adalet.az header logo
  • Bakı -°C

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

66 | 2026-06-24 17:40
A- A+

Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir.

Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova açıqlayıb.

Onun sözlərinə görə, uşaqlara və ailə üzvlərinə əllərini yumaq öyrədilməlidir:

“Heyvana toxunduqdan, yemək qablarını təmizlədikdən, qum və ya tualet qabını dəyişdikdən, heyvanın tüpürcəyi ilə təmasdan sonra əllər ən azı 20 saniyə sabun və su ilə yuyulmalıdır. Ev heyvanlarının sağlamlığı birbaşa ailənin sağlamlığı ilə əlaqəlidir”.

Pediatr qeyd edib ki, ev heyvanlarının peyvəndlərinin vaxtında vurulması, parazit müalicələri müntəzəm aparılması çox vacibdir:

"Çünki parazitlər bəzi hallarda uşaqlara keçərək bağırsaq problemləri və allergik reaksiyalar yarada bilər. Əgər evdə pişik və ailədə hamilə qadın varsa, toksoplazmoz riski səbəbilə pişik qumunun təmizlənməsi zamanı xüsusi diqqət lazımdır. Mümkünsə bunu başqa ailə üzvü etməlidir”.

G.İlyasova sonda bildirib ki, ev heyvanı saxlamaq uşaqlar üçün təhlükəli deyil, əksinə düzgün gigiyena ilə birlikdə faydalı ola bilər:

“Əsas məsələ müntəzəm təmizlik, düzgün əl gigiyenası, heyvanın sağlamlığına nəzarətidır”.

TƏQVİM / ARXİV