Görkəmli ziyalı Novruz Allahverdi dünyasını dəyişib

Azərbaycan elminin dünyaya tanınmasında öz töhfəsini vermiş, kompüter mühəndisliyi üzrə tanınmış professor, Türkiyənin Konya şəhərində yerləşən KTO Karatay Universitetinin “Kompüter mühəndisliyi” kafedrasının müdiri Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) vəfat etmişdir.
Qeyd edək ki, Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmiş, 1966-cı ildə Ağdamın 1 nömrəli orta məktəbini gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971) və daha sonra işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında təhsilini davam etdirərək "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya işini müdafiə etmiş (1979) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015), daha sonra KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdiri olmuşdur.
Elmi fəaliyyəti dövründə Novruz Allahverdi 10 kitabın (onlardan 4-ü Türkiyədə nəşr edilmişdir) və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox elmi məqalələrin müəllifi olmuşdur. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi dərc edilmişdir. Google Scholar beynəlxalq bazasının hesabatlarına görə indiyə qədər N.Allahverdinin elmi işlərinə olan istinad sayı 2318-dir.
Novruz Allahverdinin 70-ci illərin sonlarında layihələndirdiyi hiperkub şəklindəki çoxmikropressorlu hesablama sistemi amerikanların diqqətini cəlb etmiş. 1983-cü ildən ABŞ-da istehsal edilən analoji sistemlərdə alimin bu tədqiqatından istifadə olunmuşdur. Novruz Allahverdi ABŞ, Fransa, Almaniya, İtaliya, Bolqarıstan və digər ölkələrdə öz elm sahəsi üzrə keçirilmiş elmi konfrans və simpoziumlarda, eləcə də bir sıra Avropa Birliyi layihələrində iştirak etmişdir. Süni intellektin müxtəlif sahələrində, qeyri-səlis ekspert sistemlərinin layihələndirilməsi və tətbiqi ilə əlaqəli elmi işləri müvəffəqiyyətlə yerinə yetirmişdir.
Novruz Allahverdi dünya elminə bəxş etdiyi uğur və miras qoyduğu zəngin irsi ilə ziyalıların qəlbində daim yaşayacaqdır!
Allah rəhmət eləsin!
Akif Əlizadə
Digər Xəbərlər

“Sirli dolça” premyeraya hazırlaşır

Rusiyalı sənətçilər “Dream Fest”dən uzaqlaşdırıldılar - FOTO

Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi

Məşhur bəstəkar vəfat etdi

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alındı

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO
