1905-1906-ci il erməni-müsəlman davası: Kərbalayı İsgəndərin hadisəsi...
Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:
“Kərbalayı İsgəndərin hadisəsi
Kərbalayi İsgəndər bir şəxs mənə danışdı ki, dava günü biz üç nəfər yuxarı erməni bazarına çıxmışdıq. Bir də gördük ki, ermənilər bir-birinə qarışaraq dükanları bağlayır, əllərində tüfəng və tapança küçələrə çıxır, harada müsəlman görürdülərsə gülləyə tuturdular.
Heç nədən xəbəri olmayan silahsız müsəlmanlar isə bu hücumun qarşısında hərəsi bir tərəfə qaçırdı. Bəzisi qaçıb qurtarır, bəzisi yaralı canını qurtarmağa cəhd göstərir, bir qismi isə yaralı yıxılıb qalırdı. Biz üç nəfər də bu vəziyyəti görüb dəhşətə gəldik və qaçmaq istədik. Lakin gördük ki, bütün dükanların qarşısında silahlı ermənilər dayanıblar. Əgər qaçsaydıq, bizi hər tərəfdən gülləbaran edəcəkdilər. Əlacsız qalıb orada olan bir müsəlman papaqçı dükanına girdik. Dükanın sahibi Aslan adlı bir nəfər idi. Aslan durub tez dükanın qapısını çəkib içəridən bağladı və arxasına böyük şeylər qoydu ki, açmasın.
Bunu görən ermənilər tez qaçıb dükanı gülləyə tutdular. Güllələr qapını deşib içəri keçirdi. Biz isə içəridə hərəmiz bir divar dibinə qısılıb qalmışdıq. Mən birtəhər qalxaraq dükanın arxasındakı taxtanı çıxartdıqdan sonra ona bitişik olan ikinci dükana keçdik. Həmin dükanın sahibi də dükanı bağlayıb getmişdi. Gördük ki, dükanda bir dəstə lavaş və yanında da dolu bir qab su var. Sudan bir az içdik. Sonra fikirləşdik ki, nə edək.
Axşam düşəndən sonra lavaşdan bir qədər yeyib sudan içdikdən sonra həmin dükanda gecələməli olduq. Lakin yata bilmədik. Sübh olan kimi mən qalxıb o dükanın bir tərəfinin divarının üstünü açdım. Mənimlə ordan olanlar isə Dəmirçi Süleyman və Cəmil adlı bir nəfər idi. Mən divarın üstündən aşdığım yerdən gördüm ki, bazar-dükan, ev-eşik tamam od tutub yanır. Alov artıq biz olan dükana yetişirdi. Amma bazarda bir nəfər də olsun erməni görünmürdü. Onların hamısı böyük meydana yığılıbmış. Müsəlmanların da “Ya Əli” sədası eşidilirdi.
Mən alovun yaxınlaşdığını görüb özümü birtəhər açdığım yerdən bayıra atdım. Yoldaşlarıma da xəbər verdim ki, tez bayıra çıxsınlar, od-alov artıq dükana çatır. Onlar hərkət edib divara çıxana kimi od-alov dükanı bürüdü. Onlar karıxaraq ikisi də divarın üstündən dükanın içəri tərəfinə yıxıldılar.
Mən böyük çətinliklə divarların arxasıyla gəlib evimizə çatdım. Gördüm külfətim hamısı ağlaşırlar. Bir qızım özünü saçından asıb Allaha dua edirdi. Elə ki, məni gördülər hamısı ayağıma düşdü”.
Vasif Əlihüseyn
Mənbə: “Mir Möhsün Nəvvabın “1905-1906-ı illərdə erməni müsəlman davaslı” kitabı.
Ardı var...


Bakı -°C

