adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Bir anda yüz çalar... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
430 | 2022-04-13 14:03

Gəlib dayanmışam bilgisayarın önündə. Içimdə bir az tərəddüd, bir az da da xof var. Əslində bunlar ikisi də məni son bir ayda heç tərk etmirdilər. Məşhur filmlərimizdə deyildiyi kimi, "qarabaqara düşüblər ardımca”. Nəfəs almağa imkan verməyiblər. Öz-özümə düşünmüşəm ki, görəsən bunun səbəbi nədi? Niyə yaxam qalıbdı xofla tərəddüdün əlində. Nəhayət ki, anladım bunu və anlayandan sonra özümü toparlayıb yaxınlaşdım bilgisayara. Təbii ki, bilgisayar yazarımız Gülər xanım da bu məqamda dəstək oldu mənə. Elə-belə guya ortalığa deyirmiş kimi söylədi ki, "müəllim, çoxdandı köşə yazmırsan”. Bax, elə bu da oldu ipucu.  Başladıq, mən söyləməyə, Gülər xanım isə yazmağa.

Bəli ömrümün elə çağıdı ki, solan hər çiçək, düşən hər yarpaq yaddaşımı da titrədir, ürəyimi də. Əslində yaddaş titrəmir, diksinir. Ona görə ki, həmin o düşən yarpaqla, solan çiçəklə mənim bir güvəncim, bir ümidim, bir üz tutduğum ünvan bitir, tamamlanır, xatirəyə, yuxuya, xəyala çevrilir. Belə xatirə, yuxu, xəyal olanlardan biri də həyatımda özəl yeri olan və təkcə mənim üçün deyil, həm də xalqım üçün çox böyük aydınlarımızın hakk etdiyi mərtəbəni qazanmış Hətəm Quliyev. Son dərəcə sadə və səmimi, zarafatcıl, diqqətcil, həm də əsl məclis adamı olan Hətəm müəllim heç nəyi gözündən qaçırmırdı. Üzümə baxan kimi ürəyimi oxuyurdu. Əhvalımı dəyərləndirib, könlümü ovudurdu. Hər dəfə də "Ay Əbülfət, sən sevin ki, ayaq üstəsən. Sən sevin ki, ətrafın var. Sən sevin ki, az-çox xətir-hörmət qazanmısan. Sən yaza bilirsən...”. Doğrusu, ilk məqamlarda Hətəm müəllimin mənim üçün sevinc mənbəyi tapmasına, sevinc ünvanı tapmasına o qədər də sevinmirdim. Düşünürdüm ki, mənə xoş olsun deyə söyləyirdi bu fikirləri. Lakin günlərin birində Elmlər Akademiyasındakı otağına getdim. Yeni kitabımı aparmışdım Hətəm müəllimə. Bu kitaba da ön sözü yazıçı, hamının sevimlisi Seyran Səxavət yazmışdı. Təqdim etdim kitabı. Aldı, vərəqlədi və üzümə baxa-baxa dedi. Haqqında bu ön söz yazılan, bu şeirləri yazan adam niyə sevinməsin axı. Bax, onda mənə çatdı Hətəm müəllimin dediyi. Və illər sonra, daha dəqiq desəm, ötən il xalq yazıçısı Elçin Əfəndiyevin barəmdə yazdıqlarını oxuyan Hətəm müəllim mənə zəng etdi. Hal-əhvaldan sonra soruşdu ki, sevinirsənmi? Mən də birbaşa cavab verdim, özü də lap çox sevinirəm, Hətəm müəllim. Telefonun o biri başındakı böyük alimimiz mənim ürək dolusu dediyim bu cavaba elə ürək dolusu da güldü. Bildim ki, nə demək istəyir. Bunu bilməmək olmazdı...

Yaddaşımdakı xatirələrin birini vərəqləyirəm. "Azərbaycan” nəşriyyatının pilləkənində dayanmışdım. Birdən Hətəm müəllimin maşını binanın önündə dayandı və məni çağırdı:

  • Niyə durmusan orda, yaxın gəl görüm.

Yaxınlaşdım. Görüşdük. "Otur maşına” – dedi. Təbii ki, keçib əyləşdim. Hal-əhval tutub soruşdu ki, hara gedirsən. Mən də hesabat verirmiş kimi tam səmimi şəkildə bildirdim ki, 20 Yanvara gedəcəm, ordan da evə. 

Yaxşı. Elə mən də 20 yanvara gedirəm, aparım səni ora kimi...

Amma maşın üzü əks istiqamətə dayandığından hiss etdim ki, Hətəm müəllim hardasa başqa iş dalınca gedir. Odur ki, təşəkkür edib maşından düşmək istədim, qoymadı. Bir az sərt şəkildə "otur”, - dedi, - Axı 20 Yanvara gedirəm” – söylədi. Söhbət edə-edə 20 yanvar istiqamətinə gedərkən telefonla hansısa xidməti yığdı, taksı sifariş verdi. 20 Yanvardan Masazıra, yəni mənim yaşadığım ünvana. Təəccüb içindəydim. Gəlib çatdıq. Taksi bizi gözləyirdi. Düşəndə əlini cibimə saldı. Taksinin puludu, özün verərsən – dedi...

Bu xatirə yarpağını elə-belə yazıma köçürmədim. Sadəcə, o böyük alimin nə qədər qayğıkeş, diqqətcil olduğunu kiçik bir detalla təqdim etmək istədim. Və Hətəm müəllimin hərdən mənə dediyi iradlarını, həyatla, yaşamla bağlı məsləhətlərini düşünə-düşünə onun təkcə mənə yox, hər kəsə qarşı nə qədər böyük ürəkli, insanpərvər olduğunu xatırlamamaq zənnimcə, haqqı görməmək kimi bir şeydi. Amma neyləyim ki, bəzən hər şeyi yazmaq, hər şeyi oxucuyla bölüşmək, lap elə ən doğma adamınla pıçıldaşmaq belə ya mümkün, ya münasib,  ya məsləhət olmur. Məncə bu fikirləri hər kəs öz baxış bucağı altına qiymətləndirə biləcəkdi. Ruhun şad olsun, Hətəm müəllim

TƏQVİM / ARXİV