adalet.az header logo
  • Bakı -°C
04 Oktyabr 2016 09:22
37999
GÜNDƏM
A- A+

Beynəlxalq Kommersiya müqavilələrinin anlayışı

Beynəlxalq kommersiya müqaviləsi dedikdə nə başa düşülür? Beynəlxalq ticarət müqaviləsi dedikdə ən az iki müxtəlif dövlətin subyekləri arasındakı ticarət münasibətlərini nizamlayan, beynəlxalq ticarət qanunvericiliyi və lex marcatoria ilə tənzimlənən müqavilə nəzərdə tutulur. Beynəlxalq kommersiya müqaviləsi dedikdə isə beynəlxalq müqavilələrin müxtəlifliyi qarşımıza çıxır. Belə ki, müqavilənin beynəlxalq adlandırılması üçün müqavilə tərəfləri olan kommersiya obyektləri müxtəlif dövlətlərdə yerləşməlidir. Belə ki, BMT-nin Beynəlxalq alqı-satqıya dair müqaviləsinin yalnız müqaviləyə tərəf olan müxtəlif dövlətlərdə yerləşən kommersiya obyektləri arasında olan alqı-satqı müqavilələrinə tətbiq olunur. Nə müqavilə tərəflərinin milli mənsubiyyəti, nə vətəndaşlığı konvensiyanın tətbiq edilmə meyarina təsir göstərmir.
Bu o deməkdir ki, bu konvensiya müxtəlif dövlətlərə mənsub olan lakin eyni dövlət ərazisində yerləşən təşkilatlar arasında bağlanan alqı-satqı müqavilələrinə tətbiq edilməyəcək. Eyni zamanda bir dövlətə mənsub olan lakin müxtəlif dövlətlərin ərazisində yerləşən kommersiya təşkilatları arasında bağlanan alqı-satqı müqaviləsinə beynəlxalq alqı-satqı müqaviləsi demək mümkün olacaq [5.s-171]. Müqavilənin beynəlxalq ticarət müqaviləsi adlandırılması üçün bu müqavilə ilk növbədə müxtəlif dövlətlərin ərazisində yerləşən kommersiya təşkilatları arasında bağlanmalı və ticari xarakter daşımalıdır. Əgər müqavilə müxtəlif dövlətlərin subyektləri arasında bağlanırsa və beynəlxalq normalarla tənzimlənirsə bu müqavilə beynəlxalq ticarət müqaviləsidir. Müqavilənin predmeti gəlir əldə etmək məqsədilə mal və xidmətlərin alqı-satqısı, işin görülməsi ola bilər. 1980-ci il Vyana konvensiyasına əsasən alqı-satqı müqaviləsinin obyekti şəxsi ailə və ya ev istifadəsi ilə bağlı olmayan daşınar əmlak olmalıdır. Eynilə 1988-ci il beynəlxalq finansal lizinq haqqında konvensiyaya əsasən finansal lizinqlə əldə edilən əşyaların lizinq alanın şəxsi ailə və ya ev istifadəsi üçün nəzərdə tutulmamalıdır. Konvensiyanın fəaliyyəti onun iştirakçısı olan dövlətlərin kommersiya dövriyyəsinin reallaşdırılması çərçivəsində nəzərdə tutulur. Ticari müqavilələr əvəzli xarakter daşıyır. Bu o deməkdir ki, hətta müqavilədə qiymət barəsində razılaşma yoxdursa, kommersiya fəaliyyətini reallaşdırmaq məqsədilə müqavilə bağlayan tərəf bu məqsədlə ödəniş tələb etmək hüququna sahibdir. UNIDROIT prinsiplərinə əsasən əgər müqavilədə qiymət göstərilməyibsə, hesab edilir ki, tərəflər müqavilə bağlanılan zaman kommersiya fəaliyyətində eyni şərtlərlə bağlanan digər müqavilələrə müvafiq ödəniş forması nəzərdə tutublar. Əgər belə bir qiymət yoxdursa, tərəflər ağlabatan qiyməti rəhbər tutmalıdırlar. Beynəlxalq ticarət müqavilələri beynəlxalq ticarət qanunvericiliyinin normaları ilə tənzimlənir. Belə normalar olmadıqda və ya boşluq olduqda müxtəlif hüquqi tənzimləmələr arasında seçim etmək problemi ortaya çıxır. Bu problem aşağıdakı yolla həll edilir. Birinci mərhələ beynəlxalq kommersiya müqavilələrinin beynəlxalq kovensiyalarla tənzimlənməsidir. Bu sahədəki ən mühüm müqavilələrdən biri 1980-ci il Vyana konvensiyasıdır. Bu müqavilə 1988-ci il 1 yanvardan etibarən qüvvəyə minib. Müqavilə 4 hissədən, 101 maddədən