haqqında dediklərini o gün əyani olaraq gördüm. Həmin gün axşama qədər babamın canavarların həyat tərzi haqqında dedikləri beynimdə maqnitafon lenti kimi təkrarlanırdı. "Canavarlar çox insanlardan etibarlıdır. Onlar öz sevgilərində sadiq olurlar. Onların cütlüyü ömürləri boyu davam edir. Erkək canavarlar dişi canavara heç vaxt xəyanət etmirlər və dişinin xəyanətini də bağışlamırlar. Dişi canavar da nadir hallarda xəyanət edir. Belə olanda erkək canavar dişi canavarı özü parçalayıb öldürür və sonra yalquzaq həyatı yaşayır".