adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2025 11:19
52
SİYASƏT
A- A+

Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun - Hərbi ekspert 

"Hazırda dost Ukrayna xalqı ağır bir vəziyyətlə qarşılaşıb. Qərb ölkələrinin maraqları naminə Rusiya ilə uzun müddət savaşan Ukrayna xalqı ABŞ və Kremlin təzyiqlərinə tab gətirə bilmir. Ukrayna ya yeni əraziləri, ya da da ABŞ-ni müttəfiq olaraq itirmək arasında seçim etməlidir. ABŞ-ni müttəfiq olaraq itirmək Rusiyanın daha çox ərazilər əldə etməsini və Ukraynanın daha ağır şərtlərlə Rusiyaya təslim olmasını sərtləndirəcək". 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, müharibə üçün güc və imkanları düzgün dəyərləndirmək lazımdır: 

"Kiminlə, nə vaxt, hansı qüvvə ilə və nə üçün savaşırsan? sualına dəqiq və konkret cavab tapılmalıdır. Başqa ölkələr naminə Rusiya kimi imperialist və zalim ölkə ilə savaşmaq Ukrayna kimi gözəl bir ölkəni məğlub və darmadağın bir vəziyyətə saldı. Avropa və NATO ölkələri 4 ildir ki, Ukraynaya qoşun göndərməyə söz verdilər, amma göndərmədilər. Bəziləri bir az maliyə və silah dəstəyi verməklə Rusiyanı Ukrayna vasitəsilə tukəndirnəyə çalışdılar. Nəticədə isə bu gün Ukrayna məğlubiyyət və ya daha ağır məğlubiyyət arasında təcili seçim etməlidir.  

Bir daha şahid oluruq ki, siyasi liderlərin təcrübəsiz və populist davranışları dəhşətli və çox ağır nəticələrə gətirib çıxarır. Ukrayna bu müharibədə haqlı tərəf olmasına baxmayaraq dünyanın gözü qarşısında Rusiyaya təslim edilir. Digər tərəfdən isə Ukraynadakı  müharibə alovunda "əlini qızdıran və cibini dolduran" namərd məmurlar və ləyaqətsiz generallar bu məğlubiyyətə böyük töhfə verdilər. 

Zelenskinin "Ukrayna sülh istəyir, amma azadlıq, ləyaqət və ədalət olmayan bir sülhü qəbul etməyəcək" bəyanatı isə heç nəyi dəyişməyəcək. Bu bəyanat xalqı ağır şərtlərlə barışmasına  hesablanıb. Ukrayna bu sülhü məğlub ölkənin kapitulasiya aktı kimi imzalayacaq ki, daha böyük itkilərdən yayına bilsin. 

Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun, gələn ilin yayından  Kreml sizi daha dərindən narahat etməyə başlayacaq. Kreml sursat itkilərini növbəti iki ildə tamamlayacaq, bundan sonra Avropa rus raketlərinin səslərini daha yaxından eşidəcək, qoca qitənin yuxusu isə ərşə çəkiləcək". 

Vasif ƏLİHÜSEYN