Gələn il xərclər və gəlirlər nə qədər olacaq? - Milli Məclisdə müzakirə ediləcək

117 | 2025-10-17 19:20

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildiriblər ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına göndərilib və palatanın rəyi alındıqdan sonra Milli Məclisdə müzakirələri keçiriləcək.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Növbəti il üçün dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.

Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.

Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1 faiz səviyyəsindədir. Bu cari illə müqayisədə 7,1 faiz bəndi çoxdur.

TƏQVİM / ARXİV