adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Sentyabr 2018 21:37
16700
MƏMLƏKƏT

Aprel döyüşçüsü ilə üz-üzə və ya oğul Vətəndə yetişir

Aprel döyüşçüsü ilə üz-üzəyəm. İndi əsgər deyil. 2016-2017-ci illəridə hərbdə qulluq edib. Bilərəkdən "ordu sıralarında qulluq edib" yazmıram. Artıq bir neçə ildir bədnam ermənilərin təcavüzü nəticəsində Azərbaycan əsgəri sadəcə qulluq etmir. Döyüşür, atəşkəsin pozulması, dinc sakinlərin ölməsi, evlərin, mənzillərin dağıdılması, hətta bəşəriyyət üçün ən ləkəli, ən ağır cinayət sayılan uşaq ölümləri ilə nəticələnən hücumların qarşısını alır. Təkcə almır. Hələ ki, ölkə rəhbərinin yürütdüyü sülh siyasətinə uyğun olaraq düşmənə cavab verir.
Bu cavablar sarsıdıcı olsa da, ordumuzun qüvvəsinin çox cüzi bir hissəsindən istifadə edilməklə həyata keçirilir. Burada heç bir hap-göp, şişirtməyə meyl, siyasət yoxdur. Hamı - əsgər də, general da, ön cəbhə də, arxa da, bir sözlə, xalq Ali Baş Komandanın əmrini gözləyir. Afiq də Vətənin səslədiyi, Ali Baş Komandanın əmr verdiyi istənilən an yenidən əsgərə çevrilməyə, əsgər paltarı geyinməyə hazırdır. Tərəddüdsüz, geri baxmadan qaydası ilə, qanunu ilə özünü döyüş bölgələrinə çatdıracaq. Bəlkə də bu günü gözləyir. Ona görə bir qədər dalğın görünür. Nədən danışırıq, danışaq, söz-söhbət gəlib çıxır o qürurlu Aprel günlərinə. Və bilərəkdən "Aprel" sözünü böyük hərflə başlayıram. Aprel döyüşləri təkcə Azərbaycan miqyaslı əməliyyat kimi qiymətləndirilə bilməz. Bu döyüşlər bir tam halında işğalçıya, gözü başqasının torpağında olanlara, sülhü sevməyənlərə və belələrini dəstəkləyənlərə bir ismarıc, bir xəbərdarlıqdır. Nahaq haqqın yerini tuta bilməz. Tutsa da, uzun çəkməz.
Müsahibim Afiqdir, Afiq Amil oğlu Quliyev. Şabran rayonunun Çaraq kəndində doğulub. Orta təhsilini Siyəzən şəhərindəki 2 nömrəli orta məktəbdə alıb. Müəllimlərinin dediklərini, Vətən haqqında söylədiklərini qulaqlarında sırğa edib: Vətəndən pay olmaz!- hər an Afiqin istər ailədə, istərsə də məktəbdə eşitdikləri bu sözlər olub. Doğulub boya-başa çatdığı Çaraq o Çaraqdır ki, məşhur Çaraqqala adını bu kənddən alıb. Doğrurdur, yazılı ədəbiyyata bu qala Çıraqqala kimi düşüb. Bunun səbəbi qalanın adının həqiqətən, "Çıraqqala" olması deyil. El-obada bunu yaxşı bilirlər. El yaddaşı pozulmaz. Elə yaddaşlara istinad edən yerli camaat indi də qalanı əbədi adı ilə çağırır: Çaraqqala! Afiqin də uşaqlığı doğma kəndində və bu ellərin bəzəyi, qürur yeri olan Çaraqqalada keçib, sıldırım qayalar olub gəzdiyi, yördüyü yerlər. Necə də keçməsin? Axı, kənd Çaraqdan qala Çaqraqqlaya vur-tut 10-12 dəqiqəlik yoldur. Qala da, kənd də bir əfsanə, bir gözəllik!

Qoy oğlanlar qayalrda oynasınlar,
Qayalarda dincəlsinlər qartal kimi.
Şiş olsun, sıldırım olsun bu qayalar,
Böyüyəndə bu uşaqlar yəqin igid olarlar.
Gözəllərin həsrətinə oxşamasın həsrətləri,
Rahatlıq verməsin onlara qeyrətləri.
Özlərinin olana qədər torpaqları
Rahatlıq tapmasınlar, qaçsın yuxuları.
Yastıqları bir uşaq nəğməsində deyildiyi kimi,
"olsun yumru-yumru qayalar".
Onda bu oğlanlar torpaqsevən olarlar.
Bizim torpaqlarımızda dalğalanar bizim bayraqlar!

