adalet.az header logo
  • Bakı 29°C
  • USD 1.7

Aqil ABBAS: RUSİYA-UKRAYNA BİR-BİRİNİ QIRSIN, XEYİR ABŞ-a QALSIN

AQİL ABBAS
3335 | 2022-03-19 15:40

Raketlər atılır, bombalar partlayır, uşaqlar ölür – həm ruslar, həm də ukraynalılar bu bombaların altında qırılır. Kimin nə vecinə ki? Qırılan fransız deyil, ingilis deyil, alman da deyil, amerikalı heç deyil.

Vaqif Bayatlı Odərin bir şeiri var:

Kimin nə vecinə ki,

Anamın əziziyəm

Anam yalvarır göyə

O qarasaç Allahım,

O gödəkboy Allahım

susub

qorumur məni.

Və qurban olduğum Allah da susub, nə körpəni qoruyur, nə qocanı, nə də hər iki tərəfin əsgərlərini.

Qırhaqırdı, özü də qardaş qırhaqırı. Eyni kökə, eyni dilə malik insanlar acımasızcasına bir-birlərini qırırlar.

Putin deyir ki, dediyim dedikdir. Zelenski də deyir ki, yox, mənim dediyim dedikdir. Əslində heç birinin dediyi dedik deyil.

Statistikaya baxırıq həm rusların, həm də ukraynalıların, yadıma bir köhnə yəhudi anekdotu düşür.

Statistikada ruslar yazırlar ki, ukraynalıların 4 minə yaxın və bəlkə də bir az çox bazasını və hərbi fabrikini dağıtmışıq. Balam, bu Ukraynada nə qədər hərbi baza və texnika varmış?

Ukraynalılar da yazır ki, Rusiyanın nə bilim nə qədər təyyarəsini, nə qədər tankını, nə qədər zirehli texnikasını, 13 mindən çox əsgərini və sair və ilaxır məhv etmişik, bu da təxminən Rusiyanın hərbi gücünün 50 faizi deməkdir.

Yəni ikisi də gop edir. Yuxarıda dediyim kimi, yadıma köhnə bir yəhudi anekdotu düşdü.

1943-cü il. Bir yəhudini Sovet hökuməti müharibəyə çağırır. Yəhudi də qoltuğunda bir qovluq, içində də «Pravda» qəzetləri, gəlir hərbi komissarlığa və deyir:

- Bu qəzetlərdəki məlumata görə, biz indiyədək yetmiş beş milyon alman öldürmüşük, Almaniyanın əhalisi də yetmiş milyondu, hələ beş milyon da artıq qırmışıq. Bəs, mən indi gedib kimlə vuruşacam?

İndi Rusiyanın və Ukraynanın informasiya agentliklərinin məlumatlarını oxuyanda yadıma həmin yəhudinin anekdotu düşür.

Rusiya Ukraynanı işğal etməyənədək dayanmayacaq. Çünki bu artıq demək olar onun son şansıdır.

Amma Rusiya qalib gəlsə də və Ukraynanı işğal eləsə də bu da Rusiyanın məhvi deməkdir. Putin hər şeyi hesablayıb,Rusiyanın məhvini də. Amma Rusiya çox böyükdür, onu məhv eləmək o qədər asan deyil. Bunu nəinki Putin, bütün ruslar da bilir. Napoleonun, Hitlerin məhv eləyə bilmədiyi Rusiyanı sanksiyalarla məhv etmək mümkün deyil.

Rusiyanı məhv eləyə biləcək bir qüvvə varsa o da tatarlardır, hələ ki tatarlar da bunu istəmir və SOROS da tatarlara pul xərcləyə bilmir. Çünki tatarlar Rusiyanı öz dövlətləri sayırlar.

Yadınıza düşürsə Putin Merkelə demişdi:

- Biz tarixi araşdırmayaq, araşdırsaq hər rusu qaşısaq, altından tatar çıxar.

ABŞ-ın prezidenti Bayden Ukraynaya təxminən 14 milyard dollar pul ayırıb. Və bundan başqa da 800 milyon dollarlıq silah-sursat hədiyyə edib ki, qırın bir-birinizi.

Bunlar cəhənnəm, Azərbaycanda da camaat iki yerə bölünüb: yarısı Zelenskiyə, yarısından bir az azı da Rusiyanı, daha dəqiq desək, Putini dəstəkləyir.

Bir millət bir-birini qırır. Ay həmvətənlərim, siz niyə bir-birinizi qırırsınız?

TƏQVİM / ARXİV