adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Iyun 2023 10:56
429
ƏDƏBİYYAT

Yazıçı: “Bütün bunlar cəmiyyətin kitaba yaxınlaşmasına böyük təsir göstərir...”

Xəbər verdiyimiz kimi  bu gün yazıçı Nəriman Əbdülrəhmanlının 65 yaşı tamam olur. 

Yazıçı Adalet.az-a açıqlamasında doğum günüylə bağlı öz təəssüratlarını bölüşüb:

“Doğum günümü adi günlərdən biri kimi qeyd edirəm. Özümü qorumuram, amma hərəkətdə, işdə olmaq mənim həyat tərzimdi. İşdə olmaq adama mənəvi müvazinət verir. Daim hərəkətdə olmaq, işləmək mənim həyat tərzimdir. Dünyada bütün xəstəliklər, insanın tez qocalması hərəkətsizlikdən baş verir. Yəqin ki, bunun fərqindəyəm və ona görə də müqavimət göstərməyə çalışıram”. 

Yazıçı həmişəki kimi yaradıcılığına davam etdiyini bildirib:

“Mənim heç bir gözləmə planım yoxdur. Daim planımda nələrsə var. İşimlə əlaqədar olaraq planımızda olan kitabların tərtibiylə, redaktəsiylə məşğul oluram. Ondan başqa özümün planlarımı yerinə yetirirəm. Təzə bir romanım var, onun hazırlıqlarını görürəm ki, məqamı yetişəndə onu yazım. Yəni mənim  üçün istirahət anlayışı böyük anlamda yoxdur. Ona görə də bu barədə heç fikirləşmirəm”. 

Yazıçı son zamanlar keçirilən kitab yarmarkalarından da danışıb:

“Dünən Milli Kitab Sərgisində iştirak elədim. Bu çox müsbət haldır. Çünki bu cür tədbirlər nə qədər çox olsa, insanların kitaba, mütaliəyə marağı o qədər də artar. Kütləvi şəkildə olmasa da hər tədbirə 20-30 nəfərin gəlməsi irəliyə doğru bir addımdır. Yəni bu tədbirləri daimi etmək lazımdır. Mən bunun tərəfdarıyam. Bu tədbirlər cəmiyyətin kitaba yaxınlaşmasına böyük təsir göstərir”. 

Vasif Əlihüseyn