adalet.az header logo
  • Bakı -°C
31 Dekabr 2025 09:00
83
MARAQLI
A- A+

YENİ İL ZARAFATLARI

Yeni il axşamı bir ingilis, bir fransız, bir fars, bir türk oturub yeyib-içirlər.

İngilis deyir:

- Dünyanın ən gözəl viskisi bizdədi.

Fransız da qayıdır ki:

- Dünyanın ən gözəl xanımları da bizdədi.

Fars da qürrələnir:

- Dünyanın ən gözəl xalçası da bizdədi.

Sonra üçü də çevrilib türkə baxırlar:

- Bəs, sizdə nə var?

Türk:

- Bizdə də ingilis viskisi  içib, İran xalısı üstündə fransız xanımları ilə kef edən oğlanlar var.

**

Aşot Moskvada Nataşa  adlı qızla evlənir və gətirir İrəvana. Bir həftə  sonra Nataşa dilxor-dilxor deyir:

- Nə qədər çalışıram, atanla ananın xoşuna gələ bilmirəm.

Aşot:

- Axçi, əsas odur ki, müdirimin  xoşuna gələsən.

**

Yeni il axşamıdı. London. Con arvadından soruşur:

- Düzünü de, heç mənə xəyanət etmisən?

- Hə, bircə dəfə.

- Nə vaxt?

- Yadına düşür, bir aylıq dünya səyahətinə çıxdıq, ondan iki gün qabaq.

Paris.  Mişel arvadından soruşur:

- Mənə  xəyanət etmisən?

- Hə, olub.

- Nə vaxt?

- Bizə Eyfelin yanında beşotaqlı ev bağışladılar ey, ondan əvvəlki gecə.

Moskva. İvan  arvadından soruşur:

- Mənə xəyanət etmisən?

- Hə.

- Nə vaxt?

- Sənin bahalı kurtkanı oğurladıqları gecə.

**

Bir nəfər  əlində xəncər girir məscidə və deyir:

- Burda bir müsəlman var?

Hamı qorxa-qorxa bir-birinə baxır, nəhayət, bir  nəfər qalxır:

- Mən.

- Çıxaq bayıra.

Çıxırlar bayıra. Əlində xəncər olan deyir:

- Qardaş, kömək elə bu qoyunu  qurban  demişəm, kəsək.

Qoyunu kəsirlər, amma soyub doğramaq üçün asmağa gücləri çatmır.

Əli xəncərli üst-başı qan içində yenidən girir məscidə:

- Qardaş, burda bir müsəlman var?

Yenə hamı qorxa-qorxa bir-birinə baxır, minbərdə oturmuş molla xaç çevirib deyir:

- Qardaş, axırıncı sənlə çıxdı.

**

Xanımı gileyli-gileyli qarmonçalan  Abdal  Şakirə deyir:

- Şakir, camaat arvadını salıb yanına Tiflisə, İrəvana gəzməyə aparır. Bəs, sən məni, heç olmasa, Bakıya nə vaxt aparacaqsan?

Abdal Şakir:

- Ağdamda dərdinə dərman tapılmayanda.

**

Dünyanın düz vaxtı Xankəndində erməni toyudu, erməni qızı azərbaycanlıya ərə gedir. Ağdamlılar da yığışıb gediblər. Məclisin şirin yerində Kino Fazil sağlıq deyir:

- Bunu içək sizin gözəl qızlarınızın sağlığına ki, bizim oğlanlardan ötəri ölürlər.

Ermənilər dilxor olur, biri qalxıb deyir:

- Pazil müəllim, sizin qızlardan da bizim oğlanlara ərə gedən var.

Kino Fazil:

- Eşşək maldan deyil.

**

Füzulili məşhur Poçtalyon Qadir evlərinə  gələrkən görür məhlənin bütün adamları yığışıb bunların doqqazına, anası da üz-gözünü  cırıb ağlayır. Yaxınlaşıb soruşur:

- Noolub, ay arvad?

- Qızı qaçırdıblar.

Poçtalyon Qadir:

- Səsini kəs, qorxub qaytararlar.

**

Əhəd Abıyev «Mersedes»iylə Masallıya gedərkən   yolda  köhnə bir «Moskviç»lə xırda qəza baş verir. Əhəd düşüb «Moskviç»in sürücüsünü boğazlayır.

«Moskviç»in sürücüsü:

- Qardaş, bağışla, günah məndədi. Qaçqın adamam, hövsələni bas, bir çay içək, sonra görək neyləyirik.

Əhəd Abıyev:

- Ə, bu çölün düzündə çayxananı hardan tapacağıq?

Qaçqın, darıxma, deyib gedib  maşından bir lampa çıxarır, lampanı əli ilə sürtür, bu vaxt bir cin çıxır. 

Qaçqın deyir:

- Bir yaxşı  çay süfrəsi, limonuyla, mürəbbəsiylə.

