18 Fevral 2023 14:22
583
ƏDƏBİYYAT

Xalq şairi: “Qadını olmayan ev yasxanadır, tək qaldım”

Xəbər verdiyimiz kimi bu gün Xalq şairi Nəriman Həsənzadənin 92 yaşı tamam olur. Sevilən şairi təbrik etmək üçün biz də onunla telefon əlaqəsi saxladıq. 

N.Həsənzadə özəl günündə sevincini, kədərini Adalet.az-la bölüşdü:

“Təbrikiniz üçün sağ olun. Səhhətim yaxşıdır. Amma qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ mənə çox pis təsir edib. Ona görə kədərlənirəm. Qaldı ki, yaradıcılığımla məşğul oluram. Ədəbiyyatımızda gənclər yetişir. Bir də görürsən gənc bir yazıçı yaşının müəyyən dövründə elə bir əsər yazır ki, hamını heyran qoyur. Bu yaradıclıq mürəkkəbdir”.

N.Həsənzadə təkliyindən də danışıb və çox çətin günlər keçirdiyini bildirib:

“Altmış, yetmiş yaşa çatanda qadınını itirən yaxınım olan kişilərə deyirəm ki, evlənin, ailə qurun. Onlar da mənə deyir ki, bəs sən niyə evlənmədin? Deyirəm ki, başım yaradıcılığa qarışdı. Xədicə rəhmətə gedəndən sonra Peyğəmbərimiz də Ayşə ilə evləndi. Qadın evin dirəyidir, mən ona pərəstiş edirəm. Qadını olmayan ev yasxanadır. Tək qaldım, amma bilmirəm düz və ya səhv elədim. Amma evlənmək o demək deyil ki, sən ölənin xatirəsini unudursan. Qadınsız yaşadınsa, demək ki, yaşamırsan. O mənada qadın əvəzsiz varlıqdır, anadır, ilahi bir varlıqdır. Qadın ancaq xoş söz istəyir. Ona ən böyük mükafat əvəzinə xoş söz de o daha qiymətlidir. Mən belə başa düşürəm”. 

Vasif Əlihüseyn