adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

“Sevinirəm ki, bu yara xalqın yaddaşından silinmir”:  Xocalı soyqırımı - 30

Əntiqə RƏŞİD
2201 | 2022-02-25 13:37

Xocalı soyqırımından 30 il ötür. Amma geriyə dönüb baxanda, o faciələri, hadisələri bir də xatırlayanda, xatırlayarkən də yenidən sarsılanda anlayırsan ki, sanki aradan 30 il ötməyib, sanki, hər şey dünən, srağagün baş verib .

Unutmadıq, unuda bilmədik, çünki o gecə başımıza, namusumuza, mübarizəmizə ümid və arzularımıza elə sarsıdıcı yara, insanlığa uyğun olmayan elə zərbə dəymişdi ki 30 il keçsə də hələ də o yaralar sağalmır.

Bəzən sevinirəm ki, nə yaxşı ki, bu yara bu xalqın yaddaşından silinmir, silə bilmirlər. Bilirsiniz niyə?

Açıqlayım: Əmimin hazırda 80 yaşlı həyat yoldaşı – Zöhrə bibim əslən Abdal kəndindədir. Hələ 1988-ci il hadisələri başlamamışdan çox əvvəllər bizi başına yığıb anası Güllər nənənin danışdığı hekayələri danışardı . Biz o vaxt o hekayələri nağıl kimi qəbul edirdik, dinləyirdik. Güllər nənə danışırmış ki, Qarabağın bir Abdal Qasım adlı çox baməzə, hazırcavab, el arasında hörmətə layiq bir oğlu vardı. Bax həmin Abdal Qasımı ermənilər işğəncə ilə öldürüblər . Kürəyinə samovar bağlayıblar, içinə su töküblər, sonra odluğuna od qoyublar. İnsan oğlunun ərşə qalxan naləsini Güllər nənə ilk dəfə uşaq vaxtı orda eşidir. Bir də kəndin körpə, hələ əli silah tuta bilməyən oğlan uşaqlarını mal pəyəsinə yığıb diri –diri yandırmasından danışanda “nağılçımız”ın da gözü yaşarırdı. Qız- gəlinin namusuna toxunmaq imkanı tapa bilməyən qatillər onları qılıncdan keçirər, yaxud da başını, döşünü kəsərmişlər.

Yaddaş ağrısı - unutqanlıq

Bu hadisələr 1905-ci ildə Qarabağda baş vermişdi. Şuşa qəzasının 12 kəndi – Quşçular, Xankəndi, Xocalı, Qacar, Qaradağlı, Vərəndəli, Hacuğ, Divanallar, Veysəlli, Ağbaş, Avdal, Gülablı kəndlərində. Məlumatlara görə erməni silahlı dəstələri 1905-ci ilin avqust ayından 1906-cı ilin iyun ayınadək müəyyən fasilələrlə Cavanşir qəzasının Xaçın və Tərtər çayları hövzəsində, habelə Ağdərə bölgəsində kütləvi qırğınlar törətmişlər. Cavanşir qəzasındakı azərbaycanlı kəndlərini aradan götürməklə, ermənilər İrəvan, Zəngəzur, Şuşa və Gəncə ermənilərinin birbaşa əlaqəsinə nail olmaq istəyirdilıər. Həmin dövrdə Cavanşir qəzasında mövcud olan 227 kənddən yalnız 39-da ermənilər yaşayırdılar. Erməni kəndlərindəki silahlı dəstələr bütün Cavanşir qəzasını azərbaycanlılardan təmizləmək üçün Hamazaspın komandanlığı altında hərbi əməliyyatlar həyata keçirmişdilər. 1905-ci il oktyabrın 3-də erməni silahlıları Sırxavənd və Əliağalı

kəndlərini darmadağın edirlər. M.S.Ordubadi bu iki kənddə ermənilərin törətrdikləri qırğınları belə təsvir edir: “Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla para-para edir, süngülərə keçirirdilər.”

Sadəlövhlərə qarşı unudulmayan ədavət, nifrət

Bir müddət ara sakitləşdi, qırğınların qarşısı alındı və Qarabağdakı azərbaycanlılarla, ermənilər yenidən xeyri bir, şəri bir camaat oldu. Sadəlövh xalqım yenə də aldandı ermənilərin şirin dilinə və

bir-birinə qonaq getdilər, gəldilər, qohum oldular. Unuduldu o qanlı illər, o məsum körpələrin qanları...