Bəli, Aprel döyüşləri, ondan az sonra Naxçıvanın düşmən əlində olan torpaqlarının azad edilməsi bizim olan hər qarışda bayraqlarımızın dalğalanacağından xəbər verir.
Elə sıldırım qayaların, sərt-sal daşların üstündə ucaldılmış qala Vətənin böyüklüyü, əzəməti, məğlubedilməzliyi hissi yaradır adamda. Bütün əzəmətli, gözəl yerlərimiz kimi, Çaraqqala da müqəddəsləşib. Cavanlar bura təkcə gözəllikdən zövq almağa gəlmirlər. Həm də and yeridir bura polad iradəli oğlanların.
Bu bölgədən səfərə çıxanlar, əsgərliyə gedənlər bir anlığa qalanın qarşısında ayaq saxlayır, baş əyir, Vətənin hər qarış torpağını varlıqları ilə qoruyacaqlarına and içirlər.
Afiqin təbəssüm əskilməyən üzünə baxıram. Amma ürəyimdəm keçən sualı vermirəm. Bilirəm ki, cavab necə düşünürəm, elə də olacaq. Suallarıma təmkinlə cavab verir. Söhbəti döyüşçü dostlarının, komandirlərinin üstünə gətirməyə, onlardan söz açmağa çalışır.
Qəribəlik? Yox, qanunauyğunluq!
Aradan bir gün keçir. Afiqə zəng vururam. Mənə lazım olan bir faktı dəqiqləşdirmək istəyirəm. Fikirləşirəm, həm çay içərik, həm də yazıda istifadə edəcəyim bəzi məsələləri öyrənərəm. Çoxillik təcrübəmdən qəti qənaətə gəlmişəm ki, haqqında yazmaq istədiyin adamla, oçerkinin qəhrəmanı ilə nə qədər çox ünsiyyət saxlasan, yazın bir o qədər maraqlı alınar. Olur ki, həm sənin, həm də qəhrəmanının unutduğu hansı faktsa belə ünsiyyətlərin birində yada düşür...
Telefona cavab verir. Salamlaşırıq. Məqsədimi deyirəm. Bir qədər gec dillənir: - Oqtay müəllim, mən indi atamla, anamla Yevlaxdayıq.
Görünür, təəccübləndiyimi hiss edir. Axı, Çaraqla Yevlax arasındakı məsafə bəlkə də Azərbaycanda bir-birindən ən uzaq nöqtələrdə yerləşən yaşayış məntəqələrindəndir və üstəgəl də, Afiqi dünən lap axşamçağı kənddə görmüşdüm. Tələsik aydınlaşdırır:-Qardaşım Səyyadın hərbi andiçmə mərasimində iştirak etməyə gəlmişik. Atam, anam da yanımdadır. - Səsində bir qürur, fəxr, sevinc hiss olunur. Düşünürəm: Bu gün Azərbaycanda nə rayon var, nə də hansısa digər inzibati ərazi bölgüsü. Azərbaycanda təkcə Qarabağ var, işğal olunmuş torpaqlarımız var. Bütün yollar ora gedir. Bütün nəzərlər ora dikilib. Qarabağ Vətənə çevirilib. İndi hər nə var, işğaldakı torpaqlarımızın azad edilməsi üçündür.
Aprel döyüşləri xalqı bir nəfər kimi birləşdirdi, əzəmərli hadisələr, qəhrəmanlar yarandı. Atatürk - Böyük işləri böyük millətlər yapar, - deyirdi. Bu böyüklük sayla, ərazi ilə deyil, xalqın iradəsi ilə, məzarda torpağa çevrilən ululara sədaqət hissi ilə bağlıdır. Son hadisələr- Azərbaycan əsgərinin üç günlük Aprel döyüşləri bunu lap yaxşı təsdiqləyir. Nə demək olar? Uğurlar arzuladım. İşğal altında olan torpaqlarımızı azad edib, oralarda müqəddəs bayrağımızı ucaldanlardan olsun! Qələbə ilə, sağ-salamat qayıtsın,- dedım. Bu arzumun çin olacağına qəti əminliyim o günləri görəcəyimizə şəhadət verir.
Heç kəsin heç nəyində gözümüz yoxdur. Amma sən də mənə münasibətdə bu prinsiplərə sədaqətli olmalısan. Əks halda, torpaqlarımızın istənilən yolla alınacağına heç bir şübhə ola bilməz!
Afiqin mənə təqdim etdiyi şəkillərə baxıram. Düşmən səngərində çəkilib,-deyir:- Lələtəpə döyüşlərinə qədər düşmən səngəri idi. Bu səngərdən ermənilər atəşkəsi az pozmayıblar. Qarşısını layiqincə alırdıq. Amma torpaq düşmən əlində. Səngər də bu torpaqda. Qısa müddətdə azad etdik. İndi bizdədir. Geri qaytardığımız çoxlu səngərlərdən biridir. Bu səngərdən yxınlıqdakı Lələtəpədə ucaldılmış müqəddəs bayrağımız yaxşı görünür. Döyüş üçün böyük əhəmiyyəti var.