Bir dəqiqənin içində hər şey hazır olur. Əhəd müəllim çaşıb qalır. Oturub çay içirlər, qaçqına deyir:

- Bu lampanı  satacaqsan mənə.

- Başına dönüm, bu mənim çörək ağacımdı.

- Bilmirəm, satacaqsan, yoxsa təpənə bir güllə vuraram.

Qaçqın:

- Onda bir şərtim var, Mersedesini mənə ver, sən də lampanı götür mənim Moskviçimlə get evinizə.

Razılaşırlar. Əhəd müəllim lampanı götürür, oturur «Moskviç»ə, gəlir Masallıya evlərinə.

Onu köhnə, cındırı çıxmış «Moskviç»də görən qohum-əqrəba soruşur ki, nə olub, bu nə maşındı.

- Darıxmayın, yığışın başıma.

Qohum-əqrəba hamı yığışır başına.

- İndi deyin görüm, kim nə istəyir?

Dayı oğlu villa istəyir, əmi oğlu «Volksvagen», qardaş oğlu Ağ şəhərdə beşotaqlı ev, bacı oğlu benzinkalonka.

Əhəd müəllim şellənə-şellənə əllərini  sürtür lampaya  və cin peyda olur.  Cinə deyir:

- Dayı oğluna bir villa, əmi oğluna Volksvagen, qardaş oğluna Ağ şəhərdə beşotaqlı ev, bacı oğluna benzinkalonka.

Cin:

- Qardaş, bağışla, mən bircə çay işinə baxıram.

**

Rayonların birində yeni stadion tikilib, qırmızı lent kəsilir. Camaat da sevinclə dolur stadiona. Başçı bəlağətli nitq söyləyəndən sonra futbolçular girir stadiona, oyun başlayır.  Birinci hissə qurtarandan sonra başçı yenə mikrofonu alır əlinə və deyir:

- Day bəsdi,  oyunu saxlayın, otu xarab edirsiniz.

**

Qonşu rayonların başçıları  dərdləşirlər. Biri o birisinə deyir:

- Qardaş, necə olur ki, mən birindən beş manat alan kimi bütün rayon bilir. Amma  sən məndən çox alırsan heç kəs bilmir?

- Mən rüşvəti gecə alıram, alanda da kabinetin işığını keçirirəm.

Gileylənən rayonun başçısı rayona qayıdan kimi həmin metodu tətbiq edir: rüşvət alanda kabinetin işığını keçirir. Üstündən üç-dörd gün keçəndən sonra camaat görür ki, başçının kabinetinin işığı söndürülüb, bir-birlərinə deyirlər:

- Deyəsən, başçı yenə kimdənsə  rüşvət alır.

**

Sovet hökuməti vaxtı Avropa dövlətlərindən birində heyvanlar öz aralarında belə qərara gəlirlər ki,  getsinlər görsünlər Sosializmdəki heyvanlar necə yaşayırlar. Bir inək, bir it, bir eşşək gəlirlər Sovet hökumətinə. Aradan bir ay keçmiş  inək qaçır öz ölkələrinə, soruşurlar ki, niyə qaçdın?

- Allahın otunu vermirlər, deyirlər ki, ayda beş min litr  süd verəcəksən.

Bir az keçmiş it də qaçır. Ondan soruşanda, it deyir:

- Sutka iyirmi dörd saatdır, məndən tələb edirlər  iyirmi beş saat hürüm.

Bir neçə ay keçir, eşşək qayıtmır.  Teleqrama vururlar ki, qardaş, harda qalmısan? Cavab gəlir: «Heç, mən gələn kimi boynuma qırmızı qalstuk bağlayıb, rayonların birinə birinci katib qoydular».

**

Xan əmiylə İldırım Həsənov  Ağdamda toydadırlar. Xan əmi oxuyur, hər dəfə ona  əlli manat pul atırlar. İldırım Həsənov oxuyanda isə beş manat.

Xan əmi stolun üstündəki əllilikləri göstərib forslana-forslana deyir:

- Görürsən, İldırım?

İldırım Həsənov:

- Xan əmi, bir kişinin iki toyuğu varmış, birinin yumurtası bazarda on qəpiyə gedirmiş,  o birisinki beş qəpiyə. On qəpiklik yumurtlayan toyuq beş qəpiklik yumurtlayana deyir ki, heç utanırsan? Beş  qəpiklik  yumurtlayan toyuq da qayıdır ki,   indi nə deyirsən,  beş qəpikdən ötrü filan yerimi cırım?

**

İldırım Həsənovdan soruşurlar:

- İldırım əmi, niyə bu qarabağlıların hamısının səsi var? Bəlkə çoxlu yumurta içirlər ondandı?

İldırım Həsənov:

- Yumurtayla səs olsaydı, toyuqların gerisi Şur oxuyardı.