adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7

Aqil ABBAS: QULU XƏLİLOVUN KƏNDİNDƏ MƏKTƏB YOXDUR, DAHA DOĞRUSU, YOX KİMİ BİR ŞEYDİR

AQİL ABBAS
203 | 2022-01-12 14:25

Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünası, professor Qulu Xəlilov ailəsi ilə birlikdə Ermənistandan deportasiya ediləndən sonra əvvəlcə Ağcabədinin Bayat kəndinə sığınıb, daha sonra Ağcabədinin bir neçə kəndində Ermənistan qaçqınları üçün evlər tikilib, Qulu müəllimgilin ailəsi də Ağcabədinin Poladlı kəndinə köçüblər.

 

Və Qulu müəllim bu kənddəki məktəbdə təhsilini başa vurub. Bu da edir təxminən keçən əsrin 40-50-ci illəri. Və Qulu müəllimin kəndindəki məktəb 70 ildən çoxdur ki, elə həmin məktəbdir. Yarıqaranlıq sinif otaqları, döşəməsi dağılmış buz kimi soyuq siniflər, axırıncı dəfə nə vaxt təmir olunduğu kəndin ağsaqqallarının da yadından çıxıb. Və elə ona görədir ki, Qulu Xəlilovdan sonra bu məktəbdən bir də Qulu Xəlilov çıxmayıb. Belə bir şəraitdə quluxəlilovlar yetişmir.

 

Neçə ildir məktəb plana salınıb ki, yeni məktəb tikiləcək, amma hələ də Təhsil Nazirliyi və eləcə də Nazirlər Kabineti burda daşı daş üstə qoymaq fikrində deyil.

 

Sinifdə paltoda oturub tir-tir əsən cocuqları görəndə bir insan kimi adamın ürəyi ağrıyır.

 

Onsuz da son illər Təhsil Nazirliyinin məktəb tikintisi və təmirlə bağlı işlərinin böyük əksəriyyətini Heydər Əliyev Fondu həyata keçirir.

 

Bu illər ərzində Heydər Əliyev Fondu Ağcabədidə 10-dan çox müasir məktəb tikib və həmin məktəblərin maddi-texniki bazasını yaradıb. Və sayını bilmədiyim neçə məktəbi də təmir edərək balalarımıza hər cür şəraiti olan məktəblər hədiyyə edib.

 

İndi yenə də ümid qalır Heydər Əliyev Fonduna. İnanırıq ki, Fond Poladlı kəndinin məktəbini də öz himayəsinə götürəcək və yaxın zamanlarda Poladlı cocuqlarını da, onların valideynlərini də sevindirəcək.

TƏQVİM / ARXİV