adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Aprel 2016 15:47
27041
İDMAN

Zeyzenbaxerin ikinci AÇ sınağı - Beş illik qızıl həsrəti - TƏHLİL

Aprelin 21-dən 24-dək Rusiyanın Kazan şəhərində cüdo üzrə növbəti Avropa çempionatı keçiləcək. Qitə mücadiləsində Azərbaycan yığması doqquzu kişi, biri qadınlar arasında olmaqla, on cüdoçu ilə təmsil olunacaq.
Ötən ilki turniri - "Bakı 2015"-i yalnız bir gümüş medalla başa vuran yığmamız artıq 5 ildir ki, AÇ qızılı qazana bilmir. Yerli idmansevərlər sonuncu dəfə 2011-ci ildə İstanbulda Elnur Məmmədli ilə çempionluq sevinci yaşayıb. Tilsimin digər türkdilli şəhərdə qırılacağı gözləniləndi. Yığmanın heyətində bu potensiala malik cüdoçular az deyil. Məsələn, Orxan Səfərov və İlqar Müşkiyev:

Yuxarıda bəhs etdiyimiz "Bakı 2015" gümüşünü məhz Səfərov aktivimizə yazmışdı. Finalda əzəli rəqibi rusiyalı Beslan Mudranova "ippon"la uduzan Orxandan fərqli olaraq, İlqar elə ilk mərhələlərdəcə mübarizəni dayandırmışdı. Ancaq xatırladaq ki, 2014 AÇ-sında Müşkiyev fərqlənmişdi.
Son turnirlərdəki çıxışlarına nəzərən, demək olar ki, hər iki cüdoçunun hazırkı potensialı bərabər səviyyədədi. Bunu ilin ilk dörd ayı ərzində keçirilən turnirlərdəki nəticələr də təsdiqləyir. Müşkiyev Paris "Böyük dəbilqə"si kimi nüfuzlu yarışda gümüş, aprelin əvvəli Samsun Qran Prisində bürünc medal qazanıb. Əməliyyatdan dönən Səfərov isə Havana Qran Prisinin bürünc medalına sevinib, Düsseldorf Qran Prisində yeddinciliklə yadda qalıb. Əsas rəqibləri yerli Mudranov, gürcüstanlı Papinaşvili, türkiyəli Bəkir Özlü olan hər iki cüdoçumuz favoritlər siyahısındadı. Hərçənd, hər iki cüdoçu zədədən aziyyət çəkir. Bunun turnirdə özünü göstərmək ehtimalı az deyil.

Nəzərinizə çatdıraq ki, ekstra-yüngül çəki ölkəmiz üçün AÇ-larda ən məhsuldardı. Aktivimizdə 4 AÇ qızılı var. Onlardan ikisi Nazim Hüseynovun, ikisi Elçin İsmayılovun aktivindədi. Sonuncu belə uğurdan isə artıq 15 il keçir.

66 kiloqramda Nicat Şıxəlizadə zədə səbəbindən turniri buraxmaq məcburiyyətindədi. Avstriyada müalicə kursu keçən cüdoçunun yoxluğunda yalnız bir nəfərlə təmsil olunacağıq ki, bu, Tərlan Kərimovdu. London Olimpiadasından sonra beynəlxalq turnirlərdə cəmi iki medalla yadda qalan idmançının hər hansı nəticə qazanacağı barədə proqnoz vermək çətindi. Nəzərə alsaq ki, rəqibləri də sıradan deyil, ümumiyyətlə. Rəqiblər arasında kifayət qədər göz qorxudan adlar var. Bunlar Loiç Korval, Kolin Oates, Georgi Zantaraya və turnirin son qalibi Kamal Xan Maqomedovdu.

İndiyədək yalnız beynəlxalq turnirlərdə fərqlənən Rüstəm Orucov kolleksiyasına Avropa çempionatının ilk medalını əlavə etməyə iddialıdı. Hazırkı formasına nəzər saldıqda görərik ki, Rüstəmin bunun üçün kifayət qədər potensialı var. Hazırda dünya reytinqində ikinci olan cüdoçumuz digər favoritlərlə görüşlərdə dəfələrlə qalib gəlib. Bir qədər irəli gedərək, Rüstəmi on təmsilçimiz arasında əsas qızıl medal ümidi də hesab etmək olar.

