""Xocalı" deyəndə bir gecədə qocalan insanların gözündəki dəhşəti, çarəsizliyi xatırlayıram"- MÜSAHİBƏ
Bu gün müstəqil Azərbaycanın taleyində ən böyük faciələrindən- Xocalı soyqırımında 32 il keçir.
Adalet.az xəbər verir ki, 1992-ci il fevralın 25 - dən 26-na keçən gecədə Ermənistanın hərbi birləşmələri , MDB - nin Xankəndi şəhərində dislokasiya olunmuş 366 - cı motoatıcı alayının şəxsi heyətinin bir hissəsi və alaya məxsus zirehli texnika ilə yeddi min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Mühasirədə qaldığı dörd aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyildir .
Birinci Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Akif Hüseynovla? birgə ötən günləri, xüsusən həmin müdhiş günü xatırlayırıq:
- Cənab polkovnik, Xocalı faciəsi deyiləndə ilk gözünüz qarşısında canlanan nə olur ?
-Zaman bütün dərdlərin dərmanıdır, deyirlər, üstündən az qala otuz iki il keçsədə, həmin anları unutmaq, həyəcansız, ürək ağrısı keçirmədən xatırlamaq olmur .Təpədən dırnağadək silahlanmış ermənilər nəinki şəhərdə qalan mülki əhaliyə divan tutdular, hətta qarlı şaxtalı qış günündə meşələrə səpələnmiş silahsız, ac, yarıçılpaq vəziyyətdə olan, Qarqar çayının buzlu sularından keçərkən islanaraq, əl ayağını don vurmuş Xocalıllıarın keçə biləcəyi yollarda pusqu qurmuş , insan ovuna çıxmışdılar. Tutulan insanları qarət edir, hədsiz işgəncələr verərək öldürürdülər.
Dinc sakinlərə qarşı sonradan əsrin faciəsi adı verilmiş, qandondurucu dəhşətlər yaşanan soyqırım hadisəsi törədildi. Səhər açılanda Əsgəran ,Şelli və Gülablı istiqamətlərindən muhasirəni yararaq Ağdama üz tutmuş , möcüzə nəticəsində sağ qalmış insanları qarşılayırdıq. Bax, onda əsirlikdən qaniçən vəhşilərdən zülümlə, əziyyətlə qaçıb gələ bilmiş el-obamın insanlarının gözündəki dəhşət, üzündəki məyusluq bu 32 ildə yadımdan çıxmadı.
Xocalı deyiləndə bir gecənin içərisində, bir sutkanın ərzində yaşından çox-çox qocalmış soydaşlarım, hətta yaşlanmış uşaqların gözlərindəki dəhşəti xatırlayıram...Unuda bilmirəm...Unuda bilmədim...
- Bayaq dediniz ki, məni ermənilərin namərdliyi həmişə yandırıb, yaxıb, onların bu topluma qarşı amansız bəd əməlləri qəlbimdə nifrət yaradıb, amma o an tək qəzəbləndiyim ermənilər olmadı... Sizi qəzəbləndirən, hiddətləndirən daha nələr vardı?
-Son ana qədər rəsmi Bakı kömək göndərəcəyini deyirdi. Göndərmədi. Köməyin gələcəyinə ümid edən əhali şəhəri tərk etmədi. Dinc insanlar, dişinə qədər silahlanmış düşmənlə qeyri bərabər döyüşdə taleyin ümidinə buraxıldı, ölümə, işğəncə və dəhşətlərə tərk edildilər. Özümüzünkünün - o vaxtkı Azərbaycan hökümətinin namərdliyi erməninin namərdliyinin yanında heç nə idi.
Hələ bir elə insan ermənilər tərəfindən qırğına məruz qalmasına baxmayaraq həmin o Azərbaycan hökümətinin rəsmi mediası yazdı ki, Xocalıda 2 nəfər öldürülüb. Həmin vaxt yük maşınlarının yük yerində 20-30 cansız bədənlər Ağdamın məscidinə daşınırdı. Həmin ərəfədə kifayət edəcək qədər olan canlı qüvvəni vahid komandanlıq altında səfərbər edərək əks hücumla Xocalını azad etmək, meşələrdə köməksiz vəziyyətdə qalan insanları xilas etmək əvəzinə , kreslo uğrunda savaşa girişdilər. Ilk döyüşə atılanlar isə sırf könüllülük əsasında, yəni ermənilərin silahsız insanlara qarşı törətdiyi vəhşiliklərə biganə qala bilməyən Ağdamda olan döyüşçülərin müəyyən qismi və mühasirəni yararaq çıxa bilən Xocalılar idi.
