“Birləşmiş Ştatlar İranın yeni nüvə obyekti olduğu ehtimal edilən əraziyə zərbə endirmək niyyətindədir”.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
Yeni hərbi zərbə planları barədə Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aoun ilə keçirdiyi görüş zamanı danışıb:
“Biz həmin əraziyə zərbə endirəcəyik. İranın nüvə silahı haqqında düşündüyü istənilən məkanı çox şiddətli şəkildə vuracağıq”.
Bundan əvvəl “Axios” nəşri bildirmişdi ki, Prezident Tramp bölgədəki vasitəçilərin təklif etdiyi 10 günlük atəşkəs ilə münaqişənin daha da kəskinləşməsi arasında seçim edir. Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana hərbi əməliyyatların dayandırılması ilə bağlı rəsmi təklif təqdim ediblər və hazırda Ağ Ev administrasiyası bu planı araşdırır.
Məlumata görə, iyulun 20-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranın vasitəçilər vasitəsilə amerikalılardan gərginliyin azaldılması və atəşkəslə bağlı təklif aldığını təsdiqləmişdi. Buna qədər isə “Washington Post” (WP) qəzeti ABŞ-nin İranla genişmiqyaslı müharibəyə qayıtmaq ərəfəsində olduğunu yazmışdı.
Qeyd edək ki, bir qədər əvvəl Donald Tramp ABŞ-nin İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəyini qətiyyətlə bəyan etmişdi.


Bakı -°C
