04 Yanvar 2019 20:33
35084
GÜNDƏM

BÖYÜK MÜTƏFƏKKİRLƏR HAQQINDA DƏYƏRLİ ƏSƏR

Yusif QAZIYEV
Pedaqogika üzrə elmlər
doktoru, professor

İlk öncə qeyd edim ki, Kamal Camalovun elmi fəaliyyəti zəngin və çoxşaxəlidir. Onun indiyə kimi 15-dən artıq monoqrafiyası, dərslik və dərs vəsaitləri, 200-dən artıq elmi-pedaqoji, publisist yazıları əsl elm fədaisi olmaq nümunəsinin göstəricisidir. Xalq pedaqogikası nümunələrində deyildiyi ki, "Alim oldun yaz, nadan oldun qaz". Bu mənada, Azərbaycan məktəb və pedaqoji fikir tarixi, təlim və tərbiyə nəzəriyyəsi, pedaqogika elminin qarşısında duran prioritet vəzifələr pedaqoq alim, əməkdar müəllim Kamal Camalovun başlıca tədqiqat obyekti olmuş, onun elmi fəaliyyətinin əsasını təşkil etmişdir.
K.Camalovun maraq kəsb edən əsərlərindən biri də 224 səhifədən ibarət olan "Böyük mütəfəkkirlərin maarifçilik ideyaları" adlı monoqrafiyasıdır. Monoqrafiyada böyük mütəfəkkir maarifçi və pedaqoqların (Məhəmmədağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmməd-quluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və Hüseyn Cavid) maarifçilik ideyaları tədqiqat obyekti olaraq araşdırılır. Əsər aktualdır. Əsərin müəllifin özü tərəfindən işlənmiş ön söz əvəzində monoqrafiyanın aktuallığı inandırıcı faktlarla əsaslandırılmışdır. Doğrudan da, Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində "Böyük mütəfəkkirlərin maarifçilik ideyaları"na dair araşdırma gərəkli-dir, əhəmiyyətlidir və indiki çağdaş dövrümüz üçün xüsusilə aktualdır. Çünki xalqın gələcək taleyinin bö-yüyən nəslin məqsədəmüvafiq təlim-tərbiyəsindən çox asılı olduğunu aydın dərk edən böyük mü-təfəkkirlər həm də odlu-alovlu maarifçi-pedaqoq olmuşlar. Yuxarıda adlarını qeyd etdiyimiz Azərbaycan mütəfəkkirlərinin təkcə bir ideyası onların pedaqoji irsinin tədqiqinə tam əsas verir: "Hər bir millət üçün nicat yolu, balaca uşaqları məktəbə aparıb tərbiyə vermək ilə əmələ gəlir. Əgər belə olmasa heç bir şey fayda bağışlamayacaq". Ona görə də, tədqiqatçı K.Camalovun "Böyük mütəfəkkirlərin maarifçilik ideya-ları" adlı monoqrafiyasının aktual bir mövzuya həsr olunduğunu bir daha etiraf etməliyik.
Monoqrafiya yeddi fəsildən ibarətdir. Monoqrafiyanın "Məhəmmədağa Şahtaxtlının maarifçilik ideyaları" adlanan birinci fəsli bir yarımfəsildən ibarətdir (səh.9-20). "Məhəmmədağa Şahtaxtlı mətbuatın tərəqqisi uğrunda" yarımfəslində pedaqoji fikrin və mətbuatın inkişafı uğrunda aparılan mübarizədə Məhəmmədağa Şahtaxtlının rolu geniş surətdə araşdırılır. Qeyd olunur ki, ensiklopedik alim Məhəmmədağa Şahtaxtlı xalqının maariflənməsi üçün ilk dəfə 1898-ci ildə Azərbaycan dilində "Tiflis" adlı qəzet çıxarmağa cəhd göstərir. Lakin çar senzurası buna icazə vermədiyi üçün Şahtaxtlı yenidən Av-ropaya qayıtmış, 1902-ci ilədək Parisdə yaşamış, Fransa kollecində və Ali Təcrübi Təhsil məktəbində Şərq dillərindən dərs demişdir. "Sükutla qəzetçilik olmaz. Qəzetçi danışmalı və hər şeydən danışmalı"dır deyən M.Şahtaxtlı ikinci dəfə "Şərqi-Rus" adında qəzet çıxarmağa cəhd göstərir və çətinliklə də olsa məqsədinə çatır. Monoqrafiyada dönələrlə vurğulanır ki, qəzet mühüm milli qüvvələrdən biridir. Qəzet də bir məktəb rolunu oynayır. Qəzet həm məktəb, həm də məktəbdən kənar öz işini görür. Millət qəzet vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olur. Qəzeti hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə də faydalı məlumat əldə edə bilməz. Bu mənada qəzet mütləq və müstəqil iqtidarlardan üstündür. O, görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və zə-kasını zənginləşdirir, eybləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır. M.Şahtaxtlı qəzet haqqın-dakı düşüncələrini aşağıdakı sözlərlə ümumiləşdirir: "Qəzet aləmin güzgüsüdür, Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, qəzet məmləkətin hamisi, vəkili, advokatıdır".