Qaniçən ermənilər buynuzlarını növbəti dəfə qarınlarından çıxarıb qana batırana qədər unutqan xalqım hər şeyin yolunda getdiyinə inanırdı. 1918-ci gəldi və ermənilərin erməniliyini, pisliyini, ədavətini, həyasızlığını unutmadı. Cəmi 12 il sonra 1905-1906-cı il faciələri yenidən başladı.

Sonuncu sarsıdıcı zərbə

Tarixi mənbələrə nəzər salaq: Müstəqilliyin ilk aylarında Azərbaycan Respublikası hökumətinin bütünlüklə Bakının azad edilməsi məsələsi ilə məşğul olmasından istifadə edən Qarabağ erməniləri 22 iyul 1918-ci il tarixli 1-ci kəndli qurultayında Qarabağda Milli Şura başda olmaqla öz inzibati hakimiyyət orqanlarının yaradılması haqqında qərar qəbul etmişdilər. Bəli 1918-1920 –ci illər ərzində Qarabağda minlərlə dinc sakin erməni silahlıları tərəfindən qətlə yetirildi, quyulara töküldü, uşaqlar, qadınlar, qocalar eləcə də yandırıldı,məhv edildi. 1920-ci ilin aprelində Azərbaycanı işğal edən erməni və rus şovinistləri Sovet hökümətini qurdular və özləri bildiyi üsullarla: azərbaycanlıları həbs etməklə, sürgünə göndərməklə, evini, ailəsini dağıtmaqla, ermənilərə Qarabağda yüksək status verməklə qırğınların qarşısını aldı. Sadəlövh xalqımız erməni –rus təbliğatının sayəsində tez bir zamanda 1918-1920-ci il qırğınlarını da unutdu. Cəmi bir neçə ildən sonra ermənilərlə birgə savxoz-kalxozlar yaratdılar, yenə bir-birinə qonaq gedib gəldilər, qız alıb qohum oldular. Unutdular qanı yerdə göl olmuş körpələri...

Dostluq, kirvəlik, qohumluq 1988-ci ilə qədər öz axarı ilə davam etdi. Həmin ilin fevral ayında unutqan xalqıma məlum oldu ki erməni elə 1905-1906-cı, 1918-1920-ci ildəki ermənidir! Heç nə dəyişməyib. Qanlı-qadalı günlər qarabağlılara hər gün bir şillə vurdu: Qaradağlıda, Ağdabanda, Kərkicahanda, Meşəlidə, Quşçularda, Malıbəylidə kütləvi qırğınlar və arxasınca Xocalı soyqırımı... Sonuncu şillə olmadı, ağır bir zərbə oldu, həm dünyaya, ətrafa, insanlara baxışlarına, həm də yaddaşlarına... Həmin zərbə əslində “qardaş olub hayastan” təfəkkürünə, unutqan Azərbaycan xalqına qaldırılması çox ağır olan bir zərbəydi. O zərbədən o yanası yoxdu. O zərbənin nəinki xocalıların, qarabağlıların, bütöv Azərbaycan xalqının unutmasını istəmirəm.. Əbədi yaddaşlarında qalsın, silinməsin istəyirəm. Hətta çox sevinirəm ki, 30 il əvvəlki dərdi elə 30 il əvvəlki kimi yaşayıram. Bu özünə qayıdış deməkdi.Bu növbəti dəfə sadəlövh olmamağa işarədi. Bu yenidən kütləvi şəkildə qətlə yetirilməmək, işğəncələrə məruz qalmamaq deməkdi! Bu bir kompasdı, düşməni sənə hər zaman tuşudacaq!

Son olaraq: Ermənilər 1905 –ci ildə guya türklər tərəfindən soyqırıma məruz qaldıqlarını, əslində uydurduqları “erməni soyqırımına” 103 ildi yas tuturlar, hər il ildönümü keçirirlər, təbliğ edirlər, unutmurlar. Bu üzdən zaman –zaman Azərbaycanlıların qanını axıdırlar. Əziz xalqım, siz də oyaq olun, sadəlövh olmayın, özünüzü unutmayın, sizə dəyən sonuncu zərbəni nəsildən-nəsilə ötürün! Lütfən, unutmayın! 

TƏQVİM / ARXİV