adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2020 12:50
18135
SİYASƏT

“ZƏNGİN KASIBLAR” - Rüstəm Əbülfətoğlu yazır

CISCO şirkəti Prezident İlham Əliyevə dünyanın ən son elmi tərəqqisi, innovativ texnoloji nəzarət və idarəetmə sistemləri olaraq -"Ağıllı avtovağzal”, "Ağıllı məktəb”, "Ağıllı şəhər”, "Ağıllı kənd təsərrüfatı” və nəhayət səhiyyə, neft-qaz sahələrinin də daxil olacağı rəqəmsallaşdırılmış qlobal konsepsiyalı mürəkkəb "Smart ölkə” layihəsini təklif etdikcə, gözümün qarşısında Azərbaycan Milli Elmlər Akademiyası canlanırdı. Görəsən bizim alimlər də nə vaxtsa milli bulud platformaları, intellektual şəbəkə texnologiyaları, müasir dövrdə ölkələrin müdafiə qabiliyyətinin göstəricisi sayılan kibertəhlükəsizlik layihələrini dünya liderlərinə təqdim edə biləcəklərmi?

Sualın cavabı mənə də maraqlıdır. Həm də ona görə ki, dünya 4-cü sənaye inqilabı dövrünə daxil olur. Azərbaycan da innovativ inkişaf modelinə keçir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu haqda belə deyir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.



Bəli bu gün hər bir sahədə son sözü müasir elmlərə sahiblənmiş və texnoloji inkişafda liderlik edən ölkələr deyir. Azərbaycan elminin irili xırdalı bütün tarixi uğurlarını ehtiva edən qızıl dövrü isə təəssüf ki, yalnız Sovet Ittifaqı dönəminə aid edilir. Məsələn, Dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyev İkinci Dünya müharibəsi illərində yüksək oktanlı benzini kəşf edib. Və ya Azərbaycanda paleontologiya elminin yaradıcılarından olan akademik Musa Əliyevin tədqiqatları Neft Daşlarında elm üçün yeni imkanlar yaradıb. Bu siyahıya Akademik Zahid Xəlilovu, görkəmli alimlərdən Ziya Bünyadovu, Məmməd Arif Dadaşzadəni, Əhməd Mahmudovu, kənd təsərrüfatında yeni seleksiya elmi məktəbinin banisi Cəlal Əliyevi, görkəmli oftalmoloq Akademik Zərifə Əliyevanı, Yer elmləri üzrə Həsən Əliyevi, Azad Mirzəcanzadəni, Şəfayət Mehdiyevi, Budaq Budaqovu, Arif Paşayevi, kimya elmləri üzrə Murtuza Nağıyevi, Əli Quliyevi və digər bu kimi görkəmli alimləri aid etmək olar. Lakin bir daha qeyd edim ki, bu şəxslərin əldə etdikləri nəticələr keçmiş Sovet İttifaqının elm tarixinin adına yazılıb.

Bu yerdə bəzi əlavə suallar meydana çıxır.: bəs Azərbaycanın yeni elmi nəsli, müasir intellektual potensialı haradadır? Nə üçün müstəqil Azərbaycanın elm tarixində yeni imzalar yoxdur? Nə üçün Azərbaycan heç olmasa regionda əsas elmi mərkəzə çevrilə bilmir? Nə üçün bəzi akademiklərin subyektiv yanaşmasını kənara qoysaq fəxr ediləcək yüksək elmi nailiyyətlər yox dərəcəsindədir və nə üçün Akademiyanın 2020-ci ilə qədər inkişaf konsepsiyası bu gün nəticəsizdir?


Məlumat üçün müstəqil Azərbaycanda elmin inkişaf tarixi ümummilli lider Heydər Əliyevin 1993-cü idə Elmlər Akademiyasında ziyalılarla tarixi görüşündən sonra başlayır. O zaman qurumu ləğv olunmaq təhlükəsindən qoruyan Prezident Əliyev Akademiyaya ali dövlət elmi təşkilat statusu qazandırmaqla onu "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI” səviyyəsinə qaldırır. Azərbaycandan beyin axınının qarşısını almağa çalışan Ümummilli lider elmin ölkəmizdə sürətlə inkişaf edəcəyinə böyük ümidlər bəsləyir.:” Dövlətin gələcəyi elmi inkişafdadır.”

Bəs nə üçün bu gün elmin inkişafı dövlətin mövcud inkişafına adekvat deyil? Bəzən bu suala cavab üçün elm insanları Azərbaycanı xarici ölkələrlə müqayisə edir, Akademiya əməkdaşlarının maaşının həddən artıq azlığını önə çəkir və geriləməni ölkəmizdə elmə lazımi maddi-texniki dəstək göstərilməməsi ilə əlaqələndirməyə çalışırlar. Lakin faktlar və reallıq bu yanaşmanın kökündən yanlış olduğunu göstərir.

Məsələn 2020-ci ilin Dövlət büdcəsində Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılmasına 122.339.620,0 vəsait ayrılıb. Eyni zamanda bu il Prezident yanında Elmin İnkişafı Fonduna 4.152.245,0 manat və AMEA Rəyasət Heyətinin nəzdindəki "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin saxlanmasına 2.564.802,0 vəsait xəclənəcək. Bundan əlavə bu il də 2019cu ildə olduğu kimi elmi-tədqiqat işlərinə SOCAR-ın Elm Fondundan təqribən 50 milyon manat, Avropa Komissiyasından isə 160 milyon manata qədər yenidən vəsait ayrılacağı gözlənilir. Razılaşın ki, söhbət olduqca böyük məbləğdən gedir. Belə olan halda bu qədər zənginliyin qaşısında görünən elmi kasıblıq heç cür anlaşılmır. Deməli pul var, sadəcə müsbət nəticə üçün bu vəsaitlərdən istifadəni daha səmərəli həyata keçirəcək doğru idarəetmə sistemi formlaşdırılmalıdır.

Başqa sözlə, AMEAda ciddi islahatlar aparılmalı, elm naminə mövcud sistem kökündən format edilməlidir. İslahatlar yalnız Rəyasət Heyəti üzvlərinin vəzifə bölgüsü, hansısa elmi bölmələrdə şöbələrin birləşdirilməsi və ya institutların adlarının dəyişdirilməsin kimi addımlarla kifayətlənməməlidir. İnstitutların fəaliyyətinin effektivliyi daha ciddi və dərindən araşdırılmalı, maliyyə itkilərinin real səbəbləri aşkarlanmalı, qeyri-effektiv qurumlar birmənalı ləğv olunmalı, birləşdirilməli, qənaət hesabına əldə edilmiş vəsait işçilərin əmək haqlarının nəzərəçarpacaq artımına yönəldilməli, kadr potensialı stimullaşdırılmalı və ən nəhayət yeni elmi nəticələrə nail olunmalıdır. Eyni zamanda Akademiyanın əmlakının idarəedilməsi hər hansı bir digər publik hüquqi şəxsə verilə bilər ki, elm işçiləri onların diqqətini yayındıran dövlət əmlakının idarə edilməsi kimi təsərrüfat idarəetmə funksiyalarını yerinə yetirməkdən tam azad edilsinlər.



Bir sözlə Azərbaycanın müasir dünyanın elmi çağırışlarına cavab verməsini, qabaqcıl texnologiyaların mənimsənilməsini istəyiriksə AMEA ölkədə aparılan iqtisadi, siyasi və digər proseslərdən, daha doğrusu çoxşaxəli islahatlardan kənarda qalmamalıdır. Elmi tərəqqi ilk növbədə elmi şüurlardan başlamalı, elmi fəaliyyət dövrümüzün tələblərinə uyğun doğru təşkil edilməlidir. Müəssisələrin maddi-texniki bazasının modernləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi ilə yanaşı birmənalı şəkildə istedadlı gənclər elmə cəlb olunmalı, insan kapitalı sürətlə inkişaf etdirilməlidir. Başqa sözlə Azərbaycan elmi də dövlətin apardığı gənclər siyasətinə cavab verməli və AMEA mütləq gəncləşməlidir. Çünki, müxtəlif elmi sahələri ancaq və ancaq müasir elmi biliklərə və texnolojiyə yiyələnmiş gənclər, yüksəkixtisaslı kadrlar inkişaf etdirə bilər. Əks halda Azərbaycan elmi bundan sonra da texnoloji sıçrayış, fundamental elmi nailiyyətlər, kəşflər və ixtiralarla deyil, yalnız dəyirmi masalar, yubiley gecələri və nəşriyyat fəaliyyətindən fərqlənməyən tezis və monoqrafiyaları tirajlamaqla tarixdə qalacaq. Həm də dünyanın dördüncü sənaye inqilabı tarixində..
.
P.S. Bu gün 40 dan artıq institut, mərkəz və muzeyləri, o cümlədən bir neçə kitabxana, elmi-istehsalat birlikləri və içtimai təşkilatları birləşdirən AMEA-da 10 minə yaxın əməkdaş çalışır. Bunlardan 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktorudur. Akademiyanın 72 həqiqi və 112 müxbir üzvü var.