Monoqrafiyada maraq kəsb edən məsələlərdən biri də odur ki, K.Camalov pedaqoq, publisist, şərqşünas, dilçi və ictimai xadim Məhəmmədağa Şahtaxtlının cəmiyyətin inkişafındakı rolunu və ba-xışlarını aşağıdakı kimi səciyyələndirir: Elmin təhsil üçün və hansı məqsəd baxımından seçilməsi; Təhsildə inkişafa təsir edən əlamətlərin şərhi; Təlimdə təhsil, tərbiyə və inkişafı təmin edən cəhətlərin gözlənilməsi; Humanist məqsədin əxlaqa görə müəyyənləşməsi; Pedaqoji prosesin təhsil, tərbiyə, inkişaf və psixoloji amillərdən əlavə daha bir sıra komponentlərin ola bilməsinin şərhi və s. Təbii ki, bunların hər biri bir konsepsiyadır. Əməkdar müəllim müəyyən edir ki, sərt çar rejimi dönəmində də mübariz M.Şahtaxtlı maarif dolu çağırışlarını etməyi bacarmış və ən əsası da milli mövqedən çıxış etməyi bacarmışdır.
Monoqrafiyanın "Məhəmməd Tağı Sidqi görkəmli pedaqoq kimi" adlanan ikinci fəslinin birinci "M.T.Sidqinin məktəbdarlıq fəaliyyəti və maarifçilik ideyaları" və ikinci "Valideyn-övlad münasibətləri haqqında" yarımfəsillərində (səh.21-36) pedaqoq-maarifçi Sidqinin məktəbdarlıq fəaliyyəti və valideyn-övlad münasibətləri haqqında görüşləri mühüm əhəmiyyət kəsb edir. Monoqrafiyada oxuyuruq ki, Sidqinin şagirdi "Məmməd Səid Ordubai əgər "Əxtər" məktəbini "gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan" təhsil ocağı adlandırırdısa, Cəlil Məmmədquluzadə isə "Məktəbi-tərbiyə"ni "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" hesab etmişdir (Bax: Böyük mütəfəkkirlərin maarifçilik ideyaları. Naxçıvan. "Əcəmi", səh.23). Sidqinin pedaqoji fəaliyyətini, təlim üsulları, tədris, təlim və tərbiyə haqqındakı fikirlərini yüksək qiymətləndirən C.Məmmədquluzadənin "ghəmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün də bir darülürfan hesab olunur" deməsi "Tərbiyə" məktəbinin mütərəqqi maarifçi mövqeyini bir daha əyaniləşdirir. Qeyd olunur ki, 1894-cü ilin ilk dərs günlərindən başlayaraq, Sidqi var qüvvəsini uşaqlara hərtərəfli bilik verməyə sərf etmiş, məktəb üçün ayrıca tədris planı, dərs cədvəli, təqvim iş planı, maliyyə planı, şagirdlər üçün ədəb qaydaları və sairə tərtib edib, məktəbə cəlb olunmuş şagirdlərə hərtərəfli dünyəvi biliklər verilməsinə çalışmışdır. Təbii ki, M.T.Sidqinin yorulmaz fəaliyyəti nəticəsində Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, Rzaqulu Nəcəfov, Əli Səbri Qasımov, Bəhruz Kəngərli, Məhəmmədəli Sidqi və başqaları həqiqi səadət yolunun əbədi qurucuları oldular.