81 kq barəsində isə hər hansı söz demək çətindi. Əbdülhəqq Rəsullu mübarizə apardığı dönəmdə beynəlxalq federasiyanın üç seriyasından olan turnirin hər hansı birində fərqlənə bilməyib. Üstəlik, bu çəki dünya cüdosunun ən rəqabətli çəkilərdən hesab olunur. Təkcə Avropa qitəsində Avtandil Çrikişvili, Loiç Pietri, İvan Nifontov kimi güclü tatami ustalarının adlarını çəkmək olar.

90 kiloqramda Məhəmmədəli Mehdiyevlə təmsil olunacağıq. Güclü rəqabət vəd edən mübarizədə təmsilçimizin medal qazanması, açığı, qətiyyən inandırıcı deyil. Seriyanın yalnız bir turnirində - güclülərin iştirak etmədiyi Samsun Qran Prisində fərqlənən, çəkidə yetərli təcrübəyə malik olmayan Məhəmmədəlinin forması Kristian Toth, Varlam Liperteliani, Qiyom Elmont, Kirill Denisov kimi cüdoçularla başabaş mübarizə aparacaq səviyyədə deyil.

Elxan Məmmədov və Elmar Qasımovla daim favoritlər sırasında yer aldığımız 100 kiloqram çəki dərəcəsi rəqabət baxımından ilk üçlükdədi. Henk Qrol, Lukas Krpalek, Sirill Maret, Beka Qvinaşvili, Xorxe Fonseka, Dmitri Peters kimi güclü cüdoçular yer alır bu çəkidə. Elmar dünya reytinqində ilk pillərdə qərarlaşsa da, son vaxtlar göstərdiyi çıxışa nəzər saldıqda, Məmmədov daha şanslı təsir bağışlayır. Birlikdə dünya çempionluğunu qazandığı Zeyzenbaxerin gəlişindən sonra fiziki cəhətdən artıran dünya çempionumuz Kazan mücadiləsində AÇ kolleksiyasını dördüncü medalla zənginləşdirmək iddiasındadı. Bunadək iki dəfə medal sevinci yaşayan Qasımov da Tatarıstan paytaxtına iddialı yollanıb.
100 kq-dan minimum medal gözləməyə dəyər.

Kokauri Uşanqinin son vaxtlar sərgilədiyi çıxışda nəzərəçarpan irəllləyiş hiss olunsa da, güclülərin mübarizəsində ciddi nailiyyətlə yadda qalmır. Dünya nəhəngi fransız Teddi Rinerin də adının olduğu rəqabətdə israilli Or Sasson, Gürcüstan təmsilçiləri Adam Okruaşvili və Levani Matiaşvili, o cümlədən rusiyalı Renat Saidov kimi cüdoçuların mövcudluğu Kokaurinin şanslarını minimuma endirir.

Qadınlarda isə yeganə təmsilçimiz Aişə Qurbanlıdı. "Bakı 2015"-də 1/4-dək irəliləyən cüdoçu hazırda qadınlar arasında əsas təmsilçimiz hesab olunsa da, o da yuxarıda bəhs etdiyimiz kişi komanda yoldaşları kimi seriyanın heç bir turnirində fərqlənə bilməyib. Şanslarını Əbdülhəqq, Məhəmmədəli və Uşanqi ilə eyni götürmək olar.