- Batalyon komandiri Allahverdi Bağırovun ümidinə qalmış xocalılılar dövləti yanlarında hiss etmədilər. 1003 nəfəri əsirlikdən alan Milli Qəhrəmanın o ərəfədə xocalıların yanında olan Ağdam özünümüdafiə batalyonlarından biri idi...
-Səhər tezdən Qara qaya istiqamətindən Ağdama keçmək istəyən Xocalılar, Naxçıvanik ferması yaxınlığında mühasirəyə düşür, onlardan bir hissəsi xilas ola bilsədə , xeyli insan qəfləti açılan atəşlə qətlə yetirilir bəziləri isə erməni mühasirəsində qalır. Onların xilas edilməsi üçün Qara qaya ətrafında Ağdam batalyonları qızğın döyüş aparırdı. Həmin döyüşlərdə yaralı və şəhidlərimiz olsa da, xeyli insan xilas edildi.
Əsgəran postundan əsirlərin dəyişdirlməsi prosesi başlandı.Yenədə hakimiyyət tərəfindən bu iş aidiyyəti dövlət orqanları səviyyəsində təşkil olunmadığı üçün Ağdamdan Allahverdi Bağırovun, Əsgəran rayonundan olan erməni komandir Vitalik Balasanyanla şəxsi münasibətləri zəminində bu prosess baş tutdu və xeyli insan əsirlikdən azad olundu, cəsədlər qaytarıldı. Əsirlikdən xilas olanların qısa müddətdə çəkdikləri məşəqqətlər onları tanınmaz hala salmışdı.
Ölüm kölgəsi hələdə uzlərindən silinməmişdi.Cəsədlər isə tanınmaz hala salınmış, bundanda çox dəhşətli dərəcədə, sözlə ifadə olunmayacaq bir halda idi. Nəinki dirilərə, hətta ölülərədə erməni faşistləri işgəncələr vermiş, əzalarını kəsmiş, yandırmış, meyidlər uzərində təhqiredici hərəkətlərə əl atmışdılar.
- Sizin ailənizin də böyük itkiləri olduğunu eşitmişik..
.- Böyük qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri olub, gənclərə silah tutmağı, atəş açmağı öyrədib. Ortancıl qardaşım Bakir şəhər avtobazasının baş mühəndisi idi, hamı deyirdi ki, onun qədər sərrast atəş açan heç kim ola bilməz. Mən Ağdam Polis Şöbəsində işləyirdim. Yəni, camaatımızın düşdüyü durum hər üçümüzü silaha sarılmağa vadar etmişdi. biz qardaşlar da bütün xocalı kişiləri yurdumuz uğrunda döyüşürdük.
Fevralın 25-də Ağdamda idim və geri - Xocalıya qayıda bilmədim. Qardaşlarım isə orda döyüşürdü. Şahidlər deyir ki, fevralın 26-da azğınlaşmış ermənilər xeyli əsir aldıqları qız-gəlini erməniləri yaşadığı Noraguh kəndinə aprırlar. Əlində silah olan, türkə nifrət edən erməni o an nə etməz ki.
O qız -gəlini avtomatın qundağı ilə döyür, söyüşlərlə təhqir edirmişlər. Əsirlərin içərisində olan bacım Qətibə onların hərəkətinə etiraz edib, söyüşü özlərinə qaytarıb deyə bu erməniləri özündən çıxardıb. Avtomatın darağındakı bütün güllələri Qətibənin bədəninə boşaldan erməni onu elə faciə ilə öldürürür.
- Bəs ailənizin diğər üzvləri?