"Valideyn-övlad münasibətləri haqqında" yarımfəslində tədqiqatçı alim M.T.Sidqinin "Qızlara hədiyyə" dərsliyindən "Tərbiyənin təfavütü", "Ata və ana məhəbbəti", "Ədəbli və tərbiyəli Rübabə", "Validə məhəbbəti", "Bala tərbiyəti" və s. əxlaq dolu hekayələrindən bir qismini təhlil edir. Qeyd edir ki, uşağın şəxsiyyət kimi düzgün tərbiyəsinin və sonrakı inkişafının əsası təbii ki, ailədə qoyulur və ailə tərbiyəsinin düzgün qoyulmasından başlayır. Məhəmməd Tağı Sidqi istəyirdi ki, qızlarımız əqidəli, doğrucul, vətənpərvər, milli mentalitetlərimizi sevən və yad təsirlərdən qoruyan kimi böyüsün. Bunun üçün də qızlarımızın özlərinin tərbiyə görməyə ehtiyacı vardır. Bu ehtiyacı da ancaq "analar yetişdirəcək məktəblər" ödəyə bilər. Pedaqoq Sidqi qadının-qızların təhsil almasını vacib bilir və göstərirdi ki, gələcək cəmiyyətin taleyi onların öz uşaqlarına verdiyi tərbiyədən çox asılıdır. O, qızların ailədə feodal-patriarxal münasibətlər əsasında tərbiyəsinə qarşı məktəb tərbiyəsini, sağlam ailə tərbiyəsini qoyur, oğlanlar kimi qızların da yeni məktəblərdə oxumasını tələb edirdi. Əgər hər bir ana məktəb tərbiyəsi görübsə, təbii ki, uşağının da tərbiyəsi ilə düzgün məşğul olar. Ümumi bir fikir şəklində bildirək ki, K.Ca-malov haqlı bir fikirlə bildirir ki, Sidqinin dərsliklərindən və yaxud başqa əsərlərinin yaranma tarixindən, yuxarıda qeyd etdiyimiz kimi, təxminən bir əsr keçməsinə baxmayaraq müasir dövrümüzdə belə tərbiyəvi əhəmiyyətini itirməyən ata-anaya hörmət, qayğı və sayqı, həmçinin ata-ananın uşaqlara nəsihət və vəsiy-yətləri öz tər təravətini qoruyub saxlamaqdadır.
Monoqrafiyanın üçüncü fəsli "Qurbanəli Şərifzadənin pedaqoji görüşləri" adlanır (səh.37-52). Qeyd etməyi zəruri hesab edirəm ki, Q.Şərifzadə pedaqoji fikir tarixində öyrənilməmiş maarifçilərdən biridir.
Görkəmli tədqiqatçı alim Əziz Şərifin atası olan Qurbanəli Şərifzadənin milli maarifçilik meylləri, mədəni tərəqqi uğrunda mübarizəsi Azərbaycan pedaqoji fikir tarixi araşdırıcılarının ətraflı təhlilindən kənarda qalmışdır. Halbuki, söz xiridarı olan Şərifzadənin xalqın maariflənməsi uğrunda apardığı mübari-zə və əməli xidmətləri, fikirləri, ideyaları, əsərləri tədqiqə cəlb olunmalı, vəhdətdə araşdırılıb ümumiləş-dirilməli idi. Təqdim olunan monoqrafiyada əsasən mətbuatın yaranmasını şərtləndirən ictimai-mədəni mühiti səciyyələndirməkdə, pedaqoji hərəkatın səciyyəvi xüsusiyyətlərini üzə çıxarmaqda, təhsil-tərbiyə nəzəriyyəsinin və demokratik pedaqoji fikrin inkişafında Q.Şərifzadənin fəaliyyətini müəyyənləşdirmək ilk dəfə Kamal Camalov tərəfindən cəhd olunmuşdur.