Bu şəkildə isə ata-bala təsvir olunub. Aprel döyüşlərindən cəmi 10 gün keçib. Atası Amil hərbi hissəyə oğlu Afiqlə görüşə gəlib. Ata oğlunun hərbi papağnı başına qoyub. Bi az zarafat elementləri var. Amma bəlkə də geri, evlərinə oğlunun ətrindən daha çox gətirmək istəyi ilə bunu edib. İgidlər hər şeydən əvvəl evdə, sonra məktəbdə, eldə-obada böyüyür, formalaşır, Vətəni, dövləti, dövlətçiliyi sevməyi öyrənirlər. Heç nə unudulmur. Bir də görürsən nə vaxtsa ötəri eşitdiyin bir fikir, valideynlərin hər hansı bir öyüdü bir zaman sənin hərəkətverici qüvvənə çevrilir. Bu mənada Afiqin atası Amil həmişə övladlarına nümunə olub. Hərəkətləri, insanlara münasibəti, əməksevərliyi ilə övladlarının qəlbində heç vaxt silinməyəcək dərin izlər qoyub.
Respublika mətbuatında da məlumat verilib: Qəfildən Afiqin anası Arzu xanım xəstələnib və həkimlər ağır bir diaqnoz qoyublar-böyrəkləri sıradan çıxıb. Tezliklə böyrək köçürülməsə, yaşayacağına ümid yoxdur. Tanışlardan, qohumlardan öz böyrəyini təklif edənlər olub. Amma Amil özü həkimə müraciət edib. Müayinədən keçib. Böyrəyinin həyat yoldaşına köçürülməsi üçün yararlı olduğunu eşidəndə, hansı hissləri keçirib, demək çətindir. İndi həyat yoldaşı ilə, anası Sədircahan xanımla, balaları ilə süfrə arxasında oturub, zəhmətləri ilə qazandıqları halal nemətlərdən nuş edəndə, sevincini gizlətmir. Amma biz hadisəni bu məqama yönəltməklə Amilin fədəkarlığından daha çox bu əməlin Afiqin və onun bacı-qardaşlarının formalaşmasına təsirini qabartmaq istəyi ilə yada saldıq.
İndi - əfsanəvi Lələtəpə döyüşlərinin iştirakçısı kimi söhbət etdiyim Afiqin hər bir sözünə, hərəkətinə ailə, el-oba təsirinin izi görünür. Döyüşçü dostlarının, komandirlərinin döyüş anlarında bir yumruq kimi necə birləşdiyini deyir. - Bölük komandiri baş leytenant Şamil Əliyev döyüş zamanı sanki bir neçə adama çevrilmişdi. Hər an hər birimizin yanında idi. Bunu necə edirdi, necə çatdırırdı, indi də bilə bilmirəm. Amma onu bilirəm ki, bu döyüşlərdə o, "Komandir necə olmalıdır?" sualının cavabınıöz nümunəsi ilə verdi.
Sonra Afiq tağım komandiri leytenant Qəzənfər Dünyamalıyevdən, manqa komandiri çavuş Hafiz Kərimovdan, əsgərlərin döyüş hazırlığında onların rolundan, başlıcası isə əsgərlərə, özləri cavan olsalar da, göstərdikləri atalıq qayğısından danışdı. Əsgər yoldaşlarından- Xaçmazdan hərbi xidmətə çağırılmış Alim Sultanovdan və Elmir Əliyevdən, Yevlaxlı Qaçay İbadzadədən, Goranboylu Fərrux Cabbarovdan söz saldı. Çətin anlarda bir-birlərinə neçə dayaq olmalarından ağız dolusu söz açdı. Ordumuzun bu günkü yüksək əhval-ruhiyyəsi, təchizatı, xalqa sədaqəti və xalqın ona inamı barədə əsgər söhbətini dinləmək insanda qürur yaradır. Bu əsgər adi əsgər deyil. O Apral döyüşlərinin iştirakçısıdır. Bu xüsusiyyətlərin döyüş anlarında necə qabardığını gözləri ilə görüb, Lələtəpədə ucaldılmış müqəddəs bayrağımızın hər bir əsgərdə yaratdığı qürur hissinin şahidi olub.
Afiq indi yenə doğma kəndindədir. Ailəsinə kömək olsun deyə, əsgərlikdən dönən kimi özünə iş tapıb. İşdən sonrakı vaxtlarda da bekar qalmır. Ev təsərrüfatında çalışır. Çalışır ki, heç kəsə yük olmasın, əksinə, zəhməti ilə ailənin güzəranının daha da yaxşılaşdırılmasına öz payını versin.
Cəbhədə cəsur döyüşçü, arxada zəhmətkeş bir gənc olan Afiqə, onun keçmiş komandirlərinə, cəbhə yoldaşlarına uğur arzulayaraq düşünürəm: Belə övladları olan Vətən fəxr etməkdə haqlıdır. Onların işğal altındakı torpaqlarımızı azad edəcəkləri gün uzaqda deyil.
O günün tez doğacağına inanan

Oqtay Abbas,
ADU-nun dosenti,
yazıçı-şair