-Həmin vaxt heç nədən xəbərim yox idi. Nə qardaşım Tofiq Hüseynovun, nə ata - anamın, qardaşım Bakirin, nə bacım Qətıbənin, nə gəlinimiz Məxmərin başına gələnlərdən xəbərsiz idim. Gecəm gündüzüm yox idi. Nə qədər çalışsamda heç bir məlumat əldə edə bilmirdim. Xocalıdan çıxandan sonra 15 nəfərə qədər yaxın qohumun məskunlaşdığı Agcabədi rayonu Hindarx kəndində Marış nənəmizin evinin zirzəmisində iki nəfər əsir, erməni qulduru saxlayırdım. Məqsədim bunlari əsir və girovlarımızla dəyişmək idi. Bir aya yaxın vaxt keçsə də nə Tofiqin cəsədini ala bilmişdim , nə də itkin düşənlərimin taleyindən bir xəbər tuta bilmişdim.
-Yenə də dövlət vətəndaşın yanında deyildi...
-O, zamanlar əsir və girovların dəyişdirilməsi ilə məşğul olan Allahverdi Bağırovun, əməliyyat və istintaq qrupunun tərkibində Xankəndidə işləyən Saşa adlı rus zabitinin, Fizuli rayonu Yuxarı Yağlıvənd kəndində Seyid Əhədin, Laçının milis rəisi Akif Səlimovun, Gürcüstanın Laqodexi bölgəsindən Ermənistana göndərdiyim Mişa adlı erməni əsilli gürcünün gördükləri tədbirlərdə səmərə vermədi .Saxladığım erməni əsirlərindən birini Əsgəran postunda, əsir götürülmüş Xocalı sakinləri ilə dəyişdik. Ona qardaşım Bakiri axtarıb tapmasını tapşıraraq ikinci əsiri, Şurik adlı ermənini yalnız onunla dəyişəcəyimi bildirdim.
Eyni zamanda bu tələbimi erməni postunda bizimlə görüşə gəlmiş Şurikin qohumlarına da çatdırdım. Şurikin adamlarına qardaşım Bakirin sağ olmasını və Xankəndi şəhərində, vaxtı ilə işlədiyim milis şöbəsinin təcridxanasında saxlanması məlumatını çatdırdım . Görülən tədbirlərin səmərə vermədiyini, qardaşım Bakir tapılmadığı üçün, həyatımı təhlükəyə ataraq saxladığım Şuriki ermənilərə verib, əsirlikdə əziyyət çəkən hər an ölüm təhlükəsi ilə üzbəüz olan, kiçik dayım Qudrət müəllim də daxil olmaqla 30 nəfərə yaxın əsirimizi dəyişərək, intizarla yol gözləyən yaxınlarına qaytardıq.
- Qardaşınız Bakirdən başqa daha kimləri soraqlayırdınız?
-Xocalı soyqırımında atam, anam, bacım, gəlinimiz Məxmər itkin düşdü. Xocalı faciəsində kəndi tərk etməyən Əzizovlar nəslinin dörd övladı və onların oğul qızları hədsiz əzablara düçar oldular. Xalam Zeynəb hadisə gecəsi Qaraqayada şəhid oldu. Böyük qızı Məxmər və kiçik qızı Məhbubə iki azyaşlı körpəsi ilə bizim evin qarşısında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər. Böyük dayım Əkbərin iki gənc kürəkəni Zahidlə, Vasif şəhid oldu. Dayım vertolyot olmadığı üçün Ağdamda qalan oğlu Məhərin avtomat silahını götürüb ermənilərin qarşısına çıxır. Amma görəndə ki, qüvvələr qeyri bərabərdir şəhəri tərk edərək meşəyə üz tutur. Qara Qayanın yaxınlığında aclıqdan və soyuqdan taqətdən düşür, hərəkət edə bilmir və orada donaraq hərəkətsiz qalır. Qonşusu elə düşünür ki, artıq Əkbər dayım ölüb. Odur ki, onun avtomatını götürüb Ağdama gəlir, silahı dayımın oğlu - qaynım Məhərə çatdırır.
