30 Yanvar 2023 12:07
1055
MƏMLƏKƏT

Xanım sürücülər avtomobilləri təhlükəli idarə edir? - Faiq QİSMƏTOĞLU yazır

Son 10 ildə ölkəmizdə xanımların nəqliyyat vasitələrini idarə etməyə həvəsi daha da çoxalıb. Başqa sözlə demiş olsaq, sükan arxasında əyləşən xanımlar dəfələrlə artıb. Burda pis heç nə yoxdur. Və hər şey alqışlanmalıdır. Çünki Azərbaycan xanımı da avtomobili idarə edir, kimdənsə asılı olmur və mənzil başına rahat çatır. Təbii ki, ictimai nəqliyyatda, özü də indiki sıxlıq dövründə qadının harasa getməsi bir qədər çətindir. Ancaq şəxsi avtomobillə bayaq dediyimiz kimi, istənilən yerə getmək çox rahat və asandır.

Onu da qeyd edək ki, avtomobilləri normal idarə edən çoxlu sayda xanım sürücülər var. Ümumiyyətlə, sürücü məsələsinə gələndə orda kişi, xanım sürücüsü anlamı yoxdur. Sadəcə olaraq hərəkət iştirakçısı var və bir də sürücü var. Bu sürücü kişi də ola bilər, qadın da! Amma əksər qadınlar kişilərə nisbətən nəqliyyat vasitələrini bir o qədər də yüksək sürətlə idarə etmirlər, yol hərəkəti qaydasını tez-tez pozmurlar, başqa sözlə demiş olsaq, «aftoşluq» eləmirlər və avtomobili normal sürürlər. Bunlar hamısı çox yaxşıdır!

Amma son vaxtlar kişi sürücülərinin və eləcə də digər hərəkət iştirakçılarının qadın sürücülərə qarşı münasibəti birmənalı deyil. Məsələn, tanıdığım təcrübəli bir kişi sürücüsü deyir ki, hər hansı bir yerdə qarşıma qadın sürücüsü çıxan kimi ona yol verirəm. Görürəm ki, bəziləri avtomobili normal idarə edə bilmir, gah sola, gah da sağa keçir, qəza vəziyyəti yaradır. Üstəlik də, bu cür təcrübəsiz xanım sürücü lazımi yerdə sürət həddinə əməl etmədiyi üçün «propka» yaradır. Aydındır ki, bu fikir bir o qədər də etalon deyil. Ancaq görünən odur ki, son vaxtlar yol hərəkəti qaydalırının pozulmasında qadın sürücülərin də payı var və onlar çoxalıb, hətta «aftoşluq» eləyən qadın sürücülər də var.

Bir neçə gün bundan əvvəl mən Yeni Günəşli yaşayış sahəsinin «D» massivinin 282 nömrəli məktəbin yanından yolu keçərkən, gördüm ki, yüksək sürətlə bir «Cip» gəlir. Təhlükəni hiss edib yoldan sürətlə geri qaçdım. Həmin «Cip» sərt döngədən dönə bilməyib, yüksək sürətlə yolun qırağında dayanmış iki avtomobilə çırpıldı. Nəticədə həm «Cip», həm də o iki avtomobil möhkəm əzildi. Bir də gördüm ki, həmin «Cip»dən həyəcanlı halda bir sürücü qadın yerə düşdü. Elə bu vaxt yol polisləri hadisə yerinə çatdı. Araşdırma zamanı məlum oldu ki, «Cip»in sürücüsü hadisə baş verməmişdən öncə kobud qayda pozuntusuna yol verib, yüksək sürətlə hərəkət edib və nəticədə iki avtomobilin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Göründüyü kimi, əgər həmin qadın sürücüsü sürət həddinə əməl etsəydi, bu ağır qəzanı törətməzdi, nə digər avtomobilə, nə də özünün maşınına yüksək məbləğdə maddi ziyan vurmazdı. Hər halda, görünən odur ki, xanım sürücü yol hərəkət qaydasını pozub və nəticədə belə bir xoşagəlməz vəziyyət yaranıb.

Xanım sürücülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirliyə müraciət etdik. Cənab kapitan dedi ki, istər kişi, istərsə də qadın sürücü yol hərəkəti iştirakçısıdı və onların hər biri yol hərəkəti qaydalarına əməl etməli, sürət həddini düzgün seçməli, hava şəraitinə uyğun yol tutmalı, ara məsafəsi saxlamalı və nəqliyyat vasitəsinin texniki sazlığına önəm verməlidir. Əlbəttə, digər sürücülər kimi xanım sürücülər də yol hərəkəti qaydalarını pozurlar. Buna görə də «Yol hərəkəti haqqında» Qanunda və eləcə də «İnzibati Xətalar Məcəlləsində» sürücünün məsuliyyəti nəzərdə tutulub və qanunu pozan sürücü də buna uyğun inzibati məsuliyyətə cəlb edilir və onlar barəsində protokol tərtib edilir. Onu da qeyd edim ki, ölkəmizə kifayət qədər intizamlı və yol hərəkəti qaydalarına əməl edən xanım sürücülər də var. Amma bir daha cinsindən asılı olmayaraq, bütün sürücülərə müraciət edərək deyirik ki, mürəkkəb hava şəraitində, qarlı, şaxtalı və buzlu yollarda sürücülər daha diqqətli olmalı, ara məsafəsi saxlamalı, metroloji şəraitə uyğun sürət həddi seçməlidilər. Bir sözlə, hər bir sürücü məsuliyyətli olmalı və qanunlara ciddi əməl etməlidir. Əgər bu dediklərimizə əməl olunursa, istər kişi, istərsə də qadın sürücü özünü təhlükədən xilas eləmiş olur.

Bir sözlə, polis kapitanı Toğrul Nəsirlinin sözünə qüvvət, həm kişi, həm qadın sürücülər sükan arxasında diqqətli olmalı, özü və yanındakı sərnişinlərin taleyini düşünməli və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir. Yəni sürücü görürsə, piyada təyin olunmuş yerdən keçirsə, mütləq ona yol verməlidir. Bu, həm sürücünün, həm də piyadanın təhlükəsizliyi deməkdir!