ibarətdir. Konvensiya beynəlxalq alqı-satqı müqavilələrinin bağlanması, icra edilməsi və icra edilməməsinə görə məsuliyyət kimi məsələləri tənzimləyir. Bununla belə konvensiya müqavilənin etibarlılığı məsələsini tənzimləmir. Konvensiyanın birinci fəsli müqavilənin tətbiq edildiyi sahəni müəyyənləşdirir. Konvensiya ona tərəf olan müxtəlif dövlətlərin ərazisində yerləşən tərəflərin ticarət fəaliyyətini beynəlxalq xüsusi hüquq normalarına uyğun olaraq tənzim edir. İkinci fəsil "müqavilənin bağlanması" üçüncü fəsil isə "malların alqı-satqısı" adlanır. Konvensiyanın 92-ci maddəsinə əsasən razılığa gələn hər hansı tərəf-müqavilənin imzalanması, ratifikasiyası, qəbulu, təsdiqi zamanı bəyan edə bilər ki, o müqavilənin ikinci və ya üçüncü fəsli ilə bağlı olmayacaq. Vyana konvensiyası alqı-satqı müqaviləsinin bir neçə növünü özündən istisna edir, belə ki, bu istisnaların bəziləri alqı-satqının məqsədi (auksionda satış), digərləri isə alqı-satqının predmetinin xarakteri (qiymətli kağızlar, pullar) ilə bağlıdır. Beynəlxalq maliyyə lizinqi əməliyyatının inkişafı üçün yaradılan yeganə hüquqi sənəd "Beynəlxalq maliyyə lizinqi haqqında konvensiya"dır. Bu konvensiyanın layihəsi UNİDROİT tərəfindən hazırlanıb və 1988-ci ildə Ottavada keçirilən BMT konfransında qəbul edilmişdir. Konvensiyanın 23 maddəsi var. Bu konvensiya ilə eyni zamanda Ottavada "Belnəlxalq faktorinq haqqında konvensiya"da qəbul edildi. Alqı-satqı müqavilələri kimi normaları tənzimləyən bütün beynəlxalq konvensiyalar və onlarla əlaqəli olan faktorinq, lizinq müqavilələri kompleks tənzimləmə təşkil edir [3.s-171]. Bu konvensiyalar dispozitiv xarakter daşıyır. Belə yanaşma müvafiq münasibətin iştirakçılarını dövlətlərin beynəlxalq müqavilədə iştirakından asılı etmir və onlara qarşılıqlı münasibətlərində daha optimal seçim etmək imkanını verir. Beynəlxalq konvensiyalarla yanaşı regional müqavilələrdə beynəlxalq ticarət müqavilələrinin mənbəyi kimi göstərilə bilər. Belə müqaviləyə misal kimi MDB çərçivəsində qəbul edilən 1992-ci il 1 iyul tarixli MDB iştirakçısı olan dövlətlərin təşkilatları tərəfindən malların daşınmasının ümumi şərtləri haqqında müqaviləni göstərmək olar. Beynəlxalq ticarət müqavilələrini tənzimləyən konvensiyalara beynəlxalq kommersiya müqavilələri sferasında unifikasiya edilmiş kollizion normaları ehtiva edən konvensiyalar da daxildir. Bu konvensiyalar tətbiq edilək hüququn seçilməsində mühüm rol oynayır. Belə konvensiyalara belnəlxlq xüsusi hüquq üzrə keçirilən Haaqa konfransında qəbul edilən, 22 dekabr 1986-cı il tarixli müqavilə ilə " Malların belynəlxalq alqı-satqısına dair müqavilələrə tətbiq ediləcək hüquq barədə Haaqa konvensiyası ilə əvəz edilən 15 iyun 1955-ci il tarixli "Malların beynəlxalq alqı-satqısına tətbiq ediləcək hüquq barəsində Haaqa konvensiyası" aid edilir.
1955-ci il tarixli Haaqa konvensiyası ilk dəfə olaraq tətbiq ediləcək hüquq seçərkən tərəflərin iradə azadlığı prinsipini möhkəmləndirdi. 1986-cı il tarixli Haaqa müqaviləsi isə müxtəlif dövlətlərin ərazisində yerləşən kommersiya təşkilatlarına malik olan tərəflər arasında, müxtəlif dövlətlərin qanunlarının kolliziyası zamanı alqı-satqı müqavilələrinə tətbiq ediləcək hüququ müəyyən edir. Konvensiyada müəyyən olunub ki, bütövlükdə müqavilənin və ya onun bir hissəsinin başqa hüquq normaları ilə tənzimlənəcəyi barədə razılığa gələ bilərlər.
Beynəlxalq ticarət müqavilələrinin tənzimlənməsinin ikinci mərhələsi beynəlxalq səlahiyyətli təşkilatlar tərəfindn qəbul edilən sənədlərdir. Belə sənədlərə misal kimi UNCİTRAL[Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası] tərəfindən qəbul edilən 1994-cü il tarixli müqavilə, UNİDROİT tərəfindən qəbul edilən prinsiplər təşkil edir. Beynəlxalq kommersiya müqavilələrinin tənzimlənməsində 1994-cü ildə UNİDROİT tərəfindən hazırlanan beynəlxaq kommersiya müqavilələrinin prinsipləri, Avropa müqavilələr hüququnun prinsipləri, mühüm əhəmiyyətə malikdir [4.s-57].
UNIDROIT prinsipləri beynəlxalq ticarət hüququnda yeni yanaşmadır, belə ki, bu prinsiplər tacirlər tərəfindən razılaşdırılan müqavilə, nə də dövlətlər tərəfindən qəbul edilən beynəlxalq müqavilə deyil . prinsiplər beynəlxalq kommersiya müqavilələrinin bağlanması və icra edilməsinin bütün hüquq sistemləri tərəfindən tanınan əsaslarını əks etdirir.
Prinsiplər bütün beynəlxalq kommersiya müqavilələrinə tətbiq edilə bilər. Prinsiplər beynəlxalq xüsusi hüququn normalarını tətbiq etməyi ehtiva edən milli və ya beynəlxalq hüququn imperativ normaların tətbiqini məhdudlaşdırmır. Tərəflər hər zaman prinsiplərin tətbiqindən imtina edə bilərlər. UNİDROİT prinsipləri beynəlxalq kommersiya müqavilələrinin bağlanması və icra edilməsi eləcə də icra edilməməsinin nəticələrini tənzimləyir.
Avropa müqavilələr hüququnun prinsipləri müqavilə hüququnun ümumi qaydalarını əks etdirir. Buna görə də Avropa birliyinin üzvü olan bütün ölkələrdə tətbiq edilə bilər. Prinsiplər aşağıdakı 3 halda tətbiq edilə bilər:
1. Tərəflər bağladıqları müqavilənin hüququn ümumi prinsipləri, lex marcatoria və ya digər analoji sənədlərlə tənzimlənəcəyi barədə razılığa gəldikdə
2. Tərəflər prinsipləri müqaviləyə daxil etdikdə və ya onların bağladığı müqavilənin bu prinsiplərlə tənzimlənəcəyi barədə razılığa gəldikdə
3. Tərəflər müqavilənin tənzimlənməsi üçün heç bir hüquq sistemi və ya qanunvericilik seçmədikdə
Beynəlxalq kommersiya müqavilələinin tənzimlənməsində müqavilə hüququ praktikasında tətbiq olunan sənədləri hazırlayan beynəlxalq qeyri-hökümət təşkilatlarının aktları mühüm rol oynayır. Beynəlxalq Ticarət Palatasının qayda və tövsiyyələri, Beynəlxalq ticarət terminlərinin təfsiri qaydaları-İNKOTERMS 2000, Beynəlxalq Dəniz Komitetinin tövsiyələri kimi aktlar əhəmiyyət daşıyır.
Belə hallarda beynəlxalq kommersiya müqavilələrinin tənzimlənməsi konvensiyadankənar xüsusiyyət daşıyır. Belə müqavilədənkənar və konvensiyadankənar xarakterli tənzimləmədə UNİDROİT və UNCİTRAL-ın rolunu qeyd etmək olar.