Şelli dağı tərəfdən Qara Qaya təfəfə hücuma keçəndə neytral zonada, erməni postunun yaxınlığında dayımın qar üzərində hərəkətsiz görüb ona yaxınlaşdım, gözləri baxsa da, huşsuz vəziyyətdə idi. Hindarxlı rəhmətlik Tahirlə, Vadim onu qucaqlarına götürüb, təcili Ağdam xəstəxanasına çatdırmalarını xahiş etdim. Özüm isə irəliyə doğru getdim ki, bəlkə kimisə yenə tapıb xilas edə bilərəm. Heç kimi tapa bilməyib geri döndüm. Dayım xilas olsa da çox yaşamadı, dönmuş böyrəkləri işləmədiyi üçün bir neçə ay sonra dünyasını dəyişdi. Anam iki oğlu, gəlini və həyat yoldaşı... bu günə qədərdə son taleyindən bir məlumat yoxdur.
Kiçik dayım Qüdrət müəllim yaralı vəziyyətdə iki oğlu ilə girov götürülür. Böyük oğlu Nazimi yerinə yetirilməsi mümkün olmayan şərtlər müqabilində ermənilər azad edirlər. Ermənilərə dağ çəkmiş kiçik oğlu Mehmana isə xüsusi amansızlıqla işgəncə verirlər, dilini kəsirlər. Əsir saxladığım erməni ilə təxminən bir ay sonra dayımda daxil olmaqla, girov götürülmüş otuz nəfərə yaxın Xocalı sakinini dəyişdik. Mehmanı vermədilər. Dayımın avtomat gülləsindən aldığı yara sağalsa da, övlad yarası sagalmadı, ürək infarktından dünyasını dəyişdi. Ümumiyyətlə 60 nəfərə qədər ən yaxın qohumum bu faciədə şəhid oldu.
- Milli qəhrəmanımız Tofiq Hüseynov haqqında necə xəbər aldınız, onu Şəhidər Xiyabanında dəfn edədək yəqin ki, çox əziyyət çəkdiniz...
-Tofiq şəhid olandan 26 gün sonra onun meyitini ermənilərdən ala bildik. Biz əsir dəyişmə prosesində olanda ermənilər onun son doyüşü barədə danışdılar. Dedilər ki, biz onu öldürmək yox, əsir göturüb, girovlarımızla dəyişmək istəyirdik, dəfələrlə səs ucaldıcı ilə fikrimizi desək də, o təslim olmadı. Bəli, Kətik meşəsində mühasirəyə düşən Tofiq onların təklifi ilə razılaşmayıb. Son gülləsinə qədər döyüşəndən sonra qumbara ilə özünü partladıb
Onun döyüşçüsü rəhmətlik Familə Salmanqızı mənə dedi ki, Bakıda 20 yanvar şəhidlərinin məzarlarını ziyarət edəndə, Tofiq müəllim dedi ki, burda yatanlar ən xoşbəxt insanlardlr, mənim ən böyük arzum bunların sırasında olmaqdır. Onun arzusuna uyğun olaraq nəşini Bakı şəhərinə gətirib Şəhidlər Xiyabanında dəfn etdik.
İndi bir xocalılı kimi deyirəm, Xocalı deyiləndə, soyqırım deyiləndə 1992-ci ilin 26-sı fevralında çəkdiyim iztiab və əzablar, düşmən əlində qalan doğmalarıma, el-obamagörə keçirdiyim həyəcan, strss, göz yaşı və nəhayət çarəsizlik hissi qəlbimə hakim olur. özümü yenə həmin gündəki kimi hiss edirəm, həmin günləri yaşayıram. 32 ildir o hisslərin məngənəsindəyəm. Azərbaycan Ordusu və Ali Baş Komandanın sayəsində o namərd düşməndən xocalıların qisası alınıb.
Bunun üçün ordumuza da, komandanımıza da dərin təşəkkürümüzü bildiririk! Allah dövlətimizi daha qüdrətli etsin! Amma etiraf edirəm, Xocalı faciəsi, Xocalı soyqırımı , Xocalı dəhşətləri unudulmur, yaddan bir an çıxmır. Ölsəm də, qarışdığım torpaq da o dəhşəti unutmayacaq.
- Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin! Sizə isə Allahdan səbr diləyirik!
Söhbətləşdi: Əntiqə Rəşid