"Üç muşketyor"un qəhrəmanı deyir:
"Bəli. Bəli. Mənim əsl kraliçam avstriyalı Annadır. O, bircə kəlmə söyləmiş olsa, mən öz vətənimə, öz kralıma, öz Allahıma da xəyanət edərəm".
Onu anlamaq, duymaq çətin məsələdir, qınamaqsa çox asandır. Sevginin necə hiss olduğunu bilməyənlər hər cür ittiham edə bilərlər.
“Taras Bulba”da oxuyuruq:
"Ata, yoldaş, vətən mənimçün nədir ki? İndiki elədir qoy onda deyim ki, mənim heç kəsim yoxdur.mMənim vətənim Ukrayna olduğunu kim dedi? Onu mənə vətən edən kimdir? Vətən — ruhun axtardığı əziz şeydir, mənim vətənim sənsən, sənsən mənim vətənim. Mən öz vətənimi ürəyimdə daşıyacam. Baxaq görək hansı kazak onu mənim ürəyimdən qopara bilər. Bu cür bir vətənin uğrunda nəyim varsa satar, paylayar, məhv edərəm".
Sevgi. Nəyə, kimə qarşı? Sevmək. Nəyi kimi?
Taras Bulba vətəni, döyüşməyi sevir, oğlu isə özünə başqa vətən tapır. Dincliyini, xoşbəxtliyini tapdığı vətəni. Sevdiyi qızı. Atasının tüfənginin qarşısında ölümünü gözləyərkən sevdiyi düşmən qızının adını təkrarlayan Andiriy kimi sevmək...
Əlin qurusun, Bulba.
Heç biri sevgisini atmır. Atanın üzü övladından vətəninə etdiyi xəyanətə görə dönür. Oğul sevdiyi qızın uğrunda hər şeyindən, doğma atasından keçir. “Ovod”un Montanellisi də sevdiyi Allaha görə oğluna yalan danışır. Oğlu da öz ruhuna xoş gələnin – inqilabın yolunda atasına qarşı çıxır.
Nə qədər çətin, ağır, dözülməz məqamdır. Qarşılaşdırılan məfhumların heç birindən keçiləsi deyil, burda hər kəsin öz vətəni var, hər kəs özününkünün uğrunda ölümü seçir.
Biz azərbaycanlıların da "könlünün sevgili-məhbubu" Vətəndir, ona görə "minlərlə can qurban oldu". Niyə də olmasın, “Canı canan diləmiş…”
O, “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”
Müstəqilliyimiz əbədi olsun.