Monoqrafiyada "Mozalan", "Hacıleylək" və başqa gizli imzalarla tanınan Q.Şərifzadə "Molla Nəsrəddin" jurnalının maddi və mənəvi dostu kimi və həmçinin milli maarifçilik məsləkinə, türkçülüyə bağlı vətənpərvər ziyalı kimi təhlil olunur. Qeyd olunur ki, mollanəsrəddinçi Qurbanəli Şərifzadə yeni üsullu məktəb məsələlərinə biganə qalmamışdır. Naxçıvanda məktəb və maarif məsələləri ilə ciddi ma-raqlanmış, həmçinin Azərbaycanda məktəb və maarifin qarşılaşdığı çətinlik və problemlər haqqında yuxarı dairələr qarşısında məsələlər qaldırmış, Qafqaz şeyxülislamına, Qafqaz maarif direktorluğuna tən-qidi dolu məktublar ünvanlamışdır. Camaat müəllimi kimi tanınan Qurbanəli Şərifzadənin pedaqoji fəaliyyəti tədqiqatçı alim K.Camalov tərəfindən geniş təhlil olunaraq ümumiləşdirilmişdir. Monoqrafiyanın bu fəslindəki yeni, təqdirəlayiq və əhəmiyyətli cəhətlərindən biri də odur ki, Q.Şərifzadənin yaradıcılığında xalqa, vətənə, ailəyə, təbiətə və əməyə yeni münasibətlər üzə çıxarılır. Monoqrafiyanın "Cəlil Məmmədquluzadənin pedaqoji görüşlərinin təşəkkülü və inkişafını şərtləndirən amillər" adlanan dördüncü fəslində (səh.53-98) "Cəlil Məmmədquluzadə tədqiqatçıların təhlilində", "Məktəb və maarif ideyalarının təbliği", "Dilimizin saflığı uğrunda mübarizə", "Xalqa, vətənə məhəbbət ideyaları" və "Qadın və onun cəmiyyətdə rolu" kimi yarımfəsillər yeni elmi-aktual nəzəriyyələr K.Camalov prizmasından araşdırılmış və təhlilə cəlb olunmuşdur. Fəslin hər bir yarımfəsilləri yüksək tədqiqatçılıq bacarığı ilə yazılmışdır. Bu fəsildə müəyyən edilir ki, Cəlil Məmmədquluzadə pedaqoji fəaliyyətinin ilk günlərindən həm böyüyən nəslin, həm də yaşlıların təlim-tərbiyəsi məsələləri ilə ciddi məşğul olmuşdur.
Mirzə Cəlilin elə bir yaradıcılıq fonunu tapmaq olmaz ki, orada məktəb-maarif, təlim-tərbiyə məsələlərinə toxunulmamış olsun. Bu fəsildə C.Məmmədquluzadə-nin məktəblərdə ana dili dərslərinə verilən saatları artırmaq, yeni mükəmməl proqramlarla fənləri tədris etmək, məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, məktəblərin tətillərini düzgün bölüşdürmək, vahid dərs bölgüsü və dərs cədvəlinə əməl etmək, ibtidai təhsilin ümumi və məcburi olması, təlimdə yeni üsullardan istifadə etmək və faydalı dərsliklər hazırlamaq kimi ideya və görüşləri təhlilə cəlb olunur, çox dəyərli nəticələr əldə edilir. Biz də, bu nəticələr ilə tam razılaşırıq.
Monoqrafiyanın beşinci fəsli "Məmməd Səid Ordubadi təlim-tərbiyə haqqında" (səh.99-113), altıncı fəsli isə "Əliqulu Qəmküsarın ictimai-pedaqoji hərəkata dair görüşləri" (səh.114-122) adlanır. Qeyd olunur ki, Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafında Məmməd Səid Ordubadi və Əliqulu Qəmküsarın fəaliyyətinin müəyyənləşdirilməsi, məktəb və maarifin inkişafındakı xidmətləri, bu sahədə barışmaz qüvvələrlə mübarizəsinin təhlili, təlim və təhsil, əxlaq, əmək, ailə tərbiyəsi və qadın təhsili ilə bağlı mövqelərinin müəyyənləşdirilməsi ilk dəfə olaraq Kamal Camalov tərəfindən qarşıya qo-yularaq öz həllini tapmışdır. Aparılan təhlillərdən belə nəticəyə gəlirik ki, Məmməd Səid Ordubadi və Əliqulu Qəmküsar hələ öz sağlıqlarında ədəbi-pedaqoji şöhrət zirvəsinə qalxmışlar. Onların yüksək ideyaları və parlaq istedadları həmişə oxucuların ürəyinə yol tapacaqdır. Gənc oxucular həmişə maarifçilərin yaradıcılığından ilham alacaq, Vətəni sevməyi, Vətənə bağlılığı və həyat müdrikliyini onların yaradıcılığından öyrənəcəkdir.
