"Görsən üşüyürsən, yandır özünü..."
Qulu Ağsəs
***
Soyuqdan yorğana bükülən kimi,
Dərdimə bükülsəm, isinirəm mən.
Elə susmuşam ki, hər yüz kəlmədən
Soruşsan birinə zor dinirəm mən.
Zaman təzələnir, il təzələnir,
Dünya zəmanənin içində bayat.
Gecələr Allahın yanına çıxıb,
Deyəsən: "Dur, məni yenidən yarat".
Demirəm dərd vermə, gücüm çatanı,
Bilirsən, məğrurca çəkə bilirəm.
Zamanı məlhəm tək ovub, ağrımın
Üstünə loğman tək tökə bilirəm.
Hər gün yağış kimi yağan kədərin
Səsin göyqurşağı ilə dayandır.
Kimə "üşüyürəm" dedim bir kəlmə,
Deyirlər: "Üşüsən, özünü yandır".


Bakı -°C
