20 Sentyabr 2022 12:37
1457
MƏMLƏKƏT

"Xocalı soyqırımı mənim şəxsi faciəmdir" deyən Arye Qut vəfat etdi

Yəqin ki, xatırlayırsınız: 2018-ci ildə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanı İtaliyada nəşr olundu. Arye Qut kitabın Romada təqdimatı mərasimində tanınmış italiyalı jurnalist Rok Reynoldsa müsahibə vermişdi. O müsahibəsində deyir: “Atam və mən İsrail Dövlətinin tamhüquqlu vətəndaşlarıyıq. İsrailə və yəhudi xalqına tam bağlı olan israilliyik, eyni zamanda, öz vətənimiz olan Azərbaycanı sevirik, onu unuda bilmərik.

Oğlum Aviel də unutmayacaq ki, onun atası və babası “Odlar Yurdu”nda doğulublar. Atam Əmir Qut 40 ildən artıq Azərbaycan televiziyasında ictimai-siyasi proqramlar hazırlayan rejissor vəzifəsində çalışıb. Atam bütün faciəni, bu müharibənin dəhşətli üzünü, Ermənistanın təcavüzünün nəticələrini, doğma torpaqlarından qovulan azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsini öz gözləri ilə görüb. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi başlayanda mənim 17 yaşım var idi, tələbə idim və bütün bu dəhşətli hadisələr gözlərimin qarşısında baş verirdi. Heç vaxt antisemitizmin baş vermədiyi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olan biz yəhudilərin yaşadığı, tolerantlıq və multikulturalizm adası olan mənim Vətənim Azərbaycan işğaldan və Ermənistan tərəfindən elan olunmayan müharibədən əziyyət çəkir. Bu roman, sadəcə olaraq, maraqdan irəli gəlmir, müharibə və dəhşətli ağrıya baxmayaraq, həyat, vətən və doğma insanlara sevginin qalib gəldiyini dünyaya sübut etmək üçün göstərilən səydir”


Adalet.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru,“İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru, Azərbaycana sevgisi ilə həmvətənlərinin hörmətini qazanmış Arye Qut vəfat edib.
A. Qut uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişiyi bildirilir. Arye Qut uzun müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Qeyd edək ki, Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi vardı. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışıb.

2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002-2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. 2007- 2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. Hal-hazırda Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. Vaxtı ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.
2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Arye Qut İtaliya mətbuatında “Xocalı soyqırımı mənim şəxsi faciəmdir” fikirlərini səsləndirdikdən sonra azərbaycanlılar bir daha əmin oldular ki, cənab Qut sözün həqiqi mənasında xalqımıza dost və qardaş olanİsrailin ən ləyaqətli övladıdır,həm sə Azərbaycanın əzizi, doğmasıdır!


Allah rəhmət eləsin!

 Əntiqə Rəşid