Çempionatla bağlı tanınmış cüdo azarkeşi Emil Baxşıyev də fikirlərini bölüşüb. Onun mülahizələrini diqqətinizə çatdırırıq:
"Bizde 60 kq-da İlqar Müşkiyev son zamanlar sürətlə irəliləyir. Amma köhnə zədələri tez-tez özünü biruzə verir. Eləcə də Orxan pis formada deyil. 60-da bizimkilər favoritlərdən sayıla bilər. Təbii ki, bu, püşkatmadan sonra daha aydın olacaq. Güclü cüdoçular var bu çəkidə. Misal üçün, uzağa getməyək, elə türk bayrağı altinda çıxış edən Bəkir Özlü(Betkil Şukvani). Hansı ki, ayrı-ayrı turnirlərdə ikisinə də qalib gələ bilib. O da əsas favoritlərdəndi.
Açığı, 66 kq-dan heç nə gözləmirəm. Nicat Avstriyada zədəsini sağaldır, Tərlan isə İstanbul AÇ-sında final güləşməsinə baxmayaraq, elə ciddi rəqabət yarada bilmir.
Amma yarışdı, hər şey ola bilər.
73 kq çəkidə Avropa qitəsində Rüstəm bir baş üstündü. Amma reytinq siyahısı ilə tatami uzərindəki real faktlar tamam fərqli məfhumlardı. Elə "Bakı 2015"də hamı Rüstəmdən ən azı podium gözlədiyi halda, o, elə birinci görüşdəcə "qoca" Yejek Yaromirə məğlub oldu, üstəlik, qolundan ciddi zədə də aldı.Son zamanlar Rüstəmi Avropa qitəsinde məğlub edən digər bir "qoca" isə belçikali Dirk van Tişelt olub.Yəni, demək istəyirəm ki, Rüstəmin gözlənilməz məğlubiyyətalma kimi bir pis ənənəsi var.
Amma, artıq Avropa çempionu olmaq vaxtıdı Rüstəm üçün. İnanıram ki, ən azından podiuma çıxa biləcək.81 kq çox üzücü bir vəziyyətdədir. Hətta Tərlanın vəziyyəti nisbətən ürəkaçandır. Düzdü, Əbdülhəqq Rəsullu çox güclü və möhkəm bir atletdir, amma, göründüyü kimi, bu, bəs etmir. Rəsulluda elə bil nə isə kifayət etmir, çatmır ki, gücünü nəticədə sübut etsin.
Məmmədəli Mehdiyevin vəziyyəti də eynilə püşkatmadan sonra daha aydın ola bilər. Belədə isə, birinci görüşdən də məğlub ola bilər, bürünc finada da. Hesab edirəm ki, Məhəmmədəlinin bürünc qazanmaq ehtimalı cüzi olsa da var. Amma bir məsələ var; nəzərə alsaq ki, minimum proqram artıq həyata keçib(Rio lisenziyası böyük ölçüdə əldə edilib), Mehdiyev bunun badına da gedə bilər. Yəni lisenziya onu arxayınlaşdıra bilər.
100 kiloqram ən maraqlı çəki dərəcələrindən biridi. Elmara daha çox ümid edirəm. Amma son görüşlərdəki çıxışı çox aşağı səviyyədə idi. Beka Qvinaşviliyə isə lap idmana yeni qədəm basan uşaq kimi məğlub oldu. İnanmaq istərdim ki, nəticə çıxaracaq. Elxan isə Zeyzenbaxer qayıtdıqdan sonra yaxşılığa doğru dəyişib. Əvvəllər ikincə dəqiqədən sonra yorulurdu, indi isə tam əksinə, rəqiblərini yormağı bacarır.
Nəzərə alsaq ki, bu çəkidə Krpalek, Bisultanov, Qrol, Qviniaşvili, Fonseka və digər bizimkiləri məğlub etmiş atletlər də olacaq, mübarizə bir az çətin keçəcək. Rəqabət güclüdü.
+100 də isə inanmıram ki, üçlüyə düşə bilək. Eləcə də qadın cüdoçumuz Aişə Qurbanlı haqda eyni fikirdəyəm"
.

Qeyd edək ki, bu, Zeyzenbaxerin rəhbərliyi altında millimizin ikinci AÇ sınağıdı. 2013-cü ildə medalsız qalan avstriyalı mütəxəssis bunu layiqincə sığortalamalıdı. Əks halda, sözügedən turnirdən sonra olduğu kimi, ciddi qınağa tuş gələcək.



Kazan mücadiləsini federasiyanın yeni rəhbərliyinin ilk ciddi sınağı kimi də qələmə vermək olar.


Sahib ƏSƏDBƏYLİ