Beynəlxalq kommersiya müqavilələrini xarakterinə görə malların satışı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, təmsilçilik kimi klassifikasiya etmək olar. Malların satışını nəzərdə tutan müqavilələr beynəlxalq alqı-satqı müqavilələri adlanır. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinə bütün milli hüquq sistemlərində və beynəlxalq ticarət hüququnda bu şəkildə anlayış verilir. Alqı-satqı müqaviləsinin predmetinin əldə edilməsində milli hüquq sistemlərində fərqlilik var. Buna görə də bu sahədə beynəlxalq ticarət dövriyyəsinin tələblərinə uyğun olaraq unifikasiya mühüm əhəmiyyət daşıyırdı. 1980-ci il Vyana konvensiyası bu məqsədlə unifikasiya edilmiş aktdır. Konvensiyaya əsasən satıcı əşya və ona aid olan sənədləri müqavilə və konvensiyanın tələblərinə uyğun olaraq təqdim etməli, alıcı isə müqavilə və konvesiyanın tələblərinə uyğun olaraq ödənişi həyata keçirməli və əşyanı qəbul etməlidir. Burada müqavilənin obyekti şəxsi, ev və ailə istifadəsi üçün nəzərdə tutulmayan daşınar əmlakdır. Konvensiya şəxsi istifadə üçün nəzərdə tutulan, auksionda əldə edilən əşyaların alqı-satqısına aid edilmir. Malların istifadəsini nəzərdə tutan kommersiya müqaviləsinə lizinq aid edilir. Lizinq termini anqlo-amerikan mənşəli olub, əşyanın uzunmüddətli icarəsini nəzərdə tutur. Kontinental hüquq sistemində lizinq münasibətləri icarə münasibəti ilə uyğunluq təşkil edir.
Lizinqin növlərindən biri maliyyə lizinqidir. Maliyyə lizinqi münasibətləri UNİDROİT tərəfindən qəbul edilən 1988-ci il tarixli Beynəlxalq maliyyə lizinqi konvensiyası ilə tənzimlənir. Konvensiya şəxsi,ailə və ev istifadəsi üçün nəzərdə tutulmayan hər hansı bir əşyanın maliyyə lizinqi müqaviləsinə tətbiq edilir.
İşlərin görülməsi müqavilələrinə podrat müqaviləsi aid edilir. Podrat müqaviləsi bütün milli hüquq sistemlərində və beynəlxalq ticarət hüququnda tənzimlənir. Bu müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi əsasında müəyyənləşdirilmiş işi icra etməyi, sifarişçi isə razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürür.
Xidmət göstərilməsi müqavilələrinə sığorta, saxlama, daşıma müqavilələrini nümunə göstərmək olar. Bu müqavilələr müxtəlif dövlətlərin milli hüquq sistemləri vasitəsilə tənzimlənir. Beynəlxalq maliyyə dövriyyəsi ticarət nümayəndəsinin iştirakı olmadan mümkün deyil. Buna görə də beynəlxalq ticarət müavilələrinin ayrıca qolu ticarət nümayəndəliyi müqavilələridir. Beynəlxalq kommersiya nümayəndəliyi müqavilələri 1983-cü il tarixli beynəlxalq alqı-satqıda nümayəndəlik üzrə Cenevrə konvensiyası təşkil edir.
Beynəlxalq ticarət dövriyyəsinin inkişafı kommersiya münasibətlərinin faktorinq və françayzinq kimi yeni formalarının yaranmasına səbəb olub. Faktorinq, malların alqı-satqısına dair beynəlxalq müqavilələrin təmin edilməsində ixrac edən üçün kifayət qədər etibarlı müqavilə formasıdır. Beynəlxalq praktikada faktorinqin müəyyənləşməsi üçün müxtəlif yanaşmalar mövcuddur. Bir yanaşmaya əsasən faktorinq kreditin spesifik forması kimi qiymətləndirilir[5.s-34]. Beynəlxalq faktorinqin anlayışını verən əsas sənəd Beynəlxalq Faktorinq haqqında 28 may 1988-ci il tarixli UNİDROİT konvensiyasıdır. Təcrübədə bütün milli hüquq sistemlərində françayzinq müqaviləsi istifadə edilir. Lakin qanunvericilik səviyyəsində françayzinq müqaviləsi yalnız bir neçə dövlətin qanunvericiliyi ilə tənzimlənir. Beynəlxalq françayzinq müqaviləsi üzrə münasibətlər əsasən bağlanan müqavilənin şərtləri ilə, eyni zamanda françayz verənin və ya françayz alanın dövlətinin qanunvericiliyi ilə tənzimlənir.
Beynəlxalq kommersiya müqaviləsinin bağlanması oferta və onun aksepti, standart şərtlər əsasında həyata keçirilir.

İstifadə olunan ədəbiyyat

1.Belov A.P. Mejdunarodnoe predprinimatelğskoe pravo. Moskva.,2001, S.50
2.Buşuev, A. Ö. i dr., Mejdunarodnoe kommerçeskoe pravo, Moskva., 2006
3.Vilkova, N. Q. Doqovornoe pravo v mejdunarodnom oborote,2002
4.Komarova, A.C, Prinüipı Mejdunarodnıx kommerçeskix doqovorov Moskva, 1996
5.Rozenberq, M. Q. Mejdunarodnoe kuplə prodaja tovarov, Moskva ,1995, s 34