Monoqrafiyanın yeddinci fəsli (səh.123-212) romantik şair "Hüseyn Cavid yaradıcılığında təlim və təhsilin demokratikləşdirilməsi" adlanır. Görkəmli Azərbaycan maarifpərvəri Hüseyn Cavidin ədəbi-bədii, fəlsəfi irsi ilə bağlı dəyərli araşdırmalar aparılmış olsa da, lakin indiyə qədər onun da zəngin pedaqoji irsi, müəllimlik fəaliyyəti araşdırılmamış, onun maarif, məktəb, təlim-tərbiyə, qadın təhsili, uşaq ədəbiyyatı və s. ilə bağlı fikirləri sistemləşdirilməmişdir. Halbuki, onun pedaqoji irsi bu gün də böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır. Onun Azərbaycanın pedaqoji fikir tarixində xüsusi yeri və mövqeyi vardır. Məhz elə buna görə də Hüseyn Cavid yaradıcılığındakı pedaqoji ideyaların üzə çıxarıl-ması, müqayisəli şəkildə təhlil olunması və sistemləşdirilməsi Kamal Camalov tərəfindən qarşıya məqsəd qoyulmuşdur. Monoqrafiyada ilk dəfə olaraq H.Cavidin yaşayıb fəaliyyət göstərdiyi mühiti, ictimai-siyasi baxışları və yaradıcılığının ideya mənbələri müəyyənləşdirilmiş; H.Cavidin pedaqoji ideyaları və fəaliyyəti elmi-pedaqoji aspektdən təhlil edilmiş; Təlimin mahiyyəti, məzmunu, prinsip və metodları, ümumi, icbari, pulsuz olması ilə bağlı H.Cavidin fikirləri üzə çıxarılmış; H.Cavidin uşaq şeirləri elmi pedaqoji dəyərdən aydınlaşdırılmış, həmin bədii örnəklərin Azərbaycan pedaqoji fikir tarixində rolu dəqiqləşdirilmiş, H.Cavidin, vətənpərvərlik, humanizm, yoldaşlıq-dostluq, ailə, əmək tərbiyəsi ilə bağlı fikirləri sistemləşdirilmiş; H.Cavidin pedaqoji ideyalarının müasir dövr üçün əhəmiyyəti göstərilmişdir.
Ümumilikdə hər bir fəsildə inandırıcı arqumentlərlə sübut olunur ki, böyük mütəfəkkirlər Azər-baycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində qabaqcıl bir maarifçi, elm, mədəniyyət carçısı və mütərəqqi fikirli ictimai xadim kimi tanınmış görkəmli simalardan olmuşlar. Onlar ərəb, fars, rus, fransız, alman və s. dilləri mükəmməl bildiklərindən dünya pedaqiji fikir tarixinə, elmi-pedaqoji fikrə bələd olmuş və ondan bəhrələnmişlər. Məktəb, maarif, təlim-tərbiyə məsələlərində qabaqcıl nəzəriyyə və təcrübəyə əsaslanmaqla, başqalarının mədəniyyətini kor-koranə təqlid etməyin heç vaxt tərəfdarı olmamışlar.
Tədqiqatçı sübut edir ki, böyük mütəfəkkirlər türkdilli xalqların ortaq mədəniyyəti, təlim-tərbiyə və təh-sili, həmçinin zəngin pedaqoji ideyalarının tədqiqi, təbliği və tədbiqi sahəsində də ilkin addımlar atmışlar. Tədqiqatçı alimin gərgin əməyi sayəsində problemin mahiyyəti, qoyuluşu və tədqiq olunma vəziyyəti tam öyrənilmiş, qarşıya qoyulmuş məqsədə çatmaq üçün aparılmış tədqiqat mexanizmi düzgün müəyyənləşdirilmiş, problemin həlli imkanları və optimal yolları üzə çıxarılmış, elmi şəkildə əsaslandırılmış, bu sahədə çox əhəmiyyətli elmi nəticələr əldə edilmişdir.
Ümumiyyətlə, fəsillər elmi-nəzəri və metodik baxımdan çox yaxşı səviyyədə işlənmişdir və yüksək qiymətə layiqdir. Bunu, əsərin daxilində verilmiş ədəbiyyatlar da təsdiq edir.
Sonda belə nəticəyə gəlirəm ki, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi Kamal Camalovun "Böyük mütəfəkkirlərin maarifçilik ideyaları" adlı monoqrafiyası Azərbaycanda maarif sahəsində yeridilən siyasət, klassik və yeni tipli məktəblər, onların fəaliyyəti, həmin dövrün maarifçiləri haqqında düzgün və aydın təsəvvür yaradır. Bu əsər pedaqoqlar, doktorantlar, dissertantlar, tarixçilər, metodistlər, müəyyən mənada ədəbiyyatşünaslar üçün də dəyərli elmi mənbədir. Daim axtarışlarda olmaqla Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişafı sahəsində yorulmadan çalışan, yaradıcılığının bir hissəsini də böyük mütəfəkkirlərin maarifçilik irsinin araşdırılmasına həsr edən Kamal Camalova möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.