Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətinin yeni modulunu işə salıb.
Adalet.az xəbər verir ki, bu modul mülki dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən kosmik-peyk rabitə vasitələrinin, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin istifadəsi ilə bağlı hesabatların elektron şəkildə qəbuluna başlanması ilə əlaqədar hazırlanıb.
Yeni sistem çərçivəsində xüsusi icazə sahibləri mülki dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən kosmik-peyk rabitə vasitələri, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular və Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər barədə il ərzində iki dəfə hesabat təqdim edəcəklər.
Hesabatların təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeydlər”inin 1-ci hissəsi ilə tənzimlənir.
Yeni modulun tətbiqi ilə hesabatların https://e-permission.icta.az/reports linki vasitəsilə elektron qaydada toplanmasına başlanılıb. Hazırkı dövr üzrə hesabatın əldə edilməsi üçün xüsusi icazə sahiblərinə məktublar göndərilib və hesabatların toplanması prosesi davam etdirilir.
Hesabatların toplanması mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, problemlərin vaxtında aşkara çıxarılmasına və bununla da dövlətin müvafiq sahədə nəzarət və tənzimləmə funksiyalarını daha məqsədyönlü və səmərəli həyata keçirməsinə imkan yaradacaq. İKTA-nın yeni elektron hesabatlılıq sistemi ölkənin telekommunikasiya xidmətləri sahəsində şəffaflığın artacağına kömək edəcək. Bu yenilik xüsusi icazə sahibləri üçün vaxtın qənaətinə, resursların optimallaşdırılmasına və proseslərin sadələşdirilməsinə böyük töhfə verəcək.