adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Dastan bağlamaq cəhdi

CƏLİL CAVANŞİR
24744 | 2013-12-11 06:52
:Çöl: ün süjeti, strukturu və dili

Romanın əvvəlində görüşən iki gənc yazıçı ənənəvi həyatdan yorulub roman yazmaq qərarına gəlirlər. Əsəri oxuyub sona çatdırdıqda isə oxucu bu struktur cəhdinin uğursuz alındığı qənaətinə gəlir. Bir oxucu kimi mən ikinci hissədə tələskənlik, darıxdırıcılıq hiss etdim. Bu cəhd öz-özlüyündə maraqlı və xoşagələn olsa da, uğursuzdur. Əsərin 24 bölmədən ibarət olması, :Ustadnamə: ilə başlaması çox təqdirəlayiqdir. Belə ki, tərəkəmə həyatından yazılan romanın bu cür maraqlı sturukturda yazılması müəllifin milli kimliyinə sahib çıxa bilməsi kimi izah olunmalıdır.
Müəllif bu məqamda öz milli kimliyini hətta yazı prosesində belə unudan yazarlardan fərqlənməyi bacarır. Əsəri oxumamışdan öncə əsər haqqında eşitdiyim dəyərli qələm adamlarının fikirlərini bir kənara qoyub, əsərə tənqidi yanaşmağı gözə aldıqdan sonra ilk vərəqi çevirdim. Əsərin axıcı və maraqlı dili müəllifin dilə bələdliyindən xəbər verir. Əsərin poetikliyi, metaforalar, epitetlər də çox ustalıqdan xəbər verir. Struktur və süjet baxımından müəllifin nə etmək istədiyi aydın nəzərə çarpsa da, əsəri oxuduqca bu istəyin alınmadığı ciddi şəkildə nəzərə çarpır. Bütün maraqlı cəhdlərə baxmayaraq, əsər romançılığın tələblərərinə lazımınca cavab vermir. Roman şərqli bir gəncin nostalgiya dolu söhbətlərini xatırladır.

:Çöl:də - çöl estetikası

Kitaba seçilən ad öz orjinallığı ilə diqqət çəkir. Bütün böyük mədəniyyətlərin, xüsusilə türk mədəniyyətinin çöllərdən, bozkırlardan gəlməsi, çöllərdə yaşaması inancı gənc müəllifi də etkilədiyi hiss olunur. Müəllifin tərəkəmə həyatına heyranlığı, çölləri poetik dillə təsvir etmsi, tərəkəmələrin yaşam tərzini müəyyən qədər bilməsi məhz bu əsərdə uğuru sayıla bilər. Tərəkəmə həyatının təsvirində xeyli boşluqlar, yaddan çıxan məqmlar olsa da, Kəramət böyük zövqlə :çöl estetikasını:, tərəkəmə mədəniyyətini oxucuya çatdıra bilib. Seçdiyi mövzu ilə bağlı müəllifin heç bir araşdırma aparmadan, sadəcə, ağızdan eşitdiyi, şahidi olduğu detallarla işləməsi də maraqlıdır.
Tərəkəmə həyatını aparıcı mövzuya çevirsə belə, bu detalları müasir həyat detalları arasında :əridir:.
Bəlkə də hansısa araşdırmaçı və ya hansısa bir tərkəmə kökənli elm adamı :Çöl:ü oxuyub onun tərəkəmə həyatını anladan zəif məqamlarını, tərəkəmə həyatını əks etdirmədiyini düşünə bilər. Amma əsər elmi-nəzəri əsər olmadığı üçün yazar burda sadəcə, öz yaddaşına və poetik təhkiyəsinə güvənir. Ən əsası çöl estetikası oxucunun gözləri önündə canlanır. Əsərin ab-havası, sərbəstliyi, adına uyğun genişliyi oxucuya çox xoş gəlir. Buna sübut kimi dəyərli qələm adamlarının əsər haqqında səsləndirdiyi müsbət fikirləri göstərmək olar. Əsərin məhz bu cazibəsi, oxucunu özünə çəkməsi mahiyyətdən kənar fərqli təəssürat yaradır.

Dastan bağlamaq cəhdi

Müəllifin türk dünyagörüşünə, folklorumuza, tərəkəmə mədəniyyətinə dastançılığa olan münasibəti təqdirə layiqdir. Lakin istənilən halda əsər müəyyən çevrə üçün nəzərdə tutulub. Müasir detallarıdan istifadə olunsa da, o, müasir oxucunun zövqünə tam cavab vermək gücündə deyil. Müəllifin sevgiylə, heyranlıqla qələmə aldığı bu həyat tərzi müasir oxucunu o qədər də cəlb etmir. Bəzən bu həyat detalları çox yorucudur. Müəllif sanki öz sevdiyi tərəkəmə həyatını ağızdolusu tərifləyib müasir insane sevdirməyə çalışır. Müəllif Şərq təfəkkürünün genişliyini, intəhasızlığını dəqiq, ölçülü-biçili, çevik Qərb təfəkkürünə qurban verir.
Müəllifin dastan bağlamaq cəhdi romançılığa uduzur. Əsər müasirlik qatında demək olar ki, uduzur. Müasir detallar bir az da yamaq təsiri bağışlayır. Əsərdə ən böyük problem müəllifin zaman anlayışını unutmağıdır. Kifayət qədər detallarda, zaman və vaxtla bağlı ciddi yanlışlıqlar var.
Kərəmət Böyükçölün :Çöl: romanında kifayət qədər maraqlı məqamlar və detallar var. Gənc müəllifin istedadı qabarıq şəkildə hiss olunur. Roman son dövrlər yazılmış romanlar içərisində dil baxımından ən uğurlularından biri, bəlkədə birincisidir.
Təəssüf ki, müəllifin şəxsinə aid bəzi problemlər əsərin də taleyindən yan ötmür...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV