adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2014 16:41
9154
İDMAN

Zelenkanı unudun getsin

Mütəmadi olaraq "Qarabağ"ın ev oyunlarını stadiondan izləsəm də son günlər səhhətimdə yaranan problemlər səbəbindən "İnter"lə oyunu buraxmalı oldum. Bir yandan da komandanın növbəti mərhələyə yüksələcəyinə ümidlərim o qədər çox idi ki, italyanlarla matçı mövsümün son oyunu kimi qəbul etmirdim. Ona görə yox ki, 18 qat Italiya çempionunu zəif sayırdım, sadəcə "Qarabağ"ın əzminə, iradəsinə kluba olan sevgim kimi inanırdım.

Matçı televiziya qarşısından izləməyə də cəsarətim çatmırdı. Oyunun həyəcanını göz önünə gətirib ilk 45 dəqiqəni onlayn məlumatlar vasitəsilə yola verdim. Oyunun sonlarına yaxın isə artıq səbrimin tarıma çəkildiyini hiss edib, qaçdım qonşuya...

"Qaçqın komanda"mız bütün oyun komponentlərində rəqiblə başabaş, hətta üstün oyun sərgilədi. Oyunun statistikası da bunu sübut edir. Baxmayaraq ki, rəqib dünyanın adlı-sanlı klublarından biri, çox uzağa getməyək, 2010-cu il UEFA Çempionlar Liqasının qalibi olan "İnter" klubu idi. O "İnter" ki, əsrin əvvəllərində ölkəmizə gəlişi sadəcə şirin xəyal, əlçatmaz arzu idi. Yəqin razılaşarsınız ki, 10-15 il əvvəl "İnter" bir yana, hər hansı ortabab İtaliya klubunun ölkəmizə gəlişi barədə söhbət açmaq təxminən absurda yaxın bir təəssürat oyadardı. Düşünə bilərsiniz ki, mübaliğənin kvadratına, lap kubuna varıram; Mançini əsas futbolçulara istirahət verib "İnter"i oyuna demək olar ikinci heyətlə çıxarmışdı, italyanların oyun üçün heç bir motivasiyası yox idi. Ancaq bunu da nəzərə alın ki, Azərbaycan güləş yığmasının İtaliyaya məğlubiyyəti nə qədər qəbuledilməzdirsə, nüfuzlu İtaliya klubunun da Azərbaycan klubuna yenilgisi bir o qədər yolverilməzdir. Xatirinizdədirsə, "Şəmkir"in Latviya "Skonto"sunu keçməsini böyük uğur hesab edib, ölkə futbolu adına inqilab adlandırırdıq. "Karvan"ın UEFA kubokunun ilk təsnifat mərhəkləsindəki qələbəsi Yevlax klubunu bütün ölkədə populyar etmişdi. Bəli, ölkə futbolunun ümumi mənzərəsi bəhs etdiyim dövrdən çox da fərqlənmir. Klublarımız üçün seçmə mərhələnin ilk raundunu keçmək adiləşsə də, digər mərhələlər hələ də keçilməz olaraq qalır. Milli komanda FİFA reytinqinin zirzəmisində sürünür. Bütün bunların fonunda isə "Qarabağ" fədakar döyüşçü təsiri bağışlayır.


Siz bir püşkatmanı, ondan sonrakı ümumi təəssüratı yada salın. Hər kəs ağdamlıları qrupun aşkar autsayderi, digər üç rəqibin 6 xal ümidi kimi görürdü. Ancaq onlar saydığını sayır, "Qarabağ" isə xallarını sıralayırdı. Zarafat gəlməsin, Fransa və Ukrayna kimi futbol ölkələrinin azarkeşlərinin son oyun günü əlləri göydə,  qulaqları səsdə idi. Bu özlüyündə nailiyyətdir. Bir qədər idealist yanaşma ola bilər, ancaq "Qarabağ"ın bu mərhələyədək gəlməsi, nüfuzlu Avropa klublarının yuxusunu ərşə çəkməsi özlüyündə bir zəfərdir.

Bədnam hakimin qərarı unudulacaq, ancaq klubumuzun bizə yaşatdığı sevinc dolu həyəcan heç zaman xatirimizdən silinməyəcək. Nəzərə alsaq ki, "Qarabağ"ın çıxışı tək idman çərçivəsində əhəmiyyət kəsb etmir, müəyyən qədər siyasi təbliğat xarakteri daşıyır, klubun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini söyləyə bilərik. Bu gün Türkiyə mətbuatından tutmuş dünyanın ən nüfuzlu idman nəşri olan "Marca" qəzetinədək aparıcı dünya KİV-ləri "Qarabağ"dan yazır. Hansı ki, belə bir təbliğata nə ATƏT, nə AŞPA, nə də BMT vasitəsilə nail olmamışıq.

Özü də bu hələ harasıdır, Qurbanov kimi çalışdırıcısı, əzmkar futbolçuları, işgüzar rəhbərliyi, möhtəşəm azarkeş dəstəyi olan "Qarabağ" hələ çox üzümüzü güldürəcək. Hər zülmət gecənin arxasında aydın sabah, hər acılı məğlubiyyətin arxasında isə böyük qələbə dayanır.


Sahib Əsədbəyli